Nuşirəvan Məhərrəmli: “Bütövlükdə televiziya kanallarından xilas olacağıq”

Nuşirəvan Məhərrəmli: “Bütövlükdə televiziya kanallarından xilas olacağıq”
7 oktyabr 2015
# 12:21

Kulis Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsini təqdim edir.

- Nuşirəvan müəllim, 30 sentyabr – 5 oktyabr aralığında ANS telekanalında yayımlanan 3 veriliş Şura tərəfindən qapadıldı və telekanal xeyli miqdarda cərimələndi. Lakin ANS-dən başqa özəl televiziya kanallarında da xoşagəlməz hallar müşahidə olunurdu. Ancaq Şuranın səlahiyyətləri artırılandan sonra ilk sərt cəza mexanizmi ANS-ə tətbiq edildi. Ümumiyyətlə, verilişlər ANS-ə xəbərdarlıq edilmədən qapadılıb?

- Bildiyiniz kimi, bu məsələ ilə bağlı biz öz fikrimizi ortaya qoymuşuq. Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb. Bu mübarizə həmişə olub. Qeyd edim ki, 5 il bundan qabaq da “Ümid var”, “Adam içində” tipli verilişlərə müəyyən tövsiyələr vermişdik, xəbərdarlıq etmişdik. Amma çox təəssüf ki, onlar həmin verilişlərin adını dəyişdirib başqa ad altında fəaliyyət göstərdilər. Cəmiyyət isə bizdən bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nın səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. “Televiziya və radio yayımı haqqında” qanuna bu ilin fevral ayında dəyişiklik baş verdi və həmin dəyişikliklə MTRŞ-ya “Televiziya və radio yayımı haqqında” qanunun pozulmasına görə, həm verilişlərin, həm kanalların fəaliyyətini dayandırmaq səlahiyyətləri verildi. Fevral ayında qəbul olunmuş dəyişikliklər hüquqi qüvvəsini sentyabr ayının 16-da MTRŞ haqqında Əsasnaməyə dəyişikliklə öz həllini tapdı və biz sentyabrın 16-dan sonra bu sahədə ciddi işə başladıq. Bundan qabaq isə televiziya kanallarının rəhbərləri ilə ciddi söhbətimiz oldu və biz efirdəki nöqsanların aradan qaldırılmasını onlardan tələb etdik. Bizim verdiyimiz qərar tək ANS telekanalına aid deyil. Bu bütün televiziya kanallarına aiddir. İlk olaraq, xüsusən sosial problemlərin həllinə dəstək adı altında yaradılmış şou proqramlarına qarşı hərəkətə keçdik.

Bu cür proqramlar həm ANS, həm də ATV telekanalında yayımlanırdı. Artıq bu iki kanalın rəhbərliyi bilirdi ki, bu tip verilişlərə qarşı tədbirlər gözlənilir. Elə buna görə də ATV telekanalı Şuranın iclasından iki gün qabaq “Öz aramızda” verilişini bağladı və bu haqda bizə məlumat verdi. Amma çox təəssüf ki, ANS kanalı bunu etmədi və biz belə bir sərt qərar vermək məcburiyyətində qaldıq. Əgər indiyə qədər televiziya kanalları özləri efirdəki nöqsanları aradan qaldırardılarsa, biz ancaq bunu alqışlayardıq. Amma çox təəssüf ki, belə olmadı.

Bu gün Azərbaycan efirində, xüsusən də özəl kanalların efirindəki vəziyyət bizi çox narahat edir. Azərbaycanın özəl televiziya kanalları demək olar ki, cəmiyyət üçün ən aşağı növ verilişlər hazırlayırlar. Televiziya kanalları daha yüksək ideyalarla cəmiyyəti öz arxasınca aparmalıdır. Çox təəssüf ki, televiziya kanalları ən aşağı səviyyəli şoular yaratmaqla bir-birləri ilə rəqabətə girirlər. Keyfiyyətli verilişlər uğrunda yox, keyfiyyətsiz, aşağı səviyyəli verilişlər hazırlamaqla bir-birləriylə yarışdılar və bu da cəmiyyətin haqlı olaraq narazılığına səbəb oldu.

Mən elə hesab edirəm ki, heç bir normal ziyalı istəməz ki, onun efirində bu cür bayağı, şit, süni verilişlər olsun. Çox təəssüf ki, Azərbaycanda milli-mənəvi dəyərlər anlayışını bəzi televiziya kanalları ironik şəkildə təqdim edirlər, mənasını bilmədiklərini deyirlər və bu hal xüsusən də özünü ANS televiziyasında göstərir. Bu çox düşündürücü məqamdır. ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir.

- Amma ANS telekanalının Qarabağla, Azərbaycan həqiqətləri ilə bağlı gördüyü işlər var...

- Razıyam, amma yaxşı işlərlə bərabər, sadaladıqlarım onun efirindən səslənib, onun efirindən göstərilib. Milli-mənəvi dəyərləri bilmədikləri üçün də bu cür verilişlər onların efirindən yayımlanır. Biz Azərbaycan efirini bayağı, şit şou verilişlərindən xilas etməliyik. Təbii ki, şou özü-özlüyündə bütün dünyaya xas olan veriliş tiplərindən biridir. Amma çox təəssüf ki, dünyada artıq şou bütün fəaliyyət sahələrinə aid edilir. Yəni ciddi məsələlər hər yerdə qeyri-ciddiyə çevrilərək şou halına gətirilir. Bu özünü siyasətdə, iqtisadiyyatda, hüquqda, dində, hətta elmdə də göstərir. Çox təəssüf ki, bu belədir. Efirə dəvət olunan din xadimi qısa müddətdən sonra din üzrə şoumenə, hüquqşünas hüquq üzrə şoumenə, psixoloq psixologiya üzrə şoumenə çevrilir. Bu çox pis tendensiyadır. Cəmiyyətdə dəyərsizləşmə gedir. Bir növ insanları zəhmət tələb etmədən, çox asan, ucuz yolla cəmiyyətdə özünə yer, mövqe tutmağa şirnikləndirir. Biz bu tendensiyanın qarşısını almalıyıq.

Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz. Bilirsiniz, dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə cavab ver. Bəli, 90-cı illərin əvvəllərində ANS yeganə özəl kanal idi. O vaxt başqa özəl kanal yox idi. Azərbaycan həqiqətləri ilə bağlı dövlət televiziyasına nisbətən alternativ fikirlər yayımlayırdı. O dövr bu kanal üçün böyük imkanlar yaratmışdı və o kanala yaranmış imkanlardan bu kanal böyüdü. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ANS kanalının xidmətləri var. Amma eyni zamanda, ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır. Hər ikisi bunda var. Biz görülən işlərə “sağ ol” deyirik, amma bu gün bu nöqsanlar varsa, o nöqsanlara görə cavab verməlisən.

- Cərimələrin də miqdarı bir qədər yüksək oldu…

- Cərimələr əsasən sponsorla bağlı reklamın tələblərinin pozulmasıdır. Reklam haqqında qanuna dəyişiklər oldu. Çox geniş müzakirələr aparıldı və biz gözləyirdik ki, bundan sonra bu hallar olmayacaq. Biz bu sahədə əvvəlki illərlə müqayisədə limiti artıq aradan götürmüşük. Demək olar ki, MTRŞ indiyə qədər həddindən artıq televiziya kanallarına böyük güzəşt edirdi. Amma bizim səlahiyyətlərimiz o verilişləri qapatmağa imkan vermirdi. Biz verilişləri bağlada bilmirdik. Bəli, indi isə Şuraya bağlamaq səlahiyyəti verilib. Bilirsiniz, efir heç bir televiziya kanalının rəhbərinin şəxsi mülkiyyəti deyil. Efirin dövlət mülkiyyətində olmasını başa düşməlidirlər. Oranın binası, maşın və avadanlıqlar onların mülkiyyəti ola bilər, amma efir heç kəsin mülkiyyəti deyil. Oradan başqalarına qarşı qərəzli şəkildə xüsusi kampaniya aparılarsa, o zaman telekanala qarşı çox ağır şəkildə cəza tədbiri görüləcək.

Çox təəssüf ki, televiziya sahəsində problemlər çoxdur. Bu gün dünyada dəyərsizləşdirmə gedir və bunu bəlkə də bilərəkdən edənlər var. Məsələn, böyük dövlətlər qloballaşma adı altında adi verilişlər, filmlər, ayrı-ayrı layihələrlə bağlı digər yerli ölkələrin milli-mənəvi dəyərlərini, milli özünüdərkini sarsıtmaq üçün ciddi işlər aparırlar. Bunun da qarşısını almaqda əsas iş həmin milli-mənəvi dəyərlərə söykənən keyfiyyətli verilişlər hazırlamaqdır.

Bu məsələdə iş tək televiziya və radionun üzərinə düşmür. Bütövlükdə bu cəmiyyətin üzərinə düşür. Amma televiziya və radio bu sahədə ciddi bir vasitədir. Ona görə bu vasitədən istifadə etmək lazımdır. Mövcud imkanlar daxilində təbii ki, telekanalların vəziyyəti o qədər də yaxşı deyil, mən reklam bazarını nəzərdə tuturam. Amma xalq arasında “qara camaat” deyilən bir ifadə var. Cəmiyyəti intellektual səviyyəsi aşağı olan insanların arxasınca aparmaq yaxşı deyil. Əsas məsələ budur. Efiri şitlik, bayağılıq, sünilikdən uzaq olan verilişlərlə doldururlar. Hətta reklamların özündə belə ciddi pozuntular var. Azərbaycanın milli-mənəvi dəyərləri üçün xarakterik olmayan reklam səsləndirmələri olur. Xüsusən də tibb sahəsində, bir neçə klinikanın xidmətləri ilə bağlı reklamlarda bu var.

Mən bəzən televiziya kanalların sahiblərinə deyirəm ki, siz özünüz eşitmirsiniz, siz ailənizlə birlikdə oturub buna qulaq asmırsınız ki, belə formada reklam doğru deyil? Nə olsun ki, reklam sizə əlavə gəlir gətirir? Siz əgər bütövlükdə hamınız buna “yox” desəniz reklam verən məcbur olub o reklamı elə formada verməyəcək. Və yaxud da süni qalmaqal yaradan aparıcı mükafatlandırılmamalıdır, əksinə efirdən uzaqlaşdırılmalıdır. Amma bizim efirdə çox təəssüf ki, əksinədir. Yaxşı olardı ki, insanlar saxta ssenarilər haqda bizə məlumat versinlər.

Ümumilikdə isə bizim televiziya kanallarından əsas gözləntimiz odur ki, onlar “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə əməl etsinlər. Qanunda proqrama verilən tələblərin ən böyüyündən biri də milli-mənəvi dəyərlərə sahib olmaqdır.

- Mirşahin Ağayev sizin gətirdiyiniz arqumentlərin qarşısında hansı arqumentləri irəli sürdü?

- Təbii ki, iclasda gedən bütün məsələləri tam şəkildə sizə deyə bilmərəm. Amma birinci iclasda bizim arqumentlərimizin bəziləri ilə razılaşdığı və razılaşmadığı məqamlar oldu. O, bunu televiziya işi ilə bağlayır, deyir ki, burda şou yaratmaq üçün bunlar lazımdır, bunlar olmasa şou olmaz. Bildirir ki, söz oynatmaq, saxta ssenarilər, ciddi məsələlərin qeyri-ciddiyə çevrilməsi, yumoristik səhnəciklər – bunların hamısı lazımdır. Amma çox təəssüf ki, buradan çıxanda başqa formada ifadələr işlədir və ona uyğun olaraq da bizim adekvat cavablarımız olur.

- MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov birinci iclasdan sonra qeyd etdi ki, Mirşahin Ağayev Şurada muma, çölə çıxanda isə aslana dönür.

- Mirşahin Şuranın sonuncu iclasında da dedi ki, mən lazım olanda muma dönürəm, lazım olanda aslana dönürəm. Bu onun öz sözüdür.

- Sizin verdiyiniz qərarlar daha çox MTRŞ-ANS qovğası təsiri bağışlayır. Bəzi insanlar sizin qərarlarınızda qərəz olduğunu iddia edir.

- Çox təəssüf ki, bu, ANS-lə MTRŞ-nın arasında olan məsələ kimi qələmə verilir. Bunu ANS özü bu formaya salıb. Bu onların stilidir. Hər hansı bir məsələni onlara qarşı kampaniya kimi qəbul edirlər. Burda hər hansı kampaniya yoxdur. Tam səmimiyyətlə deyirəm burada hər hansı qərəzdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycan efirində küçə mədəniyyəti, küçə tərbiyəsi, küçə psixologiyasında verilişlərin verilməsi onlara haqq qazandırmır.

- 5 il ərzində, Xoşqədəm Baxşəliyeva ilə bağlı ATV telekanalına da hər hansı xəbərdarlıq etmişdiniz?

- Dəfələrlə xəbərdarlıq etmişdik. Həm ATV telekanalının rəhbərliyi, həm də ANS telekanalının rəhbərliyi ilə bu barədə söhbətlərimiz olub. Hətta ATV kanalının rəhbərliyi tərqibən bir il yarım bundan öncə verilişi bağlamaq haqda düşündüyünü söylədi və dedi ki, bizə vaxt verin, biz bu verilişi bağlayacağıq. O vaxt verilişlə bağlı bizə bəzi siqnallar da daxil olmuşdu. Verilişdə saxta ssenarilərin qurulması ilə bağlı əlimizdə bəzi faktlar var idi. ATV kanalı da həmin faktlara görə verilişin fəaliyyətini dayandırdığını bizə bildirdi və həmin faktlar bizə verildi. Biz ANS kanalının rəhbərlərindən olan Mirşahini Şuraya dəvət etdik. Onunla birlikdə həmin süjetə baxdıq və dedik ki, təcili tədbirlər görün. Yay ayları idi, Azərbaycanda I Avropa Oyunları keçirilirdi. Buna görə məsələni sonrakı dövrə saxladıq.

Lakin ANS sırf qapadılan verilişlərlə bağlı hər hansı bir addım atmadı. Sosial problemlərin həllinə dəstək adı altında yayımlanan “Adam içində”, “Ümid var” verilişlərinə görə dəfələrlə televiziya kanalları ilə söhbətimiz olub, xəbərdarlıqlar etmişik. Amma o xəbərdarlıqlar çox təəssüf ki, bir nəticə vermədi. Buna görə də bu cür sərt addımlar atmaq məcburiyyətində qaldıq. Eyni zamanda, özəl televiziya kanallarının musiqi redaksiyalarında böyük nöqsanlar var. Bu məsələ də ciddi məsələdir. Azərbaycan musiqisi aşağı səviyyəli müğənnilərin ifa etdikləri musiqi deyil. Biz özəl televiziya kanallarında efiri sağlamlaşdırmalıyıq. Bir sıra televiziya kanalları efirlə toyxananı qarışdırıb.

- Məsələn, “Space” televiziyasında yayımlanan “Sevimli şou”…

- Bəli, “Space” və “Xəzər” televiziya kanallarında yayımlanan o tip verilişlərə görə telekanal rəhbərləri Şuraya çağırılıb, söhbətlər aparılıb. Onlardan bu sahədə ciddi dönüş edilməsi tələb olunub və onlar da bu sahədə ciddi dönüş edəcəkləri haqda bizə söz veriblər və biz də bunu gözləyirik. Mən “Sevimli şou”nun aparıcını da Şuraya dəvət etdim. Özüm birbaşa həm onunla, həm də kanal rəhbərliyi ilə söhbət etdim.

- Aparıcı nə dedi?

- Aparıcı hərəkətlərinə bəraət qazandırdı ki, bu reytinq xətrinə edilən bir işdir. Mən də ona bildirdim ki, reytinq xətrinə bunlar edilməsin. Lazım gələcəksə biz o tip verilişlərdən də xilas olacağıq. Hətta yeri gələrsə, bütövlükdə televiziya kanallarından xilas olacağıq. Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun. Amma televiziya kanallarında Azərbaycanı təmsil edən gözəl verilişlər olsun. Azərbaycan efirindəki verilişlərə görə biz hər gün uduzuruq. İstənilən əcnəbi bizim özəl televiziyalara baxıb Azərbaycanın nə səviyyədə olması haqda fikir formalaşdıra bilər. Ona görə də biz ciddi düşünməliyik. Bəli, bu asan məsələ deyil. Televiziya işi çətindir. Biz hər dəfə televiziya kanallarını tənqid edirik. Amma reklam bazarı ilə bağlı mövcud vəziyyət, kadr problemi ciddi məsələdir. Amma bu televiziya kanallarına əsas vermir ki, efirdə keyfiyyətsiz, ucuz verilişlər hazırlasınlar.

- Ancaq “Sevimli şou”nun aparıcısına xəbərdarlıq edildiyi heç hiss olunmur…

- (gülür) Dozasını artırıbsa, dozanı artırmasına uyğun tədbir görüləcək. Amma biz onunla təzə danışmışıq. Ona da vaxt verməliyik.

- Özəl telekanallarda yayımlanan şou verilişlərlə bağlı dosyelər hazırlanacağını demişdiniz. Hansı verilişlərin dosyeləri hazırlanıb?

- “Sevimli şou”, “Məchulu tapın”, “5-də 5”, “Ay zaur”, “Zarafatsız şou”, “Hər şey daxil” verilişləri diqqət mərkəzindədir. Bilirsiniz, Azərbaycanda qara yumor efirdən silinməlidir. Çox təəssüf ki, bizim gənc aktyorların çoxu özünü yumor sahəsində, pis tərəfdən göstərirlər. Əvvəllər küçə uşaqları tində lətifə danışardılar. İndi həmin lətifələri efirə gətiriblər. Bunlar efirdən birdəfəlik silinməlidir. Bizim müğənnilərlə də bağlı ciddi işlərimiz olacaq. Savadsız müğənnilərin üzərində veriliş qurulmamalıdır. Dosyedə ANS-də hansı tarixdə qanun pozuntusu olduğu bir-bir göstərilir. Hətta burda şeirlər var.

Çox ədəbsiz şeirlər, normal insan bunları qəbul edilə bilməz. Bunlar “Komedi Az” və “Bu da bu”da gedib. Bunlar sanki Qərbin xüsusi dairələrinin xoşuna gəlmək üçün hətta cinsi azlıqlarla bağlı məsələni Azərbaycanda adiləşdirirlər. Başqa ölkələrin parlamentləri cinsi azlıqların evliliyi ilə bağlı qətnamələr qəbul edir. Onlar Azərbaycanda həmin şəxsləri efirə dəvət etmək, həmin şəxslərlə bağlı verilişlər və yaxud rollar qoymaqla sanki insanları buna hazırlayırlar. Bu çox pis tendensiyadır və bunun da qarşısı qətiyyətlə alınacaq.

Burda bütün verilişlər barədə dosye var. Mən artıq tapşırıq vermişəm. Bizim saytımızda ANS, ATV, “Xəzər” və digər kanallardakı nöqsanlar birbaşa sayta yerləşdiriləcək. Qoy insanlar görsün ki, hansı məsələyə görə MTRŞ kanallara qarşı cəza mexanizmi tətbiq edib. Bunlar Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olan bir şey deyil. ANS kanalı bizdən milli-mənəvi dəyərlərin siyahısını, tərifini istəyir. Yəni bizə deyin ki, nə milli-mənəvi dəyərdir, nə milli-mənəvi dəyər deyil. Artıq bir neçə gündür çox ironik şəkildə guya ki, milli-mənəvi dəyərlərin müzakirəsi gedir. Əslində dolayısı ilə MTRŞ-nin verdiyi qərara qarşı bir kampaniya aparırlar. Bu ucuz bir kampaniyadır. Bu kampaniyalar 90-cı illərdə özünü göstərib. Biz artıq 21-ci əsrdə yaşayırıq.

- Sizin Xoşqədəm Baxşəliyeva və ya digər aparıcı ilə hər hansı bir probleminiz var?

- Çox təəssüf ki, bu da ANS kanalının üslubudur. Artıq ANS kanalının üslubu, metodu hamıya məlumdur. Mən burda dövləti təmsil edirəm və bizim televiziya kanallarında işləyən sıravi insanlarla hər hansı bir problemimiz yoxdur. Bizim problemimiz televiziya kanalının özü ilədir, onu idarə edənlərlədir. Ona görə də bizim hər hansı aparıcı ilə, rejissorla, operatorla işimiz yoxdur. Sadəcə, efirdə qanun pozuntusu varsa, onu televiziya kanallarının rəhbərləri ilə müzakirə edib fikir bildiririk. Bizim heç kəslə problemimiz yoxdur. Nə o tip adamlarla, nə Mirşahin tipli adamlarla, nə də Vahid Mustafayev tipli adamlarla.

- Bayaq qeyd etdiniz ki, özünə hörmət edən ziyalı istəməz ki, Azərbaycan efirində bu cür verilişlər getsin. Amma xalq artistləri Arif Babayev, Ramiz Məlik Səkinə İsmayılova, kinoşünas Ayaz Salayev, millət vəkilləri İsa Həbibbəyli və Cavanşir Paşazadə Xoşqədəm Baxşəliyevanın axtarış proqramının cəmiyyətə fayda verdiyini bildiriblər. Buna münasibətiniz necədir?

- Biz bunu gözləyirdik. Cəmiyyətdəki insanların zövqləri müxtəlifdir. Sosial problemlərin həllinə dəstək adı altında yayımlanan verilişlər çox təqdirəlayiq haldır. Biz bunu dəstəkləyirik. Ona görə də verilişin 1 ay bağlanması haqda qərar vermişik. Amma bu verilişdə sosial problemlərin həllinə dəstək adı altında şou yaradılır. Sosial problem ciddi məsələdir.

Fiziki və psixi qüsuru olan, öz hüquqlarını bilməyən insanlar heç vaxt qeyri-ciddi formada şouya qoyulub alçaldılmamalıdır, təhqir olunmamalıdır. Amma bu verilişlərdə musiqinin müşayiətiylə bəzən günlərlə eyni adamı efirdə göstərməklə müxtəlif formada, hətta verilişə dəvət olunmuş ekspertlərin qınaqları, bəzən o qınaq təhqirlər formasında alçaldıcı formada verilib. Bu efirdən görünür. Çox təəssüf ki, bizim bəzi ziyalılarımız televiziya kanallarının hansına gedirlərsə, o televiziya kanalını tərifləyirlər. ANS-ə gedərkən ANS 1 nömrəli kanal, ATV-yə gedərkən ATV 1 nömrəli kanal, “Space”yə gedərkən isə “Space” 1 nömrəli kanal olur. “Xəzər”ə gedəndə “Xəzər”i, “Lider”ə gedəndə “Lider” telekanalını tərifləyirlər. Amma oradan çıxandan sonra başqa yerdə Azərbaycan efirindəki nöqsanlardan danışırlar. Bu çox pis tendensiyadır. Buna təəssüf edirəm. Azərbaycanda bütün məsələlərdə ən böyük iş ziyalıların üzərinə düşür. Ziyalılarımız isə bu məsələlərdə qeyri-ciddiliyə yol verirlər. Amma istənilən şəxsin, istər adi vətəndaşın, istər millət vəkili, istər tanınmış sənətçi olsun, biz onların fikirlərinə həmişə hörmətlə yanaşırıq. Amma biz dövlət qurumu kimi öz üzərimizə düşən işi görməkdə israrlıyıq və hesab edirəm ki, Azərbaycan efirindəki bayağı, şit, süni qalmaqal yaradan verilişləri dayandırmaqda haqlıyıq.

- Həmin verilişlərin bağlanmasına görə Şuraya həqiqətənmi təşəkkür məktubları gəlib?

- Bizi tənqid edən də, bizə təşəkkür edən də olacaq. Bu normal bir şeydir. Ancaq bircə məsələdə əminəm ki, hər halda bizi alqışlayanların sayı bizi tənqid edənlərin sayından qat-qat çoxdur.

- Hüquqşünas Ələsgər Məmmədli hansı saatda və həftənin hansı günü nə tip verilişlərin yayımlanmasına dair qərar çıxarılmasını televiziyanın fəaliyyətinə müdaxilə hesab edir. Deyir ki, MTRŞ hər hansı bir televiziyanın işinə müdaxilə edə bilməz. Yayımlanacaq verilişlərin konkret sahəyə aid olmasını da Şura müəyyən etmir.

- Çox təəssüf ki, bu cür yanaşmalar mövcuddur. MTRŞ televiziya və radio yayımı haqqında dövlət siyasətini həyata keçirən orqandır. Azərbaycan efirində baş verən bütün məsələlərə birbaşa müdaxilə etmək səlahiyyətində olan orqandır və hansı televiziya kanalının hansı saatda veriliş verməsini biz yox, bunu televiziya kanalı özü müəyyənləşdirir. Amma cəza mexanizmi tətbiq olunarkən həmin verilişin nə vaxt yayımlanması və göstərilməsini biz müəyyən etməliyik. Bu özbaşına, istənilən saatda olmaz ki... Bilirsiniz bir nümunə deyim. Vaxtilə türkiyəli həmkarlarımız bizə danışırdılar ki, onlar telekanallardan xalq musiqisini yayımlamağı tələb ediblər. Telekanallar isə gecə saat 4-də xalq musiqisini efirə veriblər. O vaxt isə heç kəs ona baxmayıb. Yəni efirin bu cür üsulları var. Elə buna görə də bu cür danışıq sadəcə, bir az mənim üçün anlaşılan deyil.

# 3339 dəfə oxunub

Müəllifin son yazıları

# # #