İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan Zəfər Muzeyindən REPORTAJ

İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan  Zəfər Muzeyindən REPORTAJ
21 noyabr 2025
# 15:45

Kulis.az APA-ya istinadən Zəfər Muzeyindən reportajı təqdim edir.

İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan Zəfər Muzeyindən REPORTAJ

“Xoşbəxtəm ki, biz öz Vətənimizə,
doğma Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya qayıdırıq
və bu torpaqlarda əbədi yaşayacağıq!”
Prezident İlham Əliyev

Əsrlərin hekayəsi Qarabağ və Şərqi Zəngəzur

Şanlı qələbənin hekayəsini nümayiş etdirən, Azərbaycan xalqının illər boyu arzuladığı doğma torpaqlara qayıdışın, birliyin, gücün və səbrin simvolu olan Zəfər Muzeyindəyəm. Muzeyə daxil olan kimi ziyarətçi şanlı qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sitatla və 44 günlük Vətən müharibəsində həlak olmuş 2914 şəhidimizin adları həkk olunan divarla qarşılaşır.

İçəri addımını atar-atmaz qürur, fəxarət, fərəh, eləcə də kədər dolu hisslər bir-birinə qarışır, qeyri-ixtiyari 5 il öncəyə qayıdırsan, hüznlə sevincin qarışdığı 44 gün film izləyirsənmiş kimi gözlərinin qarşısında canlanır.

İlk zala daxil oluram. Bizi qarşılayan bələdçinin sözlərinə görə, burada müasir texnologiyalarla hazırlanmış monitorlarda Qarabağ mədəniyyətinin gözəllikləri, memarlıq zənginliyi və əsrlər boyu formalaşmış ənənələrlə tanış olmaq fürsəti verilib. Zalın divarlarına yerləşdirilən barelyeflər bölgənin qədim tarixi abidələrini əks etdirir, videomateriallar isə Qarabağın memarlıq irsindən və çoxəsrlik tarixindən bəhs edir.

Bələdçi xanım zalın içərisində gəzişərək mərkəzdəki interaktiv kitablarla tanış edir. Kitablarda Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənətləri nümayiş etdirilir.

O, həmçinin qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə divarda yerləşən kitab instalyasiyasında xüsusi yer ayrılıb: “Zalın sonunda yerləşən ekranlar Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinin həyatını daha yaxından tanımağa şərait yaradır. Bu məkan Qarabağın keçmişi, bu günü və gələcəyə daşıdığı ruhu birləşdirən yaddaş simvoluna çevrilir”.

Azərbaycan bizim qardaş ölkəmizdir

Bələdçi ilə söhbətləşərək ikinci zala keçdik. Zala daxil olan kimi gözüm kompozisiyalara kövrələrək baxan xanıma sataşır. Bələdçidən icazə istəyib cəld ona yaxınlaşıram:

- Salam, muzeylə bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

Hələ adını bilmədiyim kövrək qadın türkcə cavab verir:

- Evet, memnuniyyetle.

- Türkiyəlisiniz?

- Bəli.

- İlk dəfədir Azərbaycana gəlirsiniz?

- Azərbaycana ilk gəlişim deyil. Bura çox gəlirəm. Budəfəki gəlişimin ikinci günündəyəm. Muzeyə dünən də gəlmişdim, çox insan olduğuna görə içəri keçə bilmədim. Vətən müharibəsi zamanı bütün gedişatı izləmişəm. Müharibədən dərhal sonra da Azərbaycana gəlmişdim.

- Adınız nədir? Buraya Türkiyənin harasından gəlmisiniz?

- Adım Deniz Didem Tuğbadır. İstanbuldan gəlmişəm. Azərbaycana səfərlərimin hər hansı xüsusi bir səbəbi yoxdur. Sadəcə buranı çox sevdiyim üçün tez-tez ziyarətə gəlirəm.

- Deyəsən, Azərbaycana xüsusi marağınız və sevginiz var. Kövrəlməyinizdən də hiss olunur.

- Azərbaycan bizim qardaş ölkəmizdir. Nələr yaşadığını biz də bilirik. Ona görə çox kövrəldim. Çox şükür, bu gün içəri keçmək qismət oldu. Muzey çox gözəl hazırlanıb. Azərbaycanımıza, Bakımıza yaraşan tərzdə hazırlanıb.

- Qarabağda da olmusunuz?

- Qarabağa səfər etmişəm. Hər tərəfini gəzmişəm. Sonuncu dəfə Şuşaya getmişdim.

“Sənsiz tənha qalmışdım...”

