Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim
25 fevral 2026
# 11:46

Kulis.az Əli Kərimin "Fraqmentlər" şeirini təqdim edir.

Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
Həkimin çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getməyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa
yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib.
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında.
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm. al səhərimdir.
Şeirlərimə baxıram:
Demə ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.

2 aprel, 1964

# 750 dəfə oxunub

Oxşar xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin bu ölkədəki konsertini ləğv etdi

13:41 15 iyul 2026
44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

12:50 15 iyul 2026
Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

11:17 15 iyul 2026
Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər