"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri
11 aprel 2026
# 13:10

Bu gün tanınmış fransız şair, dramaturq Jak Preverin anım günüdür.

Kulis.az onun şeirlərini Azad Yaşarın tərcüməsində təqdim edir.

Birgə qəlyanaltı

Fincanına

qəhvə süzdü.

Qəhvəyə

süd qatdı.

Südlü qəhvəsinə

şəkər tozu əlavə etdi.

Sonra bunları

qaşıqla qarışdırdı.

Südlü qəhvəsini içib bitirdi.

Mənimlə bircə kəlmə də kəsmədi.

Bir siqaret

yandırdı.

Tüstünü halqalar şəklində havaya buraxdı.

Külü

külqabıya çırpdı.

Mənimlə bircə kəlmə də kəsmədi.

Sonra üzümə baxmadan yerindən qalxdı,

Şlyapasını başına taxdı,

Plaşını əyninə geyindi,

Üzümə heç baxmadı.

Mənimlə kəlmə kəsməyə gərək duymadı.

Bayırda yağış çisələyirdi,

Yağışa məhəl-zad qoymadan durub, getdi.

Mənə isə əllərimlə üzümü qapayaraq,

hönkürüb ağlamaq qaldı.

Sardina balığı satan

qadınlar üçün şərqi

Haydı, ay balaca qızlar,

fırlanıb dövrə vurun görüm

bu emalatxananın başına.

Qismət olsa,

bəlkə siz də bir gün girdiniz içəri.

Haydı, fırlanıb-dönün,

ay balıqçı qızları,

ay balıqçı yetimçələri.

Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də

bu emalatxana sahibindən

ara-sıra pul "qırpdıqlarını" düşünürəm, nədənsə -

yəqin elə o səbəbdən alın yazınızı

onlar sırf belə yazıbmışlar,

(sanki yazacaq başqa şey tapmayıblar!):

"Siz yoxsulluq içində ömür sürəcəksiniz,

külfətiniz başdan aşacaq,

hələ balalarınız da qıtlıq çəkəcək,

yoxsulluğa qatlaşacaq,

külfətləri başlarından aşacaq,

onları da oğul-uşaq basacaq,

xeyli oğul-uşaq..."

Haydı, bir fırlanıb-dönün, görüm,

ay balaca qızlar,

bu emalatxananın başına.

Qismətdə varsa,

bəlkə siz də bir gün girdiniz içəri.

Haydı, fırlanıb-dönün, görüm,

ay balıqçı qızları,

ay balıqçı yetimçələri...

Güllələnmiş adam

Bu tərəfdə çiçəklər, bağçalar, fəvvarələr,

qəhqəhələr və bir də... bitib-tükənməz həyat eşqi

Qarşı tərəfdə isə bir kişi sərilib yerə,

al qana bələnib adam.

O biri tərəfdə xatirələr, çiçəklər, fəvvarələr, bağçalar

və bir də uşaqlıq yuxuları...

Qarşı tərəfdə bir kişi sərilib, qalıb yerdə...

adam qana bələnmiş boğçanı xatırladır indi...

O biri tərəfdə isə çiçəklər, fəvvarələr,

bağçalar, xatirələr və bitib-tükənməz həyat eşqi...

O yerdə uzanan kişi indi

əl boyda körpə kimi mışıl-mışıl uyuyur...

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

"İlıq bir su kimidir içimdə yalnızlığım..." - Fazil Hüsnü Dağlarca

"İlıq bir su kimidir içimdə yalnızlığım..." - Fazil Hüsnü Dağlarca

16:00 26 avqust 2026
"Gəlib mən alardım sənin könlünü..." - Davud Nəsib

"Gəlib mən alardım sənin könlünü..." - Davud Nəsib

14:50 25 avqust 2026
"Bu uşaqlar Leyli-Məcnun eşqindən doğulmuş işıqlardı..." - Fikrət Qocanın şeirləri

"Bu uşaqlar Leyli-Məcnun eşqindən doğulmuş işıqlardı..." - Fikrət Qocanın şeirləri

10:45 25 avqust 2026
"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

11:30 22 avqust 2026
"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

16:30 21 avqust 2026
"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

17:10 20 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər