Tanışlıqçün qadına üzük taxmaq əhvalatı

Tanışlıqçün qadına üzük taxmaq əhvalatı
9 iyun 2015
# 16:05

Parkda gəzirdim. Qarşımdan bir xanım keçdi. Yaraşıqlıydı, başım istər istəməz o istiqamətə döndü, gözlərim onun yaraşıqlı əndamını izlədi, ayaqlarım o səmtə tərəf yeriməyə başladı. Şorgözlüyə baxın da!

Qadın nazlana-nazlana yeriyir, sanki mənim arxadan gəldiyimi duyurdu. Birdən onun telefonuna zəng gəldi. Qadın əlini paltosunun cibinə atdı, cəld hərəkətlə onu çıxardı, yəqin kimdənsə zəng gözləyirdi. Telefonu cibindən çıxaranda nəsə cibinə ilişib yerə düşdü və diyirləndi. Amma qadın telefonun səsindən və hövlnaklığından cibindən düşəni nə hiss elədi, nə də cingiltili səsini eşitdi. Mən yaxınlaşıb yerə düşən əşyanı götürdüm. Üzük idi, nişan üzüyünə oxşayırdı. Deməli, ərdəydi. Hər halda 35-38 yaşı olan qadın indiyə kimi nişanlı qalmazdı. Qadın telefona həkk gəlmişdi, əl-qolunun hərəkətləri daha da sürətlənmişdi. Onunla tanışlıq üçün üzük əsl vasitəydi.

Mən onun arxasınca düşdüm. Qadın səkidə dayanmış maşınların arasından keçdi, alaqapının ağzındakı zeytun ağacını da geridə qoyub, qaranlığa girdi və asta addımlarla pilləkənləri qalxmağa başladı. İndi o nazlanmır, əksinə kiməsə, yəqin ki, telefonla zəng edənə, bəlkə də zəng edənin iradlarına qızırdı. O, üçüncü mərtəbəyə çıxanda dayandı. Məni, yəni arxasınca gələni çoxdan unutmuşdu. Birdən nəsə hiss eləyib dayandı, arxaya döndü. Məni görəndə qorxdu. Mənim başı papaqlı gödəkcəm onu vahiməyə saldı və kəkələyə-kəkələyə soruşdu:

-Sizə nə lazımdı?

-Nə yox, kim? – dedim, səsimə dramatizm qatdım.

Mən indi qalib görkəmindəydim və ona nə istəsəm deyə bilərdim. Hər adam üzük tapıb qaytarmır ki.

-Kim!

-Siz dedim. Mənə siz lazımsınız.

O daha da qorxdu.

Qalib statusumdan istifadə elədim, əlimi yavaş-yavaş cibimə atdım. Qadın geri çəkildi, cibimdən odlu, yaxud soyuq silah çıxaracağımı zənn elədi.

Əlimi cibimdən çıxarıb, ovcumu açdım.

Qadın lap qorxdu, əllərini də göyə qaldırdı.

-Əlinizi mən verin, xanım, bu dəfə nəvazişlə dedim, - sizə üzük gətirmişəm.

-Nə üzük, o daha da heyrətləndi, amma əvvəliki kimi qorxmadı, qorxusu bir az keçmişdi.

-Sizin üzüyünüzü,- dedim və üzüyü ona göstərdim.

-Mənim üzüyüm yoxdu, -dedi.

Mistika.

-Bu sizin cibinizdən, ya da barmağınızdan düşdü,- dedim, - gəlin ölçək. O barmağını mənə uzatdı.

-Əgər barmağınıza olsa, onda məndən hədiyyə kimi qəbul edin, sonrasına baxarıq, - dedim.

-Əriniz də var, yəqin?

-Mənim ərim yoxdu, -dedi.

Mən sevindim. Üzüyü onun barmağına taxmaq istədim. Amma üzük onun heç bir barmağına olmadı. Qadın sanki sevindi.

-Gördünüz, dedim axı, mənim üzüyüm yoxdu!

Birdən o, mənim başımın üstündən arxaya baxdı, gözləri bərəldi və inildəyən kimi oldu, sonra:

- Ərim, - deyə bağırdı.

Mən səksəndim...

Siz də yuxulara inanırsınız?!

# 1932 dəfə oxunub

Müəllifin son yazıları

# # #