Türkiyəli sevdalımızla təəssüratlarını bölüşdüyü üçün təşəkkürümü çatdırıb yenidən bələdçiyə yaxınlaşıram. Bələdçi bildirir ki, ikinci zal “Ermənistan-Azərbaycan münaqişəsi” adlandırılıb. Bu zal Qarabağ münaqişəsinin ağrılı, lakin unudulmaz səhifələrini əks etdirir.

Zala daxil olan kimi dağıdılmış binaları simvolizə edən kompozisiya diqqətimi çəkir. Bu kompozisiya Qarabağda işğal dövründə dağıdılmış binaların taleyinə həsr olunub.

Bələdçinin sözlərinə görə, Ağdamdan gətirilmiş daşlardan yaradılan “Sənsiz tənha qalmışdım...” əsəri dağıntılara baxmayaraq, həyatın yenidən dirçəlişini simvolizə edir.

Daha sonra bələdçi böyük ekranı göstərərək burada qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı və mina qurbanları, eləcə də işğal dövründə dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumatların təqdim olunduğunu bildirir.

“Zalda həmçinin münaqişənin tarixi kökləri, xronologiyası, eyni zamanda, sülh prosesində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm rolu haqqında məlumatlar yer alır. Burada Ermənistan tərəfindən törədilmiş terror aktları və müharibənin ağır nəticələrinə dair faktlar da öz əksini tapır”, - bələdçi qeyd edir.

44 günlük Vətən müharibəsi, yaxud döyüşən zal

İkinci zalla bağlı söhbətimizi yekunlaşdırıb, növbəti zala keçirik.

“44 Günlük Vətən müharibəsi” adlanan üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsinə – 44 günlük Vətən müharibəsinə həsr olunub.

Bələdçi zalın mərkəzindəki LED monolitləri göstərərək məni süni intellektlə hazırlanmış videomateriallarllarla tanış edir. Bu videomateriallar ziyarətçi üçün döyüş atmosferi yaradır. 5 vertikal monitorda döyüş əməliyyatları, hərbi nailiyyətlər və mülki əhaliyə qarşı hücumlarla bağlı materiallar təqdim olunur.

İnteraktiv monitorlar vasitəsilə ziyarətçilər 44 gün ərzində baş vermiş bütün önəmli hadisələri, eləcə də dövlət başçısının xalqa müraciətlərini və mətbuata müsahibələrini izləyə bilər. Bununla da, az öncə gözlərimin qarşısında təcəssüm edən qısa filmi indi real formada izləməyə başladım.

“Ən çox Şuşada olmaq istəyirəm”

“Holoqrafik ekranlar müasir hərbi texnikanı və əsgərlərin avadanlıqlarını 3D formatda nümayiş etdirir, mərkəzdəki interaktiv xəritələr isə azad edilmiş ərazilərdə həyata keçirilən əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Həmçinin bu zalda tarixi qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri nümayiş olunur. Həmçinin burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi və Zəfər Günü ilə bağlı qəbul edilmiş bir sıra fərman və sərəncamlar sərgilənir”,- bələdçi vurğulayır.

Zala daxil olandan bəri monitorlara böyük maraqla baxan balaca oğlan diqqətimi çəkmişdi. Növbəti zala keçmədən ona yaxınlaşıb söhbətə başlayıram.

- Salam balaca, adın nədir?

Mikrofonu görüb həyəcanlanan balaca oğlana rahat olmasını deyib, muzeylə bağlı təəssüratlarını bölüşməsi üçün icazəsini alıram. Xoşbəxtlikdən, razılaşır.

- Adım Hüseyn Abdullayev.

- Hüseyn, hansı məktəbdə oxuyursan?

- 47 nömrəli tam orta məktəbin 5 “c” sinif şagirdiyəm.

- Muzeyə girəndə nə hiss etdin? Muzeydə ən çox diqqətini çəkən şey nə oldu?

- Çox qürurlandım. Muzeydə ən çox diqqətimi çəkən (monitorları göstərərək-red.) bu videolar oldu. Hə, bir də maket məscidləri çox bəyəndim.

- Qarabağda olmusan heç?

- Qarabağda olmamışam. Ən çox Şuşada olmaq istəyirəm.

- Hüseyn, böyüyəndə kim olmaq istəyirsən?

- Böyüyəndə atam Gündüz Abdullayev kimi polkovnik-leytenant olmaq istəyirəm.

Gələcəyin cəsur hərbçisindən atası barədə də soruşmaq istəyirəm, lakin o, məni tək qoyub anasının yanına qaçır, mənsə yenidən bələdçi xanıma yaxınlaşıram. Bələdçi bildirir ki, “Şanlı Zəfər” adlanan dördüncü zal Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş Şuşa əməliyyatını təqdim edir. Zala daxil olan kimi Zəfər Günündə keçirdiyim qürur, sevinc hissləri yenidən oyanır. Qürurlu addımlarla zalın mərkəzində yerləşən Şuşa maketinə tərəf gedirik. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır.

Bələdçi xanım digər monitoru göstərərək şəhərin müharibə dövründə dağıdılmış on iki abidəsinin işğaldan əvvəl, işğal dövründə və bərpadan sonra olan görüntülərin nümayiş olunduğunu bildirir: “Böyük ekranda şanlı zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir”.

Muzeyin hər tərəfində məktəblilər gəzişirdi. Maketin ətrafında isə bir müəllimə şagirdlərini başına yığıb şəkil çəkdirir. Müəlliməyə yaxınlaşıb, bir neçə şagirdi ilə söhbət etmək istədiyimi bildirirəm.

“Ən çox yadımda qalan hücum taktikaları oldu”

Müəllimə məmnuniyyətlə razılaşıb, balaca Məhəmmədi səsləyir: “Məhəmməd, bura gəl, jurnalist bacı gör nə soruşacaq?”

Məhəmməd ağır addımlarla yanıma gəlib nə sual verəcəyimlə maraqlanır.

- Məhəmməd, muzeydə ən çox diqqətini çəkən nə oldu?

- Şuşa maketini çox bəyəndim.

- Muzeydə öyrəndiyin məlumatlardan ən çox yadında qalan nə oldu?

- Müharibə ilə bağlı yeni və maraqlı məlumatlar öyrəndim. Ən çox yadımda qalan hücum taktikaları oldu. Çətin də olsa əsgərlərimiz torpaqlarımızı işğaldan azad edə bildi. Mən onlarla fəxr edirəm.

- Qarabağda olmusan?

- Xeyr. Amma getmək istəyirəm. Zəngilanlı olduğuma görə ən çox Zəngilanı görmək istəyirəm.

Məhəmmədin ardıyca digər məktəbliyə yaxınlaşdım.

- Salam balaca, adın nədir? Hansı məktəbdə oxuyursan?

- Salam, mən Tuncay Məmmədli. 200 saylı məktəbin 4-cü sinfində oxuyuram.

- Tuncay, muzeydən xoşun gəldi?

- İlk dəfədir ki, sinif yoldaşlarımla ekskursiyaya gəlmişəm. İlk ekskursiyamın Zəfər Muzeyinə olmasına sevinirəm.

- Muzeydə nəyi bəyəndin?

- Şuşa abidəsini.

- Qarabağda olmusan?

- Yox, amma Qarabağlıyam. Laçındanam. Buna görə Laçını gedib görməyi çox istəyirəm. Hə, bir də Kəlbəcəri.

Balaca dostlarla sağollaşıb bələdçi xanımla muzey turumuza davam edirik. Yavaş-yavaş sona yaxınlaşırıq.

Bələdçi xanım “Qəhrəmanlar yolu” adlanan dəhlizi göstərərək buranın Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunduğunu bildirir. Böyük monitorda Qarabağın gün batımı fonunda döyüşçülərin qürurla irəlilədikləri anlar təsvir olunur.

Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfər sevinci

Həmçinin burada 44 günlük Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medallar nümayiş olunur. Bu dəhliz ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

Artıq muzeyin altıncı zalı olan “QARABAĞ AZƏRBAYCANDIR!” zalındayıq. Bu zal 8 noyabr 2020-ci il tarixində xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü və ümumxalq sevincini əks etdirir.

Zalda ilk gözoxşayan, diqqət çəkən şey mərkəzdə Murano şüşəsindən hazırlanmış şanlı zəfərin və Qarabağın dirçəlişinin simvoluna çevrilmiş Xarıbülbül çiçəyinin instalyasiyasıdır. Bu Xarıbülbül parlaq işıqlar və rənglərlə o qədər gözəl bəzədilib ki, həm insanı ovsunlayır, həm də zala bayram ab-havası bəxş edir.

Bundan əlavə, burada böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfər sevincinin səhnələri nümayiş olunur.

Burada da özümə həmsöhbət olmağa balaca dost tapdım. Bu dost monitordakı görüntülərə o qədər diqqətlə baxır ki, onunla danışmasam, olmaz.

- Görüntülər maraqlıdır?

- Hə, çox maraqlıdır.

- Adın nədir?

- Abdurahman Hüseynli.

- Abdurahman, muzeydə ən çox nə xoşuna gəldi?

- Muzeydəki hər şey çox xoşuma gəlib. Bütün zallar maraqlıdır. Ən çox bu monitordakı görüntüləri, digər zaldakı məscid maketlərini, xüsusi təyinatlıların maketlərini və medalları bəyənmişəm.

- Ailəndə Vətən müharibəsi iştirakçısı olub?

