Azərbaycanlı yazıçının Amerikada pornoya getməsi-XATİRƏ

Azərbaycanlı yazıçının Amerikada pornoya getməsi-<span style="color:red;">XATİRƏ
15 aprel 2014
# 11:30

Kinorejissor, yazıçı Həsən Seyidbəyli 1971-ci ilin noyabr, 1972-ci ilin mart aylarında bir dəstə incəsənət işçiləri ilə birlikdə Amerika Birləşmiş Ştatlarında, Meksikada olmuş, Belçikanın şəhərlərini gəzib. Sonralar “İyirmi gün Amerikada” adlı yol qeydlərində bu səfər haqqındakı təəssüratı toplayıb.

Kulis.Az Həsən Seyidbəylinin “İyirmi gün Amerikada” kitabını ixtisarla təqdim edir.

İncəsənət sahəsində çalışan başqa yoldaşlarım kimi səyahətə çıxanda mən də, təkcə, getdiyim ölkə ilə tanış olmuram, bu səyahət həm də yol yoldaşlarımı dərindən öyrənməyə imkan yaradır. Təkcə eyni ölkəni, yeni bir xalqı yox, həm də yeni insanları yaxından tanıyırsan. Onlar sənin arxan, məsləkdaşın olurlar. Boş vaxtlarda, bir yerdə qaldığımız saatlarda müşahidələrimizi təhlil etməklə yanaşı, təbii olaraq, qəriblikdə vətənimizi, yaxın adamlarımızı, tərcümeyi-halımızı daha tez-tez xatırlayırıq.

Biz iyirmi dörd nəfər idik. İyirmi dörd müxtəlif xasiyyətli, müxtəlif təbiətli, müxtəlif peşə sahibi olan kişilər və qadınlar. Aramızda yazıçı da var idi, kinorejissor da, rəssam da, aktyor da, operator da, həkim də. Özü də səyahətimiz bir ölkəyə deyildi. Üç ölkəni görüb öyrənməliydik: Amerika Birləşmiş Ştatlarını, Meksikanı və qayıdan baş Belçikanı.

Birinci gecə yata bilmədiyimi görüb televizoru qurdum. Nyu-York vaxtı ilə saat üçün yarısı idi. Televizor işləyirdi. Tanış sifət gördüm. Sevindim. Amerika aktyoru Poul Muni məşhur Fransa yazıçısı Emil Zolya rolunda çəkilmişdi. Mən bu filmi çoxdan görmüşdüm. Indi də köhnə tanışım kimi onunla burda görüşdüm, - burada Nyu-Yorkda! Lakin bir şey məni tez-tez kədərləndirirdi. Demək olar ki, hər hissədən sonra filmi dayandırıb reklamlar göstərirdilər. gah cürbəcür avtomaşınları, gah pal-paltarı, gah da xırdavat mallarını təbliğ edirdilər. filmdən belə ləzzət aldım.

Səhər pəncərəni qaldırıb küçəyə baxmaq istədim. Əllərim qapqara dudaya batdı. Hiss etdim ki, açsam küçənin dudası ciyərlərimə dolacaq. Aşağı baxdım. Küçə kərpic divarlar arasında quyuya bənzəyirdi. Göy də görünmürdü. Beşinci mərtəbədə qaldığımıza baxmayaraq, elə bil dərin quyunun dibində idik. Bunu da gərək öz gözünlə görəsən. Yoxsa, Nyu-Yorkda, göydələnlər içində yaşamağın “ləzzətini” əsil mənada duymazsan.

Keçirdiyimiz həyəcanlı gecənin ilk səhəri... İlk dəfə küçəyə çıxırdıq. Amerika torpağına ayaq basırdıq. Lakin bu torpaq deyildi. Beton idi. Beton səkilər, evlər, göydələnlər...

Avtobusa mindik. Göydələnlərin cərgələndiyi küçələrlə səyahətə başladıq. Səkkiz milyon əhalisi olan Nyu-York boş görünürdü: haraya baxırsan – beton şüşədən hörülmüş göydələnlər. alt mərtəbələri saysız hesabsız, gözqamaşdıran bahalı maşınlarla dolu avtomobil parkları, pal-paltar, zərgərlik malları ilə, cürbəcür saatlarla, çəkmələr, mebellərlə bəzənmiş nəhəng vitrinlər, bəzi səkilərin yanında yiyəsini gözləyən minik maşınları, evlərin tinlərində gecə-gündüz sönməyən yeni il yolkaları. Hər şey göz qamaşdırırd. Ancaq elə bil səkkiz milyonluq əhali şəhəri tərk etmiş, yaxud nədənsə qorxub gizlənmişdi.

Bizim otelin ətrafındakı küçələr təmiz idi. Tinlərdə qoyulmuş xüsusi qurğu zibil yeşiyini əvəz edirdi. Buralarda keçəyə heç bir şey atmırdılar. Lakin sonra, bir az uzaqlaşdıqca, gözümüz önündə qəribə bir mənzərə açıldı.

Enli beton küçələr boyu qəzetlər, kapron kisələr, yumurta qabıqları, ümumiyyətlə, zir-zibil adlandırdığımız şeylər səkilərə, beton küçələrə o qədər səpələnmişdi ki, bu bizi heyrətə gətirdi. Bu zibil qalaqları səliqəli göydələnlərlə belə ciddi, qəşəng cizgiləri olan binalarla, hamar beton səkilərlə heç cür uyuşmurdu.

Binaların arasındakı dalanlarda, həyətlərdə, xırdaca meydançalarda qalaqlanmış zibil getdikcə çoxalır, külək kağızları kapron kisələri qamarlayıb göyə sovurur, avtobusun şüşələrinə çırpırdı...

Bələdçimiz dedi ki, zibil Nyu-Yorkun ən böyük bəlasıdır. Şəhər o qədər zibillənib ki, nəinki süpürgəçilər, hətta bu rayonlarda işləyən polislər də tətil elan edirlər. ona görə belə edirlər ki, Nyu-Yorkun meri şəhəri təmizləmək üçün vəsait ayırsın. Bu zibilliklər içərisində yüz minlərlə siçovul törəyib. Siçovullar həmin rayonda yaşayan ailələrdəki körpələr üçün böyük təhlükədir.

Göydələnlər dünyasından çıxıb, Harlem rayonuna yaxınlaşdıq. Hündür binalara burada da tez-tez təsadüf olunurdu. Arabir harayasa tələsən zənciyə təsadüf edirdik.

Bələdçimiz onu da dedi ki, bütün Nyu-Yorkda olduğu kimi, bu rayonda ev xərci, mənzil xərci çox yüksəkdir. Kərpicdən hörülmüş on-on beş mərtəbəli binaların fasadı boyu, lap aşağı mərtəbədən başlamış yuxarı mərtəbəyə qədər, divara dəmir pilləkənlər hörülüb. Böyük küçələrdə belə mənzərələri görəndə elə təsəvvür yaranır ki, sanki evə həyətdən baxırıq. Dəmir pilləkənlər evlərin fasadını korlayır və yöndəmsiz edir. Belə dəmir pilləkənlər yanğın dəstələrinin tələbi ilə Amerikanın bütün binalarında qurulmuşdur. Bələdçimiz əlavə etdi ki, bu pillələr təkcə yanğın dəstələrinə deyil, qarətçilərə də çox kömək edir, quldurların evləri soyması üçün yaxşı imkan yaradır.

Harlemin küçələri də çox zibilli idi. Küçələr, beton səkilər göyə sovrulan köhnə qəzetlərlə, sınıq kürsü və divanlarla doludur. Onları pəncərədən birbaş küçəyə atırlar.

Neçə il bundan əvvəl gördüyüm, məşhur Amerika rejissoru Steni Kramerin böyük ustalıqla çəkdiyi “Son sahə” filmini xatırladım.

Yenə göydələnlər rayonuna gəlirik. Küçələr – dərin quyunun dibi. Biz bu quyu dibi ilə gəzirik. Bələdçimiz bizi Uol-stritdəki birjaya gətirib çıxarır. Deyir ki, burada bir neçə saatın ərzində biri müflisləşir, başqası milyonçu olur. Aksiyalar gah qiymətə minir, gah da qiymətini itirir. Kim daha hiyləgərdirsə, kim daha zirəkdirsə, cəld tərpənirsə, başqasını daha tez aldadırsa, o da qazanır!

Liflə yuxarı qalxırıq. Bizi üst mərtəbənin şüşəbənd dəhlizindəki tamaşa yerinə gətirirlər. burada, şüşə arxasından, aşağıda eşitmədiyimiz “gurultuya”, çaxnaşmaya tamaşa edirik. Yüzlərlə hiyləgər dollar siyasətçilərinin nümayəndələri, nökərləri, həyatlarını bu işə sərf etmiş mütəxəssislər, şarlatanlar, əllamələr, bəzən də işin incəliyini bütün dərinliyi ilə hiss edən adamlar bir-biri ilə ölüm-dirim mübarizəsi aparırlar. Bir-birinin üzünə gülə-gülə bir-birini soyur, məhv edirlər. elə bil milyonlarla milçək şirəyə qonub. Gah nədənsə hürküb havalanır, qara bulud kimi qaynayıb-qarışır, gah da yenidən həmin şirəyə qonur. Döşəmə kağız parçaları ilə doludur. Divarlarda hesablayıcı cihazlar işləyir. Uzun rəqəmlər tez-tez yanıb sönür. Rəqəmlər kiminsə sevincinə, kiminsə bədbəxtliyinə səbəb olur. Burada ancaq bir qqanun var: biri ölməsə, başqası dirilməz!

Amerikada olduğumuz müddətdə məndən dəfələrlə soruşdular ki, haradan gəlmişəm? İspaniyadanmı, İtaliyadanmı? Cavab verirdim ki, Azərbaycandan. Ancaq təəssüf ki, burada da, orta səviyyəli amerikalının ölkələr haqqında təsəvvürü çox məhduddur. Onlar əsasən öz işləri ilə, ailələri ilə məşğuldurlar. Kənar şeylərlə az maraqlanırlar.

Bir yandan da başqa xalqlar haqqında, xüsusilə sovet xalqları haqqında həqiqəti onlardan mümkün qədər gizlətməyə çalışırlar, digər tərəfdən də, çox dərinə getməyə onların özlərinin nə vaxtları, nə də imkanları olur. Çox vaxt “Azərbaycan” sözünü başa düşməyəndə mən təsəvvürü bir qədər genişləndirmək üçün deyirdim ki, Qafqazdanam. Çoxları bunu da başa düşmürdülər. Ancaq Sovet İttifaqındanam deyəndə başlarını tərpədib gülümsünürdülər. Demək olar ki, hamı mehribancasına gülümsünür, “sovetik, sovetik” – deyə bizi salamlayırdılar.

Küçələrin birində bahalı bir maşına yanında iki uşaq olan qəşəng bir xanım yaxınlaşdı. Çox gözəl və vüqarlı bir görkəmi vardı. Bizim aktrisalardan biri gülümsünüb dedi ki, “bahalı qadındır”. Özü də Amerikada belə bahalı qadınlar” ana olmağa çalışırlar. Dünyaya bir-iki uşaq gətirilər. Əvvəl belə qadınlar it saxlayırdılar. Əcaib itlər. İndi isə yeni dəb düşüb. Xırda, qəşəng geyimli uşaqlarla gəzirlər. Maşında, yaxud təyyarədə əliuşaqlı “bahalı qadınlar”a tez-tez təsadüf etmək olur.

Bu heç də o demək deyil ki, Amerikada uşaq sevmirlər, əksinə, adi amerikalılar əsasən çoxuşaqlı olurlar. Söhbət yalnız özlərini düşünən, məhəbbətsiz yaşayan, öz gözəlliklərini cürbəcür yollarla reklam etdirən qadınlardan gedir – “bahalı qadınlar”dan.

Yaraşıqlı binalar, yeni opera teatrı, meydançalar, səkilər, bəzən böyük bir kompleks kimi yaranmış sərgilər. göydələnlər əsasən Manhetten adlanan adada yerləşir. Bu ada Nyu-Yorkun başqa adaları ilə körpülər, tunellər vasitəsilə birləşib, əlaqələnir.

Göydələnlər haqqında söhbətimizi yekunlaşdırmaq üçün əvvəlcə 102 mərtəbəli binanın yuxarı mərtəbəsinə qalxırıq. Buraya əlbəttə, tək biz səyahət etmirik. Gündə onlarla, bəlkə daha çox turist dəstəsi hələlik dünyanın ən uca göydələninin yuxarı mərtəbəsinə qalxır. Bunun üçün də bilet alırıq. Yuxarı meydançalara qalxmaq üçün bir neçə liftə minmək lazım gəlir.

Liftdən-liftə keçə-keçə 86-cı mərtəbəyə çıxdıq. Nyu-Yorku buradan seyr etdik. Göydələnləri daha aydın görmək üçün meydançanın kənarlarında xüsusi cihazlar-nəhəng durbinlər qoyulmuşdur.

