"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları
22 noyabr 2025
# 12:00

Bu gün fransız yazıçı Andre Jidin doğum günüdür.

Kulis.az Rəşad Səfərin tərcüməsində müəllifin "SSRİ-dən qayıdış" yazısını təqdim edir.



Nobel mükafatı laureatı, görkəmli fransız yazıçısı Andre Jid bəzi avropalı yazıçı və intellektuallarla birgə 1936-cı ildə SSRİ-yə səfər edir. Alovlu kommunist kimi tanınan Andre Jidin SSRİ-yə dəvət edilməsi təsadüfi deyildi. SSRİ dünyaca məşhur yazıçıların öz ideologiyasına uyğun əsərlərini yüz minlərlə tirajla çap edir, onları ölkədə təbliğ eləyir və səfərlərini təşkil edirdi. SSRİ-dən qayıdan yazıçıların əksəriyyəti bu ölkə haqqında ən xoş sözləri dilə gətirirdilər. Andre Jidin SSRİ-dən qayıtdıqdan sonra yazdığı "SSRİ-dən qayıdış" əsəri isə, qırmızı imperiyanın Avropa intelligensiyası arasındakı nüfuzuna ciddi zərbə vurur. Bu əsərə görə, Andre Jid sol baxışlı intellektualların da ciddi tənqidlərinə məruz qalır, kitabı isə SSRİ-də qadağan olunur. Amma son ana qədər Jid yazdıqlarından geri çəkilmir.

Kultura.az fransız yazıçının SSRİ haqqındakı kitabını hissə-hissə tərcümə edərək, oxucularına təqdim etmək qərarına gəlib. Məqsəd 25 ildir müstəqil ölkə olmağımıza baxmayaraq, cəmiyyətin hələ də SSRİ haqqında, sovet quruluşu haqqında aydın təsəvvürlərə malik olmamasıdır. Məhz buna görə də sovetlərin naqis xüsusiyyətlərindən, ehkam və stereotiplərindən tam olaraq arınmamışıq. Sovetlərin dərk olunması baxımından Andre Jidin bu əsəri bənzərsiz nümunədir.



Homerin Demetra haqqında nəğməsi bu böyük ilahənin öz qızını sərgərdan gəzib axtararkən, günlərin bir günü Keleosun sarayına gəlib çıxmasından bəhs edir. Dayə cildinə girən ilahəni heç kəs tanımır; kraliça Metaneyra isə yeni doğulmuş çağasının - sonralar kənd təsərrüfatının hamisi Triptolem kimi tanınacaq körpə Demofoonun - tərbiyəsini ona etibar edir.

Hər axşam evin bütün qapıları bağlandıqdan və sakinlər yuxuya getdikdən sonra, Demetra balaca Demofoonu yumşaq beşiyindən götürür və uşağı çılpaq halda közərmiş kömürdən olan yatağın üzərinə uzandırır. Kənardan qəddarlıq kimi görünsə də, əslində, o, bunu böyük sevgi və uşağı tanrı zirvəsinə çatdırmaq arzusu ilə edirdi. Mənim təsəvvürümdə əzəmətli Demetra işıq saçan uşağın üzərinə əyilərkən, sanki insanlığın gələcəyi üzərinə əyilir. Uşaq odlu kömürün istisindən əzab çəkir, lakin bu sınaq onu daha da gücləndirir. Onun daxilində insanüstü bir şey yaranır, möhtəşəm şöhrətə aparacaq sarsılmaz və sağlam bir şey. Amma təəssüf, Demetra düşündüyünü gerçəkləşdirə bilmir. Əfsanəyə görə, təşvişə düşən Metaneyra bir gün Demetranın olduğu otağa girir, ilahəni yandırdığı ocaqdan kənara itələyir, közərmiş kömürləri tullayır. Uşağını xilas edərkən, yaranmaqda olan tanrını məhv etmiş olur.

***

Üç il qabaq SSRİ-yə sevgimi və heyranlığımı bəyan etmişdim. Orada bizim qəlblərimizi ümidləndirən bənzərsiz bir təcrübə həyata keçirilirdi, biz oradan möhtəşəm bir tərəqqi gözləyirdik, orada bütün insanlığı özü ilə irəli apara biləcək bir təkan yaranırdı. Düşünürdüm ki, bu yenidəndoğuşun şahidi olmaq üçün yaşamağa, ona yardım etmək üçün isə həyatını verməyə dəyər. Biz ürəyimizdə və düşüncəmizdə mədəniyyətin gələcəyini qətiyyətlə SSRİ-nin şərəfli gələcəyi ilə əlaqələndirirdik. Bunu dəfələrlə söyləmişik, indi də söyləmək istərdik. Amma hər şeyi öz gözlərimizlə görmək üçün oraya səfər etməzdən əvvəl, orada baxışların dəyişdiyini göstərən son qərarlar artıq narahatlıq doğururdu.

O zamanlar, 1935-ci ilin oktyabrında bunları yazmışdım: “SSRİ-yə qarşı hücumların səfehliyi və ədalətsizliyi bizi onun müdafiəsinə daha əzmlə qalxmağa məcbur edir. Biz bunu dayandırsaq, SSRİ-nin müdafiəsinə dərhal onu söyənlər atılacaq. Onlar elə güzəştlər və uzlaşmaları dəstəkləyəcəklər ki, sonda “Baxın, özünüz görürsünüz!” demək fürsəti əldə edəcəklər, lakin bu güzəştlər və uzlaşmalar qarşıya qoyulmuş ilkin məqsədlərdən kənara çıxmaqla nəticələnəcək. Və ümid edək ki, bu ilkin məqsədlər üzərinə cəmlənmiş baxışlarımız SSRİ-dən üz çevirməyimizə izn verməyəcək”.

İnanmağa davam edərək və daha ətraflı məlumatlar alana qədər özümə şübhə ilə yanaşaraq, Moskvaya gəldiyimdən dörd gün sonra, Qırmızı Meydanda Qorkinin dəfni ilə bağlı çıxışımda “Öz düşüncəmizdə mədəniyyətin gələcəyini SSRİ-yə bağlamışıq. Biz onu müdafiə edəcəyik” söylədim.

Həmişə bu fikirdə olmuşam ki, insanın öz ideyalarına daima sadiq olmaq istəyi çox vaxt qeyri-səmimilik təhlükəsi yaradır. Məncə, insan kütlənin (insanın özü də daxil olmaqla) inancları ilə bağlı məsələlərdə xüsusilə səmimi olmalıdır.

Əgər mən lap əvvəldən yanılmışamsa, bunu nə qədər tez etiraf etsəm, o qədər yaxşıdır, çünki mənim bu səhvimin qurbanı ola biləcək insanlara görə məsuliyyət daşıyıram. Bu məsələdə eqoizm insana mane olmamalıdır. Onsuz da məndə bu duyğular çox azdır. Bəzi şeylər mənim gözümdə “mən”dən də, SSRİ-dən də daha əhəmiyyətlidir: bunlar insanlıq, onun taleyi və onun mədəniyyətidir.

Bəs mən lap əvvəldənmi yanılmışdım? SSRİ-də son bir ildə baş verən hadisələri izləyən birisi söyləyə bilər ki, hansımız dəyişmişik: mən, yoxsa SSRİ? SSRİ deyəndə, mən onun başında duranları nəzərdə tuturam. Məndən daha məlumatlı insanlar bu istiqamət dəyişikliyinin gerçəklik deyil, yalnız bir görüntü, yoxsa əsas istiqamətdən kənara çıxmaq kimi qəbul etdiyimiz bu dəyişikliyin əslində daha öncə baş vermiş bəzi təmayüllərin faciəli nəticəsimi olduğunu söyləyə bilərlər.

SSRİ “qurulmaqdadır”. Bunu daima xatırlamaq lazımdır. Buna görə də, doğuş əzabı içində olan bu böyük ölkədə olmaq hədsiz dərəcədə maraqlıdır və deyəsən, elə gələcəyin özü gözlər önündə doğulmaqdadır.

Orada yaxşı da var, pis də. Daha doğrusu, ən yaxşısı və ən pisi. Ən yaxşı olanlar ağlasığmaz səylər nəticəsində əldə olunub. Lakin belə səy göstərməklə heç də həmişə hər yerdə arzuolunanlara nail olunmayıb. Bəlkə də düşünmək olar ki, hələlik nail olunmayıb. Bəzən ən pis olan ən yaxşı olanı müşayiət edir, hətta, demək olar, onun davamıdır. Parlaq işıqdan zil qaranlığa keçid isə məyusedici dərəcədə kəskin olur. Çox vaxt bir səyahətçi müəyyən önyarğıları sayəsində ölkənin yalnız bir tərəfini, ya da digər tərəfini xatırlayır. SSRİ-nin dostları əksər vaxt onun pis tərəflərini görməkdən imtina edirlər, ya da qəbul etmək istəmirlər. Buna görə də bir çox hallarda SSRİ haqqında həqiqətlər nifrətlə, yalanlar isə sevgi ilə söylənilir.

Mənimsə düşüncəm elə formalaşıb ki, sevmək istədiklərimə qarşı daha sərt tənqidlə yanaşıram. Yalnız təriflərdən ibarət olan sevginin dəyəri o qədər böyük deyil və düşünürəm ki, əgər səmimi və qərəzsiz danışsam, SSRİ-nin özünə və gördüyü işlərə böyük xidmət göstərmiş olaram. SSRİ-yə, onun artıq əldə etdiyi uğurlara heyranlığım imkan verir ki, indi onun ünvanına tənqid söyləyim. Onunla bağlı ümidlərimiz naminə, hər şeydən əlavə, bizə ümid etmək üçün yaratdığı imkanlar naminə!

SSRİ-nin bizim üçün nə demək olduğunu kim müəyyənləşdirə bilər? SSRİ sadəcə seçilmiş nümunəvi bir ölkə - yolgöstərən bir bələdçi deyildi. Arzuladığımız, xəyal etdiyimiz, istəklərimizin çatmağa çalışdığı, uğruna bütün gücümüzü verə biləcəyimiz hər şey orada idi. Bu, utopiyanın gerçəkliyə çevrilməkdə olduğu torpaq idi. Böyük nailiyyətlər daha yenilərinin, daha möhtəşəm olanlarının baş verəcəyinə ümid yaradırdı. Bizə elə gəlirdi ki, ən çətin olanlar artıq geridə qalıb; sevinc içindəki qəlbimizlə iztirab çəkən insanlıq naminə, seçilmiş o naməlum yola inanırdıq. Əgər uğursuzluq baş versəydi, inancımıza hansı dərəcəyə qədər haqq qazandıra bilərdik? Lakin uğursuzluq fikrinin özü qəbuledilməzdir. Əgər bəzi vədlər yerinə yetirilməmiş qaldısa, səbəbi harda axtarmaq lazımdır? Bütün bunların məsuliyyətini ilkin vaxtlarda verilmiş dekretlərin, yaxud daha dəqiq desək, bu dekretlərdən sapmaların, onların pozulmasının, mövcud şərtlərə uyğunlaşdırılmasının (bunlara haqq qazandıran səbəblərin ola biləcəyinə rəğmən) üzərinə atmaq olarmı?...

Bu qeydlərimdə SSRİ-də fəxrlə mənə göstərilənlərdən və özümün görə bildiklərimdən aldığım şəxsi təəssüratlar barədə danışacağam. SSRİ-nin bir çox sahələrdə əldə etdiyi nailiyyətlər heyratamizdir. Hətta bəzən burda xoşbəxtliyin hökmranlıq etdiyinə dair təsəvvür də yarana bilər.

Konqoda hər şeyi özümün etməyini, qubernator avtomobilindən imtina edərək, qarşıma çıxan hər kəslə söhbətləşmək cəhdlərimi dəstəkləyən insanlar vardı, onlar görəsən, indi SSRİ-də də gözə kül üfürməyə izn verilməməsilə bağlı narahatlığıma görə məni mühakimə edəcəklərmi? Şübhə etmirəm ki, bu kitab “qayda-qanun sevgisinin tiranlıq dadı ilə birlikdə olduğunu” iddia edənlər tərəfindən sui-istifadə olunacaq. Yoxsa buna görə kitabı nəşr etdirməyək, bəlkə hətta heç yazmayaq? Amma əminəm ki, birincisi, haqqında yazdığım ağır tənqidləri SSRİ özü aradan qaldıracaq, ikincisi isə - və ən əhəmiyyətlisi – bir ölkənin hansısa səhvləri ümumbəşəri dəyərlərə xidmət edən həqiqətlərə kölgə sala bilməz. Ola bilər ki, susmağa, ya da yalan söyləməkdə israrlı olmağa kimsə haqq qazandırsın, amma bütün bunlar yalnız düşmənin xeyrinə oynamaqdır, həqiqətin vurduğu yaralar isə nə qədər ağrılı olsa da, yalnız şəfa verməyə xidmət edir.

***

Tikintilərdə, zavodlarda, istirahət evlərində, bağlarda, “mədəniyyət parklar”ında işçilərlə ünsiyyət qurarkən çox vaxt həqiqi sevinc hissi duyurdum. Onların mənə necə qardaşcasına münasibət bəslədiklərini hiss edirdim və qəlbimdən narahatlıq uzaqlaşır, onun yerini sevinc hissi doldururdu. Bu səbəbdən, orada çəkilmiş şəkillərimdə, Fransadakı şəkillərimdən daha çox gülümsəyirəm. Dəfələrlə gözlərim sevinc yaşları ilə dolurdu, bunlar sevgi və həssaslıqdan doğan göz yaşları idi. Məsələn, Soçi yaxınlığında, Donbasda kömür şaxtaçılarının istirahət evində... Yox, yox! Orada heç nə əvvəlcədən razılaşdırılmamışdı, heç bir hazırlıq işi görülməmişdi – mən bir axşam qəfil, xəbərdarlıq etmədən gəlmişdim və dərhal onlara qarşı içimdə bir etibar hissi yaranmışdı.

Və ya Barjomi yaxınlığında qəfil baş çəkdiyim o uşaq düşərgəsi – çox sadə, hətta miskin bir yer idi, lakin uşaqlar sağlamlıq və xoşbəxtlikdən ətrafa işıq saçırdılar, sanki öz sevinclərini mənimlə paylaşmaq istəyirdilər. Nə deyə bilərəm? Bu səmimi və sadə duyğuları sözlərlə anlatmaq mümkün deyil... Hələ bunlardan başqa nə qədər belə görüşlər oldu. Gürcü şairləri ilə, tələbələrlə, ziyalılarla, xüsusən də işçilərlə görüşlər - əksəriyyəti ürəyimcə idi, yalnız dillərini bilmədiyimə görə təəssüf edirdim. Onların gülüşlərində, baxışlarında nə qədər də təmiz, saxta olmayan səmimilik vardı! Hər yerdə məni dost kimi təqdim edirdilər və hər yerdə də özümə qarşı dost münasibəti görürdüm. Amma onların daha böyük dostluqlarına layiq olmaq istərdim və bu istək də məni indi danışmağa vadar edir.



Təbii ki, ən yaxşı şeyləri sizə daha məmnuniyyətlə göstərirlər. Amma əvvəldən bizə göstərilməsi planlaşdırılmayan və heç nəyi ilə digərlərindən geri qalmayan kənd məktəblərinə, uşaq bağçalarına, klublarına dəfələrlə qəfil girmək imkanımız oldu. Məhz bunlara daha çox heyranlıq duyurdum, çünki orada bizə nümayiş etdirmək üçün öncədən heç nə hazırlanmamışdı.

Bütün pioner düşərgələrində gördüyüm uşaqlar gözəl, şən, tox (gündə beş dəfə yemək verilirdi), yaxşı baxılmış, hətta əzizlənmiş idilər. Baxışları işıqlı, saf. Gülüşləri sadə və səmimi. Əcnəbi birisi onlara gülməli görünə bilərdi, lakin bir dəfə də olsun, heç birindən kiçicik bir istehzalı gülüş, rişxənd görmədim.

Belə bir dinc xoşbəxtlik ifadəsini tez-tez böyüklərdə də görürdük, onlar da yaraşıqlı, güclü idilər. Böyüklərin axşamlar işdən sonra yığışdıqları “mədəniyyət parkları” – şübhəsiz, bir uğur idi. O cümlədən, Moskvadakı “mədəniyyət parkları”.

Tez-tez gedərdim ora. Bu əyləncə məkanı nəhəng “Luna park” kimi bir yerdir. Darvazadan içəri girən kimi, insan tamam fərqli bir dünyaya düşür. Gənc kişi və qadınlardan ibarət qruplar hər tərəfdə ədəb-ərkanla, ciddiyyətlə davranırlar. Vulqarlığın, səfeh gülüşmələrin, açıq-saçıq zarafatların, oynaşlığın, hətta mazaqlaşmağın kiçik bir nişanəsinə belə rast gəlinmir. Hər tərəf şadlıq coşğusu ilə aşıb-daşır. Bir məkanda oyunlar qurulur, bir az o tərəfdə rəqs edilir. Adətən, hamısının başında rəhbərlik edən bir nəfər var, hər yerdə intizam hökm sürür. Tamaşaçılar rəqs edənlərdən çoxdur. Başqa bir yerdə xalq mahnı və rəqsləri ifa olunur, əsasən akkordionun müşayiəti ilə. Xüsusi bir meydançada hər kəsin girə biləcəyi həvəskar-akrobatlar qrupu var. Peşakar məşqçi onları idarə edir, məsləhət verir, təhlükəli nömrələrdə yardım edir. Digər tərəfdə gimnastika qurğuları var. Hər kəs səbirlə öz növbəsini gözləyir. Gənclər məşq edirlər. Daha böyük meydançalar isə voleybol üçün ayrılıb. Oyunçuların gözəlliklərini, bacarıqlarını, zərifliklərini izləməkdən yorulmurdum. Başqa bir yerdə sakit oyunlar gedir – şahmat, dama və səbir, məharət tələb edən digər oyunlar. Bəziləri mənə tamamilə yad oyunlardır və fövqəladə zirəklik tələb edirlər. Bəzi oyunlar da vardı ki, cəldliyi, çevikliyi və gücü inkişaf etdirirlər. Bu oyunlara heç vaxt rast gəlməmişdim, buna görə burada onları təsvir etmək məsələsinə girişmirəm, amma bu oyunlar bizdə də uğur qazana bilər. Burda vaxt keçirmək üçün çox şey var. Bəziləri böyüklər üçün, bəziləri uşaqlar üçün. Lap balaca uşaqlar üçün də yerlər ayrılmışdı, orada oyuncaq evlər qurulmuşdu, qatarlar, paroxodlar, uşaq avtomobilləri, uşaqların yaşlarına uyğun müxtəlif oyuncaqlar vardı. Stolüstü oyunlar olan meydançaya (həvəskarlar burada yığışıb stolların boşalmasını gözləyirlər) gedən böyük xiyaban boyunca rebuslar, şarad və tapmacalarla dolu lövhələr qoyulub. Və bütün bunların hamısında, təkrar edirəm, ən kiçik bir ədəbsizlik, vulqarlıq yoxdur. Bu tərbiyəli böyük izdihamın ləyaqət və nəzakət duyğusunu danmaq olmaz.

Bura yığışan izdiham, uşaqları çıxmaq şərtilə, demək olar ki, fəhlələrdən ibarətdir, onlar bura istirahət etmək, idmanla məşğul olmaq, əylənmək və ya nəsə faydalı bir şey öyrənmək üçün (oxu zalları, kitabxanalar, kinoteatrlar, mühazirə zalları da vardı) gəlirlər. Moskva çayı sahilində hovuzlar var. Hər tərəfdə nəhəng parklarda kiçik səhnələr qoyulub, o səhnələrdə ekspromt mühazirələr söylənilir. Bu mühazirələr müxtəlif mövzularda – əyani vəsaitlərlə birlikdə tarix haqqında, coğrafiya haqqında olur. Yaxud praktiki tibb və fiziologiya haqqında, anatomik plakatların müşayiəti ilə olur. İnsanlar çox diqqətlə qulaq asırlar. Və dediyim kimi, heç harda bir dəfə də olsun lağ-lağa, istehzalı gülüş görmədim.



Budur – kiçik açıq teatr, bir dənə də boş yer yoxdur, beş yüzə yaxın insan Puşkini oxuyan (“Yevqeni Oneqin”dən bir parça) aktyoru sayğı ilə dinləyirlər. Parkın küncündə, girişin yaxınlığında paraşütçülərin məkanı yerləşir. SSRİ-də bu, geniş yayılmış bir idman növüdür. Qırxmetrlik qüllənin başından hər iki dəqiqədən bir paraşüt idmanın həvəskarları növbə ilə tullanırlar. Möhkəm zərbə ilə torpağa düşürsən - artıq özünü paraşütçü hesab edə bilərsən! Risk edəcək növbəti adam kimdir? İnsanlar isə tələsik irəliləyir, gözləyir, növbəyə dayanır. Böyük Yaşıl teatr haqqında isə heç danışmıram hələ, buradakı bəzi tamaşalara iyirmi minə qədər adam yığılır.

Moskva mədəniyyət parkı SSRİ-nin ən böyük və müxtəlif attraksionlarla ən yaxşı təmin edilmiş parkıdır. Leninqrad parkı isə ən gözəlidir. Lakin indi artıq SSRİ-nin bütün şəhərlərində uşaq bağçası və meydançaları ilə yanaşı mədəniyyət parkları da var.

Əlbəttə, çoxlu zavodlara da baş çəkdim. Xalqın rifahı onların yaxşı fəaliyyətindən asılıdır. Amma mütəxəssis deyiləm və bu zavodlarda istehsalatın necə təşkil olunduğunu deyə bilmərəm. Bu, başqalarının işidir. Mənim sahəmə yalnız psixoloji məsələlər aiddir. Bu qeydlərimdə də məhz psixoloji məsələlərdən danışacağam. Əgər dolayısı ilə sosial məsələlərə toxunsam, bu da sırf psixoloji nöqteyi-nəzərdən olacaq.

Yaşım ötdükcə təbiət mənzərələrinə nə qədər gözəl olsalar da, marağım azalır. İnsanlara qarşı marağım isə artır. SSRİ-də insanlar möhtəşəmdir. Gürcüstanda, Abxaziyada, Kaxetiyada, Ukraynada (ancaq gördüklərim haqqında danışıram), xüsusilə də Krım və Leninqraddakı insanlar.

Moskvada Qırmızı Meydanda gənclər bayramında iştirak etdim. Kremllə üzbəüz eybəcər bir bina bitkilərlə və plakatlarla maskalanmışdı. Hər şey çox gözəl və hətta mükəmməl bir zövqlə qurulmuşdu (yaxşı zövq məsələsini səbirsizlənərək burda qeyd edirəm, çünki daha irəlidə bu haqda danışmağa çox da bəhanəm olmayacaq). Şimaldan cənuba, şərqdən qərbə qədər hər tərəfdən gəlmiş gənclər Qırmızı meydandakı paradda iştirak edirdi. Parad bir neçə saat davam etdi. Bu cür heyrətamiz mənzərəni təsəvvür edə bilməzdim. Əlbəttə, parad iştirakçıları əvvəlcədən seçilmiş, hazırlaşdırılmışdı. Amma yenə də, bu cür gənclik yarada bilmiş bir ölkəyə, bir rejimə necə heyran olmayasan?

Qırmızı meydanı paraddan bir neçə gün öncə, Qorkinin dəfnində də görmüşdüm. Paradda gördüyüm xalqın eynisi – eyni, amma həm də fərqli, daha çox çar rejimindəki rus xalqına bənzəyən – Qorkinin dəfnində sonsuz bir izdihamla Sütunlu zaldakı matəm katafalkasının yanından ötüb keçirdi. O zaman bu xalq heç də ən gözəl, ən güclü, ən şən insanlardan ibarət deyildi, əksinə, iztirab çəkən bir insan toplumu idi. Qadınlar, xüsusilə uşaqlar, bəzən də yaşlılar, demək olar ki, hamısı pis görkəmdə, hətta bəziləri dərin səfalət içində görünürdülər. Susqun və qəmgin kütlə mükəmməl nizam içərisində sanki keçmişdən gəlirdi. Uzun müddət dayanıb baxmışdım o izdihama. Bütün bu insanlar üçün Qorki kim idi? Bilmirəm. Müəllim? Yoldaş? Qardaş? Və hər kəsin, hətta uşaqların belə üzündə kədərli təəccübün vurduğu möhür, dərin iztirabın ifadəsi vardı. Nə qədər yoxsul insan gördüm ki, yanımdan keçərkən onlarda fiziki gözəlliyin fövqündə, daha heyranedici bir şey hiss etdim. Hər birini bağrıma basmaq istəyirdim!

İnsanlar arasında ünsiyyət heç harda SSRİ-dəki qədər rahatlıqla, könüllü və səmimi şəkildə qurulmur. Qarşılıqlı rəğbət duyğusunun yaranması üçün bəzən bircə baxış kifayət edir. Bəli, düşünmürəm ki, SSRİ-dən başqa hardasa insan cəmiyyətinə xas duyğuları bu qədər qüvvətli və dərindən yaşamaq mümkün olsun. Dil fərqinə baxmayaraq, heç harda və heç vaxt özümü bu cür əsl yoldaş kimi, qardaş kimi hiss etməmişəm. Və mən məhz bu duyğulardan ötrü dünyadakı ən gözəl təbiət mənzərələrini verməyə hazıram.

Təbiət mənzərələri haqqında irəlidə söhbət açacağam, lakin əvvəlcə komsomolçular dəstəsi ilə ilk görüşümüzdən danışım.

Bu görüş bizi Moskvadan Orconokidzeyə (keçmiş Vladiqafqaz) aparan qatarda baş tutmuşdu. Yol uzundu. Sovet Yazıçılar Birliyi adından Mixail Kolsov bizim üçün xüsusi, çox rahat bir vaqon təşkil etmişdi. Biz altı nəfər – Cef Last, Qilyu, Erbar, Şifrin, Dabi və mən, yerimiz çox rahat idi, belə olacağını gözləmirdik. Bələdçimiz və tərcüməçimiz – etibarlı Bolya da bizimlə idi. Kupelərdən başqa bir dənə də vaqon vermişdilər ixtiyarımıza, həmin vaqonda yemək üçün süfrə açılmışdı. Bundan daha yaxşısını təsəvvür etmək olmazdı. Amma xoşumuza gəlməyən bircə şey vardı – qatarın digər sərnişinləri ilə ünsiyyət qurmaq imkanımız yox idi. Növbəti stansiyada platformaya düşəndə qonşu vaqonda çox yaxşı bir dəstənin yol getdiyini öyrəndik. Komsomolçular idi, tətil vaxtı yığışıb Kazbek dağına dırmanmağa gedirdilər. Vaqonlar arasındakı qapıları açdıra bildik nəhayət və tez bir zamanda bu gözəl yol yoldaşlarımızla tanış olduq. Parisdən özümlə müxtəlif bilməcə oyunları gətirmişdim, SSRİ-də oynanılanlara oxşamırdılar. Bu oyunlar dilini bilmədiyim insanlarla daha tez ünsiyyətə girmək imkanı verir, adətən. Oyunlar komsomolçular arasında əldən-ələ gəzirdi. Oğlanlar və qızlar bilməcələri çözənə qədər sakitləşmirdilər. “Komsomolçular heç vaxt təslim olmur”, gülə-gülə söyləyirdilər. Onların getdiyi vaqon dar və isti idi, bürküdən adam boğulurdu. Amma mühit gözəldi.

Onu da deyim ki, bu gənclərin əksəriyyəti üçün yad deyildim. Bəziləri kitablarımı oxumuşdular (əsasən, “Konqoya səyahət”i). Qırmızı meydanda Qorkinin dəfni zamanı etdiyim çıxış qəzetlərdə şəklimlə birlikdə dərc olunduğuna görə məni dərhal tanıdılar. Tezliklə uzun müzakirələr başladı. Rusca yaxşı danışan və anlayan Cef Last bizə izah edirdi ki, mənim verdiyim bilməcə oyunları gənclərin çox xoşuna gəlib, amma onları bir sual maraqlandırır: doğrudanmı, Andre Jid kimi bir adam bu oyunlarla əylənir? Cef Last, bunun sadəcə yorğunluğu çıxarmaq üçün kiçik bir əyləncə olduğunu onlara başa salmağa çalışırdı... Əsl komsomolçular həmişə işə xidmət edirlər və hər şeyə faydalılıq nöqteyi-nəzərindən yanaşırlar. Ancaq deyib-gülməklə keçən bu müzakirənin özü də əyləncəli bir oyun idi. Onların vaqonunda artıq nəfəs almaq çətinləşdiyindən, on nəfərə yaxın gənci öz vaqonumuza dəvət etdik. Gecənin qalan hissəsi xalq mahnıları ilə, vaqonun ölçülərinin imkan verdiyi qədər də xalq rəqsləri ilə keçdi. O gecə mənim və yoldaşlarımın yaddaşında səfərimizin ən gözəl xatirələrindən biri kimi qalacaq. Və biz o gecə əmin olduq ki, dünyanın başqa hansısa ölkəsində belə bir həqiqi səmimiliyə, belə bir heyrətamiz gəncliyə rast gəlmək çətin olardı.

Artıq dediyim kimi, təbiət mənzərələri məni o qədər də cəlb etmir... Lakin Kaxetiyanın girişindəki, Batumi ətraflarındakı, xüsusilə də Bakurianidə, Borjomi ətraflarındakı möhtəşəm Qafqaz meşələri haqqında danışmaq istəyirəm. Bunlardan daha gözəl meşə görməmişdim, hətta təsəvvür belə etməmişdim. Meşə bitkiləri nəhəng ağacların budaqlarını örtüb gizlətmir; meşə boyunca qarşıya çıxan əsrarəngiz talalarda gün bitməmiş alatoranlıq başlayır. Adama elə gəlir ki, buralıqda haradasa bir cırtdan yolunu azıb. Bu nağılvari meşədən keçib dağ gölünə tərəf getdik və bu yerlərə indiyə qədər əcnəbi ayağının dəymədiyini bizə fəxrlə söylədilər. Amma söyləməsəydilər də, fərq etməzdi, onsuz da bu yerlərin gözəlliyinə vurulmuşdum. Gölün sahilində balaca qəribə bir kənd vardı (Tabatskuri) - ilin doqquz ayı qarla örtülü olurdu – məmnuniyyətlə bu kəndi təsvir edərdim... Eh, niyə mən bura sadəcə turist kimi, ya da bir naturalist kimi gəlməmişəm? Çox böyük həzz içində burda yeni bitkilər kəşf edərdim... Amma SSRİ-yə gəlmək səbəbim bu deyildi. Burda mənimçün ən vacib şey insandır, insanlardır; bu insanlardan nə düzəltmək olar və artıq nə düzəldiblər. Məni bura gəlməyə sövq edən, ürküdücü dərəcədə keçilməz olan və hazırda içində itib-batdığım meşə - sosial problemlər meşəsidir. SSRİ-də isə sosial problemlər dil açıb insana yalvarır, təzyiq göstərir, hər tərəfdən insanın üstünə gəlir.

***

Leninqradda yeni mənzil kvartallarını nadirən gördüm. Leninqradda heyran olunası tək şey Sankt Peterburqdur. Bundan daha gözəl, metal, su və daşların bundan daha uyumlu olduğu bir şəhər tanımıram. Şəhər sanki Puşkinin, ya da Bodlerin təxəyyülündən yaranmışdı. Mənə Kirikonun rəsmlərini xatırladırdı. Binalar Motsart simfoniyalarının temaları kimi, mükəmməl mütənasiblik yaradır. “Oradakı hər şey gözəl və harmoniya içərisindədir”. İnsanın könlü gözəllikdən zövq alır, beyni dincəlir.

Ermitajın heyrətamizliyindən danışmağa söz tapmıram...

Leninqraddan sonra Moskvanın qarışıqlığı, xaotikliyi xüsusilə nəzərə çarpır. Bu xaos insan üzərində basqı yaradır, ruhunu əzir. Çox xırda istisnalarla, binaların əksəriyyəti eybəcərdir (həm də yalnız yeni binalar deyil, köhnələr də), bir-biriləriylə uyuşmur. Başa düşürəm, Moskva yenidən qurulur, şəhər böyüyür. Hər tərəfdə bunun şahidi olursan. Hər şey gələcəyə yönəlib. Lakin qorxuram, bu prosesə çox pis başlanılıb. Tikirlər, dağıdırlar, qazırlar, bir yerdən başqa yerə köçürürlər, yenidən tikirlər – və bütün bunların hamısı sanki təsadüflə həyata keçirilir, ümumi bir ideya olmadan. Amma hər bir halda, Moskva ən cazibədar şəhər olmaqda davam edir – bu şəhər möhtəşəm bir həyat yaşamaqdadır. Gəlin diqqətimizi evlərin üzərinə cəmləməyək – kütlə məni daha çox maraqlandırır.

Yayda demək olar ki, hamı ağ paltarda gəzir. Hər kəs bir-birinə bənzəyir. Sosial bərabərləşdirmənin Moskva küçələrindəki nəticələrini başqa heç harda görmək mümkün deyil – tam sinifsiz bir cəmiyyət, hər kəsin eyni ehtiyacı. Ola bilsin, şişirdirəm, amma o qədər də deyil. Paltarlarda müstəsna bir eynilik var. Şübhə etmirəm, əgər gözlə görmək mümkün olsaydı, o insanların düşüncələrində də bu eyniliyi aydın şəkildə müşahidə etmək olardı. Qarşına çıxan hər kəs həyatından məmnundur (uzun müddət o qədər ehtiyac içində yaşayıblar ki, indi əllərində olan az şeydən də məmnundurlar). Əgər qonşusunda ondakından daha çox deyilsə, insan malik olduğu şeylərdən məmnun olur. Amma yenə də, diqqətlə baxanda fərqlilikləri hiss etmək mümkündür. İlk baxışdan adama elə gəlir ki, burada fərd tamamilə kütləyə qarışıb, onun şəxsən özünə aid çox az şeyi var, hətta “insanlar” sözünü istifadə etməyə ehtiyac yoxdur, bircə “kütlə” sözünü işlətmək kifayətdir.

İzdihamın içinə dalıb kütləyə qarışıram. Bu insanlar mağazanın önündə neyləyirlər? Növbəyə dayanıblar. Növbənin bir ucu o biri küçəyə qədər uzanır. İki yüz-üç yüz insan var növbədə, hamısı sakit, təmkinli – gözləyirlər. Hələ tezdir, mağaza bağlıdır. Qırx dəqiqədən sonra qayıdıram – həmin insanlar gözləməkdə davam edirlər. Mənə qəribə gəlir, sual edirəm – nə ehtiyac var mağaza açılmadan belə tez gəlməyə? Tez gəlməklə nə qazanırlar? – Necə yəni nə qazanırlar? Kim tez gəlibsə, mağazada birinci ona xidmət göstərirlər.

Və mənə məsələnin nə yerdə olduğunu izah edirlər: qəzetlərdə mağazalara xeyli mal gəldiyi elan edilib...bilmirəm, gələn mal nədir (səhv etmirəmsə, söhbət balışlardan gedirdi). Təxminən dörd yüz, beş yüz ədəd. Müştərilərinsə sayı səkkiz yüz, min, yaxud min beş yüz nəfər. Axşama qədər bu mallardan bir ədəd də qalmayacaqdı. SSRİ-də ehtiyaclar o qədər böyük, müştəri kütləsi o qədər çoxdur ki, hələ uzun müddət tələb təklifdən artıq olacaq, həm də əhəmiyyətli dərəcədə artıq. Bu problemin öhdəsindən gəlməksə çox çətindir.

Bir neçə saatdan sonra mağazaya daxil oluram. Böyük bir məkan, amma içərisi təsəvvüredilməz dərəcədə qələbəlik. Satıcılarsa sakit və təmkinlidirlər, çünki ətrafdakı insanların heç birində zərrə qədər də səbirsizlik hiss olunmur. Hər kəs ayaq üstə, yaxud oturaraq öz növbəsini gözləyir, hətta qucağında uşaq olanlar da az deyil. Növbəni kimsə tənzimləmir, ancaq zərrə qədər nizamsızlıq yoxdur. Burda insanlar bütün bir sabahı, bütün bir günü keçirə bilərlər – belə bir boğanaqda, ağır havada. Adama elə gəlir ki, nəfəs almaq mümkün deyil, lakin sonra insanlar öyrəşirlər, hər şeyə öyrəşdikləri kimi. Əvvəlcə “vəziyyətlə barışırlar” yazmaq istədim, amma bu, “barışmaq” məsələsi deyil – deyəsən, rus insanı gözləməkədən zövq alır, hətta o əyləncə xatirinə sizi də gözləməyə məcbur edə bilər.

Qələbəliyin ortasından keçərək (həm də onlar tərəfindən itələnərək) mağazanı eninə-uzununa, aşağı-yuxarı dolaşdım. Nadir istisnalarla, mallar tamamilə yararsız görünürdlər. Hətta insanda belə düşüncə yaranırdı: bu parçaları, əşyaları bilərəkdən mümkün qədər cazibəsiz, görkəmsiz yaradırlar ki, insanlar onları ən çox ehtiyacları olduqları halda alsınlar, sadəcə xoşlarına gəldiklərinə görə yox. Dostlarıma nəsə suvenir-filan almaq istəyirdim, amma hamısı çox əcaib görünürdü. Lakin mənə dediklərinə görə, son aylarda malların keyfiyyətinin qaldırılması üçün ciddi tədbirlər görülür, əgər bir az vaxt itirib yaxşıca axtarsan, kifayət qədər xoşagəlimli nələrisə tapmaq olar. Lakin keyfiyyət məsələsi ilə məşğul olmaq üçün tələb olunan kəmiyyətə çatmaq lazımdır. Uzun müddət burada hər şey qıt olub. İndi-indi vəziyyət bir az düzəlir, amma çox çətinliklə... Belə görünür, SSRİ-də insanlar onlara təklif olunan hər şeyi almağa meyillidirlər, hətta burda – Qərbdə bizə eybəcər görünə biləcək şeyləri də. Ümid edirəm, tezliklə istehsalatın böyüməsi ilə yaxşı malların sayı da artacaq, insanların seçim imkanı olacaq, paralel olaraq da keyfiyyətsiz malların buraxılışı azaldılacaq.

Keyfiyyət məsələsi qida məhsullarına xüsusilə aiddir. Bu sahədə hələ görüləsi çox iş var. Amma biz bəzi ərzaq məhsullarının keyfiyyətsizliyindən şikayətləndiyimiz zaman, iki illik fasilədən sonra artıq dördüncü dəfə SSRİ-də olan Cef Last, əksinə, bu sahədə əldə olunmuş uğurlardan ağız dolusu danışmağa başladı. Tərəvəzlər, xüsusilə də meyvələr o qədər də pis deyil. Yemiş çoxdu, amma dadsızdı. Şərab, ümumilikdə, yaxşıdır (özəlliklə, Kaxetiyadakı gözəl Sinandali şərabını xatırlayıram). Pivə, babatdır. Hisə verilmiş balıq çox yaxşı idi (Leniqradda), amma daşınmağa tab gətirmirdi.

Ehtiyac olmadığı halda israfçılıq etməmək ağıllı addımdır. SSRİ-də ağız dadına, qurman zövqünə xidmət edən ərzaqların hazırlanmamasının əsas səbəbi, elementar ehtiyacların hələ də qarşılana bilməməsidir.

Zövq seçim və müqayisə imkanlarının olduğu yerdə inkişaf edə bilər yalnız. Seçim imkanı olmadığı zaman nə təklif edirlər, məcburən qəbul edirsən. Çıxış yolu yoxdur – sənə veriləni ya götürməlisən, ya da rədd etməlisən. Dövlətin eyni zamanda həm istehsalçı, həm alıcı, həm də satıcı olduğu yerdə keyfiyyət mədəniyyətin səviyyəsindən asılı olur



Bunları gördükcə, antikapitalist düşüncələrimə rəğmən, bizdəki böyük sənayeçilərdən tutmuş xırda tacirlərə qədər o insanları düşünürəm – bütün günü düşünməkdən yorulurlar: başqa, daha yeni nə icad edək ki, insanları məmnun edə bilək? Onların hər biri bu cür güclü yaradıcılıq duyğusu ilə rəqiblərini sıradan çıxarmağın yollarını axtarır. Dövlətin isə bu məsələdə işi çox asandır - çünki rəqibi yoxdur. Keyfiyyət? “Əgər rəqabət yoxdursa, nəyə lazımdır keyfiyyət?” – bizə belə cavab verirlər. SSRİ-də istehsal olunan hər şeyin keyfiyyətsizliyini və eyni zamanda, cəmiyyətin zövqsüzlüyünü məhz bu cür, belə açıq-aşkar, hiyləgərlik göstərmədən izah edirlər bizə. Hətta əhalinin zövqü olsaydı da, nə dəyişəcəkdi? Xeyr, burada tərəqqi artıq rəqabətdən asılı olmayacaq, artmaqda olan tələbkarlıqdan asılı olacaq. Tələbkarlıq isə, öz növbəsində, mədəniyyətin artması ilə daha da güclənəcək. Şübhəsiz, Fransada bu proses daha sürətli gedərdi, çünki tələbkarlıq artıq mövcuddur.

Başqa bir məsələ: hər bir sovet respublikasının öz xalq mədəniyyəti vardı. Nə baş verdi onlarla? Eqalitarist yanaşma ucbatından uzun müddət o mədəniyyətləri yox saydılar. Amma indi xalq incəsənətinə yenidən maraq oyanıb, onları yenidən üzə çıxarırlar, təşviq edirlər, deyəsən, artıq bu mədəniyyətlərin əbədi dəyərliliklərini anlayırlar. Məgər ağıllı və uzaqgörən bir addım olmazdımı ki, xalq mədəniyyətlərinin nümunələrinə yenidən müraciət edilsin, məsələn, parça üzərindəki qədim rəsmlər bərpa edilsin və satış üçün əhaliyə təklif olunsun?! Hazırkı məhsullardan daha meşşan, daha səfeh-burjua istehsalını təsəvvür etmək çətindir. Moskva mağazalarının vitrinlərindən ümidsizlik, çarəsizlik yağır. Rəsmli, əl işi qədim parçalarsa gözəldir. Bu, xalq sənətidir, amma həm də incəsənətdir...

SSRİ-də bir dəfə həmişəlik qərara alınıb - hər mövzuda hər kəsin yalnız bir fikri olmalıdır. Lakin insanların düşüncəsi elə formalaşdırılır ki, bu konformizm onları çətinliyə salmır, onlar üçün bu, təbii haldır, onlar bunu hiss etmirlər, bu haqda düşünmürlər, ona görə də, bunu ikiüzlülük adlandırmaq olmaz. Doğrudanmı, bunlar inqilab etmiş həmin insanlardır? Xeyr, bu insanlar inqilabdan faydalananlardır. Hər səhər “Pravda” onlara nəyi öyrənmək, nə barədə düşünmək və nəyə inanmaq haqqında məlumat verir. Və ümumi qaydaya tabe olmamaq heç də yaxşı hərəkət deyil. Nəticədə elə alınır ki, sən bir nəfər rusla söhbət edirsənsə, deməli, eyni vaxtda bütün rus xalqı ilə söhbət edirsən. Məsələ o bir nəfərin bütün göstərişləri hərfən yerinə yetirməsində deyil, sadəcə şərait elə qurulub, o, digərlərindən fərqlənmək gücündə deyil. Ruhun bu cür qəlibə salınması prosesinin lap körpəlikdən başladığını unutmamaq lazımdır... Onların səni, bir əcnəbini heyrətləndirən qəribə davranışları, xoşbəxt olma bacarıqları məhz bu səbəbdəndir. Saatlarla növbədə dayanan insanlara sənin yazığın gəlir - onlarsa bunu tamamilə adi qəbul edirlər.

Çörək, tərəvəz, meyvələr sənə görə pisdir – amma orda bunlardan başqası yoxdur. Gördüyün əşyalar, mallar sənə eybəcər görünür – amma onlara seçim üçün başqası təklif edilmir. Əgər heç nəyin müqayisə edilmə imkanı yoxdursa və keçmiş də lənətlənmişdirsə, o zaman sənə təklif edilən hər şeyi məmnuniyyətlə qəbul edirsən. Burada əsas məqam insanları, bir insan daha yaxşı dövrün gəlməsini gözləyərkən nə qədər xoşbəxt ola bilərsə, onların da o qədər xoşbəxt olduqlarına inandırmaqdır, onları dünyadakı bütün insanların onlardan daha az xoşbəxt olduqlarına inandırmaqdır. Bu cür inanca nail olmağın yeganə yolu xarici dünya ilə bütün əlaqələrə çıxışın etibarlı şəkildə qapanmasıdır (xarici dünya dedikdə sərhəddən xarici nəzərdə tuturam). Bunun sayəsində standart həyat şəraiti, yaxud müqayisədə daha pis həyat şəraiti olan bir rus işçisi özünü xoşbəxt hiss edir, özünü daha xoşbəxt hiss edir, bir fransız işçidən daha xoşbəxt olduğunu düşünür. Onun xoşəbəxtliyinin tərkibi ümid, inam və məlumatsızlıqdır.

Düşüncələrimi sahmana salmaq mənimçün həddən ziyadə çətindir – çünki bütün bu problemlər bir-birilərilə qarşılıqlı əlaqədədirlər və artıq bir-birilərinə sıx birləşmiş haldadırlar. Mütəxəssis deyiləm, buna görə də, iqtisadi problemlər məni yalnız psixoloji tərəfdən maraqlandırır. Təcrid olunaraq yaşamağın, sərhədlərin qapanmasının psixoloji səbəbləri mənə tamamilə aydındır: yeni düzən tam bərqərar olana qədər, işlər tam qaydasına düşənə qədər, SSRİ əhalisinin xoşbəxtliyi naminə bu xoşbəxtliyin xarici təsirlərdən qorunması vacibdir.

SSRİ-də mədəniyyətə və elmə yönəlik fövqəladə səylər bizi heyran edir. Lakin bu təhsil insanları yalnız mövcud düzənə görə sevinməyə, “Oh, SSRİ... Ave! Spes unica!” (“Ah, SSRİ... Yaşasın, yeganə ümid!” İsa Məsihlə bağlı dini nəğməyə göndərmə - tərcüməçinin qeydi) deyə düşünməyə məcbur etmək funksiyasını görür. Və bu mədəniyyət də yalnız bir məqsədə xidmət edir, səmimi deyil, təmənnalıdır və demək olar, tamamilə tənqiddən məhrumdur (marksizmə baxmayaraq). Bilirəm, SSRİ-də “özünütənqid” deyilən bir şey var. Uzaqdan baxanda bu düşüncə tərzinə heyran qalmışdım və indi də o fikirdəyəm ki, əgər bu, səmimi və ciddi olaraq tətbiq edilsə, heyrətamiz nəticələr əldə etmək olar. Lakin tezliklə anladım, xəbərçilik və xırda bəhanələrlə şikayət etməkdən başqa (yeməkxanada sup soyuqdur, klubdakı oxu zalı yaxşı süpürülməyib), bu tənqid yalnız insanın doğru “xətt”ə uyğun olub-olmadığına dair özünü sorğulamasından ibarətdir. Burada “xətt”in özü müzakirə olunmur. Müzakirə olunan məsələ bu və ya digər işin, yaxud davranışın, yaxud hansısa nəzəriyyənin bu müqəddəs “xətt”ə uyğunluğudur. Bu “xətt”i keçmək istəyənlərinsə vay halına! “Xətt” daxilində ürəyin nə qədər istəyir, tənqid elə. Lakin “xət”dən kənara çıxmağa icazə yoxdur. Oxşar nümunələri tarixdən bilirik. Mədəniyyət üçünsə düşüncənin bu formasından daha təhlükəli bir şey yoxdur.

Sovet vətəndaşı xarici ölkələr haqqında fövqəladə məlumatsızlıq vəziyyətindədir. Bundan əlavə, o, xaricdə bütün sahələrdə hər şeyin SSRİ-dəkilərdən əhəmiyyətli dərəcədə pis olduğuna inandırılıb. Bu illuziya məharətlə bəslənib saxlanılır: hər kəsin, hətta narazıların belə, onları şər qüvvələrdən qoruyan bir rejimin varlığına sevinməsi lazımdır.

İndi bir neçə nümunə ilə göstərəcəyim “üstünlük kompleksinin” də səbəbi budur.

Orada hər tələbə xarici dil öyrənməlidir. Fransızcaya qarşı tamamilə etinasızlıq hökm sürür. İngiliscə, əsas da almanca öyrənirlər. Lakin onların bu dillərdə necə pis danışdıqlarını eşidəndə heyrətə gəldim. Bizdə beşinci sinif məktəbliləri belə bunlardan daha yaxşı danışır.



Bu haqda onlardan birindən soruşduq və belə bir cavab eşitdik (rusca cavab verdi, Cef Last tərcümə etdi): “Bir neçə il qabaq Almaniya və Birləşmiş Ştatlar bizə nəsə öyrədə bilərdilər. Amma indi bizim xaricidən öyrənəcəyimiz heç nə yoxdur. O zaman, onların dilində niyə danışaq ki?”

Əslində, xaricdə baş verənlərə qarşı tam laqeyd görünmürlər, lakin onları daha çox xaricilərin onlar haqqında nə düşündükləri narahat edir. Onlar üçün ən önəmli şey – onlara kifayət qədər heyran olub-olmadığımızı bilməkdir. Buna görə də, onların məziyyətləri, ləyaqətləri haqqında lazımı qədər məlumatlı olmadığımızdan narahatdırlar. Bizdən gözlədikləri bilgidən daha çox tərifdir.

Uşaq bağçasının həyətində (gənclər üçün edilmiş başqa başqa hər şey kimi, bura da həqiqətən tərifə layiqdir) ətrafıma toplaşmış gözəl balaca qızlar dalbadal sual verirlər. Onlar Fransada uşaq bağçalarının olması ilə maraqlanmırlar, onları maraqlandıran şey budur: Fransada yaşayanlar SSRİ-də bu cür gözəl uşaq bağçalarının olduğunu bilirlərmi?

Onların verdikləri suallar bəzən elə sarsıdıcıdır ki, bu sualları burda səsləndirməkdən çəkinirəm. Kimsə bunları özümdən uydurduğumu düşünə bilər. Mən deyəndə, Parisdə də metro var, üzlərində skeptik bir təbəssüm yaranır. “Hətta tramvaylarınız da var? Bəs avtobuslarınız necə, varmı?..” Bir nəfər soruşur ki, Fransada da məktəblər varmı? (söhbət artıq uşaqlardan getmir, bunu soruşan kifayət qədər təhsil almış işçidir). Digəri, bir az çox məlumatlı olan birisi, çiyinlərini çəkib deyir: “Hə, əlbəttə, Fransada da məktəblər var, amma ordakı məktəblərdə uşaqları döyürlər”. O, bunu etibarlı mənbələrdən öyrənib. Fransadakı bütün işçilər çox bədbəxtdirlər. Və təbii ki, bütün bunların səbəbi bizim hələ “inqilab etməməyimizdir”... Onlar üçün SSRİ-nin sərhədlərindən kənarda yalnız qaranlıq mövcuddur. Gözləri açılmış bir neçə insan istisna olmaqla, kapitalist dünyasında hər kəs qaranlıqda sürünür.

Rus filmləri haqqında söhbət edərkən “Çapayev” və “Biz Kronştaddanıq” filmlərinin Parisdə böyük uğur qazandıqlarını deyəndə, təhsilli və çox yaxşı tərbiyə almış qızlar (yalnız xüsusi seçilmiş uşaqların daxil olduğu Artek düşərgəsində) xeyli təəccübləndilər. Axı onlara Fransada rus filmlərinin qadağan olduğunu söyləyiblər. Bunu onlara öz müəllimləri söylədiyinə görə, hiss etdim ki, onlar müəllimlərinin deyil, mənim sözlərimə şübhə edirlər. Fransızlar zarafatı sevirlər!

Heyran olmağımız üçün bizə təqdim edilən bir hərb gəmisinin (“Tamamilə SSRİ-də istehsal olunub”) göyərtəsində bir qrup dəniz zabitləri ilə söhbət edərkən, “Məncə, Fransada insanlar SSRİ-də baş verən hadisələr haqqında daha çox məlumatlıdırlar, nəinki SSRİ-dəki insanlar Fransada baş verənlər haqqında”, - deyə fikir bildirmək cəsarətini göstərdim. Dərhal etiraz tonunda deyinmələr başladı: “Pravda” bizi hər şey haqqında kifayət qədər məlumatlandırır”. Qəfil qrupdan lirik ruhlu bir nəfər dilləndi: “SSRİ-də baş verən bütün yeni, böyük və gözəl hadisələr barədə yazmağa dünyadakı kağızlar yetməz”.

Nümunəvi uşaqlar – vunderkindlər, medalçılar, diplomçular üçün cənnət olan bu nümunəvi Artek düşərgəsində (mənim fikrimcə, daha sadə və daha az artistokratik olan digər pioner düşərgələri daha üstündür) on üç yaşlı bir uşaq, səhv etmirəmsə, Almaniyadan gəlmiş, lakin burdakı düşüncə tərzini artıq mənimsəmiş bir oğlan mənə parkı göstərir və diqqətimi onun gözəlliyinə çəkməyə çalışır:
“Baxın, son vaxtlara qədər burda heç nə yox idi... qəfildən o pilləkən peyda oldu. Bütün SSRİ-də vəziyyət belədir: Dünən heç nə yoxdur, sabah hər şey var. Ordakı işçilərə baxın, görün necə işləyirlər! SSRİ-nin hər yerində belə məktəblər və pioner düşərgələri var. Təbii ki, hamısı bu cür gözəl deyil. Çünki “Artek” dünyada yeganədir. Stalin özü bura ilə xüsusi maraqlanır. Bura gələn uşaqların hamısı da heyrətamizdirlər.

Bir azdan on üç yaşlı bir oğlanın ifasına qulaq asacaqsınız, o oğlan gələcəyin ən yaxşı skripkaçısı olacaq. Bizdə onun istedadı artıq o qədər yüksək qiymətləndirilir ki, çox məşhur qədim ustalardan birinin çox nadir bir skripkasını ona hədiyyə ediblər.

Hələ burada – bu divara baxın! Bu divarın cəmi on günə tikildiyini təsəvvür edə bilərsinizmi?”

Bu uşağın entuziazmı o qədər səmimidir ki, bu tələm-tələsik tikilmiş divarın üzərindəki çatları ona göstərmək istəmirəm. O, sadəcə onda qürur hissi yaradan şeyləri görmək istəyir. Heyranlıq içində davam edir: “Hətta uşaqlarda buna heyrətlənirlər”.

Ordakı bu uşaq nitqləri (bəlkə də, öyrədilmiş, təlqin edilmiş) mənə o qədər xarakterik təsir bağışladı ki, elə həmin axşam onları qeydə aldım və indi də sizə söyləyirəm...

# 95 dəfə oxunub

Oxşar xəbərlər

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

17:30 21 noyabr 2025
"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

16:00 21 noyabr 2025
Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

13:30 21 noyabr 2025
Amerika ədəbiyyatında "böyük roman"  ənənəsini canlandıran yazıçı

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

15:30 20 noyabr 2025
Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər