Uşaq nağıllarının qorxunc keçmişi: zorlama, qətl, sadizm

Uşaq nağıllarının qorxunc keçmişi: <span style="color:red;">zorlama, qətl, sadizm
12 oktyabr 2016
# 09:00

Böyük Britaniyada naşirlər Qrimm Qardaşlarının nağıllarını 1812-ci ildəki ilkin redaksiyasında kimi, daha doğrusu qanlı və qorxunc formasında çap ediblər. Yakob və Vilhelm Qrimmlər də Şarl Perro, italyan nağılçı Cambattista Bazile kimi nağılların süjetlərini özlərindən uydurmurdular, xalqın dilində necə idisə o cür də gələcək nəslə ötürürdülər. Bu nağılların ilkin variantını oxuyanda damarda qan donur: qəbirlər, kəsilmiş əllər, sadist cəzalar, zorlama və nağıla sığmayan başqa detallar.

Kulis.az bu nağılların orijinal süjetlərini təqdim edir.

Zoluşka

Belə hesab olunur ki, “Zoluşka”nın ilk variantı Qədim Misirdə yaradılıb: Gözəlçə Fodoris çayda çimdiyi zaman qartal onun sandalını oğurlayaraq firona aparır. Firon isə ayaqqabının ölçüsünün kiçikliyindən heyrətə gəlir və nəticədə bu əxlaqsız qadınla evlənir.

“Nağıllar nağılı” adlı xalq əfsanələri toplusunu yazmış italyan Cambattist Bazilenin əsərində isə baş verənlər daha betərdir.

Onun Zoluşkası, daha doğrusu Zezolla Disney cizgi filmlərindən və uşaq tamaşalarından bildiyimiz qədər heç də bədbəxt qız deyil. Ögey anasının təhqirlərinə dözə bilmədiyi üçün sandıq qapağı ilə onun boynunu qırır, üstəlik bu cinayətə dayəsini də şərik edir. Dayə isə öz növbəsində çalışıb-vuruşub qızın ikinci ögey anasına çevrilir. Məlum olur ki, dayənin altı kinli qızı da varmış. Təbii ki, hamısının öhdəsindən gəlməyə Zoluşkanın gücü çatmır. Onu təsadüf xilas edir. Kral bir dəfə qızı görür və ona aşiq olur. Əla-həzrətin nökərləri Zezollanı dərhal tapsalar da o, qaçmağı bacarır və bu zaman-xeyr, büllür tuflini yox!-o vaxt Neapol qadınlarının geyindiyi, tıxacdan altlığı olan pianellasını salıb itirir. Sonrakı hadisələr məlumdur: ümumxalq axtarışı və dəbdəbəli toy. Ögey ana qatili bu şəkildə kraliçaya çevrilir.

Nağılın İtaliya variantının çapından 61 il sonra Şarl Perro öz nağılını dərc edir. Məhz bu variant müasir interpretasiyaların bazasını təşkil edir. Düzdür, Perronun versiyasında qıza kəndlilər yox, ölmüş anası kömək edir: onun qəbrinin üstündə arzuları yerinə yetirən ağ quş yaşayırmış.

Qrimm Qardaşları da Zoluşkanı özlərinə məxsus şəkildə interpretasiya etmişdilər. Onların fikrincə bu bədbəxt yetim qızın yaramaz bacıları layiqincə cəzalanmalı idilər. Arzuolunan tuflini əldə etmək üçün soxulan bacılardan biri barmağını, o biri əlini itirir. Əsərin axırında isə quşlar bacıların gözünü çıxarırlar.

Qırmızı papaq

Qız və ac canavar haqqındakı əhvalat hələ XIV əsrdən Avropada hamıya tanışdır. Yerindən asılı olaraq səbətdəkilər dəyişsə də hadisənin özü daha uğursuz idi. Nənəni öldürən canavar onu çiy-çiy yemir, bədənindən dadlı xörək, qanından bir cür içki hazırlayır. Çarpayının altında gizlənərək Qırmızı papağın öz nənəsindən hazırlanmış yeməyi necə iştahayla yeməsinə tamaşa edir. Nənənin pişiyi qızı xəbərdar etmək istəsə də canavarın ona tolazladığı başmaq yazıq pişiyi öldürür. Nənəsindən hazırlanmış xörəkdən doyunca yemiş Qırmızı papağı isə deyəsən bu karıxdırmır, qızcığaz əynini soruşub yataqda onu gözləyən canavarın yanına girir. Nağılın əksər versiyaları elə bu cür də bitir-axmaq qıza bu da azdır!

Sonralar Şarl Perro bu nağılı optimist sonluqla bitirir.

Yatmış gözəl

Cambattista Bazilenin yazdığı nağılın yanında “yatmış gözəli oyadan öpüş versiyası” sadəcə uşaq söhbətidir. Onun nağılındakı Taliya adlı gözəl qızı lənətlənmiş böcək dişlədiyi üçün dərin yuxuya gedir. Qızın ümidsiz kral atası övladını meşədə balaca daxmada saxlayır, amma sonra nə olacağını ağlına da gətirmir. Uzun illər sonra yaxınlıqdan başqa bir kral keçirmiş. Marağından daxmaya girən kral yatmış gözəli görür. O, heç düşünmədən Yatmış gözəli yatağa aparır, belə deyək, vəziyyətdən yararlanır və heç nə olmamış kimi çıxıb gedir. Yuxuda zorlanmış gözəl doqquz ay sonra Günəş adlı oğlan və Ay adlı qız doğur. Taliyanı da məhz onlar oyadırlar. Anasının döşünü axtaran oğlan təsadüfən onun barmağının zəhərli yerini sovurur, qadın da oyanır. Şəhvət düşkünü olan kral növbəti dəfə daxmaya gələndə öz nəslinin davamçılarını görür.

Bundan sonra qıza cah-calal söz verərək öz krallığına qayıdır. Krallıqda onu əlbəttə kraliça gözləyir. Kralın xanımı qızın haqqında hər şeyi öyrəndikdən sonra onu və ərini cəzalandırmaq qərarına gəlir. O, əmr edir ki, uşaqları öldürüb onların ətindən ərinə piroq hazırlasınlar, prinsesanı isə yandırsınlar. Lakin son anda kral qızın qışqırıqlarını eşidir və köməyə gələrək qızın yerinə onu bezdirən kraliçanı oda atır. Bəs körpələr? Sən demə aşpaz yaxşı adam çıxır əkizlərin yerinə piroqa quzu əti qatır.

Şarl Perro isə qızın ismətini qorumaq məqsədi ilə nağılı xeyli dəyişib.

Ağbəniz

Bizim zamanımızda vəhşilik kimi görünsə də Ağbəniz haqqında nağıla Qrimm Qardaşları xeyli detal əlavə etmişdilər. İlk versiya 1812-ci ildə yazılmış 1854-cü ildə isə ona əlavələr olmuşdu. Nağılın girişindən belə yaxşı şeylərin baş verməyəcəyi hiss olunur: “Bir qış günü kraliça çərçivəsi qara ağacdan olan pəncərənin qarşısında oturub toxuculuq edir. Təsadüfən iynə barmağına batır, yaradan üç damla qan çıxır. Bunu görən qadın belə arzulayır: “Kaş qar kimi ağ, qan kimi qırmızı, qara ağac kimi qara uşağım olardı”. Burda ən qorxunc obraz cadugərdir. O, elə bilir Ağbənizin ürəyini yeyib, başa düşəndə ki, yanılır, onu öldürmək üçün yeni metodlar düşünür. Onlardan bəziləri donun adamboğan bağı, zəhərli daraq və almadır. Bildiyimiz kimi alma işə yarayır. Final da maraqlıdır. Ağbənizin işləri düz gətirən zaman cadugər yenə araya girir. Cəza kimi isə ayaqları közərmiş dəmir ayaqqabılarda bişir və ölür.

Gözəl və bədheybət

Bu nağılın ilkin versiyası nə az, nə çox Psixeya haqqında qədim yunan mifidir. Onun gözəlliyinə böyük bacılarından tutmuş ilahə Afroditaya qədər hər kəs nifrət edirdi. Qızı bir qayaya zəncirləyirlər ki, bədheybət onu yesin, lakin möcüzə baş verir və bir sirli varlıq onu xilas edir. Həmin varlıq əlbəttə kişi cinsində olduğu üçün Psixeyanı özünə arvad edir, amma bir şərtlə; öz sorğu-sualı ilə ərini bezdirməyəcək. Təbii ki, Psixeyanın qadın marağı ona güc gəlir, o, ərinin əslində bədheybət yox, gözəl Amur olduğunu öyrənir. Psixeya hər şeyi öyrənəndən sonra əri ondan küsür və uçub gedir. Bu izdivaca əvvəldən qarşı olan Afrodita, Psixeyanın qayınanası ona çətin tapşırıqlar verərək cana doydurmaq istəyir. Amma Psixeya bütün tapşırıqları yerinə yetirir, sonda Amur qayıdır və onlar uzun və xoşbəxt ömür yaşayırlar.

Nağılın müasir versiyasına ən yaxın variantı 1740-cı ilə Qabriel-Süzann Barbor de Vilnev yazmışdı. Onun nağılı daha qəlizdir: Bədheybət bədbəxt yetimdir. Onun atası ölüb, anası isə krallığı düşmənlərdən qorumağa məcburdur. Buna görə də uşağın tərbiyəsini xalasına tapşırıb. Uşağın cadugər çıxan xalası onu tovlamaq istəsə də heç nə alınmır, o da acığa oğlanı bədheybətə çevirir. Gözəlin də başına az fəlakət gəlmir. Əslində tacirin doğma qızı deyil. Onun əsl atası kral, anası isə pəridir. Ancaq kraldan əl çəkmək istəməyən əzazil cadugər qadın rəqibinin qızını körpə qızı vəfat etmiş tacirə verir. Gözəlin bacıları haqqında da maraqlı faktlar var: Bədheybət Gözəli doğmalarının yanına qonaq getməyə icazə verəndə qızlar qəsdən ona təlqin edirlər ki, vəhşi özündən çıxıb onu yemək istəyir. Yeri gəlmişkən bu incə doğmalıq məqamı Vensan Kassel və Lea Seydunun oynadıqları “Gözəl və Bədheybət” filminin son variantında da göstərilib.

# 1416 dəfə oxunub

Müəllifin son yazıları

# # #