Afaq Məsud: “Yazmaq yüngül zəhərlənməni, hamiləliyi xatırladır“ LAYİHƏ

Afaq Məsud: “Yazmaq yüngül zəhərlənməni, hamiləliyi xatırladır“<span style="color:red;"> LAYİHƏ
30 iyul 2014
# 10:42

“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə Haynrix Böllün müsahibəsində cavablandırdığı suallar yazıçı Afaq Məsuda ünvanlanıb.

-Ümumiyyətlə, bu iş – yazmaq necə olur? Necə başlayır? Nədən başlayır? Nəsə yazmağa başlayanda ağlınıza ilk gələn hansısa bir obraz, yoxsa hadisə olur?

H.Böll:

-Hər şey adətən, ziddiyyət və gərginlik yaradan və ya bu gərginliklə bağlı insanla əlaqəli olur. Təbii ki, bütün baş verənlərin ətrafında cərəyan edən hadisələrin izləyicisi və ya iştirakçı olan insanlardan.

A.Məsud:

-Hər şey ondan başlayır ki, içimdə yad bir müdaxilə duyuram. Bu, yüngül zəhərlənməni, hamiləliyi andıran qəribə bir haldır. Müəyyən müddətdən sonra hər şey aydınlaşır, yazacağım parçalar, onları mənə yazdıracaq hiss və həyəcanlar gəlir və yazmağa başlayıram

– Yazının yazılması zamanı hadisələr uzandıqca beyninizdəki orijinal variantdan çoxmu fərqli bir vəziyyətə gəlir? Yəni ilk ideya dəyişirmi?

H.Böll:

-İş prosesimdə hər şey dəyişir. Çünki nadir hallarda ilk ideyam, süjetim əsərin sonuna kimi dəyişmir. Lakin aydın məsələdir ki, burda bir qədər də riyazi konseptuallıq var, yəni əsərin həcmi çox vaxt artıb-azalmır, yəni həcmində o qədər ciddi bir dəyişiklik olmur. Yəni ideya ilə müqayisədə həcm nisbətən sabitdir.

A.Məsud:

-Heç bir ideya olmur. Mən durduğum yerdə, səbəbi bəlli olmayan hiss və həyəcanların əsarətinə düşürəm. Hadisələri və obrazları onlar gətirir. Yazdığımın nə ilə bitəcəyini heç vaxt bilmirəm, bir müddət özümü səhralıqda, ya meşədə azmış kimi, hiss edirəm. Sonluğu yazının özü gətirir. Bu, insanın doğuluşunu və ölümünü andıran, bitkin, mükəmməl bir prosesdir. Çətini, toxumun düşməyidi, qalanı, necəsə, öz-özünə həll olunur.

-Kimin üçün yazırsınız? Beyninizdə xəyali bir oxucu var?

H.Böll:

-“Xəyali oxucum” “savadsız” ola bilər. Amma yazıçının aləti dildir. Mən hələ də belə hesab edirəm ki, dil istənilən oxucu ilə anlaşmaq, əlaqə qurmaq üçün mükəmməl vasitədir. Hətta ən qarışıq, anlaşılmaz hadisələri, hissləri ifadə edərkən də göz önünə alıram ki, istifadə olunan dil oxucu üçün anlaşıqlı olsun.

A.Məsud:

-Məncə, canımda duyduğum, həmin o yad müdaxilələrdən qurtulmaqdan ötrü yazıram. Bu, qəribə bir prosesdir. Həm əzablı, həm nəşəli. Hər müdaxilə məndə olan, lakin özümə bəlli olmayan, növbənöv gizlinləri açır, mən yazıdan-yazıya böyüdüyümü, genişləndiyimi, nələrdənsə qurtulduğumu hiss edirəm.

-Sizin üçün yazmağın ən çətin tərəfi nədir?

H.Böll

-Əgər ən çətini “xəyali oxucu”nu nəzərdə almağımla bağlıdırsa, bunu nəzərə alanda artıq asan ifadə edilərkən təsir gücünü itirməyən heç nəyi əsas saymıram.

A.Məsud:

-Ən çətin tərəfi – ələ gəlməyən, yalnız hiss və duyğularla anlaşılan, şüaya, kölgəyə bənzər fikir və duyğuları maddiləşdirmək, yəni yerə endirmək, mətnə oturtmaqdı. Yəqin ki, yazıçılıq elə budur. Bu çətinliklə, xüsusən, roman və pyes yazanda, qarşılaşıram. Bu, təxminən, səsi, ya sözü, qurğuya, cihaza bənzər nəyinsə içinə oturtmaq kimi bir şeydir.

-Sizi yazmağa səsləyən nədir?

H.Böll:

Hər şeydən əvvəl bu dildə və sözlə nəsə xüsusi bir şeyi çəkmək həvəsidir. Lakin bunun üçün çox səbəb ola bilər, elə deyil? Odur ki, əsas “yumşaq” linqvistik cəhddir. Bir cümlə də məni yazmağa vadar edə bilər, bir situasiya da.

A.Məsud:

Bu dünyadan xilas olub, məndə olan oyuğa, mağaraya bənzər nəyinsə içində gizlənmək cəhdi.

-Əsərə başlıq yazaraqmı başlayırsınız?

H.Böll:

-Yox, başlıq sonradan yazılır, bu amma, adətən, düşündüyünüzdən də çətin olur. Mən “Qatar vaxtında gəldi” əsərini xatırlayıram, bu əsərlə bağlı yadımda qalan tək iş başlıq düşünmək idi. Əsərlərimi yazılıb bitirənə qədər o qədər başlıq dəyişirəm ki.

A.Məsud:

-Bəzən hə, bəzən yox. Başlıq, çox zaman yazı prosesinin əvvəlində, yazının canına toxunduğum məqamlar gəlir və mən, həmin dəqiqə onu öz yerinə oturduram.

-Bir iş gününüzü təsvir edə bilərsinizmi?

H.Böll:

Çətindir. Son bir neçə ildə yazaraq gün keçirmək daha çətinləşib. Adətən, səhərlə işləyirəm, günorta birin yarısına kimi, sonra da nahardan sonra işləyirəm, sonra ara verib, axşamlar işləyirəm, taqətim varsa. Təbii ki, narahatlıq yaradanlar, mane olanlar da olur və bu işi lap çətinləşdirir.

A.Məsud:

-İş günüm, əsasən idarə işləriylə başlayır. Bu işlər, adətən, nahar fasiləsinə qədər davam edir. Bundan sonra, ya işdə, ya evdə öz yazılarıma keçirəm və yorulana qədər işləyirəm. Əvvəllər, yalnız yazı ovqatına düşəndə yazırdım, gün ərzində yeddi-səkkiz saat işləyirdim. İndi isə iş rejimim dəyişib. İndi mən hər gün yazıram, amma dörd saatdan artıq işləyə bilmirəm. Artıq yazmaq mənim üçün çimmək, idman eləmək, gəzintiyə çıxmaq kimi, mütləq şəkildə ehtiyaclı olduğum, gündəlik həyati prosedura çevrilib.

Sona qədər yazıb, sonra təkrar oxuyursunuz?

H.Böll:

-Bəli, sonra karandaşla düzəlişlər edir, qeydlər aparıram. Yazdığımın üzərində işləmək hər zaman daha yaxşısını əldə edəcəyim deməkdir. Oxuyub düzəldirəm, əlavələr edirəm, bəzən nəyisə silirəm və bunu mətnin inkişafı kimi qəbul edirəm. Əsas, təsirli, dəqiq ideyaları yazandan sonra ağlıma gəlməsi kimi hallar olmur, bəzən yazmağa başlayıram və məsələn, üçüncü səhifədə ağlıma bir fikir, hansısa ideya gəlir və hər şeyi atıb, ondan başlayıram. Bu hal mütəmadi yazılası bir şeylərin olmasını təmin edir, düşünürəm ki, yaxşıdır. Bir işlə məşğul olanda arxa planda yaranan ideyaları mütləq irəli itələmək, unutmadan qabağa çəkmək lazımdır.

A.Məsud:

– Bu, yazmağın ən asan və ən düzgün üsuludur. Əvvəllər mən belə edirdim. Yazını başlayıb dayanmadan, axıra çatdırır, iş bitəndən sonra oxuyur, müəyyən düzəlişlər, əlavə və ixtisarlar edirdim. Son illər isə, yazıb-yazıb dəqiqədə bir, geriyə dönür, yazılanları hissə-hissə oxuyur, paralel şəkildə üzərində işləyir, həm də imkan daxilində ardını yazıram. Bu, adamı çaşdıran, əsas mətləbdən yayındıran, qarmaqarışıq yuxuya bənzər bir haldır. Belə eləmək olmaz. Axı yazı müqəddəs bir şeydir?! O, göydən enən yağış damlası, qar dənəsitək, hədsiz incə və kövrəkdir. Ona toxunduqca, strukturunu dəyişə bilir, maddiləşir, korlanır, son nəticədə, beyin məhsuluna çevrilir. Çalışıram, buna yol verməyim.

-Surətlərin adları sizin üçün böyük əhəmiyyət kəsb edir?

H.Böll:

-Bəli, çox. Əgər obrazın adını bilmirəmsə, yazmağa başlaya bilmirəm. Bəzən hamısına eyni ad, məsələn, Şmits verib, sonra ağlıma gəldikcə dəyişə bilirəm, bu elə də pis üsul deyil.

A.Məsud:

-Mənim üçün elə bir əhəmiyyət kəsb etmir. Onlar üçünsə, kəsb edir. Adlar, onların özlərini necə aparmalarına, xarakter və davranışlarına, hətta talelərinə təsir edir. Burda da, hər şey həyatda olduğu kimidir. Ad, öz sahibinin taleyinə nə qədər təsir edirsə, bu, əsərdə də, eynilə belə baş verir.

-Yaza bilmədiyiniz, ilhamsız qaldığınız olubmu və belə olanda bu problemi necə aradan qaldırırsınız?

H.Böll:

-Əngəllər və blokadalar son zamanlarda içimdə ikinci mənə çevrilib, daha doğrusu, ikinci mənim kimi olub. Təbii ki, bu cür situasiyalar var. Mən atom silahı ilə ən çox zəhərlənmiş ölkədə yaşayıram, bu gün də bu zəhərlənmələr davam edir. Bu insanın nəinki nəfəsini kəsir, hətta bütün həyat eşqini, şövqünü öldürür, hətta hansısa bir ağrıdan da yazanın belə əlini soyudur. Bir müddət klassik musiqi mənə bu kilidlənməni aşmağa kömək etdi. Bethovenin musiqi nəfəsində mən yaşadığım dünyanın, Qərbin və Reynin havasını hiss edirəm. Mənim hazırkı problemim isə başqadır, nəyin necə qurtaracağını, haraya gedəcəyini, sonda ortaya nəyin çıxacağını müəyyənləşdirə bilmirəm. Hətta qısa bir ön söz və şərh də yazanda belə olur. Hər şeyi yenidən başlamalı oluram. Bu çox qeyri-peşəkarlıqdır.

A.Məsud:

-Bu, cür hal əvvəllər olurdu. Mən, heç bir səbəb olmadan, qəfildən, özümü dünyanın ən bədbəxt adamı hesab edirdim. Sanki, ha tərəfdənsə qaranlıq, dibsiz bir uçurum açılır və mən o uçurumun üstündən asıla qalırdım. Bu, ölümlə müqayisə olunacaq, əzablı bir haldır ki, bütün qələm əhli zaman-zaman bu mərhələdən keçir. İndi isə ayrı cürdür. Artıq mən, "ilham" deyilənin, yazıçının, bu dünyadan xilas olub, Öz kəhkəşanına düşdüyü İlahi məqamlar olduğunu bilirəm. Əvvəllər mən də, səriştəsizlikdən, təcrübəsizlikdən Ora hansı hallarda, necə düşüb-çıxdığımı anlamır, əzablar və iztirablar içində qıvrıla-qıvrıla yaşayırdım. İndi isə, demək olar ki, oradan çıxmıram.

Zəruri qeyd: H.Böllün bu müsahibəsi Elcan Salmanqızının tərcüməsində “Kaspi” qəzetinin ədəbiyyat əlavəsində dərc edilib.

# 3830 dəfə oxunub

Müəllifin son yazıları

# # #