Babək İslamı məhv edəcəkdi

Babək İslamı məhv edəcəkdi
19 yanvar 2015
# 11:04

Quranda bəzi, məsələn, qeyblə, ruhla bağlı mübhəm məqamlara sadə bir ayə ilə izah gətirilir: “Doğrusunu Allah bilir”. Yəni, ey insan, özünü yorma, bu sirri sonadək bilməyəcəksən.

“Doğrusunu Allah bilir...”

Əsrlərin, minilliklərin bətnindəki bəzi qaranlıq hadisələr və qəhrəmanlar haqqında da oxşar bir cümlə demək gərəkdir: doğrusunu Tarix bilir.

Tarix???

Tarix ha!!!

O, tarixçilərin, yəni insanın zehnindən və hisslərindən yoğurulmuş şərti kitabdır. Nəyi düzdür, nəyi səhvdir, bilinmir. Və onun elə səhifələri var ki, əsrdaşlarım kimi, şəxsən mən də yalnız güman və ehtimalla danışa bilərəm. “Xürrəmidin hərəkatı və Babək” mövzusunu da istisnasız bu sıraya aid etmək gərəkdir.

O dövrün siyasi hadisələri və onların iştirakçıları haqqında ixtiyarımızdakı ilkin mənbələrin hamısı ərəbdillidir. Əlyazma sətirlərdə aydın ifadələrlə ziddiyyətlər bir-birinə qarışıb, müəmmalar həqiqətləri üstələyir, təzadlar göz deşir; doğru harda başlayır, saxtalıq harda bitir, doğrusunu, yəqin ki, heç insan əməyinin məhsulu – Tarix də bilmir.

Bəlkə, Tarix elə bunun üçün yaradılıb?


***


Doğru və yalanın, hansının harda olduğuna dair uzağa getmədən bircə nümunə gətirim: əl-Bağdadi Babək ardıcıllarını “mübəyyiyə”, yəni dini yasaqları ləğv etmiş əxlaqsız bir qrup kimi səciyyələndirərək 1030-ci ilə aid “əl-Hudud” adlı əsərində yazır: “Babəkilərin yaşadıqları dağlıq bölgədə qadınlar və kişilər bir yerə toplaşır, gecə boyu bir mərasim keçirir və şərab içib mahnılar oxuyurlar. Mum çıraqlar söndürülən kimi kişilər qadınların üzərinə atılır və hər kəs istədiyi qadınla cinsi əlaqəyə girir, sonra onu digər kişiylə paylaşır”.

Bu ikrahdoğurucu təsvirdən sonra elə həmin müəllif, elə həmin əsərdə (eləcə də tarixçi Məhəmməd ibn İshaq ən-Nədim - “Kitab əl-Fihrist”, s.252) qeyd edir: “…Onlar dağda müsəlmanları namaza çağıran məscidlər belə tikiblər. Hətta öz uşaqlarına Quran [oxumağı] öyrədirlər, lakin namaz qılmır, Ramazan ayının oruc tutmur və kafirlərə qarşı cihadı məcburi hesab etmirlər”.

Sizi bilmirəm, amma mən bu “Tarix”dən heç nə anlamadım. Əvvəlcə xürrəmilərin orgiya məclisi, hüsudsuz seksual azadlığı haqqında sətirlər, daha sonra tam təzadlar yığını: “müsəlmandırlar”, “azana çağıran məscidləri var”, amma “namaz qılmırlar” və s.


***


Babək və Xürrəmi hərəkatı haqqında Abbasi sarayı tarixçilərinin qərəzsiz olacağını düşünmək, əlbəttə, sadəlövhlük olardı. Amma o dövrdə ərəb mənbələrinə əks olacaq nə vardı ki?

Etnik tərkibi qarışıq və heç bir siyasi məna daşımayan, yəni coğrafi Azərbaycan (coğrafi İran, coğrafi Ərəbistan kimi). Və dövrün Azərbaycanı Ərəb Xilafətinin tərkibində idi.

Bəs, Babək? O kim idi?

Hələ şəxsiyyət vəsiqəsi icad olunmamışdı; insanlara yaşayış yeri üzrə daimi qeydiyyatda olmaq tələb olunmurdu. Buna görə də Babək milli mənsubiyyətinə görə kim istəsəniz ola bilərdi. Amma bir şey yüzə-yüz dəqiqdir ki, Xürrəmidin hərəkatının və Babəkin vətəni – Azərbaycandır.

Babək – Azərbaycan qəhrəmanı, cəsur sərkərdədir.


***


Tarixçi əl-Məsudi “Kitab ən tənbih val-işraf”da (s.129) yazır: “Az qalmışdı ki, o (Xürrəmi hərəkatı – Ə.R.), bütöv bir dövləti və dini məhv etsin, bu dini yenisi ilə əvəz etsin”.

Bu rəy nə dərəcədə doğrudur?

Xürrəmi hərəkatından əvvəl Dəvət hərəkatı olmuş, Abbasilər hakimiyyətə gəlmişdi. Xorasan üsyançılarının rəhbəri Əbu Müslüm öldürülmüşdü, lakin üsyan və iğtişaşlar dalğası zəifləmirdi. Babəkə qədərki dövrdə, daha doğrusu, miladın 755-ci ilində Xorasandan tutmuş Azərbaycanadək Sunbadın üsyanı baş vermişdi. Tarixçi İbn əl-Əsir qeyd edir ki, üsyançılar arasında hətta İmam Hüseynin nəvəsi Zeyd ibn Əlinin tərəfdarları da vardı (Azərbaycan tarixi, Bakı, 1998, s.234). Babəkin dövründə isə Zeyd ibn Əli nəslindən olan Məhəmməd ibn Məhəmməd ibn Zeyd Abbasilərə qarşı üsyan qaldırdı. Daha bir üsyan miladın 815-ci ilində İmam Cəfər Sadiqin oğlu Məhəmməd Dibacın rəhbərliyi ilə baş tutdu.

Bu qısa xatırlamalardan sonra Bəndəli Cövzi (“Min tarix əl-hərəkat əl-fikriyyə fil-İslam”, Qüds, 1938, s.68.) ilə necə razılaşmayasan ki, Xürrəmi hərəkatı kimi, Ərəb Xilafətini bürümüş bütün etirazlar dalğasının məramı “...İslama müqavimət göstərmək və onu məhv etmək deyildi. Əcəmlər ölkəsində daha əvvəlki üsyanların çoxunda olduğu kimi, burada da məqsəd istilaçı bir millət olan ərəblərə müqavimət göstərmək idi. Bu hərəkat o zamanlar Abbasilər dövlətində yaşayan bütün xalqların və hətta ərəb millətinin aşağı təbəqələrinin öz iqtisadi dayaqları uğrunda etdiyi müharibə idi”.


***


“Xürrəmi”. Xilafəti eninə-uzununa bürüyərək Abbasi hakimiyyətini sarsıtmış təxminən 20 illik hərəkatın ən çox rast gəlinən adı. O, “mühəmmirə” (ərəbcə - “qırmızı bayraqlı” deməkdir), “sorxələm” (fars dilində eyni mənanı verir), habelə “sorxkulah” (“qırmızı papaq”) adları ilə də tanınırdı.

Tarixçilərin “qırmızı bayraqlılar”ın etiqadı və dini təlimi haqqında bir-birindən ziddiyyətli qeydləri mövcuddur. Konkret misallar:

“Siyasətnamə” müəllifi Nizamül-mülk yazır: “Xəlifə Mehdi zamanında “qızıl bayraqlılar” deyilən Qorqan batiniləri xürrəmilərlə birləşdilər və dedilər ki, Əbu Müslim diridir...”

Səmani (“Kitab əl-ənsab”) yazır: “Bu qədər bəddin olduqları halda İslamdan qabaq yaşamış hökmdarlardan Şirvin adlı birisini özləri üçün peyğəmbər sanır və elə güman edirlər ki, bu şəxs Məhəmməddən (s.), habelə indiyə kimi gələn başqa peyğəmbərlərin hamısından daha yüksək imiş. Yığıncaqlarında onu yada salıb ağlar və nəğmə oxuyarlar”.

Seyyid Mürtəza ibn Dan Həsən Razi (“Təbsirət əl-əvam fi mərifəti məqalat əl-ənam”) də eyni sözləri təkrarlayır: “Onlar (xürrəmilər) deyirlər ki, İslamdan əvvəl Şirvin adlı bir hökmdar özünü peyğəmbər elan etdi... Onlar deyirdilər ki, Əbu Müslim dəlillər və möcüzələr sahibidir. Bu tayfanı “xürrəmiyyə” adlandırırdılar. Onlar ölkənin hər yerinə yayılmışdılar...”

Əbu Mənsur əl-Bağdadi (“əl-Fərq beyn əl-Firaq”) də eyni kəlmələri səfə düzür: “Babəkilər öz dinlərinin meydana gəlməsini Şirvin adlı əmirə (hökmdara) istinad verirlər ki, o da İslamdan əvvəl olub. Onlar iddia edirlər ki, onun atası zənci, anası isə İran şahlarından birinin qızı idi”.

Saray yazarları Həsən ibn Abdullahı, yəni Babəki “təkgöz fahişənin bic oğlu” adlandırır və bu iddiada olanlardan biri – Əbu Hənifə Dinavəri (“Əxbar ət-tifal”) yazır: “Onun əsli və təlimi haqqında adamlar müxtəlif rəydədirlər. Fikrimizcə, ən dürüst və qəti budur ki, o, Əbu Müslimin qızı Fatimənin oğlu Mütəhhərin nəslindən əmələ gəlmiş və buna görə Fatimilərə mənsub olan “xürrəmilər” adı alıblar...”

Əş-Şəhristani (“əl-Miləl van-nihal”, s.132) yazır ki, Xürrəmidin hərəkatı rəhbəri Allahın insan surətində görünməsi (hülul) nəzəriyyəsini qəbul etdi, ruhun bir cismdən digərinə köçməsinə (tənasüx əl-ərvah) inanırdı və bu əqidədə idi ki, İmamın qeyb olan ruhu sonradan (rəcət) qayıdacaq.

***

Ola bilsin ki, bu yazıların hamısı həqiqət və ya yarımhəqiqət, yaxud tam yalan olsun. Amma Abbasi tarixçiləri cidanı nə qədər dolaşıq rəylərdə gizlətsələr də, sonda bəzi qeydlər Xürrəmi hərəkatı və Babəki anlamaq üçün açar ifadələr olur.

Tarixçi əl-Məsudinin (“Əxbar əz-zaman”, s.472) “xürrəm” sözü ilə bağlı maraqlı bir qeydi var: “Bütün İran şahları, Ərdəşirin zamanından başlayaraq, adətən, öz əyanlarından örtülürdülər; şahla birinci dərəcə adamlarının (əyanların) oturduğu məkan arasında 20 qulac (0,5 metrə bərabər uzunluq ölçüsü – Ə.R.) məsafə vardı, [şahı gizlədən] niqabla şahın özü arasında 10 qulac məsafə vardı; birinci dərəcənin nümayəndələri də niqabdan eyni məsafədə otururdular. Niqabın önündə cəngavər törəməsi olan bir adam durardı və o, xürrəmbaş titulunu daşıyardı; o öldükdə bu titul cəngavər nəslindən olan digərinə verilirdi... Vaxtı birgə keçirmək üçün şah öz əyanlarını qəbul etdiyi zaman xürrəmbaş sarayın ən yüksək yerinə çıxıb səsini gərərək bərkdən və hamının eşidəcəyi tərzdə qəbula gələnləri xəbərdar edirdi: “Ey dil sahibi, həddini bil, çünki sən şahın hüzurundasan!”

Bu sətirlərdən nə hasil olur?

Əl-Məsudi də digər Abbasi tarixçilərin Xürrəmilər hərəkatı və Babəkə vurduğu çeşidli yamaqlar – əyyaşlıq, şəhvətpərəstlik, ruhların iqtibası və s. və i.a. – əyri güzgüdəki əkslərdir. “Xürrəm” gizli, qeybə çəkilmiş ali məqamla insanlar arasında vasitəçi, gizli, rəmzi qapıdır.

Sözün etimologiyasına, mənşəyinə əsaslanaraq ehtimal etmək olar ki, mənbələrdə “Babək” və “Baban” deyə xatırlanan üsyan rəhbərinin ismi də “xürrəmbaş” kimi eyni mənanın daşıyıcısıdır. Və əslində, onun düzgün yazılışı Babərkdir. Yəni “bab” – ərəbcə “qapı”, tələffüzdə bir hərfi düşmüş “ərk” – “məhrəm”, “ərk olunan” kimi anlaşılmalıdır. Yəni “məhrəm məqamın qapısı” – Babərk.

Xatırladım ki, türk tədqiqatçısı Fuad Köprülüzadə də şiə etiqadındakı Sahibəz-zamanın etiqadı və onun saxta naiblərindən – “qapılar”ından danışarkən (xilafət dövründən tutmuş XIX əsrdə İranda qopmuş üsyanın rəhbəri Baba qədər) Babəki də bu sıraya əlavə edir. Deməli, “Babək” adının mənşəyi barədə ehtimalım həqiqətə daha yaxındır, yaxud ən azı məntiqli fərziyyədir. Eyni məntiqlə düşünürəm ki, Xürrəmi siyasi-dini hərəkatı özünün bütün dolaşıq, ziddiyyətli, batini və zahiri mahiyyəti ilə islamçı bir hərəkat olaraq sonu qızılbaşlıq olan ələvilik, hürufiliyin sələfi, başlanğıcıdır. Bütün adları ilə bərabər, “sorxkülah”, yəni “qırmızı papaqlılar” adı daşımış babəkiliyin Qızılbaş hərəkatı ilə oxşarlığını, onun sələfiliyini tarixçi Fəzlullah ibn Ruzbehxanın qeydləri də (“Tarixi-aləm-arayi-Amini”, London, 1957, s.61) əyani təsdiqləyir: “Həmin 893-cü ilin (1488-ci il) hadisələrindən miskin şeytanın, yəni ərdəbilli Şeyx Heydərin üsyanını göstərmək olar... Rum, Talış və Qaradağdan çoxlu adam onun yanına toplandı və deyirdilər ki, onlar şeyxi özlərinə Allah (məbud) hesab edir, dua və ümumi namaza fikir verməyib, ona qiblə kimi baxırdılar... Şeyx onların arasında ibahat etiqadını və Babəkin dini qayda-qanunlarını təbliğ edirdi”.

Necə bilirsiniz, mən haqlıyam, yoxsa Tarix?


Əziz RZAZADƏ


P.S. “Tarix və tarixçilər” mövzusuna bir tutarlı əlavəm: şair Məhəmməd əz-Zəyyat əsir alındıqdan sonra xilafət paytaxtına gətirilən Babək haqqında bu beyti deyir:

Fili adəti üzrə bəzədilər!

O, Xorasan şeytanını gətirir!

Ziya Bünyadovun kitabında – istər kiril əlifbası ilə, istərsə də latın qrafikası ilə olan yeni nəşrdə – “şeytan” sözü səhvən, ya da bilərəkdən “sultan” kimi yazılıb”. İnanmayanlar orijinalla tutuşdura bilər.

# 8061 dəfə oxunub

Müəllifin son yazıları

# # #