Azərbaycanda Teoman, Haluk Levent, Halil Sezai, Nil, Göksel kimi müğənni yoxdur, bundan belə yetişməsi də çətin məsələdir. Sənət və istedad müqayisəsi etmirəm. Sənətlə şəxsiyyəti qarşı-qarşıya gətirəndə görünən mənzərə odur ki, Azərbaycanda hazırda sənətlə şəxsiyyətin vəhdət hadisəsi baş vermir.
Bu gün Azərbaycanda yuxarıda sadaladığım müğənnilərdən qat-qat istedadlı müğənnilər var. Amma bu da bir reallıqdır ki, hər gün ağızlarından “pırr” eləyən “quş”larla boğuşduğumuz o istedadlı müğənnilər publika ilə düzgün rabitə qura bilməkdə əcnəbi həmkarlarına uduzurlar.
Savadı, intellekti bir kənara qoyuram, elementar etika qaydalarını tamamilə yadırğayan müğənnilər bu səbəbdəndir ki, iki gündən bir kütlə ilə üz-üzə gəlir. Bu gün neçə müğənni adı çəkə bilərik ki, ucu gəlib özünə toxunmadıqca hansısa ictimai problemə səsini qaldırsın. Üç, uzaq başı 5 nəfər... Amma Türkiyədə Gezi hadisələri zamanı bütün incəsənət xadimləri, müğənnilər xalqla çiyin-çiyinə şüar səsləndirirdi. Xalqın haqqını müdafiə edirdi. Çünki onlar dərk edirlər ki, bu problem toplumun problemidir və özləri də övladları da bu toplumun bir fərdidir. Daimi misal yerimiz olsun deyə 40 ilin başında bu ölkədə xalqın səsinə səs verən bir Flora Kərimova yetişmişdi. Onun da ömrünün xəzan çağıdı. Ondan sonra yetişən müğənnilərin səsini heç vaxt xalqın səsi ilə bir arada eşitmədik. Sosial şəbəkələrdə hər gün özünü bir az daha biabır edən yerli ulduzlarımız, onlara “bizə hər şey olar” rahatlığını verən şöhrətin əli ilə gözdən düşməyə davam edirlər.
Şöhrətin başgicəlləndirici bir xüsusiyyəti var. Yəni hər zaman zirvədə qalmaq deyə bir şey yoxdur. Ona görə də məşhur simalar nə danışdıqlarına, davranışlarına, ötürdükləri mesajlara diqqət etmək məcburiyyətindədirlər. Əks halda kütlənin amansız hücumundan xilas olmaq şansları olmaya bilər. Müğənnilərimiz illərdir kütlə ilə münasibətləri heç cür tənzimləyə bilmir. Efirdə çıxıb “xalqımın qarşısında baş əyirəm” deməklə olmur bu işlər. Qarşısında baş əydiyin xalqın bir qrup nümayəndələrinin formalaşdırdığı kütlə ilə sosial şəbəkədə üz-göz olacaqsansa, o sözü deməyin əziyyətini çəkməyi lazımsız hesab edirəm.
Onsuz da kəramətlərinə bələd olduğumuz məşhurlarımız pandemiya dövründə öz “məharətlərini” bir az daha geniş müstəvidə göstərmiş oldular. Yaxşı ki, bu performanslarını sosial şəbəkələrdə göstərirlər və şadam ki, bu gün əlimizdə “screen” deyilən möhtəşəm funksiyaya sahib ağıllı telefonlar var. Ağızlarından çıxan sözlərin altından, “montajdır” deyib özlərini təmizə çıxarmaları artıq tarixə qovuşur. İndi nə sözlərindən, nə də əsl üzlərindən qaçmaları imkansızdır. Bir sözlə İnstaqram məşhurların aynasına çevrilib. Biz bu aynada əyrini əyri, düzü düz görə bilirik.
Bir neçə gündür sosial şəbəkədə insanlar Nadir Qafarzadə barədə od püskürür. İllərdir bu adam insanları aşağılamaqdan yorulmur. Nadir Qafarazadənin sənətini müzakirə etmək fikrindən uzağam. Bir müğənni olaraq onun sənətini inkar etsəm, bu qərəz olar. Onun ifasında “Dinlə məni sevgilim”, “Sənli günlərim”, “Könül” və bir çox mahnıları böyük zövqlə dinləyirəm. Nadir Qafarzadənin hər zaman peşəkar bəstəkarlarla çalışması, keyfiyyətli işlər ortaya qoyması, çalışqanlığı diqqətdən yayınmır. Hətta onun toy mahnılarında da bir səviyyə var. Amma ayda bir dəfə tamaşaçını təhqir edən bir müğənni kütlə tərəfindən alqışlanmağını gözləməməlidir. İstedad və sənət belə məqamlarda sənətçini kütlənin qəzəbindən qorumaq üçün qalxan ola bilmir. Çünki sənətçi həm də toplumun vicdan səsidir.
Hər gözəlin bir eybi olduğu kimi Nadir Qafarzadənin də ən böyük eybi mütəmadi olaraq “quş” buraxmasıdır. Və ən pisi də sənətçi belə addımları məhz cəmiyyətin həssas olduğu dövrlərdə atır. Ötən ay bir video çəkib paylaşmışdı. Məzmun bu idi ki, mən axı sizə nə etmişəm, niyə məni söyürsünüz? Ardınca da ictimai nəqliyyatla bağlı həssas günlər yaşayan kütlənin aqressiyasını öz üzərinə maqnit kimi çəkən bir paylaşım etdi.
“Bu avtobusda bir toyxanalıq adam var. Yəni virus bu adamlardan qorxur deyə avtobusa daxil olmur, ya necə?” Deyək ki, Nadir Qafarzadənin bu paylaşımında gizli bir müdafiə elementləri var. Elə bütün saf niyyətimlə buna inanmaq istəmişdim ki, Nadir bəyin mediaya ictimai nəqliyyatla bağlı verdiyi açıqlamanı oxudum:
“Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Heç açılmasın. Mən ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmirəm”.
Nadir Qafarzadə “metro nəyimə lazımdır, heç açılmasın” cavabına görə kütlə tərəfindən öpülüb göz üstünə qoyulmasını gözləmirdi yəqin ki. Linç olunacağını bilə-bilə sənətçi cəmiyyətin həssas yerinə niyə toxunma gərəyi hiss edir? Həssas insan olduğunu hər zaman dilə gətirən sənətçinin həssaslığını niyə belə vəziyyətlərdə hiss edə bilmirik. Bizim qarşımıza hər zaman şöhrətdən başı gicəllənən, lüks həyat tərzi ilə öyünən, kasıb təbəqəni dilənçi adlandıran, ondan kömək istəyənə ironiya edən xudbin bir sənətçi olaraq çıxır. Həqiqətənmi Nadir Qafarazadə metronun insanlar üçün necə əhəmiyyətli olduğunu dərk etmir? O insan tıxacında, nəfəslərin bir-birinə qarışdığı dar avtobus dəhlizində bürküdən gözlərinin qarası dumanlanan o insanların saatlarla ayaq üstündə mənzil başına çatmaq cəhdini təsəvvürünə gətirə bilmirmi? Hər halda bu vicdan məsələsidir. Aylardır toysuzluqdan üsyan edən sənətçinin insanların yayın istisində ictimai nəqliyyat sarıdan çəkdiyi əziyyətə ironik yanaşması ikrah hissi yaradır. Cəmiyyətin sosial problemlərinə qarşı bu qədər biganə olan sənətçi toyların olmamasına sevinən kütləni təhqir etməyə haqqı yoxdur.
Məsələn belə həssas məqamlarda Teoman əsla bu cür çıxış etməzdi. O, da yoxluq içində, ehtiyac içində yaşayıb, Nadir Qafarzadə də. Amma fərq odur ki, Teoman yüksələ-yüksələ şəxsiyyətini formalaşdırmağı göz ardı etməyib.
Teoman deyir ki, “Mən böyüyərkən dünyadakı bir çox şeyləri də beynimdə tənqid edirdim. Dünyanın bütün sistemi əxlaqsızlıq üzərində qurulmuşdu. İnsanlar saxtakardı və hər yerdə güclülər zəifləri əzir deyə düşünürdüm. Hardasa hər kəsi əxlaqi prinsiplərdən və incəliklərdən yoxsul hesab edirdim. Dünyanı hələ də o şəkildə görürəm, amma əvvəkli qəzəbim yoxdur artıq. İnsanalara daha şəfqətlə yaxınlaşıram.”
Nadir Qafarzadə də belə deyir: "Allah sizə heç rəhm etməsin... Bədbəxtsiniz siz! Mən istəməzdim bu Ramazanda belə danışım. Amma məcbur oldum. Allahın yazıq bəndəcikləri. Allahın yadından çıxmısız siz. Oturun İnstaqramda onun bunun qazancını güdün. Kim hara getdi, kim nə qədər qazandı. Oturun ancaq qeybət qırın.
Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da savadsız və zövqsüz cahillərdir! Onların sevgisi də özləri kimi keyfiyyətsizdir! Çünki mənim varlığım onları narahat edir! Mən Allahın mübarək və seçilmiş bəndəsiyəm! Nə xoş mənə! Səhifəmə girib təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə! "