Bu gün gənc şair Əsəd Qaraqaplanın ad günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və yeni şeirlərini yayımlayır.
Sonuncu Ayrılıq Şeiri
mənim tənhalığım sənin yoxluğunla doludur
mənim tənhalığım sənin yoxluğunla...
nə Kafka var indi məni sorğulasın
nə Milenaya məktublar
indi sən varsan, Vüsalə
min ildir axtardığım
min bir il sonra tapdığım...
qədər uşaq yanların
var ki, mənim böyüklüyüm çoxalarkən
səni heç bir yanımda tapa bilmirəm
sən mənim yanımda olmayanda bir çarə varsa
o da – tək çarə mənim yanımda olmağındır
ya da mənim
bütün bu dəliliyimlə sənin yanına gəlməyim...
ictimai quruluşu dəyişdirəcək qədər
bir yanın varmış məndə
mənim ataxaqanlıqdan
anaxaqanlığa keçmək istəyim...
qüsuruma baxma, Vüso
mən çox erkən kişiliyin
hakim olduğu mühitdə böyüdüm
qadınların insan ola bilmədiyi mühitdə
sanki qadınlar burda kölə olmağa hazır
ana olmağa hazır...
o qədər də əsəbiləşmə
bizdə analar cənnətin onların ayaqlarının
altında olan bir qadınlar
üstündə əzilsələr də dünyanın...
sanki onlar yerlikləmiş kimidirlər
bu dünyadan qaçmağa
ama mənim səndən qaçmaq
fikrim yox kimi səslənir
min ildə itirdiyimi
doqquz yüz il qabaq kimi
bir müddətdə tapmaq kimi...
səni bir əsr özləmək
bir qadını min il unutmaq kimidir
səni bir kərə sevmək
insanın yaradılığı ildən bəri
ilk dəfə insan olmaqdır...
məncə insan yarını tapdığında insan kimi
sevdiyini tapdığında ilk dəfə insan kimidir...
indi səni mənim əlimdən artıq
nə Kafka qurtara bilər
nə Milena
indi bizim bəlkə bir görəvimiz vardır sadəcə:
mən ata olmalıyam
sən də ana...
Monika Belluççiyə Sevgi Məktubu
canım, gözüm, ürəklim – üzülmə sən
Monika Belluççi kimi gözəl deyilsən ama
Monika Belluççi kimi ürəksiz də deyilsən...
aynalara baxma belə
aynalar ki göstərmədi içimizi çölümüzə
gözlərimiz görməyəndə bizi aldatmadı yalnız
sevişərkən gözlərini
nədən yumduğunu indi anlayıram...
saçlarını dağıdarkən baxdım sənə
oysa sən çox dağınıqmışsan
sevişmək öncələri...
kimsələrə demə ama –
qadınlar sevişərkən iki qat qadın olur
iki qat gözəl olur
sənin də gözəlliyin sevişərkən
daha üstün Monika Bellucidən...
o qadınlar vardır ha –
gəlmədən alışmışdılar getməyə
onların gözəlliyi də gəlmədən getmişdir o gün...
gözəl qadınların gözəl
sevişdiyin görmədim heç
gözəl qadınlar gözəl unudulmuş çirkinlərdi...
kimsələrə demə ama –
o qadınlar sevişə bilmədiyindən
bir qat qadın belə olmur
bir qat gözəl belə olmur...
bir qat belə Monika Belluççi olmur, ürəklim...
görmədən sevdiyimiz qadınların
gözəl çıxma ehtimalı
bizi daha çox üzür
bizi daha çox üzür görəndə vurulduğumuz qadınlar...
canım, gözüm, ürəklim – üzülmə sən
mənə Monikadan bir şeylər anlat
de ki Monika Belluççi sən deyilsən...
Kişi Hönkürtüsü
heç bir ağrı kişi hönkürtüsü qədər
dəhşətli deyil, Şəhriyar
kişi bütün ağrıları
canına yığdığı zaman hönkürür...
ilk dəfə nənəm öləndə
atamın hönkürdüyünü görmüşdüm
sonra atam intihar etməmişdən
bir gün qabaq hönkürmüşdü...
zamanı nə qədər geri
insanı nə qədər irəli atsan
ağrılar o qədər gəlib doluşurlar canına
zamana meydan oxumaq
hönkürtünü içində cürərtməkdir...
atam oysa mən ağrını duymamışdan
hönkürməyə başlamışdı
zamana meydan oxuyub intihara getmişdi...
bir üsyanın ən çılğın anıdır bəlkə hönkürmək
bəlkə ölmək hönkürməkdən bir gün əvvəlin işidir
bir kişi nə zaman ölür, Şəhriyar?
bir hönkürtü neçə milyon ağrıdır?
atam çiyinlərinin titrəmiylə
ağrıların rəsmini çizmişdi mənim yaddaşımda
daha dörd yaşım olmamış qoynuma girmişdi ölüm
sonra on beş yaşımda intiharı gətirmişdi hönkürtü...
dünya ölümlülərin son üsyan yeri, Şəhriyar
son ağrı yeridir oysa hönkürtü...
Qanımız Azadlığımızdı, Xuraman
gördüm damarlarını çox üzüldüm, Xuraman
həyata enmək vaxtıykən
iynələr, sitemlər damarlarımıza endi
bizi acı dərmanlara qonaq etdi ayrılıqlar
həyatımızın rəngləri bədənimizin rəngləriylə dəyişdi
xəstə olduq bu xəstələr arasında
xərclədik ömrümüzü əsəb cığırlarında
gənckən unutmalıydıq gənckən unutdurdular
bizə şans qoymadılar özümüz kimi olmağa...
bir Rafiq Tağımız vardı - adam kimi həkimdi
həkim kimi adamdı
onu da arxasından vurdular qaranlıqda
bizim ürəyimizə
onunsa kürəyinə saplandı namərd bıçağı
indi halımızı soran yox
yanımıza gəlib-gedən
bütün ayrılıqların ömrü bir bıçaqlıqmış
bütün şairlərin də həyatı bir ayrılıqlıq...
damarlarını gizlət daha, Xuraman
bir insan yerimiz varsa
qanımız axan damarımız
bir yaşam yerimiz varsa qanımızdı
qanımız azadlığımızdı, Xuraman...
Dəniz Gəzmişə
hava işıqlanmışdı
ölümümə dəqiqələr qala
bu üsyancı ruhumun son yeri otağımdı
öləcəkdim -
bir daha məni sevməyə gəlməyəcəkdi dostlar
bir daha sevməyəcəkdi məni öksüz qadınlar
yetimlər boynubükük qalacaqdılar
bütün haqqı tapdananlar
qanadlarımın kölgəsindən gedəcəkdi...
mən də gedəcəkdim elə sadə insanların məni
özlərindən biri bilməsindən yana
öz ölümümdən çox məni
hər kəsdən ölməyim daha çox yandırır
bu sabahı işığında...
mən bu sabah durub getməliydim sonsuz gecələrə
adamlara sevgi sunmalıydım hələ günortalar
axşamları içki masalarında türkü söyləməliydim...
insanların yaşamaq ümidi idim
son ümidim kəsiləndə
mən öləcək qədər cavan deyildim
mən yaşayacaq qədər yaşlı biri
həyat heç harda başlayıb harda bitdiyinə baxmır
kimin kimi olduğunu heç sormadan edam edir...
hava işıqlanarkən qaranlıq çökür üstünə
sevgiyə götürülmüş bütün ömürlər yarım
bütün üsyanlar yarıda qırılmaqda
bütün dənizlər dənizin dibində boğulmaqda...