Kulis.az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.
Çağırış
Müqəddəs İsa,
bəzən kürək söykənməyə
bircə yer qalır insana –
o da çarmıxda.
Çəkil, çəkil o yana –
“yer ver mənə yanında”.
Əllərim alnımdan əcəl tərini silmir –
yorğun ömrün izlərini
itirməyə qıymır əllərim,
bir körpə ağacın
çarmıxa çevrilməsidir ömrüm...
İtirdim, sındırdım, atdım,
götürmədim özümlə,
insanlardan yadigar saxlamadım,
yığdım gözümü hamıdan,
mən daha sənin əllərinə vurulan
mismar səsindən özgə
heç nə aparmaq istəmirəm dünyadan...
***
Demişdi, bir səs demişdi bizə:
“...xəzinəniz harda olacaqsa,
ürəyiniz orda olacaq ”
hər şeyi itirdim –
amma ürəyim ağrımır ölüm ayağında.
Qulağımızdan sırğa eləmədik:
“İki ayağa qulluq eləmək olmaz,
birini sevəcəksinizsə, o birinə nifrət edəcəksiniz” ,
İndi bütün ömrüm keçir gözümün önündən
və xatırlayıram ki,
nifrət elədiyim ayağımla getmişəmmiş
arzuların dalınca.
Aharon Appelfeldin müsahibəsi
“41-ci ilin yayı idi.
güllələdilər
anamı da,
nənəmi də.
9 yaşım var idi onda...
Anamsa 31 yaşında idi.
O həmişə elə cavan qaldı,
...mən isə qocaldım.
Atam səbirli idi
və anam öləndən sonra
sükut idi dini...
Həmişə bu sualı düşünmüşəm:
Zəngin atam niyə
müharibə vaxtı olan-qalanını
satıb qaçmadı?
Sonrasa öyrəndim ki,
onun bütün var-dövləti
vətənin
təpəlikləri,
meşələriymiş,
onlarısa satıb
qaçmaq olmur...”
Və bir gün bir siyahı tutdum,
əvvəl anamın,
sonra atamın adını yazdım ora
və anladım ki, mən tək deyiləm...
Birinin gündəliyində mən barədə qeydlər
Yazardı şeirlərini dərman qutularına,
vurulardı rentgen gözlü qadınlara,
ümidlərin edam günü yağlayardı ürəyini,
söykəyərdi gecələr təkliyinə kürəyini,
ömrü qəlbiylə dili arasındakı yolda keçərdi,
sözü nəvəyə meyvə axtaran babatək seçərdi,
xatirələri əsir düşmüşdü şəkillərin əlinə,
ağrı-acıları güzgülənərdi şeirlərində,
düşmən gülləsitək yayınardı yalanlardan,
necə oldusa yoxa çıxdı aynalardan…
Mələklərin haqqımda “yazdıqları"
Sol çiynimdəki mələyin “yazdıqları:”
Nəfs dağlarında keçdi ömrü –
alma uzadılanda Adəm oldu.
Cənnət uşaqlığından
cəhənnəm gəncliyinə qovuldu.
Verilmişdi ona dost yolunda
şəhidlik mərtəbəsi,
o isə içindəki şamı söndürüb
edama tamaşa elədi.
Biganə qaldı insan talelərinə,
sağ əlinin verdiyini sol əli gördü,
sağ əlisə şahidi boğaraq öldürdü.
Bir gün əcəl elçi düşəndə,
ömründə çox şey yarım idi,
içindəki pişik ürəyinin döşəməsindəki
qurumuş süd ləkəsini yalayırdı.
Sağ çiynimdəki mələyin “yazdıqları:”
Sözlərin təmizliyin qorumaqçün susardı,
anasının əllərindən cənnəti qoxlardı,
sevdiyi qadına son ümidini bağışlardı,
nə ülfət dağının mehindən xoşallanar,
nə riya kölgələrində sərinlərdi ürəyi,
ancaq zəhmət şallağından əzilərdi canı,
xeyir meyvələri dərmək vaxtı yetişəndə
o saatca yerdən üzülərdi dabanları.
Açarlar
Qulaqlarınız tutulub öz səsinizdən,
gözləriniz kor olub cibimin qaranlığından,
dişləriniz əyilib sərxoş gecələrdə
qürbət dəlikləri çeynəməkdən...
Sizsiz idim – Allah açan qapılarda,
çarəsiz idiniz – şansızlıq kilidi qarşısında,
qorxurdunuz – işdən çıxanda,
ağlayırdınız – evə gəlməyəndə...
Biz doğulandan "kəmərimizə"
bir topa gözəgörünməz açar asılır,
bir qapı bağlanır üzümüzə həmişə,
bir qapı açılır...
Yaddaş ilanı
Dustaqlara “görüş yoxdu” xəbəridir getməyin,
məhbəsdə siqaret paylanan gündü sən gələndə,
baxışların meşə yanğını kimi yayılır gözlərimə.
İpək saçlarına ilişir gözəl sözlər, –
keçmir kəlmə kəndirbazlığı.
Birgəlik günlərdə zülmümüz bol olur,
dodaqlarımız ruzisini daşdan çıxarır, –
yeməklərində əriyir güzəran narazılığı.
Bu sevgi də ömrün ağ bayraqlı yalandı,
unutmağa qorxuram – yaddaşım piton ilanıdı.
Qoca aktrisanı seyr edərkən
Əllərini belinə qoymaqla deyil,
qocalığı ovucda gizlətmək olmur.
Ömür də kadrmış, ey rentgen gözlü,
başlayır, bitir...
Gülürsən, gözəlliyin görünüb itir...
İndi sən qocalara cavanlığını,
cavanlara uşaqlığını xatırladan,
uzaq keçmişsən, həminki vaxtsan.
Mərhum rejissorun anım günündə
dönə-dönə göstərilən eyni kadrsan.
Daha şöhrətin nankor uşaqlarına,
ərkin çatmır, keçmir sözün.
İndi zalda səni sevənləri yox,
xatırlayanları axtarır gözün.
Qızıl balıq
Sevgi - hər dəfə Qızıl balıqdan
eyni adamı istəməkdi.
Sevgi - balığa "ancaq Onu..." deyib,
adını gizləməkdi.
Eh hardan bilsin bunları,
öz ürəyinin səsindən ürkənlər,
eşqin qanı sıçrayan güzgülərdə
qalstuklarını düzəldənlər...