Anası kasıb sinif yoldaşı ilə oynamağa qoymadı

Anası kasıb sinif yoldaşı ilə oynamağa qoymadı
13 fevral 2013
# 08:45

Arabalar beş qəpiyə

Axşamlar qələbəlik vaxtında küçənin başına bir qadınla uşaq gəlirdi. Qara bir çadraya bürünən qadın çadrası ilə üzünü bağlayar, küçənin alaqaranlığında yalnız iki qara, parlaqlığı olmayan gözləri ilə elə hey qarşısına baxardı. Uşaq yanında ayaq üstə dayanar, o isə çömbəlib kiçik bir torbadan bir cür oyuncaqlar çıxardardı: bunlar çubuğun ucuna taxılmış bir cüt taxta təkər idi.

Təkərlərin üstündə iki dairəvi taxtanın arasına mıxlanmış dörd çubuqdan ibarət çətir kimi bir şey var idi və bu təkərlər yerdə sürülən zaman bu çətirə bənzəyən şey də fırlanırdı.

Oyuncaqlar qadının qabağına düzülən kimi uşaq birini əlinə alır, səkinin üstündə gəzişərək sürür və nazik səsiylə qışqırmağa başlayırdı:

- Arabalar beş qəpiyə.... Arabalar beş qəpiyə...

Beləliklə, küçələr boşalana kimi hardasa üç-dörd saat burada dayanırdılar.

Uşağın səkkiz yaşı vardı, amma ilk baxışdan altı yaşdan çox verməzdin. Arıq və çox xırda-mırda idi. Heç dayanmadan qışqıran səsi bir qız uşağının səsi kimi incə idi. “Beş qəpiyə” qışqırarkən hərfləri uzadar dodaqlarının arasından onları əzib-büzüb çıxarardı.

O da anası kimi həmişə qabağına baxar, başını heç yuxarı qaldırmazdı.

Dayandıqları yerdən bir az aralıda parlaq vitrinli bir mağaza var idi. Böyük şüşələrin arxasında cürbəcür, gözqamaşdıran rənglərdə boyunbağılar, kəmərlər, yun jaketlər, əlcəklər və bir çox insanlara lazım olan yaxud olmayan şeylər ordan keçənləri cəlb edirdi. Ana-oğul bunların qarşısından keçərkən, hələ keçəndən sonra öz yerlərinə yerləşərkən belə başlarını heç çevirməməyə özlərini məcbur edərdilər. Əgər küçənin palçıqlı səkisinə əks olunan və oranı parladan işıqlar da olmasa bəlkə heç belə bir mağazanın varlığından da xəbərləri olmayacaqdı.

Halbuki, gəlib keçənlərin çoxu, ələlxüsus da uşaqlar bu parlaq vitrinlərin qabağında durub orada bir küncə ustalıqla qarmaqarışıqlıq içində yığılmış oyuncaqlara gözlərini bərəldirdilər. Sonra qəmli şəkildə yollarına davam etmək istəyərkən qarşılarına çıxan taxta təkərli arabalara dodaqlarını büzər və hətta xəyallarında vitrindən qalan gözəl görüntüləri məhv edirmiş kimi candərdi baxardılar. Lakin balaca satıcı onların bu istəksiz baxışlarının fərqinə varmaz, qarşısına baxa-baxa qısa aralıqlarla qışqırırdı:

- Beş qəpiyə, beş qəpiyə, arabalar beş qəpiyə...

Böyük bir maşın mağazanın qarşısında dayandı. İçindən geyimli-keçimli, gombul bir qadınla səkkiz-doqquz yaşında, ağ beretli və uzun corablı, göy rəngli paltoda bir uşaq düşdü. Birlikdə mağazaya girdilər.

Bir müddət sonra uşaq içəridəki vitrinlərə baxa-baxa bayıra çıxdı, küçəyə düşdü və oyuncaqların olduğu tərəfə baxmağa başladı. Elə bu an balaca satıcının səsi eşidildi:

- Arabalar beş qəpiyə!...


Başını çevirib baxdı, sonra qaçaraq o tərəfə getdi. Qara çadralı qadının yanındakı uşağın əlini tutaraq:

- Aaa! Sən burda araba satırsan?

Balaca satıcı başını qaldırıb baxdı. Dərhal gülümsədi. O da:

- Aaaa! Anam tək gələ bilmir, həm də qışqıra bilmir... Ona görə mən də gəlirəm.

Ağ beretli uşaq yun əlcəkli əllərini paltosunun cibinə salaraq kiçik bir kisə çıxartdı, içindən bir badam götürüb ağzına atdı, birini də dostuna verdi. Ağzını şişirdətək soruşdu:

- Bəs, dərslərini nə vaxt hazırlayırsan?

- Dərsdən gələn kimi... İki saat filan məşğul oluram. Ondan sonra bura gəlirik. Onsuzda gecə dərslərimi oxuya bilmirəm. İşığın xərci çox olur.

- Bizim müəllimi gördün? İndi burdan keçdi.

- O mənim araba satdığımı bilir.

Qarşıdan bir qadınla bir neçə uşağın gəldiyini görən kimi sözünü kəsərək qışqırdı:

- Arabalar beş qəpiyə!...

Uşaqlar əl-ələ tutmuşdular. Çadralı qadın qəmli gözlərlə bunları süzürdü. Ağ beretli uşaq riyaziyyat fənninin tapşırıqlarını həll edib etmədiyini soruşdu:

- Mən bayaq evdə baxdım, həll edə bilmədim, gecə atamla köməkli edəcəyik. O biri:

- Nə kömək? Çox asandı… - dedi və dostuna dərsi başa saldı.

Başları əməlli-başlı söhbətə qarışmışdı. Hətta balaca satıcının belə “arabalar beş qəpiyə“ - deyə qışqırmağı yaddan çıxmışdı.

O biri dostunun qoluna vurub:

- Mənim yanımdakı uşağın ağzından iy gəlir. Deyəcəm sənin yanında oturmaq istəyirəm. Həm də dərslərimizdə bir-birimizə kömək edərik.

- Mənim yanımdakı dəyişməz yerini. Həm də ki, mən deyə bilmərəm ona. Qonşumuzdur. O da bizim kimi kasıbdır.

Sözünə davam etmədi.

“Onu durğuzdu, yerinə varlı uşağını otuzdurdular deyərlər” - demək istəsə də fikrindən vaz keçdi.

Başqa şeylərdən danışmağa başladılar.

Elə bu vaxt ağ beretli, göy rəngli paltolu, ağ corablı uşağın anası mağazadan çıxdı və hər iki tərəfinə boylandı. Əllərində torbalar var idi. Sürücü qaçaraq onları qadının əlindən aldı və öz yanına qoydu. Qadın uşağını gördü və etdiyi alış-verişdən üzündə yaranan təbəssüm birdən-birə yox oldu. Ciddi bir sifət aldı. Sürətli addımlarla onlara tərəf getdi. Uşaq anasının ona tərəf belə hirsli şəkildə gəlməyini görən kimi susmuş, təəccüblü, amma gülümsəyən bir baxışlarla gözlərini ona zilləmişdi. Bir an hamısı tərpənmədən dayandılar.

Balaca satıcının anası başını qaldırmış, yellənə-yellənə gələn bu kürklü və ilan dərili ayaqqabılı qadına baxırdı.

Qadın yaxınlaşan kimi təəccüblə baxan oğlunun biləyindən tutaraq qışqırdı:

- Bu nədir? Kimlə danışırsan?

O biri əlindəki çətirlə əli hələ də dostunun ovcunda olan balaca satıcının çiyninə vurdu. Sonra da qışqırdı:

- Bax, gör, sənin danışa biləcəyin adamdı bu?

Uşaqların qolları bir-birindən ayrılıb aşağı sallandı. Qara çadralı qadın divarın dibinə büzülmüşdü və balaca satıcının gözləri qolunun ağrısından yaşla dolmuşdu.

Dostunun gözündəki yaşları görən uşaq hələ bir çox şeydən xəbərsiz içdən gələn bir üsyanla:

- Ana, ana, o mənim sinif yoldaşımdı.

Qadın üzü qıpqırmızı oğlunun sözünü kəsdi:


- Mən sabah məktəbinizə də zəng vuracam. Sənə öz səviyyəndə olmayanlarla ünsiyyətdə olmağı göstərəcəm.

Oğlunun qolundan çəkdi. Arxada qalan balaca satıcı ilə anasına onları yerin dibinə soxmaq istər kimi təhqiredici və əzici baxışlarla süzüb yoluna davam etdi. Oğlu hələ də çevrilib geri baxır və yaşlı gözlərini başqa tərəfə çevirən dostunu görən kimi gözləri yaşarırdı.

Balaca satıcı o nazik səsiylə qışqırırdı:

- Beş qəpiyə!… Arabalar beş qəpiyə!...

# 4013 dəfə oxunub

Müəllifin son yazıları

# # #