Bu günlərdə Vaqif Yusiflinin “Böyük kitab” adlı “tənqidi məqalə”sini oxudum və başa düşdüm ki, bu dünyagörüşü ilə ədəbiyyatda hansı istiqamətə əkilməsindən asılı olmayaraq xiyar əbədi əyri bitməyə məhkumdur. Bir də elə “Qara kitab”ı eyninə almayan tənqid, “Böyük kitab” yazmağa məcburdur. Dünya tənqidi hara gedib, camaat nələrdən yazır, bu sənətkar oturub Belinskidən dəm vurur, başlayan kimi, ondan sitat çəkir.
Yadımdadır, 65 illik yubileyi ilə əlaqədar (xeyli də yaşı var, amma...) ondan müsahibə götürəndə, öz otağında məni mehribanlıqla qarşılayan Vaqif müəllim çantasından bir kitab çıxarıb gövdəsinə qəhrəman görkəmi verib şəstlə oxudu. Mən bəndeyi-həqir də quzu-quzu qulaq asandan sonra “sən bilmirsən, mən bilirəm” ədasıyla dedi ki, bu kitab Belinskinindir, oxunmaqdan bu günə qalıb. (Məncə, oxunmaqdan yox, yerli-yersiz sitat çəkməkdən). Sonra da gözünədöndüyüm bəri başdan bərk-bərk tapşırıb dedi ki, bu statı danışacağımız müsahibənin bir urvatlı yerinə yerləşdirərsən. Mən də yubilyarın doğum günü münasibəti ilə Belinskinin sitatını dürtüşdürdüm müsahibəyə. Deyim ki, o gün bu gündür “qələm adamları” xeyli “intellektuallaşdılar”. Nə vaxtdan? O vaxtdan ki, o müsahibəni, neylədilər? Oxudular. Deməyim odur ki, Vaqif Yusiflinin bəri başdan Belinskiylə “məsələni həll eləmək” istedadına çoxdan bələdəm.
Məqaləsində, ancaq “dişi batan”, vəzifəsi olmayan, xata-bəlasız adamları tənqid edir, Vaqif bəy. Məsələn, Natiq Məmmədlini tənqid eləməyə ehtiyat edir, amma 3-4 ildə bir rastlaşdığı Aqşin Yeniseyin, Qan Turalının, Sevinc Pərvanənin, Cəlil Cavanşirin, Əsəd Qaraqaplanın “gözünü də tökür”. Bu dərəcədə gəlir-çıxarını hesablamaqla tənqidçilik eləmək olmaz, ən uzağı bu hesabla ya qapana barmaq eləmək olar, ya da pambığı isladıb çəkərsən ki, ağır gəlsin, pambıq zavoddan beş on manat artıq pul qopardasan.
Həmişə qəzetdə Vaqif Yusiflinin yazılarını oxuyanda elə bilirəm xırman üstünə düşüb. Döşüyür e, sözə qənaət nə gəzir... Adamın sözü qurtarmazmış... Küçədə, bacada, kənddə şəhərdə şair-yazıçı qalmayıb hamısından yazır. Özü də bu cür xaltura yazıların, əvvəli adətən xatirəylə başlayır: filankəsi 30 ildir tanıyıram, 80-da elə, 90-da belə. Doğurdan da, indiki halda Vaqif müəllimin düz gözünün içinə baxa-baxa qrafoman demək olar və bizim dildə olmayan “qrafoman” sözünün mənasından bir tük də əskilməz. İnsan necə ciddi ədəbiyyat yaradanların yaradıcılığından da yaza bilər, hansısa boz ədəbiyyat nümunələri yaradan əyalət yazıçısından da? Bu nə deməkdir? Bu öz qəlbində bütün axar-baxarı tapdayıb, yaxşı ilə pisi “bir qaba doldurmaq” deyilmi?!
Vaqif müəllimin roman haqqındakı yazısında Nəriman Əbdülrəhmanlının “Könül elçisi” romanını “Könül savaşı”, Natiq Məmmədlinin “Körpüdə ümid” romanının adını “Ümid körpüsü” kimi dəyişdirməyə, Kollu Koxa kimi özündən ad uydurmağa nə ehtiyac var? Yaxud yazıda bir normal tənqid yoxdur, ancaq mənasız ad sadalamaları oxucunu bezdirir. Bu sadalamalar inanın ki, oxumuş bir insanın mütaliə etdiyi əsərlərin siyahısı təsirini bağışlamır, oxuduqlarından heç bir nəticə çıxarmayan, səhv dünya görüşünün, mövqesiz olaraq hamını ucdantutma tərifləyən bir tənqidçi ömrünün acı nəticəsi kimi görünür. Yəni bizim BÖYÜK ƏDƏBİYYAT deyib də sevdiyimiz, o müqəddəs nəsnə oxuduqca səni DƏYƏRLƏRİ qorumağa səsləyir, dəyərləri heç-puç eləməyə yox. İbn Sina “Ariflərin irfani məqamları” kitabında yazır: “Ariflərdən başqalarının ibadəti ibadət yox, ticarətdir”. Ədəbiyyatın böyük missiyasını anlamadan, yaxud anlayıb da başqa şeylərə görə onu bu dərəcədə gözdən salmaq da ticarətdir, al-verdir.
Vaqif bəyin bir məşhur ifadəsi var: “Mən ancaq mətnin müsbət məziyyətlərindən yazıram”. Bu ifadə qədər öz əməlinə, haqsız tərifə don geyindirməyin unikal yolu yoxdur. Əgər belədirsə, Vaqif bəy yeri gələndə heç bir təhlükə gözləmədiyi gənclərin qabırğasına yaxşı döşəyə bilir. Bir də hökmdarlar bilirsinizmi niyə uşaqlarına - gələcəyin hökmdarına qılınc oynatmağı, at sürməyi, vuruşmağı öyrətdirirdi? Təkcə ona görə yox ki, onlar özünü qorusunlar, güclü olsunlar, xeyr, bunu ona görə etdirirdilər ki, qorxaq adamlar daha təhlükəli olur, onlar özündən böyüklərə yüz qat biət etdiyi kimi, özündən zəifləri min qat əzə bilirlər. Ümid edirik ki, Vaqif bəy bu yazıdan da həmişə dediyi kimi “müsbət şeyləri” seçəcək.
Adam yaşının əllisində yazdığı biməna yazıları bu gün də davam etdirir, sağlam vaxtı elədiklərini, naxoş vaxtı təkrarlayır, zərrə qədər də olsun ruhi ehtiyat eləmir. Bu müəllim anlamır: elə eləmək lazımdır ki, Belinski kimi bu dünyada olmayanda sənin yazdıqlarından da sitat gətirsinlər, amma başqa ölkədə ha, ədəbiyyat siyahısını genişləndirmək üçün mənasız yazıları sitat çəkən aspirant, doktorant-zad yox.
Vaqif bəyin haqqında danışdığım biməna yazısından bir-iki misal çəkim:
“Son iyirmi ildə Xalq şairi Sabir Rüstəmxanlı özünü tarixi roman janrında sınamış və “Göy Tanrı”, “Xətai yurdu”, “Difai fədailəri”, “Ölüm zirvəsi” romanlarını qələmə almışdır”.
Yaxud: “Xallı gürzə” tarixi romanı ilə oxucuların rəğbətini qazanmış Mustafa Çəmənli bu janrda bir daha qələmini sınamış, “Ölüm mələyi” romanını çap etdirmişdir”.
İfadənin “geydirmə”liyinə fikir verin: “Sınamış və qələmə almışdır”. Hələ də “mış-dır”-la yazan, sovet qəzet dilində, təfəkküründə yazılanları görəndə adam başını dörd bir tərəfə “bulamaq” istəyir: Səd-əfsus!
Zəruri qeyd: Bu məqalədə gənc yazar Fərid Hüseyn Vaqif Yusiflinin roman haqqındakı yazısını sınamış, həm də qələmə alMIŞDIR.