Məşhur yazıçı: “Görüm orda qəşəng qız varmı?”

Məşhur yazıçı: “Görüm orda qəşəng qız varmı?”
25 iyun 2014
# 12:27

Kulis.Az “Məşhurların məktubları” layihəsində Amerika yazıçısı Tomas Vulfun məşhur naşir Maksuell Perkinsə məktubunu təqdim edir.

Montre, “Lorius” oteli

İyul, 1930-cu il

(...) Mən burda tamamilə yalnızam, ancaq işləyirəm, burası da var ki, görüləsi başqa işim də yoxdu. Əsas odu ki, davam gətirə bilim və dözüm. Yalnızlıq məndə bəzi şübhələr yaradır: Siz necə düşünürsüz, mən nəyəsə nail ola biləcəm? Şekspiri, Raisini, ingilis şairlərini oxuyuram. Bir də Bibliyanı. Uşaqlıqdan bu yana Bibliya oxumamışam. Bu yazılmış kitabların ən böyüyüdür.

Volter Skot öləndə tələb edirmiş ki, ona kitab versinlər. Ondan hansı kitabı istədiyini soruşanda “Ancaq bir kitab var.”-deyir. O, tamamilə doğru deyirmiş. Bibliya hətta Şekspirdən də zəngindir, qalanları isə onunla müqayisədə çox sönükdür. Son üç gün ərzində mən neçə dəfə Ekkleziastın kitabını və “Mahnılar mahnısı”nı – bu ən heyrətləndirici poeziyadır- oxumuşam. İstənilən müasir yazıçının stili Çar David, Ruf, Vooz, Esfir və Aqasfer haqqındakı Əhdi-Ətiq rəvayətlər ilə müqayisədə kəkələməyə bənzəyir.

Bibliyadan həzz alıram, “Oktyabr yarmarkası”nın (o indi “Ölümsüz torpaq” adlanır) birinci hissəsi üçün isə epiqraf kimi Ekkleziastdan bu cümləni götürmüşəm: “Nəsillər gəlir və gedir, torpaq isə əbədi olaraq qalır.” Heyf ki, bunun ardınca gələn cümləni Heminquey istifadə edib: “Və Günəş doğur...” və başqa. Hamı deyəcək ki, mən onu təqlid edirəm, amma nə etməli, bu sırf təsadüfdür, bu cümlələr isə mənə çox gərəklidir.

Mən hazırda “Ölümsüz torpağ”ın “Üzüyola uşağın çayı”- qəribə adı var- fəsli üzərində işləyirəm. Bu ad mənim xoşuma gəlir və ümid edirəm ki, bütün fəsli oxuyandan sonra Sizin də xoşunuza gələcək. Fəsil çox uzundur. Əslində ayrıca kitabdır. Yazıb bitirən kimi sizə göndərəcəm.

Frer-Rivzin (Alfred Frer-Rivz, Vulfu İngiltərədə çap edən “Haynemann” nəşriyyatının nümayəndəsi) bu gün yolladığı qəzetdən kəsilmiş parçalar və məktub məni bərk həyəcanlandırdı. Bu gün gündüz gəzməyə çıxmaq istəyirəm. Bir neçə dəqiqədən sonra qatara minib qonşu Lozannaya gedəcəm. Görüm orda qəşəng qız-qadın varmı? Cana gəlmişəm: təmiz hava, dağlar, keyfiyyətli yeməklər mənim qüvvətimi artırdı. Əvvəlki gücümü-qüvvəmi qaytardı.

Heyf, Siz burda yoxsuz, birlikdə gəzintiyə çıxardıq, lütfən, yazın görüm nə vaxt gələ biləcəksiz. Burda çox yalqızam, ümumiyyətlə isə artıq hər şey yaxşılığa doğru dəyişir... Allah kömək olsun, düşündüyümü yaza bilim. Ekkleziastda maraqlı yer var: “Axmaq əllərini yanına salıb oturub, öz ətini yeyir.” Hər şeydən şikayət edən, hamını ələ salan insanlar da bax elə bununla məşğul olurlar. Deyəsən Bibliyada dünyadakı hər şey haqqında yazılıb. Nyu-Yorkda başqalarının uğursuzluqlarının hərisi olan dəyərsiz insancıqlar-təbii ki, hamısı yox-üzlərini turşudub gülə-gülə mənim müvəffəqiyyətsizliyimi gözləyirlər. Mən hələ dəqiq heç nə bilmirəm, amma könül istər ki, bu əclaflar yanılsınlar. Nə isə yaşayarıq, görərik.

İmkan olan kimi yazın. Sevinirəm ki, əlyazmamı bəyənmisiz, ancaq məni unutmayın, dostum olaraq qalın. Ümid edirəm ki, kefiniz yaxşıdır və məzuniyyətinizi əla keçirirsiz. Heyf, indi Sizinlə bir böyük şərab butulkasını boşalda bilmirik.

P.S. “Məgər bu möhtəşəm kitabdır?”, “Məgər bu incəsənətdir?”, “Burda istedad adına heç nə yoxdur”, deyən ingilis və amerikalılara gəldikdə isə; mən ki, heç vaxt bunların əksini deməmişəm. Axı niyə hamı gənc müəllifə qarşı bəhanəçi və bədxahdır. Və ağızları köpüklənə-köpüklənə belə cəfəngiyat danışırlar? Van Doren (Amerika Ədəbiyyatçılar Gildiyasının rəhbəri) də mənə dedi: çox xoşbəxt adamam ki, bir kitab yazmaqla belə reputasiya qazanmışam.

Hara baxırsan ən zir-zibil əsərləri belə məndən on dəfə çox tərifləyirlər. Bəs mənimlə niyə belə ədalətsiz davranırlar? Öz dərdim özümə azmış kimi mən hələ səkkiz min İeremiy peyğəmbərin dediyini də eşitməliyəm: “Vaxt verin! Əlbəttə bundan nəsə alınsa biz təəccüblənərik, amma... ”

Belə şey eşidəndə ürəyim bulanır. Bəzən mənə elə gəlir ki, dünya elə belə gəlib, belə də gedəcək. Üzünə-üzünə vurub deyirlər ki, sənə kömək edirik. Əgər uğur qazanırsansa onda da deyirlər rəqiblərin səni əzdiyinə görə belə olubsan. Bu sənin xeyrinə idi.

Axı amerikalılar niyə mənim kitablarımı almasınlar? Niyə mən Uaylder (Tornton Nayven Uaylder, Amerika yazıçısı, Plutser mükafatı laureatı) və ya başqasının hansısa cəfəng bir əsəri çıxan kimi onu milyon tirajlarla alan cəmiyyətdən razı qalmalıyam?

Lütfən, tezliklə cavab yazın.

# 3458 dəfə oxunub

Müəllifin son yazıları

# # #