Kulis.az-ın “I əməliyyatı”: dezinformasiyaya kim necə yanaşdı - EKSPERİMENT

Kulis.az-ın “I əməliyyatı”: dezinformasiyaya kim necə yanaşdı - EKSPERİMENT
11 sentyabr 2012
# 17:18

Bu gün kulis.az dərgisi xəbər portallarının informasiya təhlükəsizliyi baxımından hazırlığını və informasiyaya yanaşma üsullarını öyrənmək məqsədi ilə eksperiment edib.

Redaksiyada xalq artistləri Flora Kərimova və İlhamə Quliyevanın barışması haqda “xəbər” hazırlanıb. Xəbərin heç bir şəxsin maraq və mənafelərinə toxunmaması, xüsusilə xoşməramlı olmasına diqqət verilib.

Xalq artistləri, tanınmış müğənnilər Flora Kərimova ilə İlhamə Quliyevanın guya barışdığı barədə “xəbər” İlhamə Quliyevanın prodüseri Lamiyə Ələkbərovanın adına işarə edən simvolik [email protected] elektron ünvanından aşağıdakı saytlara göndərilib: publika.az, qafqazinfo.az, lent.az, aznews.az, milli.az, modern.az, ann.az, veteninfo.az, gun.az, pia.az, tia.az, merkez.az, vesti.az.

Saytlardan biri “xəbər”i oxuculara olduğu kimi təqdim edib. Üstəlik, xəbərin yanında assosiativ vasitələr – multimedia və digər materiallar yerləşdirilib. Üstəlik, “prodüser”in adından guya həmin sayta “açıqlama verildiyi” qeyd olunub.

Başqa bir sayt isə İlhamə xanımın prodüseri ilə əlaqə saxladıqdan sonra məlumatın dezinformasiya olduğunu yazıb: “İlhamə Quliyeva ilə Flora Kərimova barədə dezinformasiya yayıldı”.

Həmkarlarımızdan məsələyə xeyli yaradıcı yanaşanlar da tapılıb: “Yüz ilin düşmənlərinin barışması haqda xəbər yayıldı”. Məqalədə bizim yolladığımız mətn olduğu kimi verilsə də, redaksiya əməkdaşı prodüserlə əlaqə saxlayaraq, onun mövqeyini də yazıya əlavə edib.

Digər xəbər saytları isə yolladığımız mətni, ümumiyyətlə, çap etməyiblər.

İlkin nəticələr əldə edildikdən sonra tanınmış media eksperti Zeynal Məmmədli ilə əlaqə saxlayıb, eksperimenti dəyərləndirməsini xahiş etdik.

Zeynal Məmmədli bu addımı alqışladığını bildirərək, təsadüfi “xəbərə” münasibətin bu cür olmasına təəssüfləndiyini bildirdi: “Azərbaycan mətbuatının durumu budur. Ortalıqda olan məlumatın təsdiqlənmə ehtiyacı hiss etmədən verirlər. Halbuki bu məlumatın təsdiqlənməsi üçün əsas var, zəng vurub dəqiqləşdirmək mümkündür. Ekspert xəbərin təsdiqlənmədən dərc edilməsini də pislədi: “Bu, sarı medianın iş üslubudur. Sarı mətbuat üçün materialın dəqiqliyi yox, onu satmaq əsasdır. Bu formada materialın verilməsi jurnalistika ölçülərinə sığmır”.

Zənnimizcə, həmkarlarımız və təcrübəli media adamları kulis.az-ın bu eksperimentində nəzərdə tutulan xoş niyyəti alqışlayacaqlar. Dezinformasiyanın bu cür asan, maneəsiz şəkildə ölkəmizin xəbər məkanına qapı açıb çıxa bilməsi düşündürücü və narahat edici bir haldır.

# 3706 dəfə oxunub

Müəllifin son yazıları

# # #