Durbinə yaxınlaşıb, gözlüyündən baxdım. Heç nə görmədim. Amerikalı qonşum mənə dedi ki, durbinin daxılına on sent atmaq lazımdır. N sentə Nyu-Yorku yaxından seyr etmək olar. “seyr pulunu” verdikdən sonra göydələnlərin his çəkmiş divarlarını gördüm. Fikirləşdim ki, görəsən bu 40-50-60 mərtəbəli binalarının divarlarının hisini necə təmizləmək olar? Bunun üçün yəqin ki, mürəkkəb qurğular ucaltmaq lazımdır. Bəlkə də bu çirki heç vaxt təmizləyə bilməyəcəklər.

Aşağıda küçələr boyu sel kimi axan minik maşınları və avtobuslar oyuncaq kimi görünürdülər. Əlvan rəngli maşın seli.

86-cı mərtəbənin meydançası başdan-başa metal torla əhatə olunmuşdu. Bələdçimiz dedi ki, bu toru quraşdırmamışdan əvvəl çoxları özünü buradan atıb intihar edirdi. Bura intihar etmək istəyənlər üçün ən münasib yer idi. Hətta 102-ci mərtəbədən də özünü aşağı atanlar olurdu. Yoldaşlarımızdan kim isə zarafatla soruşdu:

- Hanı bəs ilk görüşümüzdə bizi qorxudub, dediyiniz qatillər?

Bələdçimiz gülümsündü:

- Elə dünən gecə təkcə sizin mehmanxananın yaxınında dörd nəfəri öldürüblər, yeddi nəfər qadın və qızı zorlayıblar.

Mən düşündüm ki, Nyu-York kimi böyük şəhəri gəzib dolanmaq nə bir günün, nə də bir həftənin işidir. Biz Amerika adlanan bu “tamaşaya” ancaq salondan baxırıq. Səhnənin arxasındakı hadisələrdən, qarışıqlıqdan çox vaxt xəbərimiz olmur. Səhnənin arxasını görmək üçün xeyli vaxt və imkan lazımdır.

Keçən gecə öz nömrəmizdə televizora baxdığımız zaman küçədən gələn tükürpədici sirenaların bir neçəsi bizim otelin ətrafında baş verən faciəli hadisələrdən xəbər verirmiş

Əgər burada hər şeyi görməyə imkanımız olsaydı, yəqin ki, dəhşətə gələrdik. Lakin biz ancaq yaranmasına xərclənmiş nizamlı küçələri, mağazaları, vitrinləri, bankları görürdük...

Bir dəfə cəsarət edib metroya da endik. Aşağıda əlini yoldan keçənlərə uzadıb sədəqə istəyən dilənçilər yer-yerdən səslənirdilər, lakin onlara heç məhəl qoyan yoxdu. Dilənçilərin paltarları çox qəribə idi. Çoxu rahibə bənzəyirdi.

Nyu-Yorkun metrosu bizi xeyli təəccübləndirdi. Kərpic divarları olan xəlvət, yarıqaranlıq, kimsəsiz stansiya vahiməli idi. Elə bil –“Hadisə” adlı Amerika filminin kadrlarına daxil olmuşduq. Burada nə istəyirsən – elə, nə cinayət törədirsən törət, mane olan, yaxud kömək əli uzadan tapılmayacaq.

Metronun vaqonuna minib yola düşdük.

Vaqonun divarları reklamlarla bəzədilmişdi. “Coca-cola”, cürbəcür qadın corabları, çılpaq qadın qıçları ilə reklam olunurdu. Bu reklamlar içərisində orda-burda dayanmış sadə amerikalıları seyr edirdik.

Axşamlar vaxtımızı nömrədə keçirməyə çalışırıq. Çünki havalar çox soyuqdur, gah yağış yağır, gah qar. Bələdçimiz proqram üzrə bizi bir yerə aparmırsa, biz televizoru qurub, Nyu-Yorkun eləcə də bütün Amerikanın on bir, on iki proqramı arasında maraqlı verilişlər axtarırıq.

Eybəcər bir varlıq. İki ayaqlıdır, lakin insan deyil. Bu heybətli varlıq, rastına çıxan cavan qızları, onların sevgililərini boğur. Polis onun izinə düşür, lakin onu tutmaq asan deyil. Qeyb olur. Bu heybətli varlıqdan bəhs edən filmin davamını görmək üçün yəqin ki, heç kəs televiziya ekranından ayrıla bilmir. Lakin filmin maraqlı yerində hadisələr kəsilir, ekranda yenə də zavoddan təzəcə çıxmış minik maşınları nümayiş etdirilir. Sonra yenə həmin heybətli varlıq ekranda görünür.

Yenə dəhşətli hadisələr baş verir. Gecədir. O ətrafda yaşayan adamların gözünə yuxu getmir. Evlərin qapıları öz-özünə açılır, fəryad, inilti, ölüm... yenə az qalırlar qatilin izinə düşsünlər, lakin, o, meşəlikdə gözdən itir. Kim isə ürəklənib, polis nəfərlərinə kömək etmək istəyir. Həmin cəsur adam bir azdan sonra qatillə üzləşəcək. Elə bu vaxt hadisələr yenə kəsilir, televiziya stansiyası yeni reklamlar göstərir. Mebel, çilçıraq, qadın tualeti, bərbərxana, ən yaxşı saçdüzəldənlər nümayiş etdirilir. Sonra yenə qadın şalvarları, müxtəlif çəkmələr göstərilir. Özü də bunun üçün yəqin ki, minlərlə qadın içərisindən seçilmiş manikenlər dəvət olunur. Reklamlar üçün multiplikasiyadan istifadə edilir.

Beləliklə, bir filmə axıra qədər baxmaq üçün üç-dörd saat sərf etməli olursan. Nəhayət, Amerikanın o gün üçün təbliğ etdiyi reklamların çoxuna məcburi olaraq baxdıqdan sonra, filmin son kadrlarını görürük. Həmin heybətli qatilə güllə də təsir etmir. Onu hiylə ilə qaz kamerasına salırlar. Kameranın havasını get-gedə boşaldırlar və qatil nə qədər heybətli olsa da havasız kamerada məhv olur.

Filmin dəhşətinin təsiri çəkilməmiş biz Nyu-Yorkun küçələrindən gələn sirenaların vıyıltısı altında özümüzü yuxuya verməyə çalışırıq.

Nyu-Yorkun məşhur “Müzik-hol”una getmək hələ Moskvada olduğumuz zaman proqrama salınmışdı. Bələdçimiz də “Müzik hol”a gedəcəyimizi bizə bildirmişdi. Lakin birdən gəlib xəbər verdi ki, bu, baş tutmayacaq. “Müzik hola”a bilet tapmamışdı. Çox qəribə idi. Amerikanın inturisti okeanın o tayından gələn qonaqları üçün bilet sifariş etməyə imkan tapmamışdı. Əlbəttə, ona görə deyildi ki, “Müzik holun” biletləri bir ay qabaqdan satılır. Bu, sadəcə səhlənkarlıq idi.

Bələdçimiz qəzeti bizə uzadıb dedi ki, baxın görün hansı tamaşa, hansı konsert xoşunuza gəlirsə, mümkün olsa ora bilet alaq.

Bizi “Oh, Kəlküttə!” adlı tamaşa maraqlandırdı. Bələdçimiz nədənsə özünü itirən kimi oldu. Müəmmalı bir tərzdə soruşdu ki:

- Doğrudan, o tamaşaya baxmaq istəyirsiniz?

- Əlbəttə, istəyirik!

Axşam yenə yağış yağırdı. Teatrın binası çox da uzaqda deyildi. Məşhur Brodveydə idi. Məlum olduğu kimi, Nyu-Yorkda bütün teatrlar və tamaşa salonlarının çoxu Brodveydədir. Teatr binasının qabağı camaatla dolu idi. Biletlər satılıb qurtarmışdı.

İçəri girdik.

Vestibüldə tamaşaçılar arasında müxtəlif millətlərin nümayəndələrini görmək mümkün idi. Hətta alınlarında qırmızı xal olan utancaq hind qızlarını da. Dedik ki, yəqin tamaşa hindlilərin həyatından bəhs edəcək. Lakin sonra məlum oldu ki, tamaşanın hindlilərə heç bir dəxli yoxdur.

Səhnənin qarşısında asılmış pərdənin üzərində çılpaq qadın şəkli çəkilmişdi. Bu, açıq-açığına pornoqrafiya idi.

Musiqi çalındı, pərdə açıldı. Bir dəstə oğlan və bir dəstə qız, əyinlərindəki xələtləri rəqs edə-edə çıxarıb, getdikcə güclənən parlaq projektorların işığı altında tamamilə çılpaq qaldılar. Nə qədər eybəcər, nə qədər abırsız, heysiyyətsiz insanlar! Göz görə-görə elə hərəkətlər etməyə başladılar ki, bizim adamların bir qismi ilk dəqiqələrdən durub salonu tərk etdi.

Deməli, bu gecəmiz də heçə çıxdı.

# 6400 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #