“Qətl günü”nün dəfni

“Qətl günü”nün dəfni
9 avqust 2011
# 07:00

Elif Şafakın “İsgəndəri” plagiat iddiasından sonra alatoranda aysberqdə qəfil toqquşmuş “Titanik” kimi batır. Əsərə oxucu marağı azalır, yazıçı nüfuzu günbəgün enir.

Üz qabığında qollarını sinəsində çarpazlayaraq dik, məğrur baxışla oxucuya baxan Elif Şafak indi barmağını hədələyici tərzdə iddiaçılara tərəf uzadıb hikkəsini püskürür.

Plagiat iddiaları ədəbiyyatda yeni söhbət deyil. Amma Azərbaycanda hələ bu cür qalmaqallar gündəmi zəbt etmir. Oxucuda nüfuzlu yazarlara, yazıçılıq eşqinə düşmüş gənc qələm sahiblərinə də məntiqsiz rəhmdillilik, əfvetmə, bağışlama var.

Cibindən pul verir, kitab al, oxu, gözünün qarasını və bundan az qiymətli olmayan vaxtını itir, yazılanın başqa birisindən köçürmə olduğunu bil-bilə yalanı, səni göz görə-görə aldatmanı defisit məlhəm, xilasedici həbb kimi ud...

“Qətl günü” üzə çıxanda təxminən belə bir mənzərə idi. Yusif Səmədoğlunun romanı yaratdığı ajiotajla gözləri kor etmişdi. Halbuki “Qətl günü”ndə Bulqakov, Markes və Aytmatovun barmaq izləri kor gözlə belə görünürdü. Oxşarlıqlar eynilik dərəsində, iqtibaslar köçürmə həddində. Tənqidçilər ölümə qənşər duracaq bu əsərdəki plagiata barmaqarası baxdılar. Elə mütaliəsinin genişliyi şübhə doğurmayacaq yazıçı icması da.

Niyə?

80-lərin sonu, 90-ların əvvəlində baş başqa mətləblərə qarışıq idi.

Bəlkə buna görə?

Yaxud “Səməd Vurğunun oğlu Yusif Səmədoğlu belə şey etməz!” düşüncəsi beyinləri qarışdırmışdı?

O vaxtlarda rus ədəbiyyatı özünün “sandıq inciləri”ni üzə çıxarırdı. “Arbatın uşaqları”, “Kotlavan”...

Azərbaycan ədəbiyyatının ağzı düyünlü bircə boxçası belə yox idi.

“Qətl günü” boşluğu doldurmalı idi. Və plagiatı görməzliyə vuran insanların sayəsində doldurdu da.

İndi “Əli və Nino” ilə ədəbiyyatımızı doldurmaq istədikləri kimi.

Yeri gəlmişkən, “Əli və Nino” müəmmasını çözmək, yəqin ki, heç vaxt mümkün olmayacaq. Bu müəmma biryolluq dəfn etməyin yeri var.

“Qətl günü” ilə bağlı vəziyyət bir ayrı cürdür. Amma məncə, onu da plagiat qəbiristanında gömmək məntiqli olardı.

Dünyasını artıq dəyişən müəllifin ruhunu incitmədən. “Qətl günü”nü qətlə yetirməklə. Yəni sağlam tənqidi rəylə, “Qətl günü”nün həqiqi “dəyərini” verərək...

# 2668 dəfə oxunub

Müəllifin son yazıları

# # #