“Yazıçı olmasaydım, cinayətkar olacaqdım” SORĞU

“Yazıçı olmasaydım, cinayətkar olacaqdım” SORĞU
29 noyabr 2013
# 09:00

Kulis.Az “Yazı prosesi” layihəsini davam etdirir. Layihənin budəfəki qonaqları Əkrəm Əylisli, Azər Abdulla, Natiq Rəsulzadə, Orxan Fikrətoğlu və Şərif Ağayardır.

1. Mövzuları necə seçirsiniz?

Əkrəm Əylisli: “Açığı, mən mövzunu seçmirəm, mövzu öz – özündən yetişir. Bir də mövzu mənim üçün əsaslı heç nə deyil. Yaşanan həyat ki, var, içəridəki, ürəyimdə yaşanan həyat, o həyatı dürüst yaşayanda o gətirib özü mövzunun üstünə çıxardır adamı. Çox yazıçılar bunu deyib, mövzunun güclü olmağı zəif yazıçıya lazımdır. Mən bunu çox demişəm, yazıçı içərisində zaman – zaman yetişdirdiyi toxum kimi düşür içəriyə, cücərir və sən onun cücərdiyini hiss edəndə götürüb yazırsan. Mən belə işləyirəm”.

Azər Abdulla: “Bəzən tanışlarımla, bəzən tanımadıqlarımla söhbət zamanı onlardan eşitdiyim bir söz, yaxud cümlədən bir povest, bir neçə hekayəm yaranıb, yəni bir informasiya məni necə tutursa, o məsələ ətrafında günlərlə düşündüyümdən bir sayaq həmin əhvalatın iştirakçısına çevrilirəm. Sonda təbii hesab elədiyim yaşantılarım yazıya çevrilir. Bəzən də özümün şahid olduğum əhvalatlar məni dinc buraxmadığından, yaxamdan əl çəkmədiyindən yazıb canımı qurtarıram. Bəli, mən peşəkar yazıçı səviyyəsinə çatmadığımdan hər şeyi yaza bilmirəm, ancaq seçdiyim doğma mövzuları yazmağa cəhd edirəm. Bir şeyi də səmimi demək istərdim, məni rahat buraxmayan bir mövzu var. On ildir, bəlkə də daha çox müddətdir yazmaq istəsəm də, gücüm çatmır, elə bilirəm, üstümdən aşırıb qurtula bilmədiyim ağır bir yükün altındayam”.

Natiq Rəsulzadə: “Amerika ədəbiyyatının klassiki Ernest Heminquey gənc yaşlarında yazmağa başlayanda yazırdı ki, mən əvvəlcə hansı mövzuda yaza biləcəyimi düşündüm. Aşkar oldu ki, cəmi üç mövzuda yaza bilərəm. Üçü də çox geniş mövzudur. Birinci müharibə mövzusu, ikinci korrida mövzusu, üçüncü də boks. Bilirsiniz, mövzunu seçməklə deyil. Elə əsər var ki, nəsr, dramaturgiya, kino sahəsində sifariş verirlər və deyirlər bu mövzuda bir əsər yaz. Elə də olur ki, misal üçün, sifarişsiz-zadsız hansısa bir mövzu sənə daha yaxın olur və bu mövzuda öz qəhrəmanlarını görmək istəyirsən. Mən özümdən Amerika kəşf eləmirəm. Ədəbiyyatda ən əsas qəhrəmandı. Əgər əsərin mərkəzində canlı qəhrəman varsa, öz xarakteriylə, hərəkətləriylə, sözləriylə, deməli əsər alınıb. Siz fikir verin, biz klassik əsərləri niyə dönə-dönə oxuyuruq? Çünki orda canlı qəhrəmanlar var. Həmin qəhrəmanlar maraqlıdır. Biz necə hər gün dostlarımızla, tanışlarımızla, yoldaşlarımızla ünsiyyətdə oluruq, onlarla söhbət edirik və marağımız azalmır, bax eləcə də klassik əsərlərin qəhrəmanlarına maraq azalmır. Mövzu əsas deyil. Əgər sən əsərdə canlı, maraqlı qəhrəman yarada bilmisənsə, deməli əsər alınıb. Mövzular da o qədər çox deyil. Bildiyiniz kimi ədəbiyyatda beş – altı dənə mövzu var. Onları da dönə - dönə yazırlar. Məhəbbətdi, müharibədi, yüz dənə deyil, əlli dənə deyil, dörd – beş mövzudur. Mövzuları da maraqlı edən ancaq qəhrəmanlardır”.

Orxan Fikrətoğlu: “Sovet İttifaqı dövründən, özümü tanıyandan yazıram. Əvvəl mən yazı yazanda fərəhlə, sevinə-sevinə, həqiqətən də başqa havada yazırdım. Amma indi bilirəm ki, ədəbiyyata həqiqətən də heç bir tərəf heç bir parametrdə dəqiq qiymət vermir və kimin əli uzundur öz kitabını, öz yazısını qaldırır. Ətrafda olan dəstə buna əl çalır və yaxud tərifləyir. Və bunları bilə-bilə əsl ədəbiyyatı yazmaq isə həqiqətən çox çətindir. O ki, qaldı mövzuların seçiminə. Mən ədəbiyyata poetik yox, praqmatik yanaşıram. Necə deyim sizə, mənim üçün mövzular proqram şəklindədir. Məsələn, sonuncu yazım “Qıyığın ölümü” daha çox teletamaşa janrında bir yazıdır. Alleqorik yazıdır. Personajlar döşək ağıdır, iynədir. Mən bu yazını altı ildir planlaşdırırdım, amma heç cür vaxt tapıb yaza bilmirdim. Mövzunu əvvəl planlaşdırdım, sonra onun haqqında uzun illər düşünürəm. Amma yazmağa çox tez yazıram. Mövzu seçimi beynin, təfəkkürün məhsuludur”.

Şərif Ağayar: “Nadir hallarda mövzu seçirəm. Mən o vaxt yazıram ki, mövzu özü məni narahat edir, incidir, həyatı burnumdan tökür. Mənim yazmağım əslində elə mövzudan canımı qurtarmaqdır. Əgər bu ehtiyac olmasa, inanın, yazmaram. Amma, çalışıram ki, bu yaxaqurtarma həm də ədəbi əsər kimi dəyərli olsun. Yəni, zibilliyə atılmasın, neçə illər sonra da olsa, kimsə maraqla oxuyub məni anlasın. Çəkdiyim ağrıların şahidi olsun. Bu da bir ehtiyacdır və səhv etmirəmsə adı, özünüifadədir!”

2. Yazmamışdan əvvəl araşdırma aparırsınız?

Əkrəm Əylisli: “Yazmamışdan əvvəl hər şeydən təcrid olunuram. Hər şeydən, yəni həyatın bütün nazı – nemətindən. Dörd – beş gün içimə qapanıb qalıram. Ən azı beş gün belə olur. Beş gündən sonra hiss edirəm ki, fiziki sağlamlığım da yerində olmalıdır. Kəskin bir narahatlıq hiss edəndə, bir az da gözləyirsən. Adam sağlam olduğuna arxayın olandan sonra tam gücüylə, tam qüvvəsiylə işləyir. Bu haqda çox yazılıb, mənim üçün birinci cümləni yazmaq çətin olur. Lakin birinci cümləni yazdım, ondan sonra çətin olmur. Mənim bir başqa xüsusiyyətim də var. Bu da ondan ibarətdir ki, mən hər yazımı yazmağa başlayanda elə bilirəm əvvəl heç nə yazmamışam. Həmişə sıfırdan başlayıram (gülür). Sıfırdan başladığıma görə, əvvəlki təcrübəm-filan mənə elə bir şey vermir. Amma əslində yəqin ki, nəsə verir. Birinci cümlədə qoyduğum intonasiya axıra qədər davam eləməlidir əsərdə. Ona görə birinci cümlə mənim üçün çətindir. Mən gərək hiss eləyəm ki, intonasiyanı dürüst götürmüşəm. Bu mənim üçün vacib şeylərdən biridir”.

Azər Abdulla: “Araşdırma deyəndə nəyi nəzərdə tutursunuz, bilmirəm, ancaq onu deyə bilərəm, yazacağım mövzunu ağlımda, başımda günlərlə, aylarla götür-qoy edirəm. Burası hamıya bəlli, bəzən sən yazının mövzunun yaxasından tutub istədiyin səmtə dartıb aparırsan, bəzən də sən seçdiyin mövzunun, bir sayaq sözünə baxmalı olur, kirimişcə onun ardınca gedirsən”.

Natiq Rəsulzadə: “Bu əsərə baxır, olur ki, araşdırma aparıram. Hansısa əsərin içində olan xətlər mənə bir az qaranlıq gələndə onları araşdırıram, öyrənirəm. Müəllif gərək əsərdə hər şeyi aydın – aşkar göstərsin. Əsərində yarımçıq məqamlar varsa, oxucuya nə çatdıracaqsan?”

Orxan Fikrətoğlu: “Mənə elə gəlir, birmənalı olaraq istənilən yazı birinci variantda dərc olunmur. Yazı mütləq bişməlidir, hazır olmalıdır. Nuru Paşa və Ənvər Paşa haqqında tarixi roman yazırdım. Hə, mən Türkiyədə, Azərbaycanda və Türkmənistanda araşdırma apardım. Bildiyiniz kimi, Ənvər paşa Türkmənistanda “Basmaçı” hərəkatını yaradıb, Leninlə görüşüb. Çox qəribə bir taleyi olan adamdır. Bax, onun haqqında mən yazı yazanda üç ölkədə araşdırmalar apardım və ssenarini yazdım. İnşallah, Türkiyədə film çəkiləcək. Hekayələrimi isə araşdırmaq gərək deyil. Çünki onlar ilahi müdaxilə ilə yazılma işlərdir. Ədəbiyyat ilahi müdaxilədir”.

Şərif Ağayar: “Mövzunu yazmağı qərar aldımsa, əlbəttə, bu barədə nələrsə oxuyur, filmlərə baxır, adamlarla söhbət edirəm. Xüsusən, irihəcmli əsərlər üçün xeyli zəhmət çəkirəm. Bu vacibdir. Ancaq elə əsər olur ki, şeir kimi, sadəcə oturub yazıram. Birnəfəsə. Son nöqtəyəcən...”

3. Hansı rejimdə yazırsınız?

Əkrəm Əylisli: “Mən düzü harada işləmişəmsə, orda darıxmışam (gülür). Çalışmışam iş yerimə günün birinci yarısı getməyim. Və əksər vaxtlarda da bu mənə qismət olub. Mən günün birinci yarısını, ta saat ikiyəcən nə bir qəzet oxumuşam, nə bir informasiya. Bu heç vaxt olmayıb. Hətta gəzməyəndə çıxanda çalışmışam ki, heç kəsə rast gəlməyim. Çünki içəridə yazını yaşaya-yaşaya gəzirəm. Saat ikiyə kimi nə yazdım yazmışam. Axşamüstü həmin ovqat yenidən qayıtsa yenə yazıram. Bəzən elə olub sutkanı qələm işləyib. Amma bəzən də olub ki, günün birinci yarısında dayanmışam. Sabah yenidən başlamışam yazmağa”.

Azər Abdulla: “Mən yaxından tanıdığım Mövlud Süleymanlının, sizin dediyiniz yazmaq rejiminə qibtə eləmişəm. Mövlud Azərbaycan Dövlət Radiosunda redaktor işləyəndə onların iş otağında yanılmıramsa, şöbə müdirləri ilə birgə dörd nəfər idilər. Bəzən elə məqam olurdu, o dörd nəfərin yanında dörd, bəzənsə ştatdan kənar beş müəllif də olurdu. Otaqda müxtəlif mövzularda ucadan söhbət gedirdi. Bəzən telefon zəng çalırdı. Kimsə o telefonla kənd sovetinin otağında olduğu kimi ucadan, qışqıra-qışqıra danışırdı. Həmin iş otağının mühiti, ab-havası mənə vağzalı, telefon danışıq məntəqəsini xatırladırdı. Bax o hay-küydə, o xaosda Mövlud yazdığı vərəqin üstündən bir an başını qaldırıb söhbətə qoşulsa da, kiməsə yumorlu bir atmaca atsa da, yenə də başını qarşısındakı vərəqə əyərək sətirləri bir-birinə söykəli, narın xəttiylə üzərində işlədiyi radio verilişinin mətnini, yaxud bədii hekayəsini, yaxud povestini rahatca yazırdı. Bir neçə dəfə də Axundov kitabxanasının üçüncü qatında Məmməd Orucun bədii əsərlərini yazdığını görəndə heyrətlənmişəm. Alpay (Alpay Azər – red) isə... Səmimi sözümdü, tanınmış, gözəl yazıçılardan sonra Alpayın adını çəkməkdə əsla onu təbliğ etmək niyyətim yoxdu. Gələcəkdə yazıçı kimi özünü təsdiq edib-etməyəcəyini də bilmirəm. Sadəcə, onun da yazı rejimi mənə qəribə gəlir. Televizorda hansı verilişin getməsindən, evdə neçə adamın olmasından, bəzən lap qonaq da olanda o, vərəqin üstündən başını qaldırmadan yaza bilir. Kafedə, çayçıda, təyyarədə, oteldə yaza bilir. Söhbət necə, hansı səviyyədə yaza bilməsindən getmir. Mənə gəlincə. Ancaq və ancaq tək-tənha olmalıyam, özü də vərdiş elədiyim otaqda, öz balaca, tər-təmiz yazı masamın arxasında”.

Natiq Rəsulzadə: “Moskvada, tələbə vaxtı yataqxanada qızlar, oğlanlar, hamı şənlənirdi. İçən içirdi, şənlənən şənlənirdi, uzun sözün qısası, yataqxanada hardasa gecə on ikidə, birin yarısında sakitlik olurdu. Mən də on ikidən sonra oturub yazırdım. Bizdə dərslər saat on birin yarısı başladığı üçün çatdırırdım. Gecə ikiyə, üçə kimi işləyirdim. Səhər də durub dərsə gedirdim. Adam cavan olanda gecəni gündüzə qata bilir, amma yaşlı olanda çətindir (gülür). İndi mən səhərlər işləyirəm. Həmişə qibtə edirdim klassik yazıçılara, Ernest Heminqueyə, ələlxüsus Lev Tolstoya. O deyir ki, yazıçılıq işi başqa peşədən fərqlənmir. Necə mühəndis, fəhlə səhərdən axşamacan işləyir, yazıçı da gərək hər səhər durub iş masasının arxasında otursun və işləsin. Məndə isə elə alınmır. Bir də görürsən ilham pərisi gələndə başlayıram bir - iki həftə, bir ay istirahətsiz-zadsız işləməyə. Amma elə də olur ki, bir həftə, iki həftə böyük pauzalar yaranır. Peşəkar yazıçı üçün bu yaxşı hal deyil. Şəxsən mənim üçün ağırdır. Çünki uzun müddət işləməyəndə depressiya yaranır, adam özü – özündən şübhələnir. Baxmayaraq, qırx kitabım var. Avropada, Rusiyada, Azərbaycanda kitablarım çap olunub. Amma yenə də uzun müddət yazmayanda adam bir az pis olur. Ona görə mən istəyirəm nizam – intizamlı yazıçılardan olum. Heminquey hər səhər saat yeddi də durub on ikiyəcən işləyirdi, sonra gedirdi işinə-gücünə. Əvvəldən necə öyrəşmişəmsə, indiyə kimi xuliqanlıq edirəm (gülür).

Orxan Fikrətoğlu: “Xüsusi rejimim yoxdur. Haçan tutdu o vaxt yazıram. Çünki mənim rejimim çox dəhşətli rejimdir, fəhlə rejimidir. Mən səhərdən axşama kimi televiziyada mövzu seçməliyəm. Həm internetdə qurdalanıb, hər gün yazı yazmaq bilirsiniz, necə çətindir? O reytinqi, o havanı saxlamaq şərtilə. Və bütün reallıqları nəzərə almaqla hər gün yazı yazırsan. Sırf jurnalistikadan söhbət edirəm. O ki, qaldı mənim bədii yazılarıma, əsl ədəbiyyata. Rejimsiz yazıram. Gecə də yazıram, elə olur üç gecə, beş gecə yatmıram, yazıram. Elə vaxt olur səhər durub yazıram, yəni rejimim yoxdur. İdman rejimim, üzmək rejimim var, amma ədəbiyyat rejimim yoxdur (gülür)”.

Şərif Ağayar: “Mən adətən səhərlər aktiv oluram. Məhsuldarlığım beş qat çox olur. Təxminən saat yeddidən on ikiyədək. Təəssüf ki, iş və dolanışıq dərdi bu məhsuldar vaxtlarımı ədəbiyyata həsr etməyə imkan vermir. Buna çox təəssüflənirəm. Üstəlik, bunu həm də tanrının mənə istehzası sayıram. O, çox zarafatcıldır”.

4. Yazı zamanı qəribə vərdişləriniz olur?

Əkrəm Əylisli: “Bu haqda bir dəfə Gürcüstanda çap olunan qəzetə danışmışdım. Sonra bunu rusca və azərbaycanca çap elətdirmişdim. İndi deyim də vərdişlərim nədir. Yazı ərəfəsində məsəl üçün, çaydan başqa bir şey içmirəm. Məsələn, yeməkdə cızığımdan çıxmıram. Çox yağlı yeyəndə yaxşı işləmək olmur. İşin bu tərəfinə mən həmişə fikir vermişəm. İdman forması deyilən anlayış ədəbiyyat üçün də vacib şərtdir. Yazıçı da həmişə idman formasını saxlamağa çalışmalıdır. Çünki mənəvi orqanizm, yaddaş var axı. Yazıçı hər dəfə başlayanda yaddaşından başlayır. Yaddaş gərək duru olsun, yaddaşı gərək oyadasan və görəsən. Ondan sonra yazmaq mümkündür”.

Azər Abdulla: “Bəzi yazıçıların yazı prosesi zamanı bir-iki saat ərzində bir qutu siqaret çəkdiyini bilirəm. Mənim qarşımda əgər iri bir qabda siləbəsilə gilas, gilənar, yaxud üzüm qoyulsa, ürəyimcə olan bir cümləni, yaxud bir abzası yazanacan, daha dəqiqi, o cümləni yazmağa başlayanacan xəbərim olmadan o meyvəni yeyib qurtarmalıyam. Adi vaxtlar bir, uzaqbaşı iki stəkan çay içirəmsə, yazı prosesində gətirib səssizcə qarşıma qoysalar, yenə də xəbərim olmadan yeddi-səkkiz stəkan içə bilərəm. Ürəyimcə olan o bir cümləni yazıb nöqtəni qoyandan sonra yazmağa davam etmək əvəzinə, yerimdə otura bilmirəm, sevindiyimdən, sanki nəsə tapdığımdan, qalxıb otaqlarda gəzişirəm”.

Natiq Rəsulzadə: “Maraqlı bir şey yadıma düşdü. Tələbə olan vaxt uzun müddət, bir neçə ay dərsləri buraxmışam. Böyük bir əsər yazırdım. Əsərdən ayrıla bilmirdim, istəyirdim tez başa çatdırım. O zaman çox siqaret çəkirdim. İyirmi yaşım vardı, günə hardasa iki “paçka” çəkirdim. Sonra işləyən zaman gördüm siqaret mənə mane olur, fikrim yayınır, siqaretin tüstüsü gözümü yeyir, maneçilik törədir. Ona görə siqareti qoydum qırağa. Elə o vaxtdan da siqaret çəkmirəm. Əlbəttə çay versələr içərəm, niyə içmirəm (gülür). Siqaret çəkmirəm, içki içmirəm. Mən elə düşünürəm ki, iş zamanı gərək heç nə yazıçının fikrini yayındırmasın. Çay içən zaman artıq jestlər edirsən, stəkanı gətirirsən, bir qurtum içirsən, fikrin dağılır. Fikir də elədi ki, gərək quyruğundan tutasan, yoxsa qaçar. Elə yazıçı var əsərində fikir olmur. Qrafoman kimi yazır. Yazdıqlarını başa düşmək olmur. O, çay da içə bilər, araq də içə bilər, kürü də yeyə bilər, lap məhəbbətlə də məşğul ola bilər (gülür). Ancaq mən fikirlərin quyruğundan möhkəm tuturam”.

Orxan Fikrətoğlu: “Mən səfil vəziyyətinə düşəndə daha çox yazıram. Bilirsinizmi, nə mənada səfil? Tutaq ki, nədənsə küsürəm, konkret bir adam yoxdu ha, içimdə bir küskün vəziyyət yaranır. Yazmamışdan əvvəl uzun müddət saatlarla ola bilər şəhərdə, stadionda gəzim. Ritmə düşürsən elə bil. O sufi ritmə düşər ha... Yazının ab-havasına düşürəm. Hissi küskünlük anında məndə daha yaxşı alınır. Çünki o an mən daha yaxşı düşünürəm. Son vaxtlar, artıq on ildir ki, kompüterdə yazıram. Sizə bir şey deyim, kompüter kağızla qələm arasında olan o sirri, sehri mənə elə gəlir bir balaca süniləşdirib. Kompüterin arxasında oturanda o dəqiqə redaktə edirəm yazını. Böyük yazıları qələmlə yazmaq mümkün deyil, amma kiçik hekayələri kağıza yazanda elə bil ədəbiyyatla kontaktda olursan. Daha çox hissi anlamda insanı vəcdə gətirir”.

Şərif Ağayar: “Səhərlər olsun, sakitlik olsun. Bu vaxt adi texniki problemlər, kənar müdaxilələr, telefon zəngləri məni dəli edəcək qədər əsəbimə dəyir. Çox həssas oluram. Kənardan videoya çəkən olsa, yəqin ki, məni psixopat sayar. Həm də tələsirəm yazmağa. Sanki bu dəqiqə öləcəm və istədiklərimi yaza bilməyəcəm. Bəzən olub ki, yerdən qalxıb kompüterin qarşısına qaçmışam, günortaya yaxın evdəkilər yadıma salıb ki, yarıçılpağam (gülür). Yaradıcılıq dəlilikdir, inanın mənə. Bunu özümdə dəfələrlə müşahidə etmişəm. Ciddi bir şey yaza bilməsək də, yaradıcılığın axmaq yanlarını yaşayırıq həyatımızda. İçki içəndə bir cümlə də yaza bilmirəm. Yazı prosesində yemək də, su da, çay da yadıma düşmür. Ancaq redaktəni siqaret çəkə-çəkə eləyəndə xüsusi zövq alıram”.

5. Redaktə prosesi nə qədər çəkir?

Əkrəm Əylisli: “Əvvəllər cümləni dalbadal yazanda redaktə eləmirdim qəti surətdə. Çünki mənə elə gəlirdi ki, hansı ovqatda yazılıbsa elə o ovqatda qalmağı yaxşıdır. Onu təzədən düzəltməyin mənası yoxdur. Elə ki nöqtəni qoydun qurtardı. Amma son vaxtlar yazdıqlarımda redaktə edirəm. İndi redaktəyə bir az həssas olmuşam”.

Azər Abdulla: “Yazı bitəndən sonra dərhal atüstü, yəni yüngülvarı redaktə edirəm. Bir neçə gün, bəzən bir aydan sonra yenə düzəlişlər edirəm, bu dəfə daha ciddi. Bəzən iki-üç, bəzənsə dörd-beş dəfə oxumalı olur, ürəyimcə olmayan sözləri, cümlələri, yaxud artıq görünən hissələri çıxardıram”.

Natiq Rəsulzadə: “Redaktə prosesi mənim üçün çox ciddi prosesdir. Təxminən, on beş – iyirmi il əvvəl yazı makinasında yazırdım. Ancaq qabaqca həmişə qələmlə yazmışam. Sonra köçürürdüm yazı makinasına. İndi də həmin sxemdir. Birinci kağız üzərində yazıram, sonra köçürürəm kompüterə. Sonra başlayıram kompüterdə redaktə eləməyə. Redaktədən sonra bir də baxıram, verirəm çapa, kağızda yenə baxıram. Əyər - əskik olanda onu da redaktə edirəm, sonra köçürürəm elektron varianta. Redaktə uzun çəkən, darıxdırıcı prosesdi”.

Orxan Fikrətoğlu: “Çox “zanudnı” adamam. Birdən iyrənirəm yazdıqlarımdan və heç qayıtmıram ona. Çox vaxt səhv olur. Bir də görürsən səhvləri tapıram. Elə yazım yoxdu ki, mən orda iki yüz, üç yüz dənə səhv tapmayım. Bu oxucular üçün səhv deyil, oxucular üçün normal şeydir. Amma özüm deyirəm ki, bunu gərək belə yazardım. Bunu gərək belə edəydim. Bura çatmır, burda belə olardı. Yazana qədər sənindi və yazandan sonra o həqiqətən sənin deyil. Bunu düz deyirlər, belə bir deyim var. Bu çox dəqiqdir”.

Şərif Ağayar: “Redaktə sonsuz işdir. Konkret vaxt deyə bilmirəm. Baxır yazıya. Onun həcminə və sair. Ümumiyyətlə, sürətlə yazıram və sürətlə redaktə edirəm. Mən illərlə susub, bircə həftəyə ciddi bir roman yaza bilərəm. Yaddaşla çox işləyirəm. Beynimdə əsərləri bilyard daşı kimi o qədər ora-bura vururam ki... Hədəfə düşən də olur, düşməyən də. Belə deyək, kompüterdən çox beynimdə işləyirəm. O işləri ki, kompüterdə görmək lazımdır, mən beynimdə edirəm. Əsər, həcmindən asılı olmayaraq, beynimdə ən azı yetmiş faiz hazır olandan sonra yazmağa başlayıram. Mənim yazmağım, əslində köçürməkdir”.

6. Əsərin son nöqtəsini qoyandan çapa qədər olan prosesdə özünüzü necə hiss edirsiniz?

Əkrəm Əylisli: “Əgər daxilən hiss edirsən ki, əsər alınır onda çox gözəl hiss edirsən özünü. Amma içəridə bir narahatlıq qalanda ki, deyəsən yaxşı alınmır, ya nə, onda adam özünü çox da yaxşı hiss eləmir. Mənim belə bir xasiyyətim var, nöqtəni qoyandan sonra altından imza qoyursan da. Ləzzətlə, sevinə - sevinə imza atırsan elə bilirsən tarixi imzadır, o zaman demək əsər alınıb. Əgər bir az şübhən varsa, o imzanı ləzzətlə qoymursan, məndə bu xasiyyət də var”.

Azər Abdulla: “Yazıya son nöqtəni qoyanda, özü də yazdığın ürəyincə olanda, bətnindəki uşaqdan azad olmuş qadının yüpyüngül, rahatlığını, xoşbəxtliyini, sevincini yaşayırsan. Günlər, bəzən aylar ötəndən sonra, sənin yazdığın jurnalda, sonra da kitabda nəşr olunanda düşünürsən, bu yazını niyə tələsik yazdım, axı daha yaxşı yaza bilərdim. Başqalarını deyə bilmərəm, çap olunmuş nəsr əsərinə yenidən qayıdıb nəsə əlavə etməyə nə həvəsim, nə də səbrim çatır. Ancaq şeiri kitabımda redaktə edə bilərəm”.

Natiq Rəsulzadə: “Sovet dövründə bu proses çox uzun çəkirdi. İndi son nöqtəni qoyandan sonra əsər görürsən ki, bir həftədən sonra çıxdı. O bir həftədə özümü sərbəst, normal hiss edirəm. Amma əvvəl mən əsəri bitirib, son nöqtəni qoyandan sonra təhvil verirdim nəşriyyata və nəşriyyatda uzun çəkən, ürəksıxıcı proses başlayırdı. Əsəri korrektora, redaktora verirdilər. Nəşriyyatlarda da söz anlamayan redaktorlar var idi. O zaman çox darıxdırıcı olurdu. Amma indi bir müəllif kimi əmin olandan sonra ki, əsər yaxşı alınıb, özümü arxayın, rahat hiss edirəm”.

Orxan Fikrətoğlu: “Vallah, bu haqda düşünməmişəm. Amma son vaxtlar çox pis hiss edirəm özümü. Bu yaxınlarda təzə kitabım çıxmalıdır. Kitabda iki yeni pyes, bir bədii film ssenarisi, iyirmiyə yaxın hekayəm var. Elə bil nigaranam ki, korrektə, redaktə səhvi olacaq, ya olmayacaq. Bunları düşünürəm, sadəcə səhv olmasın deyə düşünürəm. Çox nigaran halda oluram. Oxucuların fikri mənə çox mühümdür. Ona görə nigaran oluram”.

Şərif Ağayar: “Əsər ürəyimcədirsə, əsl orqazm yaşayıram. Bu feyzi heç nə ilə müqayisə etmək olmaz. Dedim axı, yazmaq xəstəlikdir. Yaradıcı nevrozun fəsadlarıdır. Bir az da şizofreniyadır. Normal psixologiyası olan adamdan yazıçı çıxmaz. Yaratmaq eşqi anormallıqdan qidalanır. Hər şey normaldırsa yazmağa hacət qalmaz. Mən yazmasaydım, kitablarla bağlı olmasaydım yüz faiz cinayətkar olardım. Həyata redaktə etmək ehtiyacımı yazmaqla və oxumaqla ödəyirəm. Kitablar və yazmaq məni sülhə səsləyir.
Əks təqdirdə, həyata ən ciddi redaktəni cinayətkar kimi edərdim. Hətta, Allah uzaq eləsin, qatil olardım. Zarafat eləmirəm!”

# 3385 dəfə oxunub

Müəllifin son yazıları

# # #