Məşhur yazıçı: “172 seriyalıq seriala baxmağa vaxtları var, kitab oxumağa yox”

Məşhur yazıçı: “172 seriyalıq seriala baxmağa vaxtları var, kitab oxumağa yox”
29 oktyabr 2013
# 13:57

“Oxumağı yadırğamış millət, kütləyə çevrilir”.

Kulis.Az müasir rus yazıçısı Zaxar Prilepinin “kitab oxunması səviyyəsi” barədə müsahibəsini təqdim edir.

Xaos əsri

- Bu yaxınlarda bir sorğunun olduqca dəhşətli nəticələri dərc olundu. Rusiya əhalisinin demək olar, yarısı il ərzində bir kitab üzü belə açmayıb. Belə çıxır, “oxuyan xalq” söhbətinə son qoymağın vaxtı çatıb?

- Yarısı oxumur, bəs o biri yarısı necə, oxuyurmu? Məncə biz özümüzə təskinlik veririk. Əhalinin 7-10 faizi oxuyur, qalan 40 faizi yalandan ad-san üçün hiyləgərlik edir. Amma... Rusiyalıların yarısı həqiqətən oxuyur, sadəcə daha çox sosial şəbəkələri oxuyur.

Ümumiyyətlə diaqnoz o qədər də çətin və hiyləgərcəsinə deyil. Təfəkkürün sadələşməsi modelləri əlbəttə müşahidə olunur. Bəzən buna beynin sıyıqlaşması da deyirlər. İnsan arxayın olur ki, “informasiya əsrində” yaşayır, guya hər gün yeni şey öyrənir, əslində isə savadlı adamların sayı şiddətlə azalır. Az vaxtda Vikipediyada qısa arayış əldə etmək bizi intellektual etmir. Səbəb odur ki, biz informasiya əsrində deyil, xaos əsrində yaşayırıq. Və heç kim Facebookda 40 min saat vaxt keçirməklə başqa adam olmayacaq. Amma rus klassiklərinin 20 cildliyini və ya fransız ədəbiyyatının 20 cildliyini oxuyan adam dəyişəcək. Tamam başqa adam olacaq.

- Zaxar, bəlkə rejissor Karen Şahnazarov “oxucu sivilizasiyasının qürub çağında yaşayırıq” deməkdə haqlıdır?

- Bəs onda hansı sivilizasiya gəlir, izləyicilərin sivilizasiyası? Amma izləyicilərin nəyəsə baxa bilmələri üçün oxuya bilən adamlar gərək işləsin. Nə eləsən də, ən yaxşı filmləri həmişə ciddi, humanitar bilikləri olan adamlar çəkir.

Daha geniş deyim. Ötən mitinqlər üçün xarakterik olan nə idi? Onları idarə edənlər ən azı oxuyan adamlar idi. Tribunalarda daha çox yazıçılar və publisistlər idi. Yazıçılar Bitov, Akunin və başqaları...

Biz nə qədər istəsən pul sivilizasiyasında yaşadığımızı deyə bilərik. Amma görəcəksiz, növbəti mərhələdə bir neçə ton pulu olanlar deyil, başında savadı olanlar, tonlarla kitab “yemiş” adamlar qalib gələcəklər. Və bütün milyonerlər də, onların mühafizəçiləri də, əlaqələri də məhv olacaq.

Çünki əvvəl Söz olub, rubl yox.

İdealların dağılması

- Mənzilində kitabxanası olmadan yetişən gənc nəslin gələcəyi necə olacaq? Kitab oxumayan adamda, gərəksizlikdən, istifadə etmədiyi üçün hansı xüsusiyyətləri ölüb gedir?

- Yəqin ki, beynin hansısa hissələri ölür. Elementar bir şey deyim, fikir vermisizmi, oxuyan, dərin düşüncəli adamlar daha gözəl olurlar. Əgər bir oğlan uşağının beyni işləyirsə o istənilən yaşda yaraşıqlıdı. Əlbəttə, tutalım 25-30 yaşlarında qız da fikirləşə bilirsə gözəlləşməyə başlayır.

Baxmayaraq ki, özün kimisi ilə danışanda bu o qədər də hiss olunmur. Ümumiyyətlə, burda vacib bir moment var. Mütaliəli adam kimlə istən ünsiyyət qura bilər, mütaliəsiz adam isə yalnız özü kimisi ilə.

Deməli, hazırda bizim cəmiyyətdə mənfi seleksiya gedir. Siz uşaq olanda nəsə bir şey oxumsunuz, amma sizin uşağınız heç nə oxumur. Sizin uşağınız sizdən başıboş olacaq, nəvəniz isə uşağınızdan da başıboş olacaq. Beləcə, bütöv xalqlar öz ərazilərini, hətta dillərini itirilər.

Çünki dil təkcə on minlərlə söz ehtiyatı deyil, milli mifin, poeziyanın, mədəniyyətin məkanıdır. Çünki oxumağı unudan millət, öz mifologiyasını, Yeseninin misralarını unudan millət, kütləyə çevrilir.

Düzdü, deyə bilərsiz ki, XV əsrdə əhalinin heç 98 faizi oxumurdu. Bəli. Amma onda hər 100 nəfərdən 99-u əzbərə 100 mahnı, 100 atalar sözü, 100 nağıl bilirdi. Onlar mifoloji məkanda yaşayırdılar, internetdə yox. Ana laylasını, qocaların söhbətlərini eşidərək bir anda ona bağlanırdılar. Və apriori olaraq rus dili və mədəniyyətindən kənar heç nə düşünmürdülər.

Biz isə “Radio Şanson”da Filipp Kirkorovu, Stas Pyexanı dinləyirik. Elə bilirik ki, onlardan daha ağıllıyıq. Biz onlarla heç müqayisə oluna bilmərik. Əgər 200 il əvvəl insanların stol arxasında oxuduqlarını eşitmək və onu indikilərlə müqayisə etmək imkanımız olsaydı, biz öz deqradasiyamızı görüb dəhşətə gələrdik. Təkcə təfəkkürümüz zəifləməyib, hisslərimiz də odunlaşıb.

- Müasir təhsil sistemi kimləri yetişdirir, böyük bir dövlətin qurulmasına çalışan insanlar, yoxsa informasiya istehlakçılarınımı?

- Məsələ təhsil sistemindən daha çox, bizim uğur arzusunda olan materialist təcrübəmizlə cüzi idealizm ehtiyatımız olmadan milli ideyaya malik olmaq arzusu arasındakı sonsuz fərqdədi. İdealizmlə bağlı isə bizim o qədər problemimiz var ki. Biz praqmatik olduğumuz üçün oxumuruq.

Daha doğrusu biz özümüz haqda belə düşünürük. Kimdən istəyirsən soruş. Niyə oxumursan? Deyəcək vaxtım yoxdu. İndicə Moskvadan Nijniy Novqoroda qayıtmışam. Beşə qalmış minmişik, saat doqquzda çatdıq. Qatarda hamısı şəhərli adamlardı, iki böyük şəhərin sakinləri. Təqribən 40 nəfərə yaxın adam var, hamısı da orta gəlirli adamlar. Qatarda gələ-gələ 5 saat pəncərədən baxıblar. Soruşsan niyə oxumurlar, deyəcəklər o qədər iş, qayğı var ki, oxumağa vaxt yoxdu.

Amma 172 seriyalıq seriala və futbol matçına baxmağa vaxtları var.

Başa düşün, mən kimisə təhqir etmək fikrində deyiləm, amma kimsə məndən soruşsa ki, niyə modda olan ən son amerikan serialına baxmamışam, yalandan deməyəcəm ki, vaxtım yoxdur. İstəsəydim vaxt tapardım. Deyəcəm ki, vaxtıma heyfim gəlir. Başqalarının da mütaliəyə vaxt ayırmağa heyfi gəlir. Qoy onda öz məşğuliyyətləri barədə yalan danışmasınlar.

# 4907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #