Kulis.az gənc şair Əsəd Qaraqaplanın şeirlərini təqdim edir.
İsmayil abi
- İsmayıl abiii!
- Hooop!
- Neynədin?
- İş görüşməsinə getdim
Yenə qapılar arxasında qaldım, şair...
Sən neynədin?
- Səhərə qədər küçə itləri kimi yenə çox darıxdım, abi
- Yalnızdınmı?
- Yox, deyildim.
- Nədən darıxdın bəs, şair?
- Bilmirəm, abi.
Yanımda biri yatanda darıxıram...
- Səninki də çox zor, şair
- Neynim, abi...
Daha birini sevib yanımda ayıq tutmaq
imkanım olmadı heç
Bir sevdiyim olmadı yanında yatım...
Yuxusuzluq nə zor şeymiş, İsmayıl abi...
Sanki xirtdəyə qədər ayıqlıqda boğulursan...
- Mecnuunnn!
- Əfəndim İsma...
- Pardon, şair.
- Buyur, abi.
- Bir sevdiyin-falan yoxmu?
- Gecələri sevirəm, abi.
Sevdiyim insanların məni tərk eləmədiyi gecələri.
- Hooop!
- Əfəndim, abi?
- Allah eşkinə insan gecələri sevərmi?
Sənin ağzından çıxanla
qulağının duyduğunun arasındakı fərqi...
Ha mən sənin gecələrini sevəyim...
- Necə abi?
- Deyirəm ki, çox darıxırsan bə, şair...
- Elədi, abi.
- Deyirəm ki, dəniz bi dalğalansa
ordan atam güləcək.
- İsmayıl abiii!
- Hoooop!
- O gəmi bir gün mütləq
gələcək mütləq gələcək...
Bakıya sevgi məktubu
heç unutmayacağım bir günün var uzaqda
ilk dəfə sənə gəldiyim
gəlib səni gördüyüm gün
məni küçələrinə tapşırdın gecə vaxtı
oysa o gün isti yataqlarında
yatan “övladlarından” daha təmizdim, Bakı
daha əcəmi, daha anadangəlməydim...
18 yaşımdaydım – oxumağa gəlmişdim
həyatı görməmişdim, səni görməmişdim, Bakı
mən səni gördüyümdə daha çox ögey anaydın
daha çox fahişəydin, Bakı
səni ilk dəfə ana eləməyə gəldiyimdən
özüm belə xəbərsizdim...
indi mənim əllərim hər yerindən üzülüb
balaca kirayələrdə - gecəqondularında
indi mən bu həyatı məni doğduğun
və məni
küçələrinə buraxdığın gecədən az sevirəm
indi mən səni daha çox anlayıram, Bakı
hissləriylə oynanıb küçələrə atılmış bir qadınsan -
boşanmış
iki körpə balanla küçələrdə qalmısan -
küçələrində, Bakı
mənsə sənə aşiq olmuş uşağam, uşağınam...
imkanım olsa, evim olsa, evimdə yerim olsa
səni götürüb gedərəm
balalarına atalıq, qadınlığına kişilik edərəm, Bakı
bilirəm bu şəhərdə tək yaşanmır, yaşlanmır
tək yaşlanılmır sənin küçələrində
hara getsək təklik səndə bir ölüm
təklik səndə bir sevgidi - ayrılığı əlində...
indi sənin məni bu qədər incitməyin
məni tək buraxmağın
yəqin məni daha az incitmək üçündür - bilirəm
bilirəm ki, başqa bir şəhər olsaydın
sevərdin məni, Bakı
buraxmazdın yalnızlığa - ölümə...
- hansı ana istərdi ki övladını öldürsün?
- övladını daha çox sevən istərdi...
və mən hər gecə səni yuxularımda deyil
yuxularımı səndə görürəm, Bakı
hərdən ayılıb gecələri səndə şərab içirəm
siqaret çəkirəm, şeir yazıram səndə
hərdən səndə qadınlarla sevişirəm -
sevdiyim qadının gözlərinin önündə...
sənin küləklər yox
kələklər şəhəri olduğunu deyənlər
sənin seviləcək mələk olduğundan xəbərsizdir
xəbərsizdir bu boyda şəhərində şəhərsiz olduğundan
küçədə qaldığından
körpələrindən xəbərsizdir -
məndən xəbərsizdilər
mənim səni sevdiyimdən xəbərsizdir kələklilər...
mən sənə rast gələndə qadın olmalıydın, Bakı
ana oldun
dışladın məni o gün bir fahişəni sevdiyimdə
küləklərlə savurdun
elə yorğun buraxdın ki ortalıqda kimsələri sevəmmədim
sənə gəldiyim gündən çıxıb gedəmmədim, Bakı...
bəzən başqa şəhərələrə çıxıb getdin
başqa şəhərlər oldun
başqa qadınlar oldun
başqa uşaqlar doğdun
başqa şəhərlər səni başqa qadınlar kimi
atıb getdilər, Bakı
başqa qadınlar kimi qayıtdın, döndün, gəldin...
doğduğun uşaqlardan biri məndim
biri də
hələ rast gəlmədiyim sənə bənzəyən qadın
onun da tapmadığı biri məndim
biri mən...
və sən mənim məni doğan uşağımdın
əllərin elə balaca, gözlərin elə məsumdu
səni anam deyib qucaqladığım
gecələr daha çox övladım idin
və mən hər gün biraz daha doğurdum səni sevməyə...
- Bakı, işdən gəlmişəm, üşümüşəm
isti bir şeyin varmıdır yeməyə?!
Böyük ayrılıqlar
böyük ayrılıqlar vardı içimdə
kiçik adamların çıxıb getməsindən...
mən nə acılar yaşadım - yazmadığım
mən nə fikirlər söylədim - acımadan
həyatımı qurbanlarla bütövlədim
gedənlər yer qoydu mənə - özüm olum
dəyər verdiklərim fahişə sifətiylə çıxıb getdi
hamıda bir qisas varmış ayrılıqdan...
böyük ayrılıqlar vardı içimdə
hələ böyüməmişdim bu gecədən səhərəcən
havanın soyuqluğu içimi isitməmiş
qaranlıq qapıdan çöldə gözləməkdə...
mən - dağınıq bir otaqda darmadağın
saçlarım dağınıq - üzüm tüklü üzüm
son qadın da bu gecədən səssiz keçir
yatır - körpə balaların qucaqlayıb...
mənim otağımda Bakı şəhər deyil
mənim otağımda bizim kəndimiz yox
biri yox - ayıra məni tənhalıqdan
biri yox - üzümə baxıb dəli deyə
biri yox - qopara məni Tanrılıqdan...
böyük ayrılıqlar vardı içimdə
böyük ayrılıqlar, böyük ayrılıqlar
hər kəs anlayacaq qədər anlatılmaz
böyük ayrılıqlar, böyük ayrılıqlar
kiçik adamların çıxıb getməsindən...