Öpəcək adamım qalmadı - Qaraqaplandan yeni şeirlər

Öpəcək adamım qalmadı - Qaraqaplandan yeni şeirlər
20 noyabr 2021
# 19:00

Kulis.az Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.

Mən, pis adamlar və eşq

İçimizin qaranlıq tərəfidir –
doğmaların pis yanları.
hər gün sol tərəfimi dayanmadan ovuram.
hər gün pis adamları özümə tərəf qovuram -
doğmalaşıb.

mən hər gün bir az daha pis adamam biri üçün.
içimin hər gün ağrıyan yeri üçün
yeni pis adam gəzirəm aşiq olum...

bir sevgi üçgənidir bu:
mən və pis adamlar və eşq.
ya da mən pis, eşq və doğma adamlar...

qaranlığı içimin divarlarına suvamışam –
pislik içəri girməsin.
içimin işığını da söndürmüşəm suvamaqla.
nə etsəm sevgi adında
içimin pis yanı məndən daha tez xəbərdar olur.
daha tez aşiq oluram pis birinə.
daha tez tapır məni pis adamlar, sol yanım.

sol yanım, ciyərim, canım...

unudulmuş deliriyam
yəni dəliliyim, xanım...
mənə bir qədəh də gətir ayılmayım sabaha
and olsun Allaha
mən yetim olsaydım əgər
bu qədər tarana gedib
bu qədər açıq-aşkar gedə bilməzdim ölümə.

Ah qaranlıq
bir dəfə gündüz-günorta düşə bilsən əlimə...


Öp məni, Deliriya

İçimizin ən dərin qatlarında hamımız bir tanrıyıq
Hamımız bir uşağıq tanrı boyda
Sevgi boyda hamımız bir ağrıyıq
Hamımız bir əzabıq, Deliriya…

İçimizi yeyib bitirdik gündəlik həyatla
Ötəri qayğılarla.
Hansımız tanrı olmağa hazır idik?!
Hansımız günah hissinə sevgi deyə bildik ki?!

Məni öp, Deliriya

Bugün də ayrıldım mən
Bugün də içimdəki bir sevgini basdırdım
Qanım, yarasız qanım öz içimə axıb durdu
Elə qaraldı vücudum sormadım
Sarılacaq adamım qalmadı mənim
Öpəcək adamım qalmadı
Sevəcək adamım yoxdur, Deliriya...

Zaman yol boyu rayondan şəhərə gəldiyim kimi
Üstümdən acıtək keçir
Sevgi dörd bir yanımdan ətrafa səpələnmiş
Mən ağrını vücudumda axtararkən ruhumda tapan biriyəm
Mən ayrılığı belə çılğın yaşayan biri.

Sərxoş olmaq necə ayıqlıq imiş
Sevmək necə dəlilikdir, Deliriya...

İçimi parçalayan bir mən varam
Bir mən varam bədənimin sahibi
Tanrını gözlərimə təpirəm kor gəzə-gəzə.
Mən bilirəm sevgi unudlamaq hissi
Ayrılıq ölmüzsüzlükdür.
Dünyanı yaradanların ayrılıq hissi var lütfən
Lütfən məni hər şeydən
ayrımağa gücü yetən tanrı olsun, Deliriya

İstəyirəm sərxoşluq tanrı olsun
Mən tanrını içimdə gəzdirim lütfən içə-içə.
Lütfən bir tanrı olsun
Lütfən biri olsun durub üzümə şillə vursun.
Ş hərfini daha canlı hiss eləmək istəyirəm
Tanrı Ş hərfiylə başlasın lütfən.
Lütfən bir ocaq çatsınlar baş ucumda....

Gecənin üstündən

Öncə yatmış gecələrin üstündən uçub keçdim
Öncə sadəcə uçdum...

İnsanlar gecə boyunca sarılmadan yatırdılar
Uşaqlar oyuncaqlarına sarılı.
Öncə yatmış küçələr dirildi bəbəklərimdə
Öncə sərxoşlar göründü gözlərimə -
Dünyanın uşaqları.
Gecənin vaz keçiləməz orduları...

Bir neçə şair gördüm
Qaranlıq üzlərini Aya söykəyib yatırdı
Sevgililər hələ də ayrı idilər - özgə yataqlarında
Qızlar öldürülürdülər, oğlanlar şəhid olurdu.
İnsanlar qocaldığında sağ qalırdı...

Qocalıq səhəri erkən açmaq üçün tez yatırdı
Din hələ də cübbə geyməklə məşğuldur
Mentalitet əxlaq donu.
Və yoxsul evlərindən çox uzaqda başlayırdı tualet.

Aclıq qurultu şəklində gecənin anadil səsi
Və yata bilməyən körpənin nəfəsi
Dünyanın ağrılarını səsində daşıyırdı.
Ümid o qədər ölmüşdü
İnsan sadəcə yatmağı yaşayırdı...

Bir də itlər ayaqqabı daşıyırdı qapılardan

Qarılar namaz qılırdı
Qocalar hacca gedirdi
Gəlinlər gözlədikləri ərlərinin
Damı kimi üzlərini örtürdü...

Bir də mən ötüb keçirdim göy üzündən
Bir də leysan baxışlarım
Yumaqla məşğul idi ağacları
Hamını başa düşürdüm
Hətta körpələri belə
Bircə o qaranlıqda içimdən keçirəmmirdim acları

Onlar nə sərxoş idilər
Nə ağrılı
Nə qarı, nə qoca idi
Nə şair idilər onlar.
Onlar tox qarına gündüz çalışmış sevgi idilər
Onlar qanadlarım boyda sərgi idilər gecəyə...


Biri mənə Tanrı olduğumu desin

Üzülürəm, əlbəttə
İçimdən keçənləri söyləməyə üzülürəm
Nəfəs alıb-verməyə
Su içib, çörək yeməyə üzülürəm...
Üzülürəm, əlbəttə
Uzanıb rahat yatmağa
İçməyə üzülürəm
O qədər ağrılıdır ki adamların həyatı
O qədər sıxıntılıdır ki anlatmaq
Başqa mövzuya keçməyə üzülürəm....

Üzülürəm, əlbəttə
Türkü dinləmək bir az da üzür məni
Ya da Çingiz xana baxıb kef almağa.
İçimdən gəldiyi kimi yaşamağa
İnsan olmağa hətta üzülürəm...

Biri məni çəkib alsın bu yerlərdən
Götürüb aparsın məni biri məni
Biri mənə yönlük halında getməyi arzulamasın.
Üzülməsin biri mənə
Biri mənə üzülməsin.
Biri üzülməsin biri, üzülürəm....

Saçımı oxşasın biri
Biri mənə rok oxusun yata bilim
Biri elə səs-küy salsın ayılmayım.
Biri məni elə adam saysın ki,
Özüm üzülüm yenə, özüm adam sayılmayım....

Üzülmürəm, əlbəttə
Əlbəttə, üzülmürəm
Hər şeyi olduğu kimi gördükcə üzülmürəm.
Adamların arasında gəzdikcə
Adam cildinə girdikcə üzülmürəm...

Biri mənə Tanrı olduğumu desin
Biri mənə onu mən yaratmışam
Biri mənə üzülməsin
Mən Tanrıya insan olaraq çatmışam....


Hələ gələn olacaq

Qədim zamandan qalma tanrı kimiyəm indi
Bir ayrılıq kimiyəm ən çox sevdiklərimdən.
İnsanı anlamayan çox şairlər görürəm
Tanrının göz yaşları axır iliklərimdən...

Hamını tərk edirəm bu gündən Tanrı kimi
Hamını öz içimdə gömürəm öldürərək.
Sevgim çox dərindədir – məzar yerindən dərin
Özümü də atıram öz qoynuma girərək...

Bir tikə quru çörək, bir qurtum şərab gətir
Bir ovuc torpaqdadır dağ boydakı vücudum.
İnsanam Tanrı kimi, Tanrıyam insan kimi
Mən bu divarları da çoxdan, çoxdan uçurdum...


Bapbalaca canım var, bir nəfəslik həyatım
Bir dünyalıq sevgim var içimdə gəzdirdiyim.
Sən ey yarımçıq insan, sən ey natamam şair
Sən ey çörək puluna ruhumu əzdirdiyim...

Məni də yaşadırsan, mənim ruhum çox dərin
Torpaq nədir bilirəm, daş nədir, ağac nədir...
Mən yoxluqdan var olan 7 milyard insanam
Bilirəm varlıq nədir - susuz nədir, ac nədir...

Sənin özün də mənəm, sən məndəsən, mən səndə
Qalacaq mənəm səndə, sənsən məndə qalacaq
Mənə bir sayğın olsun, qapıını ört gedəndə
Hələ gələn olacaq, hələ gələn olacaq...


Sən ey ən gözəl xain

Nəyə baxırsan, Deliriya?
sən heç Tanrı görmədinmi?!..
niyə yenə qorxduğumu düşünürsən?
mən bu 36 ildə hər dəfə aynaya baxıb
Tanrı gördüm, Deliriya...

amma bilmirdim tanrılar necə olur
sən gələn günə qədər.
sən Tanrı düşməni deyilsən, Deliriya.
sən mənim dəlilik halım
sən mənim o gün gəldiyim əhvalımsan...

"Mən o adamam" – yazmışdım divarıma
mən divarlarım olmadan yaşamışdım
mən həmişə yaşamışdım, Deliriya...
sən içkiylə gələn bir hal
əsəblə yoğurulan qadın
mənim sol qabırğamın üst tərəfi, Deliriya

sən beynimin içindəki bir başqa Tanrı halım
sən daha 40 yaşım olmamışdan qabaq
gəlib çıxan ərbain

sən, ey ən gözəl xain

məni yenidən Tanrıya çevirməyi
yenə çox gözəl bacardın...

yenə qucaqla məni
gəlmə, məndə olduğunu bilirəm
mən sənə Tanrı gəlirəm, Deliriya...

baxma ucuz gecəqondular yaşamım
baxma işsiz-gücsüz biri
baxma ötəri qayğılar əsiriyəm.
baxma... ya da bax istəsən, Deliriya...

hər şeyi olduğu kimi görmək Tanrının işidir
hər şey Tanrının işi
sənin işin Tanrıya gəlmək işidir, Deliriya...

insanları boş ver, getsin
qadınları ondan da boş
amma uşaqlara dəymə, Deliriya
bir də analara dəymə
ya da heç kimə dəymə
burax, boş ver hər kəsi
yenə məndə üzülmə, yenə boynumu əymə...

Tanrıda olmaq, Tanrının olmaq sənin içindədir
Tanrının içindəsən sən, Deliriya.
Tanrının içi sənsən...
ehh... mənim dəliliyim
ehh... mənim əsəb pozanım....
yenə öz işindəsən sən, Deliriya...

# 2654 dəfə oxunub

Müəllifin son yazıları

# # #