Fərid Mirzəyev
“Kulis”in iməkləyən vaxtları idi.
Dünyada tanınmış siyasətçilər, yazıçılarla şəxsən görüşən insanlardan müsahibələr alırdım. Layihənin adı belə idi: “Dahilərlə görüşənlər”.
Məsələn, layihə zamanı politoloq Zərdüşt Əlizadə Misirin devrilən prezidenti Hüsnü Mübarəkdən, şair Mahir Qarayev məşhur rejissor Eldar Ryazanovla xatirələrini bölüşmüşdü.
Əlqərəz, nə başınızı ağrıdım. O vaxt Xalq yazıçısı adını daşıyan Əkrəm Əylisli ilə türkiyəli yazıçı Əziz Nesin barədə danışmaq üçün vədələşdik. Gərək Hacıbala Abutalıbov bağışlasın, görüş yeri kimi keçmiş “26 bağı”nı seçdik.
Bağda görüşüb, hal - əhval tutduq.
Ustad səssiz, Yazıçılar Birliyinin binasına tərəf çönüb qımışdı.
İsmarışını almışdım.
Dərhal əlavə elədi:
- Fərid kişi, bəs biz haradasa oturub söhbətləşməliyik axı.
Hə, oturmaq üçün məkan lazım idi.
Qocaman Xalq yazıçısı Əkrəm Əylisli və 23 yaşlı gənc Fərid Mirzəyev. Nə yalan deyim, çox sıxılırdım. Ustad sıxılmağımdan duyuq düşmüşdü.
Gəzə - gəzə “Sahil” stansiyasının qarşısından keçib bulvara tərəf üz tutduq. Ayaqüstü ustad gənc yazarlardan, Henrix Bölldən, Lev Tolstoydan, “Azərbaycan” jurnalındakı “Əkrəm Əylisli dövrü”ndən o ki var danışdı.
Nəhayət elit bir restorana qədəm basıb masada qabaq-qənşər əyləşdik. Əkrəm müəllim könülsüz bir çay dəsgahı sifariş verdi. Əziz Nesini elə çayla xatırlayası olduq.
İncəvara yaxşı da bir yazı alınmışdı. Başlıq da heç pis deyildi: “Əziz Nesin İsmayıl Şıxlının tərcüməsini bəyənməmişdi”.
Əziz Nəsinli xatirələr bitən kimi ayağa durmaq istəyirdim ki, ustad təəccüb dolu baxışla məni süzdü:
- Olmaya tələsən yerin var, Fərid kişi?!
Çəkinə - çəkinə dedim ki, bəs mən işimi qurtardım. Sizi də çox narahat etməyim filan tipli söhbətlər, uzun – uzadı, gərəksiz bəhanələr...
Əkrəm müəllim masanın üstündəki “Parliament” siqaretini kibritlə yandırıb bir qullab alıb, oturmağımı xahiş etdi:
- Otur bir yaxşı fransız şərabı içək.
Əkrəm Əylisli restoranda ofisiantdan Fransa və İtaliya istehsalı şərabların olub – olmadığını xəbər aldı. Şərab problemi həllini tapmışdı. Fransız şərabını hansı təamla içəcəkdin?
Əkrəm müəllim bu dəfə seçim hüququnu mənə tanıdı. Düşünmədən, balıq kababı dedim.
Məclis düzəldi. Yeyib – içdik. Əkrəm müəllim çox məsələlərdən danışdı. 60-cı illər, Anar, Fikrət Qoca, Milli Məclis və sair.
Ustad siqareti elə iştahla çəkirdi ki, məclisin şirin yerində özümü tuta bilməyib ondan siqaret istəyəcəyimdən ehtiyat edirdim.
Nə sirr idisə, siqaretini mənə uzatdı. Dedi, başa düşürəm, cavan adamsan. Utanıb – eləmə götür çək. Əlimi asta – asta uzadıb bir dənə siqaret götürə bilmişdim.
Günorta saat 3-də başlayan görüşümüz uzandıqca uzanırdı. Saat 10-u göstərirdi. Həmin gün axşam bir qızla görüş təyin etmişdim. Vəd etdiyim görüş saatından çox keçmişdi. Birtəhər məsələni izah edib, ustaddan icazə aldım. “Park bulvar” tərəfdə ayrıldıq. O evə, mən qızla görüşə.
Əkrəm Əylislinin baməzə, maraqlı söhbətləri mətnləri kimidir. Axar çay misalı insanı qatıb qabağına aparır.
Bu gün ustadın 80 yaşı tamam olur. Təbrik edirəm, Əkrəm müəllim.
Hörmətlə: Fərid kişi.