Sərxoş qadın

Sərxoş qadın
29 iyul 2011
# 23:50

Saat dübbədüz gecə 12-ni vuranda qonşumun maşını həyətimin yanında dayandı. “Dənizə gedirəm, gəl səni də aparım”. Şeytanın qıçını sındırıb getdim.

Buna qədər samovarı iki dəfə qaynatmışdım, amma təşnəmi söndürə bilməmişdim. Bürküdən ayaqlarımın yanındakı pişik də heysiz uzanıb qalmışdı.

Novxanı şosesindəki maşın karvanının ardınca sürünüb bir təhər sahilə çıxdıq. İynə atsaydın yerə düşərdi, yəni artıq seyrəklik idi. Dəniz kənarı ilə gəzişir, ayaqlarım altında xırçıldayan sarı qumun xırçıltısı, barmaqlarımı ovuşduran yaşıl yosunların incə toxunuşundan həzz alırdım. Sonra bir plastik stulu altıma çəkib oturdum.

Məndən arxada, onca metr aralıda məclis qurulmuşdu. Sağlıqlar deyilir, badələrin cingiltisi sərxoş ağızlardan çıxan sözlərə qarışırdı.

Dənizdən beş addım aralıda danışmadan oturmuşdum. Qaranlıq səma qalın pərdə kimi sahillə dənizi ayırmışdı. Özümü teatrdakı kimi hiss etdim.

Və bu an arxadakı məclisdən iki qadın bu pərdənin qarşısına çıxdı və qumsalda oturub söhbətə başladı. Qadınlardan biri, - məncə, zahirən gözəl, ya da zahiri eybini gecənin gizlətdiyi - sərxoş idi. Az sonra yanındakı onu tək qoyub getdi.

Yalqız qalmış qadın özünü saxlaya bilməyib qaytardı və özündən getdi.

Dənizi sahildən ayıran zülmət pərdəsi. Və pərdə önündə qollarını yana açaraq huşsuz uzanmış qadın.

Elə bu an gerçək tamaşanın tənqidçiləri peyda oldu. Məndən bir neçə addım yanda oturmuş iki qadın özünə müzakirə mövzusu tapdı.

- İçə bilmirsən içmə də, ay q..., biz içmirik ölürük!?

- Yerə soxum boyuvu, bu da özünə qadın deyir!..

Qadınlar dayanmadan danışırdı. Müzakirə “yağlı” söyüşlər, ənənəvi qəlib ifadələr və özünütərif nümunələri ilə şiddətlənirdi.

“İkinci hissə” sərxoş ərin qadını oyatmaq çəhdi ilə başladı.

Müvazinətini güclə saxlayan kişi dənizə, sahilə, ulduzla dolu göyə, masa arxasından hələ də qalxmayan məclis iştirakçılarına, “tənqidçilər”ə, bir sözlə, bütün dünyaya meydan oxuyan qadını sillələməklə oyada bilmədikdə, azyaşlı oğlunu köməyə çağırdı. Üzünə sərin su səpdilər, qolundan dartıb sürüdülər, təpiklədilər...

Qadın haradasa yarım saat sonra oyandı.

Artıq köhnə tanışını tapmış qayğıkeş ərin ağzı söhbətə qızışmışdı.

Tənqidçilər elə bir ucdan qeybətini üyütməkdə davam edirdi.

Masa arxasından qalxmış başqa bir kişi məstliyi hələ keçməmiş qadını məclisə qaytarmağa cəhd edirdi. Amma sərxoş qadını ram etmək mümkün olmadı.

O, dənizə girdi. Səmanın qara pərdəsini yararaq. Dənizə baş vurdu və qaranlıqda itdi. Sonra üzə çıxdı. Dayanıb göyə baxmağa başladı. Tam islaq.

Dənizin tən ortasında, dayazlıqda dayanmış qadına baxırdım. Tamaşanın digər iştirakçıları və tənqidçilərlə birgə.

“Azad qadın! Sərbəst insan!” – deyə düşündüm və ona hətta paxıllığım tutdu. Sonra yadıma bu cümlə düşdü: qadın var ki, xoşbəxtlik axtarır; qadın da var, xoşbəxtliyi bəxş edir...

Soyuq suyun, mehin təsirindən ayılaraq o, nəhayət, yenidən məclisə qayıtdı. Arxaya çevrildim, müti, sözə baxan bir ev xanımı olmuşdu...

Bir sözlə, tamaşa qurtarmışdı. Dənizdən sərin meh əsirdi. Kiçik dalğalar sahildən sanki pay qoparmaq istəyirdi. Dalğaların səsi tamaşaçı alqışlarına bənzəyirdi.

Mən də ayağa qalxdım. Və son dəfə sərxoş qadını alqışladım.

# 2751 dəfə oxunub

Müəllifin son yazıları

# # #