- Hə, babam Rəhim Səfərov 2-ci Vətən müharibəsində həkim kimi iştirak edib.

- Qarabağda olmusan?

- Xeyr. Amma çox istəyərəm. Ən çox da Şuşada.

Muzey turuna qaldığımı yerdən davam edirik. Artıq yeddinci zaldayıq. Bu zal “Dövlət suverenliyinin bərpası” adlanır.

Balaca əsgərin arzusu

Bələdçi ətrafı işarə edərək bu zalın Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və müasir tarixindəki əsas qələbələri təqdim etdiyini bildirir: “Burada Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və onun tarixində yeni bir fəslin başlanması öz əksini tapır. Burada yerləşən monitorlar vasitəsilə 44 günlük Vətən müharibəsindən əvvəl və Zəfər Günündən sonra həlak olmuş şəhidlərin əziz ruhuna olan ehtiram ifadə olunur”.

Zala keçən kimi ziyarətçilərin arasındakı balaca əsgərə gözüm sataşır. Əsgər geyimli, əlində bayraq olan balaca kompozisiyalara böyük həvəslə baxır, gördüyü hər şey haqqında müəlliməsinə suallar veririr.

Balaca əsgərə yaxınlaşıb, təəssüratlarını bölüşmək üçün icazəsini alıram. Xoşbəxtlikdən, həvəslə razılaşır.

- Adın nədir? Hansı məktəbdə oxuyursan?

- Mehdi Əhmədzadə. 42 nömrəli tam orta məktəbin 5-ci sinfində oxuyuram.

- Mehdi, nə gözəl əsgər paltarı geyinmisən.

- Hə, əsgərləri çox sevirəm.

- Muzeydə ən çox diqqətini çəkən şey nə oldu?

- Muzeydə ən çox əsgər maketləri diqqətimi çəkdi. Bir də ki, ən çox Şuşa zalını bəyəndim.

- Ailəndə Vətən müharibəsi iştirakçısı var?

- Hə, əmim Faiq Süleymanov qazidir. Ağdam və Füzuli istiqamətində döyüşüb.

- Qarabağda olmusan?

- Yox, amma orada, xüsusilə də Şuşada olmağı çox istəyirəm.

Balaca əsgərlə sağollaşıb, bələdçi xanımla növbəti zala yollandıq.

Budur, artıq sonuncu-səkkizinci zaldayıq. Zal Qarabağ və Şərqi Zəngəzur olaraq adlandırılıb.

Bələdçi zalda dairə vuraraq məlumat verməyə davam edir: “Zal Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub, yeni dövrün başlanğıcını təmsil edir. Zalın mərkəzindəki instalyasiya şəhid övladlarının səsi ilə Qarabağın gələcəyi üçün ümid dolu mesajlar verir.
Üç işıqlı keçid bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti nümayiş etdirir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlarda nümayiş olunan bərpa layihələri Qarabağın dirçəlişinin və dayanıqlı inkişafının təzahürüdür”.

Bundan əlavə ekspozisiya zalının çıxışında qonaqlar üçün xatirə kitabı yerləşdirilib. Həmçinin burada “Danışan fotolar” adlı bölmə yer alır. Bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin fotoşəkilləri nümayiş olunur.

Qeyd edək ki, Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı Şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Xatırladaq ki, Zəfər muzeyinin qapıları bazar ertəsi istisna olmaqla, digər günlər saat 11:00-dan 18:00-a dək vətəndaşların üzünə açıqdır. Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti məktəbli uşaqlara ödənişsiz, tələbələrə 1 manat, böyüklərə isə 5 manatdır. Xarici ölkə vətəndaşları üçün biletin qiyməti uşaqlara 6 manat, böyüklərə isə 15 manat müəyyənləşib.

Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular, birinci və ikinci qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti ödənişsizdir.

Günay Elşən

Foto: İlkin Nəbiyev

Günay Elşən

# 72 dəfə oxunub

Oxşar xəbərlər

Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi

Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi

15:30 21 noyabr 2025
Bəhram Bağırzadə sənətdən getdi - Açıqlama

Bəhram Bağırzadə sənətdən getdi - Açıqlama

15:17 21 noyabr 2025
Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib

Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib

14:48 21 noyabr 2025
Çar kimi "taxta" oturdulan şair - Krılov nə üçün Azərbaycanda ədəbi kulta çevrilmişdi?

Çar kimi "taxta" oturdulan şair - Krılov nə üçün Azərbaycanda ədəbi kulta çevrilmişdi?

14:00 21 noyabr 2025
Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti

13:40 21 noyabr 2025
Frida Kahlonun tablosu hərracda 54,6 milyon dollara satıldı

Frida Kahlonun tablosu hərracda 54,6 milyon dollara satıldı

12:43 21 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər