ANS-in aparıcısı: “Mənə qadağalar qoydular”

ANS-in aparıcısı: “Mənə qadağalar qoydular”
14 fevral 2013
# 08:00

Kulis.Az “Ekran üzü” layihəsini davam etdirir. Layihənin budəfəki qonağı ANS telekanalında yayımlanan “Doğruya doğru” verilişinin aparıcısı Zəminə Əliyevadır.

- Jurnalistikaya öz istəyinizlə gəlmisiniz?

- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunuyam. Bizim fakültədə təsadüfi uşaqların oxuduğunun şahidi olmuşam. Ancaq mənim jurnalistikaya gəlişim təsadüfi deyildi, birbaşa seçimim idi. Hər zaman haqqın yanında olmaq istəyirdim. Haqqın yanında olmaq üçün isə ya hüquqşünas, ya da jurnalist olmağı fikirləşirdim (gülür).

- Jurnalist kimi ilk iş yeriniz ANS olub?

- Həmişə düşünürdüm ki, görəsən harada çalışacağam. Yaxşı bir media orqanında çalışmağı arzu edirdim. 2002-ci ildə diplom işinin müdafiəsi vaxtı Cahangir Məmmədli yaxınlaşıb dedi ki, sən ANS-də çalışmaq istərdin? Şahin gəlib, burdadır.

- Şahin kim idi? Mirşahin Ağayevi nəzərdə tuturdu?

- Hə, Şahin Mirşahin müəllim idi. Ancaq o vaxt həmin adamın Mirşahin Ağayev olduğunu bilmirdim (gülür). Həmişə Mirşahin müəllimin efirdən söylədiyi sitatları yığıb seminarlarda istifadə edərdim. Ondan sitatlar gətirdim. Kafedrada görüşdük və Mirşahin müəllimin vasitəsilə ANS-ə gəldim. Artıq on bir ilə yaxındır ki, ANS-dəyəm. ANS-də çalışmağımı qismətlə bağlayardım.

- Aparıcısı olduğunuz veriliş nə dərəcə doğruya doğrudur?

- “Doğruya doğru” proqramını 2009-cu ildə yaratdıq. Verilişi yaratmaq ideyasını mən verdim, Mirşahin müəllimlə məsləhətləşdim. Bu verilişin vasitəsilə gerçəkləri göstərmək istəyirdim. Bilirdim ki, bu heç də asan olmayacaq. Proqrama “Doğruya doğru” adını Mirşahin müəllim qoydu. Proqram 2009-cu ildə üç ay yarım efirə getsə də, ömrü çox uzun olmadı. Üç ay ərzində müəyyən korrupsiya faktlarını açdıq. Bu faktları aşkarladığıma görə təzyiqlərə məruz qaldım, hətta şantaj olundum. Mənim heç bir qurumla şəxsi ədavətim, qərəzim yox idi, sadəcə jurnalistikanın mənə verdiyi hüquqdan istifadə edirdim. Bu da dövlət qurumlarının xoşuna gəlmədi. Bir çox dövlət qurumları onların tədbirində iştirak etməyimə, mənə müsahibə verməyə qadağalar qoydu. Sonra “Nəzər nöqtəsi” verilişinin aparıcısı oldum. Ancaq mənə görə bəziləri verilişi boykot etdilər. Sonra yenidən “Doğruya doğru” verilişini hazırladım.

- 2006-cı ilin noyabrında ANS-in efir tezliyi bağlananda Mirşahin Ağayev radio vasitəsilə bildirdi ki, ANS hamının sümüyünə düşən mahnını ifa etmirdi. Necə düşünürsünüz ANS ifasında dəyişiklik olub?

- Bu haqda tamaşaçılar nə isə deyə bilər, mən konkret bir şey deyə bilmərəm. ANS hər zaman xalqın yanında olub. Xalqla bərabər haqqın, ədalətin yanında olmağa çalışıb. Ancaq xalq 2006-cı ilin noyabrında ANS-in yanında oldumu? Bir-birimizi qınayanda gərək bir qədər obyektiv olaq. ANS bağlananda hər gün bura şikayətə gələnlərin birini də görmədik. Təklənmiş vəziyyətdə idik. Bizim günahımız nə idi? Hər halda biz siyasətlə yox, jurnalistika ilə məşğul olurduq. Çox təəssüf ki, biz o zaman xalqı yanımızda görmədik. Xalq bizdən inciyə bilər, ancaq xalq da ən azında bizə mənəvi dəstək ola bilərdi.

- Telekanal bağlananda işə gəlib-gedirdiniz?

- Bildiyiniz kimi biz dekabrın 12-də efirə qayıtdıq. Dekabrın 12-nə kimi hər gün işə gəlirdik. Axşama kimi işlə məşğul olurduq ki, yadırğamayaq. Xəbər yığırdıq, tədbirlərə gedirdik. Tədbirlərdə isə mikrofonlarımızı əlimizdən almağa çalışırdılar. Bizə “siz artıq yoxsunuz” deyirdilər. Bu sözlər bizi incidirdi, pis olurduq. Ancaq yenə də xəbəri hazırlayırdıq. Sayt vasitəsilə xəbərləri oxucularımıza təqdim edirdik.

- Telekanal bağlanandan sonra ANS-dən getməyi düşündünüzmü?

- Etiraf edim ki, telekanal bağlanmamışdan əvvəl də təkliflər almışdım. “Nəzər nöqtəsi” verilişini aparan zaman düz üç dəfə təklif etmişdilər ki, gəl səni burdan “oğurlayaq”. Hər dəfə cavabım yox olurdu. Niyə yox? İçimdəki azadlığı ANS-dən kənarda tapa bilməyəcəyimdən qorxurdum. ANS bağlanan günü tədbirə gedirdim. Yüksək bir yerdən zəng gəldi ki, bizimlə işlə. Kanalı dar məqamda tərk etməyi düzgün hesab etmədim. Artıq düz etmişəm, ya səhv etmişəm, bunu zaman göstərər.

- Bir vaxtlar jurnalist kimi ANS-də Qənirə Paşayeva var idi. Sonra onun yerini doldura biləcək jurnalist yetişmədi. Bunun səbəbini nədə görürsünüz?

- Hər bir qəhrəmanın yaranması üçün mütləq zaman lazımdır. Qənirə xanımla bir yerdə çalışmışıq. Mən onun jurnalist kimi gücünə bələdəm. Bununla bərabər, Heydər Əliyev jurnalistlərə çox açıq idi. Heydər Əliyevin jurnalistlərə xoş münasibəti nazirlərə də təsirsiz ötüşmürdü. Heydər Əliyev ANS-də ilin adamı seçiləndə demişdi ki, ölkədə baş verən hadisələri birinci ANS vasitəsilə öyrənirəm.

- Hansı aparıcıları daha çox bəyənirsiniz?

- Hər kəsin öz dəsti-xətti , üslubu var və onların hamısına hörmət edirəm. Aparıcı kimi Mirşahin müəllimi çox bəyənirəm. Burda olduğum üçün demirəm. Sabah burda olmasam belə, bu fikrimdə qalacağam. Bundan başqa, Orxan Fikrətoğlu, Sevil Nuriyeva da bəyəndiyim aparıcılar sırasındadır. Həm də Mirşahin müəllimlə mənim üslubum yaxındır.

- Təqlid edirsiniz, ya həqiqətən oxşardır?

- Təqlid etməyi sevmirəm.

- Mirşahinin söz oyunu ilə məşğul olmasını deyənlər də az deyil.

- Mirşahin Ağayev jurnalistikada özünü təsdiq edib.

- İndiki aparıcıların əksəriyyəti qəzet, kitab oxumurlar. İctimai-siyasi prosesləri izləmirlər.

- Sizinlə tam razıyam. Çox acınacaqlı vəziyyətdir. Təəssüflər olsun ki, bu gün qeyri-peşəkarlara çox böyük dəstək var. Jurnalistlər var gedir mətbuat konfransına, ancaq bilmir ki, kimdir danışan. Bu faktdır. Jurnalist hazırlıqlı olmalıdır. Ölkədə çıxan qəzetlərdən heç olmasa ikisini oxumalıdır. Xəbər saytlarına baxmalıdır. Dünyada baş verənlərdən xəbərdar olmalıdır. Normal proqram hazırlamaq istəyirsənsə prosesləri izləməlisən, bilgili olmalısan. Bundan başqa hal-hazırda ciddi verilişlərin reytinqi aşağıdır.

- Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı veriliş hazırlamaq istəyirsinizmi?

- ANS bu mövzuya geniş yer ayırdı. Gördüyünüz kimi, Əkrəm Əylisli ilə bağlı ANS-in mövqeyi digərlərindən xeyli fərqləndi. ANS bacardıqca obyektiv mövqe sərgilədi. Ədəbiyyata ədəbiyyat kimi baxmaq lazımdır. Hansısa bədii əsərdə razılaşmadığın məqam ola bilər. Ancaq yazıçını yazdığına görə daş-qalaq etmək düzgün deyil. Asif Atanın Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri ilə bağlı maraqlı fikirləri var. Asif Ata deyir ki, İsgəndərin mənəvi dünyası kütləvi psixoz dünyasına düşməndir. İsgəndərin meydanı yoxdur. Meydan Şeyx Nəsrullahındır. Hətta allahın iti də onu saymır. Ümumiyyətlə, yazıçı zamanını qabaqlayan biridir.

# 8421 dəfə oxunub

Müəllifin son yazıları

# # #