Rüstəm İbrahimbəyov üçün çığırtma

Rüstəm İbrahimbəyov üçün çığırtma
1 iyun 2011
# 16:58

Mən kinonu Rüstəm İbrahimbəyovdan heç də az sevmirəm. Və fikrimcə, milli kinonun qayğıları “Avrovijn” yarışmasında iştirakdan, hətta bu müsabiqədə qələbədən də qat-qat önəmlidir. Çünki “Avrovijn”da ingiliscə mahnı oxumaq, məncə, yad mədəniyyəti yamsılamaqdan, təqlid etməkdən başqa bir şey deyil və böyük mənada bu zəfərin milli mədəniyyətə qatqısı yoxdur. Azərbaycan kinosu isə məhz mədəniyyətimizin siması, tanıtım nişanıdır.

Sizcə, Azərbaycan kinosunun inkişafı kimdən asılıdır?

Əbülfəs Qarayevdən?
Fazil Məmmədovdan?
Bəlkə... kənd təsərrüfatı naziri İsmət Abasovdan?

Həvəs və boydan böyük iddia

Mənim kinoya sevgim bir dəfə başıma əməlli-başlı iş açdı. Demək olar ki, işsiz və cibimdə bitin də tapılmadığı vaxtlarıydı. “Kurtlar vadisi” serialından başı dumanlanmış kino, daha doğrusu, kino kuluarlarından belə beş dayanacaq uzaqda olan iki gənc saqqızımı oğurladı.

Fəhmim bir atımlıq barıtla silahlanmış, şirin dili ilə başqalarına acı daddıran adamı kilometrdən də seçməyə imkan verir. Yox, bu iki gənc həmin qəbildən deyildi. Həvəs vardı, yalnız həvəs, xoş niyyət, boylarından böyük iddia və tez bir zamanda şöhrət çələnginə yiyələnmək arzusu. Səbrimi döyənək edib kinoman uşaqlara “həyat dərsi” keçdim. Amma köpükləri yatmadı. Əksinə, saqqızımı darta-darta axırda ağzımdan tam çıxardılar.

Çiy kərpicdən ssenari

Pul iyi gəlməyən yerə heç ayaq basmaq fikrində deyildim. Amma bir dostumun tövsiyəsi məni kino dənizində boğdu. Razılaşdıq və mən ilkin şərtlərə əsasən, bir ssenari yazdım. Əvvəlcə çox həvəssiz, sonra gün-gündən artan coşquyla “Vicdan öləndə” adlı qısametrajlı bir filmin təməlini qoydum. Çiy kərpiclə hörülən ssenari, qəribə də olsa, gənc kinomanlarda heyrət doğurdu. “Milli kino-bomba” haqda o qədər xoş sözlər eşitdim ki, özüm-özümə heyrətləndim: “Görəsən, mən niyə bu vaxtadək “Oskar” almamışam?!”

Kiçik düzəlişlər etdiyim ssenarini məndən təhvil alan gənc kinorejissorun öz planları vardı. Mən bu planların rəsmi hissəsində iştirakçı deyildim. Amma danışıqların gedişindən mütəmadi məlumatlanırdım. Əvvəlcə ANS-lə müştərək şirkət yaratmaq istəyən gənc rejissor sonda ANS-in törəməsi sayılacaq “Bakıfilm”də sıravi işçi olmağa tam razılaşdı. Mənə gəlincə, “Bakıfilm”lə müqavilə əsasında əməkdaşlıq, vergiödəyici kimi qeydiyyatda durmaq şərtləri qəbuledilməz idi. Vahid Naxışdan bir bədii ssenari üçün ayda cəmi 150 manat alacağımı eşitmək isə lap dözülməziydi. Ona üç ay bundan əvvəl alınmış diş fırçası ilə orijinal bədii mətnin fərqini başa saldıqdan sonra sakitcə yerimdən qalxdım və dikbaşlığımdan heyrəti üzündən oxunan əhatəsinin gözü qarşısında konfrans-zaldan çıxdım.

Pikassonun rəngsazla söhbəti

Heyrətli gözlər içəridə qaldı, mən isə daha bir dəfə “Bakıfilmə” qayıtmalı oldum. Mailə Muradxanlı məni düz bir saat dilə tutdu ki, ssenarini təhvil verim. İnadımdan geri çəkilmədim və “doğduğum körpəni” şor qiymətinə “Bakıfilm”ə satmaqdan imtina etdim. Və onu həmin vaxtlar fəal kino çəkilişləri aparan rejissor İzzət Əzizova təqdim etdim. Növbədə ikinciydim, belə ki, məndən öncə başqa bir müəllifin ssenarisi əsasında film çəkilməliydi. Ayağım, deyəsən, ağır oldu, premyerası Yaşıl teatrda keçirilmiş son filmindən sonra İzzət Əzizovun yaradıcılıq studiyası müflis duruma düşdü. Daha doğrusu, bildiyim qədər, sponsorun əliaçıqlığı bitdi.

İndi evdə üçmü, beşmi, - dəqiq sayı heç yadımda deyil, - kinossenarim yatıb qalır. Onları bekar vaxtımda yazmışam. Bu siyahıya biri də əlavə oluna bilərdi. Onu da öz tövsiyəsi ilə məni növbəti dəfə həvəskarların cənginə atan dostumun vasitəçiliyi ilə yazmışdım. O günə qədər Azərbaycanda kinonu “məni qədər sevən” ikinci, həm də iş adamının olduğunu ağlıma da gətirməzdim. İndi adını belə xatırlamadığım həmin şəxsdən təklif əsasında bir döyüş filmi ssenarisi yazdım və...

...kinodramaturgiyanın bütün qayda-qanunlarına əsasən yazılan ssenari onun nəzərində heç oldu. “Yox, bu, mən istəyən deyil!” Sərt, incik, hətta savad və bacarığımı şübhəyə alan baxışlar altında sponsoru, prodüseri, rejissoru və bəlkə də baş rolunun ifaçısı özü olacaq sifarişçiyə ədəbi dildə təxəyyül, üslub və s. haqqında dərs vermək cəhdim boşa çıxdı. Və anladım ki, daş qayaya rast gəlib. Rembrandtın, yaxud Pikassonun rəngsazla sənət haqqında söhbətinə bənzər dialoqun sonda davaya çevrilmək ehtimalının yüksək olduğunu görən dostum yenidən araya girdi və mən təslim oldum.

Sifarişçinin imla diktəsi

Sifarişçinin noutbuku qarşısında oturub onun diktə etdiyini, imla yazan orta məktəb şagirdi kimi, yazıya çevirdim. Yalnız ikimizin olduğu otaqda o, epizodları bir-bir təsvir edir, dialoqları səsləndirir, sanki çəkiliş meydançasında imiş kimi, yerə yıxılır, sürünür, “avtomatdan atəş açır”dı...

“Film” bitdikdən və mən son cümlənin ardınca nöqtəni qoyduqdan sonra “çəkilişdən” yorulmuş sifarişçi tərli boynunu cib dəsmalı ilə silə-silə mənə yaxınlaşdı və yazıq səslə, az qala utana-utana dedi: “Olar ki, ssenaridə mənim imzam olsun?” “Əlbəttə, olar!” Adını və soyadını baş hərflərlə yazdım. Kaş üzündəki ifadəni görəydiniz! Sifət allandı, yandı, hərif özünü Kannın qırmızı xalçası ilə yeriyən adam kimi təsəvvür edirdi.

O, hisslərimi anlamaq gücündə deyildi; mən isə “imla”nın həcminin kiçikliyini 18-lıq şriftlə gizlədib epopeya çevirə bilməyimdən, bir də bu gərəksiz cızma-qarada imzamın olmamasından göydə uçurdum.

“Döyüş filmi”nin üzünü köçürdüyümə görə, təbii ki, qonorarımı aldım. “Bəs edər, az deyil ki?!” - deyə “çəkilişdən” sonra qarğıdalı yağında bişirilmiş pomidorlu-yumurtalı çığırtmanı gözünə təpən sifarişçi yüzlükləri sayıb mənə uzatdı. Qonorarı fırtıqlı yaylıq kimi iyrənə-iyrənə cibimə qoydum. “Tez qazanılan pul” tez də xərclənib cibdən çıxdı.

Dəyərlər bərabərliyi

Bu hekayəti dinlədikdən sonra bir daha soruşuram: Sizcə, Azərbaycan kinosunun inkişafı kimdən asılıdır?

...Bəlkə... kənd təsərrüfatı naziri İsmət Abasovdan?

Normal halda, normal məkanda, tutalım, “Xəyallar fabriki”ndə - Hollivudda məhz ümumi siyahıdakı sonuncu şəxsdən. Sizə qəribə gəlməsin, oralarda hər ilin əvvəlində kənd təsərrüfatı məhsullarına, o cümlədən qarğıdalıya dövlət satınalmalarının qiyməti elan olunur. Kinoindustriyaya, xüsusən kinoteatrlar şəbəkəsinə bu qiymətlərin təsiri böyükdür. Belə ki, tamaşaçı zala daxil olana qədər biletin qiymətinin tam bərabəri, ən azı yarısı qədər pul ödəyərək sərinləşdirici içki və qovurulmuş qarğıdalı alır...

Gün gələcək ki, buralarda da oralardakı gerçəklər mövcud olacaq: azad rəqabət şəraiti, kommersiyalaşma, kinoindustriyaya sərbəst yatırımlar, sponsorlar üçün vergi güzəştləri, kinoyayım şirkətləri və TV-lərin kinoşirkətlərlə sivil münasibətləri, geniş kinoteatrlar şəbəkəsi, kinoteatlarda yüksək xidmət səviyyəsi və s. və i.a.

Tövsiyələr almaqla,bütün bunları başqa mədəniyyətlərdən əxz etmək, hətta inzibati üsullarla addım-addım həyata keçirmək olar. Amma məmur qərarından əsla asılı olmayan bir mühüm məsələ də var, məncə. Şəxsi rəyimdir: yaradıcı insanın və onun yaradıcılıq məhsulunun dəyəri bilinməlidir. Hazırda bu dəyər qarğıdalı yağında bişirilmiş çığırtmaya bərabərdir.

# 1855 dəfə oxunub

Müəllifin son yazıları

# # #