Marina Svetayevanın ev muzeyindən - REPORTAJ

Marina Svetayevanın ev muzeyindən - REPORTAJ
18 noyabr 2013
# 11:48

Marina Svetayeva – solğun simalı qadın... Dünyanın xoşbəxti: “Pasternakın kəndiri” ilə özünü asan, uzaq Elaburqda məzarı belə xatırlanmayan, özünün də dediyi kimi “dünyaya yad qadın”.

“Arbatskaya” metrosunun yaxınlığında yerləşən Marina Svetayevanın ev muzeyi 3 mərtəbədən ibarətdir. Deyilənlərə görə bu ev Svetayeva köçəndən sonra müxtəlif adamlara satılıb, daha sonra insanlardan alınaraq muzey kimi istifadəyə verilib.

Muzeyin öz hesabına nəşr etdiyi xeyli kitab var. Bunlar arasında Svetayevanın şeirləri, həmin evdə yaşadığı illərdə baş verən hadisələrin xronikası, həmçinin Marinanın bacısı Afanasiya Svetayevanın onun haqda yazdığı “Xatirələrim” kitabları və s. göstərmək olar.

Muzeyin bütün kitablarından bir nüsxə alıb üst mərtəbəyə – eksponatlar olan otağa qalxırıq. Bələdçi xanım Svetayeva ilə bağlı “məni nə düşündürür” deyə soruşur, mənsə “bütün bildiklərini” danışmasını acgözlüklə istəyirəm. Sonra söhbət qəribə yerə gedib çıxır. Mənsə Svetayevadan etdiyim tərcüməni dilimin altında mızıldanıram:

Vaysınmıram, keçib iş işdən daha,

Əfsus, ancaq aramıram günahkar.

Aşiqlərin ehtiraslı eşqindən

Yer üzündə daha vacib işlər var.

Sənsən ilhamımın gənc günahkarı.

Çırpılıb qanadın yorğun sinəmə.

Hökm edirəm sənə: təkcə mənim ol.

Mən sadiq qalacam itaətimə.

Muzeyin işçisi isə sanki ürəyimdəkiləri anlayırmışcasına razılıqla başını tərpədir və gülümsünür. İndi isə otaqları gəzək və bir-bir bütün otaqlar haqqında danışaq. Deməli...

Svetayevanın evində maraqlı otaqlardan biri onun uşaqlarının otağıdır. Otaqda uşaq oyuncaqları, yellənən at, uşaq üçün 4 nəfərlik stol-stul, Svetayevanın sevdiyi əsərlərdən ibarət kitab rəfi, Marinanın şeirlərindən bizə yaxşı tanış olan “saf insan” – İsa Məsihin şəkilləri, ikonalar və saat var.

Digər otaqdasa Svetayevaya aid yataq, atasının ona bağışladığı şkaf, yataq, qrammofon və canavar dərisi var. Xatırlayırsızsa “ulayan canavar” onun sevimli poetik obrazlarındandır. Vaxt-bivaxt o, öz tənhalığını yalquzaq ömrü ilə müqayisə edirdi.

Muzey işçisi dönə-dönə vurğulayır ki, Marina Moskvada ilk qrammofon sahiblərindəndir. Varlılara xas əşya sayılan qrammofonun Svetayevanın evində də olması sizə qəribə gəlməsin. İnqilaba qədər zəngin yaşayan Svetayevanın həyatı inqilabdan sonra xeyli çətinləşir, hətta o övladlarının xətrinə döşəmə yumağa da razı olub, gecə-gündüz çalışırmış.

Digər otaqda isə piano var. Məlumat üçün deyim ki, muzey onun evinin tipologiyasına uyğun olaraq sonradan yaradılıb, çünki həyat yoldaşı müharibədə olanda Svetayeva uşaqların və özünün acından ölməməyi üçün ev əşyalarını satıb qurtarmışdı. Şairənin evində ancaq zəruri əşyalar qalmışdı. 4 yaşından piano çalmağı bacaran Stetayeva pianonun qarşı tərəfinə Bethovenin portretini asıbmış. Aclıq illərində isə o, pianinonu bir çuval una dəyişmişdi. Muzeydəki eksponatların əksəri onun yaxın qohumları tərəfindən muzeyə bağışlanmış və onun evində olmuş əşyaların tipologiyasını saxlamaq şərti ilə sonradan gətirdilib.

Üçüncü mərtəbədə isə Svetayevanın əri Sergey Efronun iş otağı var. Xatırladım ki, Svetayeva 18 yaşında S.Efronla tanış olmuşdu, onların tanış olmasının səbəbkarı isə Maks Valoşin olmuşdu. Muzeydə Svetayevanın həmişə müəllim və dost kimi xatırladığı Valoşinin şəkli də var. Efronun iş otağı muzeyin maraqlı yerlərindən biridir. Efron özünü gəmidəki kimi hiss etsin deyə otağın pəncərələrini qismən əyri formada kəsdirmişdi. Eyni zamanda II mərtəbədəki zalın da tavanını şüşədən hazırlatdırmışdı. Onlar həm göy üzünü görmək, həm də özlərini gəmidəki kimi hiss etmək istəyirdilər. Efronun otağında, divanın üstündə gəmiçilərdə əzmkarlıq rəmzi olan iri qartal müqqəvası var. Mərtəbələri qalxdıqca daim yer dəyişən çamadanlar qoyulub və bu, “hər şeyi vidalarla sevdim” deyən qadının ömrünün də vidalar və ayrılıqlarla olduğunun əyani sübutdur.

Marina 10 yaşından şeir yazmasına baxmayaraq, həmişə qeyd edirdi ki, mən peşəkar fotoqrafam. Bu “Peşəkar fotoqraf”ın çəkdiyi fotolar da muzeydə saxlanılır.

Üçüncü mərtəbədən yuxarı kiçik pilləkənlər qalxır, burda Efronun müharibə və sairə mövzularda olan kitabları, hərbi geyimi, soba, sobanın üstündə qazan və o dövrü əks etdirən fotolar yer alıb.

Efronun müharibədə öldüyünü zənn edən Svetayeva 4 il sonra onun Avropada yaşadığını öyrənən kimi onun yanına getmişdi.

Muzey işçisinin Svetayevanın məşəqqətlərindən, çörək üçün günlərlə növbəyə dayanmasından, bu evdə 3 yaşlı qızının qucağındaca acından ölməsindən danışa-danışa vurğuladığı bir məsələ vardı ki, bütün bu ağrılara baxmayaraq Svetayeva yaradıcılığını davam etdirir, əsərlərini yazırdı, həyatında baş verən ən ağır hadisələr belə onu yazmaqdan uzaqlaşdıra bilmirdi, hətta mətbəxdə də yazırdı.

Muzey işçisinin Svetayeva haqda candərdi yox, böyük şövqlə danışması, onu təkcə yaradıcı insan kimi yox, həm də qadın kimi anlaması şəxsən məni heyran elədi.

Görünür əbəs deyilmiş bu söz: “hər şey sevgidəndi”...

Nəhayət, sonuncu otaq... Svetayevadan qalmış ikicə əşya: boyunbağı və kəmər...

# 3892 dəfə oxunub

Müəllifin son yazıları

# # #