Tailandın Mey Xonq Son kəndi turistlərin ən çox sevdiyi məkandır. Bu kənd təkcə özünün əllə işlənmiş parçalarıyla deyil, qadınlarıyla də məşhurdur.
Mey Xonq Son kəndinin əhalisinin əksəriyyətini Karen tayfası təşkil edir. Bu tayfaya “uzunboyun qadınlar” tayfası da deyirlər. Karen tayfası Birma indiki Myanma ərazisində baş verən saysız-hesabsız müharibə və xaosdan sonra köç edərək Tailand ərazisində məskunlaşıblar. Tailand hökumətinin icazəsi ilə ölkənin şimalında onlara yaşayış məskəni ayrılıb. Hal-hazırda Karen tayfasının hesabına ölkənin şimalı turistlərin ən çox üz tutduğu əraziyə çevrilib.
Bəs Karen tayfasına bu qədər diqqət haradan qaynaqlanır? Əlbəttə onların qadınları, uzunboyun qadınları diqqət mərkəzindədirlər. Dünyanın hər tərəfindən turistlər uzunboğaz qadınlara görə Mey Xonq Son kəndinə axın edir.
Ağlınıza pis şeylər gəlməsin. Karen tayfasının qadınları öz uzun boyunları ilə seçilir. Dünyanın heç bir yerində qadınların boynu onların boynu qədər uzun deyil. Səbəb olduqca maraqlıdır.
Karen tayfasına mənsub qızlar 5 yaşına çatan zaman onların boynuna mis və yaxud da latun həlqələr salınır. Tayfa qadınlarının yaşı artdıqca onların boyunlarına taxılan mis həlqələrin sayı da artır. Bu həlqələr ömür boyu onların boynunda qalır. Həlqələrin çəkisi təxminən 5-6 kiloqrama bərabər olur.
Bu həlqələrə görə qadınların boynunun uzunluğu digər qadınların boynundan xeyli uzun olur.
Karen tayfasında bu adət yalnız qadınlara aiddir. Etnoqraflar məlum adət haqqında üç fərziyyə irəli sürür.
Birinci fərziyyədə həlqələrin qadınları pələng və başqa vəhşi heyvanlardan qorumaq üçün taxıldığı deyilir. Tayfanın kişiləri ova gedərkən qadınlar mühafizəsiz qaldıqları üçün onlar hər an vəhşi heyvanların hücumuna məruz qala bilərdilər. Buna görə də tayfa başçıları bu cür çıxış yolu tapıblar. Qurbanını boğmaq istəyən vəhşi heyvan qadınlara hücum edən zaman vurduğu yaralar ölümcül olmurdu.
İkinci fərziyyəyə görə tez-tez başqa tayfaların hücumlarına məruz qalan karenlilər qadınlarını qəsdən bu hala salırlarmış ki, düşmənlər onları eybəcər bilib əsir almasınlar.
Həlqə nə qədər çox olarsa qadının boynuu bir o qədər uzun olar, bu isə onun ərə getmək şansını daha da artırır. Üçüncü fərziyyədə belə deyilir. Karenli kişilər qadın boynunun uzunluğunu gözəllik kriteriyalarında əsas götürdükləri üçün ən gözəl qadın ən uzun boyun qadın, bir növ ən çox həlqə taxan qadın hesab olunur.
Mis həlqələr Karen qadınlarının təkcə sevimli bəzək əşyası, gözəllik simvolu deyil, həm də lənətləri, ölüm səbəbləridir. Karen tayfasında başqa bir qayda da mövcuddur. Qadın ərinə xəyanət etdikdə cəza olaraq onun boynundan həlqələr çıxarılır. Bunun nəticəsində metal həlqələrin təsirindən deformasiyaya uğrayıb xeyli uzanmış, hərəkətsizlikdən zəifləmiş boyun əzələləri yumşaq və zəif olur. Belə qadınlar artıq dayaq olmadan başlarını boyunlarının üstündə saxlaya bilmirlər. Həyatlarının sonuna kimi yataqda uzanıb yatmağa məhkum olurlar.
Yəqin elə buna görə uzunboyunlar tayfasında boşanma və xəyanətlərin sayı xeyli aşağıdır.
Karen qadınları mis həlqələrdən təkcə boyunlarını deyil, əllərini və ayaqlarını da bəzəməyi sevirlər.
Karen qadınlarının qulaqlarına ağır mis sırğalar taxmaq adətləri də var.
Bəlkə də Karen tayfasının bu adəti olduqca arxaik və bəzi hallarda ikrah yaradır, müasir həyatımıza uyuşmayan bir hal təsiri bağışlayır. Ancaq reallıq ondan ibarətdir ki, bu adətlərinə görə Karen tayfası Tailandın şimalına bir xeyli turist cəlb edə bilib və onlar turistlərin hesabına yaxşı dolanırlar.