Bu yazıçının varlığı hələ də sual doğurur - ARAŞDIRMA

Bu yazıçının varlığı hələ də sual doğurur - <span style="color:red;">ARAŞDIRMA
11 mart 2017
# 20:00

Viktor Pelevin müasir rus ədəbiyyatının ən qapalı və sirrli yazıçısıdır. Qeyd etmək gərək ki, bu gizliliyi daha çox şişirdən Pelevin özüdür. Daha dəqiq desək Pelevin heç nə eləmir, sadəcə hər il bir kitab buraxır. O, müsahibə vermir, internetdə isə bir-iki köhnə şəkli var, vəssalam. Elə bil dərviş həyatı yaşayır. Bu xüsusiyyətinə görə onu Selincerlə müqayisə etmək olar.

Gizliliyi ilə bağlı Pelevinin yaratdığı piar oxucular arasında geniş əks-səda doğurur. Belə yazıçı həyatına öyrəşməyən oxucular da onun həyatına sirrli yanaşırlar, amma bir şeyi də düşünmək lazımdır: bəlkə həyatı o qədər də maraqlı deyil deyə gizlənr?

Pelevinin həyatı maraqlıdır, ya yox, məsələ burasındadır ki, onun haqqında demək olar heç nə məlum deyil. Bununla belə Rusiyada jurnalistlər Sergey Polotovskiy və Roman Kozak yazıçının dostlarını, tanışlarını, müəllimlərini danışdıraraq “Pelevin və boşluq nəsli” adlı kitab yazıblar. Həmin kitabdan seçmələri təqdim edirik.

***

- 1998-ci ildə “New Yorker” jurnalı Pelevini dünyanın ən yaxşı gənc yazıçıları (35 yaş civarında olan yazıçılar) sıralarına daxil etmişdi. Həmin jurnalda Pelevin məşhur Amerika yazıçısı, İkinci Dünya Müharibəsi veteranı, satirik-absurdist Cozef Hellerə bənzədilmişdi. 2009-cu ildə isə openspace.ru adlı məşhur portal Pelevini Rusiyanın ən böyük intellektualı adlandırmışdı.

***

- Viktor Pelevinin nə bloqu, nə saytı, nə də sosial şəbəkələrdə akkauntu var. www.pelevin.ru saytı da cəmi bircə səhifədən ibarətdir. Saytda isə yazıçıya ünvanlanmış belə bir müraciət var: “Vitya! Vaxtın olanda mənə zəng elə saytı düzəldək. Yoxsa camaat gözləyir, ortada isə heç nə yoxdur. Mənim nömrəm: 926-18-00. Tema.” Belə çıxır heç sayt hazırlayan da onu tapa bilmir.

***

- Pelevinin anası Zinaida Efremova qastronom direktorudur. Atası Oleq Pelevin isə universitetdə hərbi kafedrada dərs deyir.

***

- Məktəbi bitirəndən sonra o, Moskva Energetika İnstitutuna daxil olub. Məlumdur ki, Pelevin əlaçı imiş. Bundan başqa o, institut divar qəzetinə fantastik hekayələr yazırmış.

***

- 80-ci illərdə Moskvada yaşayan Pelevin o dövrün dəbi olan dəri gödəkcə geyər, Karlos Kastanedanın əsərlərini oxuyar, zen-buddizm öyrənərmiş. O illərin dostu Sergey Moskalev “Ezoterik slenq lüğəti” kitabında xatırlayır: “80-ci illərdə Moskvada ilk dəfə urinoterapiya (sidik içməklə müalicə) peyda olanda onun ilk tərəfdarları azsaylı mistiklər oldu. Vitya P. öz sidiyini içməsi ilə fəxr edirdi. Məclislərin birində dedi ki, bu dəfə şərab yerinə icazə versələr sidiyini içəcək. Təbii ki, hamı razılaşdı, o, yarım stəkan sidik gətirdi, masaya qoydu, məclisdəkilərin reaksiyasını yoxlamağa çalışdı. Birdən yadına düşdü ki, sidiyi içməlidir, ona görə də su dalınca mətbəxə getdi. Qayıdanda nə görsə yaxşıdır! NN gülür, ətrafdakılar da heyrətlə ona baxır. Sən demə NN Vityanın sidiyini içəri ötürüb. Vitya görəndəki daha ətrafdakıları heyrətləndirə bilməyəcək, naz eləməyə başladı ki, daha içməyəcək. Belə olanda NN günahsızcasına dilləndi: “İstəyirsən sənə öz sidiyimi süzüm.”

Hər halda Vitya P. adı altında müəllifin Pelevini nəzərdə tutub-tutmaması dəqiq deyil.

***

- Pelevin institutu bitirəndən sonra jurnallarda yazmağa başlayıb. Onun ilk ən məşhur işi Ralf Blyumun “Runolarla falabaxma” kitabının ingiliscədən tərcüməsi oldu. Əsər “Elm və din” jurnalında milyona yaxın nüsxədə çap olundu. Falabaxma həvəskarları redaksiyaya məktub yazırdılar. Pelevinin ilk bədii əsəri isə 1989-cu ildə yenə eyni jurnalda çıxan “Cadugər İqnat və insanlar” hekayəsi oldu.

***

- 1988-ci ildə Ədəbiyyat İnstitutunun proza bölməsinə qiyabi daxil olur. Bu, həmin institut idi ki, bir müddət əvvələ qədər onu lazımsız hesab edirdilər. Üç il sonra təhsilini yarımçıq qoyur. Yazıçının bioqrafları Pelevinin hekayələrindən birinə olan rəyə rast gəliblər. Rəydə deyilir: “Müəllif axtarışları həqiqi ruhi təcrübədən deyil, mücərrəd fəlsəfəçilikdən qaynaqlanır.” Demək lazımdır ki, bu gün Pelevini qəbul etməyən oxucular məhz onu fəlsəfi mücərrədçilikdə, əllaməçilikdə qınayanlardır.

***

- “Omon Ra” povesti 1991-ci ildə yazılıb, 1992-ci ildə nəşr olunub, 1993-cü ildə isə Boris Struqaskovun rəhbərliyi ilə yaradılmış “İnterpresskon” fantastlar birliyinin iki ədəbi mükafatını əldə etmişdi.

***

- Pelevinə məşhurluğu 96-cı ildə çap olunmuş “Çapayev və Pustota” əsəri gətirib. Doxsanıncı illərin sonunda o, ən çox tələb olunan yazıçılardan idi.

***

- Məşhur “Kvas kola deyil, “Nikola” iç” reklam sloqanı Pelevinin “”P” nəsli” romanından sonra yaranıb. Əsərdə sloqan belədir: “Sprayt – Nikola üçün kola deyil.” Pelevinin bu sloqanını istifadə edən şirkət marketoloqunun fikrincə onlar yazıçı ilə əlaqə saxlayıb təşəkkür etmək istəsələr də təəssüf ki, onu tapa bilmirlər.

***

- Pelevinin demək olar bütün əsərlərində kokaindən bəhs olunur.

***

- Dostlarının sözlərinə görə gənclik illərində ezoterika həvəskarları öz çevrələrində hər şey çəkir və əllərinə düşən bütün narkotik vasitələrdən istifadə edirdilər. Bunun içində uyuşdurucu göbələklər də var idi, ekstazi həbləri də. Yazıçı da bu vasitələrdən istifadə edirdi. İndi isə deyirlər ki, Pelevin sağlam həyat yaşayır, velosiped sürür, tay-çi ilə məşğul olur.

***

Deyilənə görə Pelevin “Vaqrius” nəşriyyatından “Eksmo”ya keçən zaman bir milyon dollar avans qarşılığında hər ilə bir kitab vəd edib. Üstəlik hər çap olunmuş kitabdan da bir dollar tələb edib.

***

Qermes Zayqotun sözlərinə görə Pelevinin anasının mənzilinin altında birotaqlı mənzili var. Bu mənzilin əşyaları lejankadan, üzərində Playstation olan balaca masadan, nəhəng televizordan və güzgülü şkafdan ibarətdir. Şkafda eyni formada on ədəd qara kostyum var. Mənzilin divarları isə tamamilə ağdır.

***

- 2006-cı ildə “Empire V” romanının nəşrinə bir ay qalmış əsərin əlyazmasının internetə düşməsi böyük qalmaqala səbəb oldu. Bunun piar kampaniya olması, yoxsa həqiqətən baş verməsi hələ də məlum deyil. Cinayət işi açılsa da kifayət qədər dəlil olmadığına görə məsuliyyətə cəlb edilən olmayıb.

***

- “Generation P” filmi ekranlara çıxanda Pelevin rejissora yazır: “Filmi bəyəndim.” Məlumat üçün deyək ki, yazıçı ssenarinin yazılmasında və çəkilişlərdə iştirak etməmişdi.

Tərcümə etdi: Elnarə Ağaoğlu

# 1284 dəfə oxunub

Müəllifin son yazıları

# # #