Kulis.az Emin Pirinin son vaxtlar yazdığı şeirləri təqdim edir.
"Sənsizm"
(N.H-ı tanıdıqdan sonra)
Səni sevmək
zülm bir iş,
burda doğulmaq kimi.
Alın yazısını
sondan əvvəlinə
oxumaq kimi...
Səni sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab kimi...
bu qədər vazkeçilməz
bu qədər günah...
Bir az da
qabırğasını çimdikləyib
oynadığım əzrailin
kölgəsində sürünmək.
Tellərinin havasına
barmaqlarımın oynaması,
əllərimin hörüklərinlə
əl-ələ tutub yallı getməsi
səni sevmək...
Saçlarımın qarasını
sığalında itirib,
nağıldakı qurbağanın
dodağından öpməkdi –
bəlkə sənə çevrildi.
Öpüşlərimi qızılgül ləçəkləri kimi
boynundan asmaq,
çiynimdə mələklər yerinə
saçlarının rəqs etməsidir
sənə tapınmaq.
əllərim darıxmasın deyə
Tanrı yaratdı səni.
Qapımızın cəftəsinə çevrilib əllərim
bəlkə döyəcəksən qapımı.
Heç nə istəmirəm,
Hər sabah zəngli saata çevrilsin
yatağımda "oyan” deyən öpüşün.
Yetişməmiş göyəmlər
hədiyyəm olar boynuna
aldığım hər öpüşün əvəzində.
dillərimizin yerini dəyişərik
ağzımızda "fransızca”.
İndi Adəmlər
yoldan çıxır bir yox, "cüt alma”ya.
Ya özün gəl,
ya da qaytar qabırğamı.
Orda
həbsxana divarları ucalır,
bir ağac boylanır həyətindən.
hər mövsüm gözətçi budayır
divarlardan
azadlığa çıxan budaqlarını.
Azadlığı
məftillərdən kənara çıxan
kölgəsi dadır bu ağacın.
Sənə uzanan əllərimdi o budaqlar...
Getdiyin bütün yollar kölgəmdi mənim.
Heç bir quruluş ovutmur məni
nə kapitalizm, nə də kommunizm
indi hər yer "Sənsizm”di.
Tanrılar məbədi qadın
Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.
Küsər,
Baxışları –
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.
Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.
Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.
İndi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaq üçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...
Xatırladınmı,
ata-anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün "xilaskar” kimi
"Can qurtarırdı” abort masasında.
Burda anlayırsan ki,
Sevmək – solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.
Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
"Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
"Xahiş edirəm, daha mənsiz get”
Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında, sevgili.
Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm
bütün arzularımı ovcuna pıçıldayaram
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi qadın.
Şaxta babanın burnu
Dərdin acığına
gedək
kimisə sevindirək...
Şaxta baba qurduq
həyətdə qardan.
Əlindən gələni elədi hər kəs
kimisi can verdi,
kimisi nəfəs.
mən də yerkökündən burun düzəltdim.
Ancaq doyunca baxıb
Sevinə bilmədik yapdığımıza...
Geyimi kimi
yaşlı bir qadın
yaxınlaşıb fağır-fağır:
olar,
bu yerkökünü
nəvəmə aparım...
Dən
“Sülh göyərçinləri”
adlandıran da oldu
səmamızda nərildəyən uçaqları.
Ancaq bu “göyərçinlər”
Buğdaya gələnə oxşamırdı heç,
Özləri göydən dən töküb
dənləyirdi
sünbül-sünbül uşaqları....
Babamın əlləri
Müharibə əliliydi babam,
aldığı təqaüdün qəpiklərini
gizlədərdi əlində.
“Tapın görüm, hansı əlimdədi?
Pul, tapanındı”
oynardı bizimlə.
Heç vaxt tapmadıq
qəpikləri hansı əlində gizlətdiyini.
görəsən, bilirdimi
biz bilirik
bir əlini müharibədə itirdiyini...
Diqqətsiz
Bir az sərxoşluqdan,
bir az da söhbətin şirinliyindən
qırıldı şərab badəsi
yıxılıb əlimdən.
Baxıb
Köks ötürdü
xidmətçi xanım:
“cənab leytenant,
bu da qadın ürəyi deyil ki,
diqqətsizlikdən qırasız!”
Qara sevinc
Mavi ekranda
Afrika çocuqları
futbol oynayır. -
doldurub
BMT-dən yardım göndərilən
prezervativ şarları.
Üzlərində,
gözlərində sevinc.
Xoşbəxtlik budu, Tanrım?!
Elə bil alın yazısının doqquzluğuna
vururlar qolların.
Puşkinlə Yesenin arasında
Kəsilən günləri üst-üstə gəlsək,
Ömrümün neçənci ili eləyir?!
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
“Saxla” işarəsin verir polislər,
Yenə düz keçməyib küçəni külək?!
Cibindən saralmış yarpaqlar çıxır,
Çəkir qorxusundan içini külək.
İçinə çəkilib, yığılıb sular
Day hava udmaq da havayı deyil.
Deşilib gedibdi dənizin dibi,
Üzün dimdikləyən qağayı deyil!
Hələ də arzular dumana düşüb
Yenə də ümidlər bir yol axtarır.
Bu tənha adamlar, bu tək adamlar
Qoluna girməyə bir qol axtarır.
Yolları palçığa batmış o kəndin
Baca tüstüsünə isinir bulud.
Təndirdə küt gedib bir kündə sevgi, -
Bir azdan başlayar işini bulud.
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
Kəsilən günləri üst-üstə gəlsək,
Ömrümün neçənci ili eləyir?!
Üzü çopur səhralar
Burda nə dərd-sər bitir,
nə din-kitab davası.
Göydə quştək vurulur
müsəlmanın duası.
Göydən dualar düşür
ətəyi, üzü qanlı.
Analar ağzı dualı,
analar diz çökübdü,
analar dizi qanlı.
Uşaqlar bələyə yox,
qana bələnir burda.
Timsahların göz yaşı,
başdakının iştahı
seyfə sığmır banklarda.
Anaların ağzından
qanlı dualar qopur.
Üzün yırtır səhralar,
səhralar çopur-çopur.
Əllər göyə uzanıb
vurulan duaları
göydə saxlamaq üçün.
...Yer kürəsi əlində
qanlı duayla uçur.
Allahla mərc çəkək
Bir az çətindi yaşamaq,
bir az asandı,
dərd çəkək.
Bir az yolüstü oturaq,
Allah yolunda xərc çəkək.
Ürəyin sızlar hardan?!
Orda o qızlar hardan?!
Yenə allahsızlardan,
Gedək bir az borc çəkək.
Kimisi filan-filandı,
kim fırladı,
kim dolandı.
Kim haqlıdı,
kim yalandı?!
Gedək
Allahnan mərc çəkək.
Mesaj
O qız da mesajnan atdı...
gülləsin
Allah, bu soyuqda,
ucada nə var?!
Bu günün rəngini dəyişdi külək,
gedim..
baxım görüm...
hecada nə var?!
Sərbəst şeir kimi vurnuxur külək,
ölçülü evlərin hecası yoxdu.
Tökülən yarpaqlar çox cavan imiş,
gəzdim arasında...
qocası yoxdu.
Yağışı, küləyi kəsib gedirəm,
dilimi dişimdə kəsir son sözün.
Səni bu dünyaya tanıtdı bəlkə
bu cılız canınla firon sözün.
Pəncərə döyənə oxşamır külək,
dağıtmaq istəyir evi, eşiyi.
Qafiyə xətrinə deyim:
- Aparsın
küçədə əsnəyən iti-pişiyi.
Bu Həvva qızların gözü açılıb,
Lap belə cənnətin bağları kimi.
Əriyib gedirəm susuz metroda
alpinist yendirən dağ qarı kimi.
O qız da mesajnan atdı...
gülləsin
Allah, bu soyuqda, ucada nə var?!
Bu günün rəngini dəyişdi külək,
gedim...
baxım görüm...
hecada nə var?!