Puşkinin qızına bənzəyən əxlaqsız qadın

Puşkinin qızına bənzəyən əxlaqsız qadın
10 yanvar 2024
# 11:00

Kulis.Az Elnarə Ağaoğlunun Lev Tolstoyun “Anna Karenina” romanı haqda yazısını təqdim edir.

İki nikah

“Bütün xoşbəxt ailələr eyni cür xoşbəxt, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir” – “Anna Karenina” romanı bu cümlə ilə başlayır. Əsəri səkkiz hissədən ibarətdir və yazıçı əsər boyu müxtəlif ailələrin sevinc və bədbəxtliklərini nəql edir.

Əsərin iki süjet xətti var: a) ərli qadın Anna Karenina ilə ona dəlicəsinə aşiq olmuş Aleksey Vronskinin məhəbbəti; b) mülkədar Konstantin Levin ilə Kiti Şerbatskayanın ailə həyatı. Nəzərə alaq ki, ehtiras və qısqanclıq dolu həyat yaşayan birinci cütlüyün fonunda ikinci cütlüyün sevgisi əsl idilliyadır. Yeri gəlmişkən, roman ilk variantlarda “İki nikah” adlanırdı.

Başqasının bədbəxtliyi üzərində

Anna Kareninanın həyatına ancaq qibtə etmək olardı. Yüksək cəmiyyətdən olan qadın tanınmış çinovnikin həyat yoldaşıdı, bir oğulları da var. Amma onun bütün həyatı vağzaldakı təsadüfi görüş nəticəsində kökündən dəyişir. Vaqondan çıxarkən onun baxışları gənc qraf və zabit Vronsikinin nəzərləri ilə toqquşur. Tezliklə onlar ikinci dəfə rastlaşırlar, bu dəfə balda. Hətta Vronskiyə aşiq olmuş Kiti Şerbatskaya da Vronskinin Kareninnaya vurğunluğunu hiss edir. Karenina da yeni pərəstişkarına qarşı laqeyd qala bilmir.

Amma Anna Peterburqa əri və oğlunun yanına qayıtmalıdır. İnadcıl və tərs Vronski də onun ardınca gedir. Qadının ailə vəziyyətinə baxmayaraq onunla münasibət qurur. Sevgili olana qədər ötən bir il müddətində onlar bal və kübar məclislərində görüşürlər. Onların münasibətlərinin dərinləşməsini Ananın əri Aleksey Karenin də daxil bütün kübar cəmiyyət müşahidə edir.

Əsərin qəhrəmanının Vronskidən uşaq gözləməsinə baxmayaraq əri boşanmaya razılıq vermir. Doğuş zamanı Anna az qalır ki, ölsün. Amma sağalandan bir ay sonra balaca qızı və Vronski ilə xaricə gedir. Oğlu isə ərinin himayəsində qalır.

Sevilisi ilə birlikdəlik ona xoşbəxtlik gətirmir. Anna Vronskini qısqanmağa başlayır. Vronski də öz növbəsində qadından usanıb bezməyə başlayır. Peterburqa qayıtmaları isə heç nəyi dəyişmir, üstəlik keçmiş dostları da onlardan qaçır. Onda qəhrəmanlar əvvəlcə kəndə, daha sonra isə Moskvaya gedirlər.

Düzdür, bundan sonra da onların münasibətləri möhkəmlənmir. Bir dəfə daha ciddi savaşırlar, onda Vronski anasını yoluxmağa gedir. Karenina da onun arxasınca gedir, ancaq vağzalda bu çətin situasiyanı həll etmək barədə düşünür. O, özünü qatarın altına atır.

Annanı itirməsini qəbul edə bilməyən Vronski könüllü surətdə müharibəyə yollanır. Onların körpə qızlarını isə Aleksey Karenin himayəsinə götürür.

Levinin ikinci şansı

Tolstoy paralel olaraq ikinci süjet xəttini inkişaf etdirir. Kiti Şerbatskaya ilə Konstantin Levinin tarixçələrini yazır. 34 yaşlı mülkədar 18 yaşlı Kitiyə aşiq olur. O, Kitiyə evlənmək təklif edir. Amma Kiti o zamanlar Vronskiyə aşiq olduğu için Levini rədd edir. Tezliklə zabit Annanın arxasınca Peterburqa yollanır və Şerbatskayanı tərk edir. Vronskini qısqanan Şerbatskaya xəstəliyə düçar olur, Levin isə kəndə öz mülkünü idarə etməyə və kəndli mujiklərlə işləməyə yollanır.

Ancaq Tolstoy qəhrəmanlarına ikinci şans verir. Məclislərin birində onlar yenidən rastlaşırlar. Kiti anlayır ki, Levini sevir. Levin də Kitiyə olan sevgisinin yox olmadığını dərk edir. Levin ikinci dəfə Şerbatskayaya evlənmək təklif edir. Bu dəfə qız razılaşır. Kəbin kəsiləndən dərhal sonra onlar kəndə gedirlər. Birlikdə yaşamaq onlara əvvəllər çətin gəlir, amma bununla belə xoşbəxtdirlər. Kiti Levinin qardaşı öləndə ona təskinlik verir, uşaq doğur. Tolstoyun fikrincə ailə məhz bu cür olmalıdır, həyat yoldaşları arasında isə mənəvi yaxınlıq labüddür.

Epoxanın güzgüsü

Klassikin oğlu Sergey Tolstoy da yazırdı ki, “Anna Karenina” kimi realist romandan ilk növbədə gerçəklik tələb olunur. Buna görə də təkcə həyatdan götürülmüş böyük faktlar yox, kiçik faktlar da roman üçün material rolunu oynadı.

Bəs müəllifi belə süjet yaratmağa vadar edən nə idi?

XIX əsr Rusiyasında boşanma çox nadir hallarda baş verirdi. Başqa bir kişiyə görə öz ailəsini atan qadınları cəmiyyət olduqca sərt tənqid edir, lənətləyirdi. Bununla belə istisnalar yox deyildi. Tolstoyun ailəsində də beləsi var idi. Misal üçün, onun uzaq qohumu Aleksey Tolstoy Sofya Baxmetovayla evlənmişdi. Cütlük tanış olanda Baxmetova artıq başqasında ərdə idi və bir uşağı var idi. Anna Karenina hardasa ümumiləşdirilmiş obrazdır.

Onun xarici görkəmindəki bəzi cizgilər Pşkinin qızı Mariya Qartunqu xatırladır. Qəhrəmanın xarakteri və onun düşdüyü situasiyanı müəllif müxtəlif hadisələrin əsasında birləşdirmişdi. Effektiv final səhnəsi də həyatdan götürülmüşdü. Tolstoyun Yasnaya Polyanada yaşayan qonşusunun otaq yoldaşı Anna Piroqova özünü qatarın altına atıb ölmüşdü. O, sevdiyi oğlanı yamanca qısqanırmış. Bir dəfə onunla dalaşır və Tulaya gedir. Üç gün sonra Tolstoyun qonşusuna məktub yollayan qadın özünü qatarın altına atır.

Bununla belə Tolstoyun romanı tənqidçiləri hiddətləndirmişdi. Anna Kareninanı əxlaqsız adlandırırdılar. Onların qadına müasibəti əsərdə kibar cəmiyyətin qəhrəmana olan münasibəti ilə eyni idi.

Müəllifin Vronski ilə Annanın yaxınlıq səhnəsini yazması da ətrafdakıları hiddətləndirmişdi. Mixail Saltıkov-Şedrin “Anna Karenina”nı “inək romanı” adlandırmış, Vronskinini isə aşiq olmuş kələ bənzətmişdi. Nikolay Nekrasov da öz növbəsində belə bir həcv yazmışdı:

“Tolstoy, sən öz istedad və bacarığınla

Sübut elədin ki, qadına “gəzmək” olmaz,

Nə kamer-yunker, nə də fliqel-adyutantla,

Çünki o həyat yoldaşı və anadır.

Müəllif isə öz “övlad”ı haqqında belə demişdi: “Əgər mən romanda demək istədiklərimi və təsvir etdiklərimi sözlərlə ifadə eləməli olsaydım, onda gərək yazdığım bu romanı yenidən yazaydım.”

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

# # #