Klassik şeirlə məzələnən türk şairi

Klassik şeirlə məzələnən türk şairi
3 sentyabr 2015
# 08:00

Haluk Oral

Bəşir Eyvazoğluna…

Bu yazı, Orxan Vəlinin “Əfsanə” şeiri haqqındadır. Sağlığında kitablarına salmadığı bu şeir, ölümündən sonra çap olunan “Bütün şeirləri” kitabına daxil edilib. Bu şeir haqqında həm də belə bir əhvalat var. Bu əhvalat və “Əfsanə” zənnimcə ilk dəfə “Nokta” dərgisində Orxan Vəlinin ölümündən üç ay sonra dərc olunub. “Orxan Vəlinin məsnəvi şəklində şeiri” başlıqlı həmin yazı belədir:

“Vəkil B. Mennan Özgütürk bizə Orxan Vəlinin məsnəvi şəklində yazılmış bir şeirini verdi. Yəqin Orxan Vəli bu şeiri, klassik janrda yazmağın onunçün heç də çətin olmadığını göstərməkçün qələmə alıb. Onun dediyinə görə şair sağlığında bu şeiri Yəhya Kamala oxuyub, ustad da ona deyib: “Sən az-maz da ayağını dirəsən, bizdən daha yaxşı yazacaqsan”. Orxan Vəli isə ona belə cavab verib: “Siz nə danışırsınız, biz belə şeyləri mırta yazırıq”.

Bu yazını yazmaqda məqsədim, bu əhvalatı təhlil etməkdir. Məncə, Orxan Vəli ilə Yəhya Kamal arasında heç vaxt yuxarıda nəql etdiyim kimi söhbət olmayıb. Bu iddiamı Orxan Vəlinin yazılarına, bəzi lətifələr və arxivimdə saxladığım orijinal şeirə əsasən sübut edəcəyəm.

Əfsanə

Bir zamanlarda bu qəmxanədə bir dəm vardı

Gecə sahildə sular sübhə qədər çağlardı.

O çağıltıyla bərabər döyünərkən dəf, çəng

Bir günəş dalğalar üstündə doğar rəngarəng

Mavi bir göy üzü titrərdi gözəl bir hissdə

Rindlər, müğbeçələr məst bütün məclisdə

Və o halətlə bütün qəhqəhələr nəğmələşir

Dildə Yəhya Kamalın şərqisi şahnamələşir.

O gurultuyla sular çalxalanıb çağlardı

Bir zamanlarda bu qəmxanədə bir dəm vardı.

Lakin artıq o xəyal aləmi bir əfsanə

Səs-səda yox, bu deyil sanki o dövlətxanə.

“Əfsanə” şeirini “Nokta” dərgisində dərc etdirən B.Mennan Özgütürkün adı Məhməd Kamalın bir məqaləsində Orxan Vəlinin dostları arasında çəkilir. Şeirin onun tərəfindən dərgiyə verilməsi təbiidir. Ehtimala görə, dördüncü beytin ilk misrasındakı “alətle” sözü, əslində “haletle” olmalı idi, bu fakt göstərir ki, şeiri Orxan Vəlinin əlyazmasından oxunmadan çapa verib, ya da Asim Bəzircinin hazırladığı topludan xəbərsiz olub. Hilmi Yücebaşın kitabında da şeir eyni səhvlə çap edilib.

Məhməd Kamal həmin hadisəni bir az da bəzəyib və təəssüf ki, şeiri tamam səhv xatırlayıb:

“Orxan bir gün Boğaza gedən gəmidə Yəhya Kamala rast olur. Yəhya Kamal klassik üslubda yazan şair olduğuna görə Qəribçilərin şeirlərinə ciddi yanaşmır, həm də belə şeirlər onun xoşuna gəlmirdi. Hər halda gəmiylə yol gedirlər, nəsə danışmalı idilər, ordan-burdan gap edəndən sonra, söhbət hərlənib-fırlanıb şeir mövzusuna gəlir. Yəhya Kamal soruşur:

- Təzə şeirlərin var?

- Var.

- Birini oxuya bilərsən?

Orxan Vəli özünü dartmır. “Baş üstə, o nə sözdü” deyir. Oxumağa başlayır. Bilirəm ki, Orxanın bir neçə əruz vəznində şeiri var. O bunlardan birini – “Əfsanə” məsnəvisini oxumağa başlayır. Yaddaşıma yanılmırama, deyəsən belə bir şeir idi: Bir zamanlarda bu qəmxanədə bir dəm vardı/Gecə bülbül sübhə qədər çağlardı. O çağıltıyla bərabər döyünərkən dəf, çəng/Bir günəş dalğalar üstündə doğar rəngarəng/Mavi bir göy üzü titrərdi gözəl bir hissdə/Rindlər, müğbeçələr məst bütün məclisdə/Və o halətlə bütün qəhqəhələr nəğmələşir/Dildə Yəhya Kamalın şərqisi şahnamələşir”.

Şeirin adı “Əfsanə”dir.

Yəhya Kamal deyir: “Çox gözəl...” sonra ayağa qalxır, hiss edir ki, bir neçə söz də deməyə ehtiyac var:

- Orxan bəy, bir az da ayağınızı bərk dirəsəniz, bu janrda bizi geridə qoyacaqsınız.

- Ustad, biz belə şeyləri ciddiyə almırıq axı, qaralama kimi, məzəyə yazırıq.

Bu cavabdan Yəhya Kamal yerində donub qalır. Möhkəm əsəbiləşir”.

Burda Məhməd Kamal, Orxan Vəlinin bir misrasını Yəhya Kamalın misrası ilə qarışıq salır. Taleyin ironiyasına bax da...

Əvvəlcə onu deyək ki, bir çox ona yaxın adamların da dediyi kimi, Yəhya Kamalın onun yaradıcılıq estetikasında olmayan şeirlərə qulaq asmaqdan zəhləsi qaçarmış. Əgər Orxan Vəlidən şeir oxumasını istəyibsə, bu o deməkdir ki, onun şeirlərinə ciddi yanaşıb. İkinci məsələ isə gəmidə bu söhbətin başqalarının qulağına çatmasıdır, əgər başqa eşidən olmayıbsa, ya Yəhya Kamal “Orxanın şeirini bəyəndim, ancaq o mənimlə məzələndi”, deyə ona-buna gileylənməli idi, ya da Orxan Vəli “Yəhya Kamala bir şeir oxudum bəyəndi, mən də elə-belə yazdığımı deyib onu özündən çıxardım” deyə danışmalıydı. Yəhya Kamalın şəxsiyyətinin ucalığını nəzərə alsaq, birinci ehtimal gözardı etməliyik.

Orxan Vəlinin yazılarında Yəhya Kamal

İndi Orxan Vəliyə aid edilən “məzəyə yazmışam” məsələsinə gələk. Belədə Orxan Vəli ya əruz vəznini, ya da Yəhya Kamalı ələ salmaq istəyib ki, bu ehtimal da mənə inandırıcı görünmür.

Orxan Vəli müxtəlif vaxtlarda dərc edilən yazılarında Yəhya Kamal barədə yazıb, onun şeiri haqqında düşüncələrini bölüşüb. Sənətkar və sənət problemlərinə toxunduğu 1942-ci il tarixli məqaləsində Yəhya Kamalla söhbətləşdiyini görürük:

“Bir gün Yəhya Kamalla söhbət edirdim: Mənə varlıların imarətini göstərib dedi ki: “İmarətləri, maşınları, cariyələri var. Ancaq heç vaxt biz eşidənləri eşitmirlər, düşündüklərimiz barədə düşünmürlər. Biz düşünürük, qənaətlərimizi onlara da başa salırıq, yenə də qanmırlar”.

Dörd il sonra isə bir başqa məqaləsində belə yazır:

“İstanbulun millət vəkili seçkilərini Yəhya Kamal qazandı. Bilmirəm buna sevinim, yoxsa kədərlənim? Çünki indiyə qədər Yəhya Kamal bir sıra böyük mövqelərdə olub. O mövqelərdən ən böyüyü Yəhya Kamal zirvəsi idi. Baqinin bir misrası var:

Dərviş özü özünün sultanı kimi gəzər

Bu misranı yəqin heç kəs onun kimi başa düşməyib. Mən Yəhya Kamala görə yox, millət vəkilli vəzifəsinin adına sevinirəm”.

Bir il sonra Orxan Vəli müsahibəsində Yəhya Kamalın əsl qiymətini verərək klassik şeiri görün necə mükəmməl təhlil edir:

“- Yəhya Kamala qədər davam edən poetik ənənənin sizin ədəbi nəsildə qopmasından razısınızmı?

- Hesab eləmirəm ki, şeir ənənələri Yəhya Kamala qədər davam edib. Ənənə Tənzimat ədəbiyyatında qopub. Sonuncu böyük nümayəndəsi də Şeyx Qalibdir. O vaxtdan Yəhya Kamala qədər davam edən sadəcə nəzm ənənəsidir. Baxmayaraq ki, Yəhya Kamalla bizim aramızda hansısa nəzm ənənəsi yoxdur, ancaq poetik baxımdan yaxınlıq, məsələn, Yəhya Kamalla, Məhmət Akif arasındakı yaxınlıqdan daha çoxdur. Buna əsaslanıb demək olar ki, Yəhya Kamal da ənənələri davam etdirməyib. Məncə, Şeyx Qalibdən sonra bir əsr poetik ənənələrdən qopan türk şeiri ancaq Yəhya Kamalla yenidən davam eləməyə başladı”.

Orxan Vəli 1949-da Qandəmirlə müsahibədə də Divan və Tənzimat ədəbiyyatı arasında lazımınca əlaqə olmadığını vurğulayandan sonra, Yəhya Kamala verdiyi dəyəri nümayiş etdirir:

“Ancaq son vaxtlar Tofiq Fikrətin bəzi əsl şairəxas yaradıcı parlaqlığını görürük. Toxunduğu problemlərə şeirin imkanlarını zorlamağa çalışıb. Ondan sonra gələn şairlərdən Əhməd Haşım, Yəhya Kamal az qala bir əsrdən bəri itən şeir kələfinin ucunu tapmağa çalışırlar. Bunlardan Əhməd Haşim şeirdəki çevik dilin mahiyyətini başa düşmədiyinə görə, içində xeyli şairlik cövhəri olsa da, bir növ özünü xalqdan üstün tutmaqdan, qəliz dildə yazmaqdan xilas ola bilmir. Yəhya Kamal isə əksinə, şeirin dil imkanlarını hər gün daha çox başa düşərək poetik ustalığın dildən istifadədəki ustalıqla çulğaşdığına inanır və öz üzərində işləyir.”

Sonuncu misal Orxan Vəlinin vəfat etdiyi ilə aiddir:

“Yəhya Kamal bəlkə - müəyyən qədər – müasir dövrün – bu günün şairi deyil. Ancaq kim nə deyir desin, o şairdir. Özü də yaxşı şairdir. Məncə, ölkəmizdə biz Yəhya Kamala olan pərəstişə yox, başqa yüngül şeylərə qarşı mübarizə aparmalıyıq. Bugünkü türk sənətinə, Milli Məclis kürsülərindən böhtan atan, adını şair qoymuş bədbəxtlər var. Onlar gözümüzün qabağında dura-dura, Yəhya Kamalı qaralamaq mənim əlimdən gəlmir”.

Ehtiyac varsa, sonuncu cümləni bir də oxuyun...

Bütün yazdıqlarına əsasən Orxan Vəlinin Yəhya Kamalı lağa qoymaq ehtimalının sıfıra bərabər olduğu qənaətinə gəlirəm.

Orxan Vəli və əruz

Bu situasiyada Yəhya Kamalı yox, əruz vəznini ələ salmaq istədiyini iddia edə bilərsiniz, ya da ümumən klassik şeiri. Əruzdan başlayaq: Fahir Aksoy, Orxan Vəlinin əruz bilgisi barədə xatirələrində yazırdı: “Bir meyxanada masalarına qonaq olan bir şair əruzda yazılmış otuz misralıq şeirini oxuyub ondan vəznini soruşur. Orxan Vəli ancaq vəzni deməklə kifayətlənmir, bəhri və şeir sistemini də deyəndə şeiri oxuyan “yelkənləri suya endirir”. Orxan Vəlinin əruzu bu qədər yaxşı öyrənməsinin səbəbi “məzələnmək üçün” məntiqi ilə əlaqələndirilə bilməz. Əruzu təhlükəli düşmən kimi qəbul etdiyi üçün belə yaxşı öyrənib deyənlərə isə cavabım budur: 1940-cı illərdə əruzu düz-əməlli bilən şairlərin sayı bir əlin barmaqlarının sayını keçmirdi.

Orxan Vəli və klassik şeir

Orxan Vəli öz yazdığı şeirin böyük bir ciddiyyət və məsuliyyətlə incəliklərini əxz etməklə yanaşı, divan ədəbiyyatının da gücünün qaynağını bilmək üçün öyrənib. Bir müsahibədə divan ədəbiyyatı ilə bağlı fikri soruşulanda “Mən divan ədəbiyyatını çox sevirəm” deyib və sonra fikrini belə davam etdirib:

“O fikirdəyəm ki, divan ədəbiyyatından sonra bu günə qədər Türkiyədə şeir yazılmayıb. Fəqət bu gün poeziyamızda bir tərpəniş hiss olunur. Bu tərpənişin mənbəyi Divan ədəbiyyatıdır. Demək istəmirəm ki, bugünkü şairlər divan ədəbiyyatını eyni ilə təqlid edirlər. Fəqət şeirin forması bizi düşündürürsə, dilin mükəmməlləşməsi lazımdır deyə narahatıqsa, bu narahatlıq, qayğı haqqında Divan şeirini oxuyandan sonra düşünürük. Divan şeirindən az-çox xəbərimiz var, ancaq bugünkü poeziyadan hələ xəbərdar deyilik. Əgər bugünkü poeziyanı öyrənsək, müasir şeirimizlə Divan ədəbiyyatımız arasındakı yaxınlığın haradan qaynaqlandığı daha yaxşı meydana çıxacaq”.

O, klassik şeiri ələ salmaq fikrindən uzaq olub, müsahibədəki sual-cavaba baxaq:

“- Klassik və yeni şeirin söykəndiyi dayaqlar hansılardır? Ümumiyyətlə, onları bir-birləri ilə təmas nöqtələri varmı? Bir-birlərindən hansı baxımdan üstündürlər?

- Məncə şeir həmişə necə idisə, indi də elədir. Onların xüsusiyyətləri öyrənildikcə əsl poeziya olur. Bugünkü şeirimizin klassik şeirdən fərqli olan tərəfi dildir. Bir də bugünkü şeir həyata daha yaxındır”.

Belə olan təqdirdə Orxan Vəlinin leksikonuna yaraşmayan “məzələnmək üçün” sözü havada qalır. Baxmayaraq ki, Orxan Vəli, Nurullah Ataça yanıltmac yazıb, ancaq bunu “məzələnmək” yox, zarafat kimi qəbul etmək olar:

Nurullah Ata

Trink Qalata

Soğan Salatı

Bir başqa xatirə:

Bu məsələ ilə bağlı axırıncı xatirə həm Orxan Vəlinin, həm də Yəhya Kamalın dostu Səbahəddin Əyyuboğluna aiddir. Əyyuboğlu, Yəhya Kamalın “Əfsanə” şeirindən bir misranı eşitməsini başqa şəkildə nəql edir, bu da Orxan Vəli haqqında müəyyən fikrin yaranmasına kömək olur:

“Bir gecə yenə gəldi və onsuz da bizim evdə heç kəs yox idi, o da tam rahat olurdu. Səhəri gün gəzintidən qayıdanda Orxan Vəlinin o muncuq kimi düzülmüş əlyazmasında bu beyti görmüşdüm.

kapılar, pencereler savletime bigâne

ses sada yok, bu değil sanki o devlethâne

Divan şeirinin yaxşı-pisini ayırd edə bilməyənlərə bu beytin yazılmasındakı ustalığı, rəvanlığını, bəlli bir qəlibdən istifadə peşəkarlığını, incə deyimlərin seçilməsini başa salmaq asan məsələ deyil. Ancaq Yəhya Kamal oxuyan kimi o saat bilib: “Ay səni yezid” söyləyib həmin beyti bir də mənə dedirtmişdi. O vaxtlar Orxanın hər şairin tərcümə etməyə qüdrəti yetməyən Xəyyamın rübailəri ustad Yəhya Kamalı xeyli təəccübləndirmişdi. Ritm hissi və bilgisi Orxanın əsas sirlərindən biri idi”.

Orxan Vəli poeziyada öz yolunu axtarıb-tapmışdı, ancaq buna klassik şeiri ələ salaraq etməkdənsə, şeirin sirlərini öyrənməkçün illərlə zəhmət çəkib, yazıb və düşünüb nail olmuşdu. Orxan Vəli kimi yazmağa cəhd edən bir çox şairin türk şeirində onun zirvəsinə qalxa bilməməyinin ən əsas səbəbi onun öyrənmək zəhmətinin xəbərsiz olmaqlarıdır.

Halim Şəfiq

Bu yazını yazmaq səbəbini etiraf edirəm: Bir köhnə kitablar satan dostumdan içi qəzet kəsikləri, vizit kartları və şeir əlyazmaları ilə dolu olan bir qovluq aldım. Qovluğun yiyəsi Halim Şəfik idi.

Qovluqdan Orxan Vəlinin beş səhifə əlyazması çıxdı, bu əlyazmadakı şeirlərdən biri “Əfsanə” idi. İllərdir eşitdiyim Yəhya Kamal-Orxan Vəli əhvalatını, bu tərtəmiz xətlə yazılmış şeiri görəndən sonra bir də bu barədə düşündüm.

Bir az da Halim Şəfiq barədə danışaq. O, 1913-cü ildə İstanbulda anadan olub. Liseyi doğulduğu şəhərdən kənarda bitirəndən sonra Gömrük Komitəsində işləyib. İlk şeirləri 1943-cü ildə “Servet-I fünun-Uyanış” jurnalında çap edilib. Daha sonra “Aile”, “Varlık” və “Yazko” ədəbiyyat jurnallarında “Akşam”, “Cumhuriyyet” və “Vatan” qəzetlərində şeirləri dərc edilib. 10 iyun, 1990-cı ildə vəfat edib.

Uzun illər şeir yazsa da, yeganə şeir kitabı olan “Otaopsiya” (meyiti yarma) kitabı işıq üzü görüb. Həmin il Melih Cevdet bu kitab haqqında belə yazıb:

“Şair Halim Şefik kitabını niyə lap sonralar çap etdirdi: halbuki şeir yazmağa bir vaxtda başlamışdıq, düzü o az yazırdı, hərdənbir nəsə qaralayardı, ancaq yazdıqlarını yaddaşımıza köçürürdük. Ona görə də “Otapsiya”nı görəndə keçmiş illəri xatırladım. Halim Şəfik Orxan Vəlinin Beykozda yaşayandan uşaqlıq dostu idi, bu o deməkdir ki, biz qırx ildən çoxdur dostuq. Bir çox məsələlər haqqında baş sındırmışıq, ancaq bu mövzuların başında həmişə şeir olub. Halim Şəfiqin şeir zövqü çox yüksək idi, hətta deyim ki, fikirlərinin təmizliyi, tutarlılığı, insanlar tərəfindən qəbul olunmasının da əsas səbəbi bu zövqdür. Halim Şəfiq bu kiçik kitabı ilə şeirimizi paklığa qovuşdurdu. Bəli, bu balaca kitabdır, ancaq həyatı kəçməkeşli, ağrı-acı çəkən bir şairin şahidir”.

Orxan Vəli və Oktay Rıfatla birgə “Qərib” şeir cərəyanının əsasını qoyan Melih Cevdetin də bildirdiyi kimi Halim Şefik və Orxan Vəli uşaqlıq dostu idilər. “Orxan Vəliyə ağı” kimi yazılan və kitaba ad seçilən “Otoposiya” şeirində söhbət Orxan Vəlinin meyitinin yarılmasından gedir:

Morqda açılanda kəllə qapağı

həkimlər əsl beyin gördülər.

Sinəsinə neştərlə yaranda,

həkimlər nə görsələr yaxşıdır?

Ürəkdə məmləkət gördülər,

dünya gördülər,

bir dost gördülər,

Amma məsələ budur ki, həkimlər

həqiqətən çox gecikmişdilər,

çox gecikmişdilər…

Uyğunlaşdıranın qeydi: Mətndə istifadə edilən “Əfsanə” şeiri 2005-ci ildə “Dünya Ədəbiyyatı Books” (DƏB) seriyasından nəşr olunmuş Orxan Vəlinin “Bütün şeirləri” kitabından götürülmüşdür, tərcümə şair Səlim Babullaoğluna aiddir.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn

# 3736 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #