"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?
21 noyabr 2025
# 15:10

Kulis.az xarici mediaya istinadən məşhur "Pollok texnikası" haqqında araşdırmanı təqdim edir.

Tanınmış amerikan rəssam, abstrakt ekspressionizmin görkəmli nümayəndəsi Cekson Pollok (1912-1956) özünün adını daşıyan özünəməxsus rəssamlıq texnikası yaratması ilə məşhurdur.

Rəssamlıqda "Pollok texnikası"na çox vaxt “damcı üslubu” deyilir, ancaq rəssam özü onu “axan texnika” adlandırırdı.

O deyirdi: “Mənim boyakarlığımın molbert ilə heç bir əlaqəsi yoxdur. Mən heç bilmirəm axırıncı dəfə kətanı çərçivəyə nə vaxt salmışam. Mən kətanı divara ya döşəməyə bərkitməyi üstün tuturam.

Bərk səthin müqavimətini hiss etməliyəm. Döşəmədə ən asanıdır. Mən özümü rəsmə daha yaxın hiss edirəm, onun bir hissəsi kimi, mən onun ətrafında gəzə bilirəm, dörd tərəfdən işləyə bilirəm və tam mənası ilə rəsmin “içində” ola bilirəm. Rəssamların molbert, palitra və fırça kimi ənənəvi alətlərindən getdikcə uzaqlaşıram. Daha çox çubuq, bıçaq, çalov və ya boya ilə qum, qırıq şüşə qarışığına üstünlük verirəm.

Mən rəsmin “içində” olanda nə etdiyimi dərk etmirəm. Anlaşılma daha sonra gəlir. Obrazın dəyişilməsi və ya pozulması məni qorxutmur, çünki rəsm öz həyatı ilə yaşayır. Mən sadəcə onun üzə çıxmasına kömək edirəm. Amma rəsmlə əlaqəni itirdiyim zaman palçıq və ya nizamsızlıq əmələ gəlir. Əgər bu baş vermirsə, təmiz harmoniya peyda olur” – rəssamın bu sözləri onun əsərlərini ən düzgün təsvir edir.

Son dövrlərdə aparılan yeni bir tədqiqat göstərir ki, Cekson Pollokun texnikasını böyüklərin təqlid etməsi çətin olsa da, uşaqlar üçün bu üsul olduqca sadədir.

“Bunu bir uşaq da edə bilər” ifadəsi müasir incəsənətə yönəldilən ən məşhur tənqidlərdən biri olsa da, tənqidçilərin haqlı ola biləcəyini göstərən yeni bir araşdırma ortaya çıxıb.

Bir tablonu uşaq və ya böyüklərin etdiyini ayırd edə bilərsinizmi?



Tədqiqatçıların "Frontiers in Physics" jurnalında dərc olunan yeni işlərində sınamaq istədikləri sual budur: bir əsərin uşaq və ya böyüklər tərəfindən yaradıldığını etibarlı şəkildə ayırd edə bilərikmi?

Şübhə edənlər Pollokun tablolarında bacarıqsız bir xaos görsələr də, rəssam əslində bədən hərəkətlərini nəzarət altında saxlayaraq lövhəyə köçürməyi hədəfləyirdi.

Fizik və rəssam Riçard Teylor və komandası bu fikri sınamaq üçün 4–6 yaş arası 18 uşağa və 18–25 yaş arası 34 böyüyə yerə sərilmiş kağızlar üzərində su ilə qarışdırılmış boya ilə Pollokdan ilhamlanan əsərlər yaratmağı tapşırdı.

Tədqiqatçılar bu işləri “pour painting” adlandırdı və sonra onları ətraflı riyazi analizə tutdular.

Alimlər rəsmlərdəki fraktalları – ağaclar, buludlar, dağlar kimi fərqli ölçülərdə təkrarlanan nümunələri – və boya ləkələri arasındakı boşluqların ölçülərini təhlil edərək nümunələrin mürəkkəbliyi və boş sahələrin strukturunu qiymətləndirdilər.

Nəticələr göstərdi ki, böyüklərin yaratdığı rəsmlərdə daha sıx nümunələr və çoxşaxəli, geniş boya izləri mövcud idi; uşaqların rəsmləri isə kiçik ölçülü nümunələr, daha çox boşluq və istiqamət dəyişmələri az olan sadə, təkölçülü izlərlə xarakterizə olunurdu. Bu fərqlər uşaqların bədən hərəkətlərinin böyüklərdən fərqli olduğunu göstərirdi.

Beləliklə, məlum oldu ki, uşaqların əsərləri Polloka daha çox bənzəyir. Tədqiqatçılar müəyyən etdilər ki, kiçik yaş qrupunun əsərləri abstrakt ekspressionist məktəbin əsərlərinə daha çox oxşayır.

Teylor belə dedi: “Nəticələrimiz göstərir ki, uşaqların rəsmləri Pollokun tablolarına böyüklərin əsərlərindən daha çox bənzəyir”.

Araşdırma göstərir ki, uşaqların Pollokun üslubunu daha yaxşı təqlid edə bilməsi, rəssamın bio-mexanik balansındakı məhdudiyyətlərlə əlaqəli ola bilər.

Pollokun balansı doğuş zamanı yaşadığı bir hadisə ilə – göbək ciyəsinin dolanması ilə boğulma təhlükəsi səbəbindən pozulmuşdu. Bu vəziyyət, rəsm edərkən bədən hərəkətlərini daha sadə və uşaqlara bənzər etmiş ola bilər.

Teylor əlavə etdi: “Klod Monenin kataraktası, Vinsent van Qoqun psixoloji çətinlikləri və Villem de Kuninqin Altsheymer xəstəliyi kimi nümunələrdə olduğu kimi, Pollokun məhdud bio-mexanik balansı gündəlik həyatımızda çətinlik yaradan hallarının incəsənətdə fövqəladə nəticələr verə biləcəyini xatırladır”.

Tədqiqatın müəllifləri böyüklərin rəsmlərinin tamaşaçılar tərəfindən necə qəbul edildiyini də sınadılar.

İştirakçılardan rəsmlərin mürəkkəbliyi, vizual cəlbediciliyi soruşulub. Daha çox boşluq olan və fraktal nümunələri daha az mürəkkəb rəsmlərin daha xoş qəbul edildiyi məlum oldu.

Uşaqların rəsmləri bu tədqiqatda analiz edilməsə də, eyni xüsusiyyətlərə malikdir. Tədqiqatçılara görə, bu “xoşluq” hissi tanışlıqla əlaqədar ola bilər.

Teylor bunu belə açıqlayıb: “Əvvəlki araşdırmalarımız göstərir ki, vizual sistemimiz fraktal nümunələrin "dilini" milyonlarla illik təbii təcrübə ilə axıcı şəkildə oxumağı öyrənib.

Bu vizual məlumatı emal etmək qabiliyyəti estetik bir reaksiyaya səbəb olur. Buna görə də uşaqların Pollok üslublu rəsmləri böyüklərin yaratdığı əsərlərdən daha cəlbedici görünür”.

# 62 dəfə oxunub

Oxşar xəbərlər

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

13:30 21 noyabr 2025
"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

12:30 21 noyabr 2025
Amerika ədəbiyyatında "böyük roman"  ənənəsini canlandıran yazıçı

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

15:30 20 noyabr 2025
Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər