Azərbaycan sosialistləri Çavez haqqında SORĞU

Azərbaycan sosialistləri Çavez haqqında SORĞU
7 mart 2013
# 11:38

Martın 5-də uzun sürən xərçəng xəstəliyindən vəfat edən Venesuela prezidenti Uqo Çavezə qarşı münasibət heç də birmənalı deyildi. Xarizmatik polkovniki sevənlərlə bərabər onu hakimiyyəti qəsb edən, diktator adlandıranlar da vardı. Kulis.Az Çavezin şəxsiyyəti ilə bağlı ölkəmizdəki sosialist mövqeli ictimai xadimlərdən münasibət öyrənib.

Politoloq Zərdüşt Əlizadə Uqo Çavezin demokratiyanı boğmadığını düşünür: “Çavezi apardığı siyasətlə qiymətləndirmək lazımdır. Venesuelada müxalifət telekanalları, müxalifət partiyaları sərbəst fəaliyyət göstərirdi, xüsusi mülkiyyət ləğv olunmamışdı. Çavez bərabər şəraitdə seçki yarışına gedirdi və qalib gəlirdi. O, sadəcə onunla qeyri-qanuni yollarla mübarizə aparanları əzirdi. Çavezin rəqibləri onu gözdən salmaq üçün diktator sözündən istifadə edirlər. Siyasətdə rəqibini ləkələmək, gözdən salmaq üçün diktator, xain, müstəbid kimi ifadələrdən geniş istifadə olunur. Çavez sərt adam idi, hərbçi idi axı. Hətta demək olar ki, şoumen idi. Kütlənin aşağı hissəsinin rəğbətini qazanmaq üçün populist hərəkətlərə əl atırdı. Birləşmiş Millətlər Təşkilatının kürsüsündən Corc Buşu şeytan adlandırırdı. Amma Berluskoni isə Qəddafinin əlini öpürdü”.

Jurnalist Məmməd Süleymanov xalqın Çavezi dəstəklədiyini bildirdi: “O, çətin seçki mübarizəsində seçilmiş qanuni prezident idi. 2002-ci ildə ABŞ Venesuelada hərbi çevriliş planını işə salıb Çavezi devirmək istəyəndə xalq küçələrə çıxmışdı. Bu, indiyədək heç bir liderə nəsib olmamış "aşağıdan dəstək" nümunəsi idi. Hər dəfə müxalifət narazılıq edəndə Çavez növbədənkənar prezident və parlament seçkilərinə gedib. Son prezident seçkilərində Çavez 54,5 faiz, rəqibi Kapriles isə 44,9 faiz səs almışdı. Diktatorlar bu cür nisbətlə qalib gəlmirlər. Çavezi müxalif media orqanları rahatlıqla tənqid, hətta təhqir edirdi. Oliver Stounun "Sərhəddən cənuba doğru” sənədli filmində çoxlu kadrlar var ki, Çavez oturub onu "Hitlerdən də betər" adlandıran yerli liberal telekanalların verilişlərinə təbəssümlə baxırdı. Çavez Venesuelanın sərvətlərini milliləşdirib xalqa qaytarmışdı, xarici sərmayələrə məhdudiyyət qoymuşdu, yoxsulları gecəqonduları normal evlərə köçürmüşdü. Onun haqqında çox şey danışmaq olar”.

Haqqın.az saytının baş redaktoru, jurnalist Eynulla Fətullayev isə Çavezi qeyri-məhdud hakimiyyətin məhv etdiyini söylədi: “Uqo Çavez heç şübhəsiz istedadlı şəxsiyyət idi. Siyasətə gəlməmişdən əvvəl o jurnalist olub. Latın amerikalı jurnalistlər onun jurnalist istedadından çox bəhs edirdi. Çavez böyük natiq idi və xalqı tərəfindən sevilirdi. Onun qəhrəmanı Çe Qevara idi, o, özünü ona bənzədirdi. Uqonun nümunəsində biz bir həqiqətin şahidi olduq ki, qeyri-məhdud hakimiyyət insanları mənəviyyatını pozur. Çavezin faciəsi Fidel Kastronun faciəsinə bənzəyir. O vaxtında siyasətdən imtina edib qəhrəmanı Çenin yolunun seçsəydi, inqilaba xidmət etsəydi həm tarixin, həm də xalqın yaddaşında venesuelalı komandante kimi qalardı. Ancaq qeyri-məhdud hakimiyyətdən imtina edə bilmədi. Yəni, insani instinkt onun baxışlarını, onun ideallara bağlılığını üstələdi. Bu da heç şübhəsiz ki, onun faciəvi sonluğunu şərtləndirdi. Qəhrəman obrazlı və güclü lider surətində olan bir insan sonda komik bir personaja çevrildi. Onun İspaniya kralı ilə dialoqunu xatırlayıram. Düşünmürəm ki, İspaniya kralı və yaxud da Franko Çe Qevaranın üstünə o cür qışqıra bilərdi”

# 3958 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #