Kulis.az Xuraman Hüseynzadənin “Gilavardan xəzriyə - Rövşən Naziroğlu” yazısını təqdim edir.
Rövşən Naziroğlu... Azərbaycan ədəbiyyatının istedadlı şairi... Xeyli vaxtdır gözdən, nəzərdən uzaq düşən şair, sanki inzivaya çəkilib. Lap Lev Tolstoyun empati qurması, “Səfillər”dəki polkovnik Jorj Ponmersinin tənhalığa çəkilib gül-çiçəyə, öz dünyasına mehr salması kimi. Ədəbi aləmdən uzaq düşməsinin onu mütaliəyə, yeni şeirlər, hekayələr yazmağa cəlb etdiyini deyir...
Rövşən Naziroğlunun kifayət qədər ədəbi bilgiyə sahib olmasını qələm dostları, oxucuları yaxşı bilir. O, ədəbiyyata, sözə ciddi münasibəti, həssas yanaşması ilə seçilir. Onun təşbehləri fərqlidir, bənzərsizdir:
Sevgimsə basılan bir ordu kimi
Sənin ürəyindən geri çəkilir.
Sərbəst vəzndə daha çox şeirlər yazan şairin heca vəznində yazdığı şeirlər də gözəldir:
Umudun işığı bir şamca gəlməz,
Gecə ürəyimdə əriyər, gedər.
Bəxtimi səsləsəm arxamca gəlməz,
Ayrı bir cığırla yeriyər, gedər.
Bu şeirdə hisslərin uğurlu poetik ifadəsini görürük.
Rövşən Naziroğlunun erotik şeirləri dərin mənası, özünəməxsus deyiliş tərzi ilə çox seçilir. Klassik şeirlə, əruz vəzni ilə simbioz yaratması şeirlərin bədii keyfiyyətini artırır:
o gecə də ürəyim beləcə çalxanırdı
pencəyimin döş cibində
əndami-lətifanənə həsr etdiyim şeir.
Kino motivli şeirlərdən olan “Sehrli xalat”da da onun zəngin söz ehtiyatına malik olduğunu görürük:
Ey mələksima
məgər sən
İo-kio babanın qız nəvəsisən?
İo-kio rəhmətlik
Xalatı geyinəndə möcüzə eylərdi peyda
sən xalatı soyunanda.
Klassiklərin lirik qəhrəmana xitabən dediyi “mələksima” bənzətməsi dahi Məhəmməd Füzulidə özünəməxsus səslənir:
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir, insan deməz hər kim ki insandır sana.
Təbii, R.Naziroğlu “Sehrli xalat” şeirindəki lirik qəhrəmanını öz yaradıcılığına uyğun tərzdə və ustalıqla təsvir edir. Burda əsas məqsəd lirik qəhrəmanın gözəl olduğunu bildirməkdir. Ki, R. Naziroğlu bunu bacarıb.
Onun poetik leksikonunun fərqli olması klassik şeirə sevgisindən irəli gəlir. Klassik şeirlə, əruz vəzni ilə metafizik əlaqə R. Naziroğlunun şeirlərinə xüsusi rəng qatır. Rövşən Naziroğlunun Füzuli yaradıcılığına sevgisi də bunu təsdiq edir.
Psevdo vətənpərvərlərə “Ağabala Maskovski” zərbəsi
Azərbaycan ədəbiyyatında erotik şeirlər yazan klassik şairlərdən Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, rus ədəbiyyatından İvan Barkovun, Konstantin Balmontun, Aleksandr Verbin, Petr Davudovun adlarını çəkə bilərik.
Müasir Bakı ədəbi mühitindən - bakılı şairlərdən, yazıçılardan danışanda ilk yada düşən imzalardandır Rövşən Naziroğlu. Onun saxta vətənpərvərlərə həsr etdiyi “Ağabala Maskovski” şeirinə diqqət yetirək:
...başınısa dik tut maşacan
tez-tez arxaya baxıb boylanıb
mənim üçün ayrılığı
daha da ağırlaşdırma
üzünə baxmadan ayrılmaq istəyirəm
səndən
ürəyimdə vətən dərdi el dərdi
Şeirdəki erotik çalarlar vətən dərdi çəkməyən “ağabala maskovski”lərin mənəviyyatını mükəmməl ifadə etmək üçün vasitədir. Rövşən Naziroğlunun bu şeiri onlardan narazılığını göstərir. Torpaqları düşmən tapdağında olan və bu haqda bu cür düşünən “ağabala maskovski”lər bütün zamanlarda olub. O, bu şeirdə belələrini gizli saxlamaqdansa ifşa etməyi üstün tutur. Rövşən Naziroğlunun erotik şeirləri dərin mənası, məzmun qatı ilə çox seçilir. Şairin erotik şeirləri mənəviyyatın, əxlaqın vacibliyini diqtə edir.
Dərd, yanğı, səmimiyyət...
“Azad qadın” şeirində o, qadına böyük dəyər verir:
Sən canını belə fəda edərsən
xalqın yolunda
xalqsa gün-gündən
aşağı salar qiymətini
Ancaq heç könlünü sıxma
sən öləndə
sənə heykəl qoyacaqlar
ey azad qadın!
Rövşən Naziroğlunun “Ssenari” şeiri də gizli alt qatı, dərin məzmunu, ötürdüyü subliminal mesaj ilə diqqət çəkir:
Bax burda sən döyməlisən qapımı
Mən ucadan:
“Buyurun, keçin”- deməliyəm.
Sən məndən bir çimdik duz istəməlisən
Mən nədənsə sevinə-sevinə deməliyəm ki
duz yoxdu.
Üzbəüz otaqdan televizorun səsi gəlməlidi
bu ara
xəbərləri bəhanə gətirib
keçməlisən dəhlizdən otağa
oturmalıykən uzanmalısan divana
Onun erotik şeirlərində dərd, yanğı və səmimiyyət var. Və bu şeirlərdə məsələn, Barkov açıq-saçıqlığını görmək mümkün deyil. Şair evdə duzun, yəni halallığını olmamasının hətta xəyanətə səbəb olduğunu deyir.
Ədəbiyyat sevgisi
Ədəbiyyat təəssübkeşi olan Rövşən Naziroğlunun “Dürrü-yetim” şeiri oxuculara yaxşı tanışdır. Şairin bu şeiri yazdığı dönəmlərdəki Vahid poeziya evi çoxunun yadındadır. Şairlər, şeirsevənlər o məkana yığışırdı. Təbii, poeziyaya xidmət edənlərlə yanaşı vaxt öldürmək üçün gələnlər də vardı o məkana. Şeirdə əruzun qəliblərini həmin günlərə ironik tərzdə yansıtmaq şairin yumor hissinin dərinliyindən, şeirə sevgi ilə yanaşmasından xəbər verir. Rövşən Naziroğlu ədəbiyyat fədaisidir. O, heç vaxt istəməyib ki, poeziyamızla qeyri-ciddi rəftar olunsun. “Dürrü-yetim” şeiri onun bu istəyinin, şeirimizə olan sevgisinin bariz göstəricisidir.
Güclü yumor hissi, sarkazmı ilə seçilən Rövşən Naziroğlunun bu şeirinin məzmun qatı son misralarda məlum olur:
...oxuduqları ustadanə
dürrü-yetim
azərbaycan mətbəxinə dair
küftəilün dolmailün aşilün
küftəyiyün müftəyiyün çayilün
müftəilün müftəilün payilün.
“Mənə xoşbəxt olmaq üçün az şey lazımdır, ancaq o da az olduğundan tapılmır” - deyir şair. “Vicdanımdan başqa hamı məni tərk edə bilər” - bu da onun sözüdür...
Ümumiyyətlə, Rövşən Naziroğlunun adi leksikonu, söhbətləri də təşbehlərlə zəngin olur. Təbii, bu, istedadın bariz göstəricisidir. Onun nəsri də maraqlıdır. Təhkiyəsi gözəldir.
Bakılı balası Rövşən Naziroğlunun şeirlərində neft qoxusunu, əncir, üzüm şirinliyini, paytaxt havasını - gilavardan xəzriyə nə varsa, hamısını görmək və hiss etmək mümkündür.