(gündəlik qeydləri)
Svetlana Quliyevanın “Dalğa” romanını oxumağa başladım. 50-ci səhifəni adlamışam. Və artıq məndə belə bir təəssürat yaranıb ki, Kafkanın “Metamarfoza”sını mütaliə edirəm. Di gəl ki
Qreqor Zamzadan fərqli olaraq, “Dalğa”nın adsız qəhrəmanını heç cür təsəvvürə gətirə bilmirəm.
“Metamarfoza”dakı Qreqor Zamza bədii cəhətdən bitkin bir obrazdır. “Dalğa”nın adsız qəhrəmanının isə siluetini belə cızmaq olmur. Özü də insanları gördüyü kimidir: burunsuz, qulaqsız, ağızsız... Müəllifin persona haqqında verdiyi “fiziki qüsurlu” ifadəsi də köməyə gəlmir.
Simasız baş qəhrəmanın düşüncələri ilə tanış olduqdan sonra ona bu tərifi vermək olar – evdar filosof. O, “kitab qurdu”dur, “Master i Marqarita”dan tutmuş Murakamiyə qədər bütün dünya ədəbiyyatı ilə tanışdır. Bir növ, erudisiyalı, bekar, həm də hikkəli, xudbin adam.
“Şəffaf personaj”ın dəniz, dalğa... haqqında ümumi düşüncələrinə siyasi rənglər də əlavə olunub. İnsanın ixtisası, peşəsi, cəmiyyətdəki yeri, Saakaşvili iqtidarı, Gürcüstan prezidentinin əleyhdarları, fəal sıravi vətəndaşın siyasətdə manipulyasiya aləti olması, 20 yanvar faciəsi... və ən nəhayət, Azadlıq meydanındakı etiraz mitinqi haqqında qeydlərdən sonra bəlli olur ki, adsız baş qəhrəman həm də Azərbaycan iqtidarının passiv tərəfdarıdır...
“Dalğa” Kafkanın “Metamarfoza”sına nədə uduzur? Məncə, bədii yükdə. Müəllif yazının hər üç formasına keçid edir. Bədii sözdən publisistikaya, publisistikadan jurnalistikaya enib-qalxmalar sərhədsiz, açıq şəkildə görünür. Bəlkə, müasir nəsr məhz belə olmalıdır, yaxud artıq təsdiqlənmiş şəkildə məhz belədir? Bilmirəm, amma hər halda əsəri MKM-in 20-liyinə düşmüş Svetlana Quliyeva ilə mübahisə etmək üçün mövzu var...
***
Sevinc Pərvanə hər yazıda güclü cinsi küncə sıxmaq cəhdi edir. Lap Nuridə Atəşi kimi. Deyəsən, o da hz. Adəmin (ə.) dünyaya birinci gəlməsindən başlayan qadın incikliyini ifadə edir: kişilər xəlq edildikləri gündən qadınlara məxsus bütün təbii, cinsi, sosial və s. hüquqları oğurlayıblar və indi onları geri alma zamanıdır; qadının “yaradılış üstünlüyü” tanınmalıdır və s. və i.a.
Ola bilsin ki, müəllifin təsəvvüründə uşağı da kişi doğmalıdır...
***
Nuridə Atəşi ilə Facebook-da yazışma alınmır ki, alınmır. Qeydlərimi görən kimi xətdən çıxır.
Ona bir “şeir” yolladım, nəticəsi olmadı. O oxumadı, barı siz oxuyun:
Baxıram o gözlərə
içində bir atəş
yana biləydim orda
cəhənnəm olsa da...
Hə, necədir?..
Uşaq doğan kişi
7 iyul 2011
15:44
2321 dəfə oxunub