Kulis.az yazıçı Samir Sarının “Körpüdə brifinq təşəbbüsü” hekayəsini təqdim edir.
Səhər saat 08.30 radələrində gənc mühafizə polisi Sərvaxt Fərraşov avtomobilinin sükanı arxasında oturduğu yerdə vaxt keçirmək məqsədi ilə mobil telefonunda oyun oynadığı üçün tir üstündə yeriyirmiş kimi asta və qısa addımlarla “İntihar körpüsü” yaxınlaşan şəxsi gec gördü.
Fərraşov ilk baxışdanca anladı ki, adamın niyyəti saf, məqsədi ülvi deyil. 45-50 yaşlı, üzü tüklü bu şəxs körpünün dəmir məhəccərlərinə doğru gedirdi, buradan o, intihar üçün əlverişli olan hündürlüyə dırmaşacaqdı.
Əslində körpünün bu hissəsinə el arasında “Deputat körpüsü”, media camesində isə “Şantaj körpüsü” deyirdilər. İki il öncəyə qədər iki həftədən bir kimsə mütləq gəlib körpü tağının hündür yerinə dırmaşır, özünü atmaqla hədələyir, müxtəlif tələblər irəli sürür, ürəyiyumşaq deputatı körpünün altına, onu dinləməyə çağırırdı. Allah tərəfi, deputat da gəlirdi.
İndiyədək bu körpüdən özünü atıb öldürən olmamışdı. “Özümü buradan atacam” deyənlərin hamısını sağ-salamat düşürmüşdülər. İlk dəfə belə bir unikal şantaj üsulu ilə çıxış edənlərin işləri düzəlmişdi. Başqalarını da körpünün başına dırmaşmağa həvəsləndirən məhz həmin presedent idi. Ancaq sonra körpüyə çıxmaq istəyənlər artdı və “özümü atacağam” hədəsi intensivləşdi deyə məcbur oldular ki, körpünün bu strateji nöqtəsinə mühafizə postu qoysunlar və polislər burada keşik çəksinlər.
Sərvaxt da o keşikçilərdən biri idi. İndi o görürdü ki, arıq və üzü tüklü adam 3-4 addımdan sonra körpüyə dırmaşmağa cəhd edəcək.
Gənc mühafizə polisi dərhal avtomobilindən çıxdı və adama yaxınlaşaraq onun qabağını kəsdi:
- A kişi, bir dayan, görüm, nağarısan?
Kişi dayandı və təəccübləndi:
- Nağarajam? Körpüyə çıxıram.
- Nə körpü, əşi? Bə mən burda niyə durmuşam? Olmaz!
- Niyə olmur, başaa dönüm? – arıq kişi sual verdi.
- Körpüyə çıxmağa icazə yoxdur. Körpü strateji obyektdir, dövlət tərəfindən qorunur. Burda intihar etməyə icazə verilmir, – Fərraşov sistem adamlarına xas qətiyyətlə dedi, amma intihara məhz harada icazə verildiyini demədi.
Adam fikrindən daşınmadı:
- İntihar edən kimdi, a bala? Problemim var, brifinq keçirəcəm.
- Brifinq nədir, əşi? Burda heç bir mitinq, piket keçirmək olmaz, - Sərvaxt qətiyyətliydi.
- Ağzımda deyirəm ki, mətbuata müraciət edəcəm, - kişi də israrlıydı.
- Əşi, problemin var, get dərdini qəzetlərə de, burada olmaz, - Fərraşov çıxış yolu göstərdi.
Üzü tüklü adam yenə razılaşmadı:
- Redaksiyalarda adama qulaq asmırlar. Şikayətimi yazmırlar. Amma bura çıxanda hamısı tökülüşüb gəlir.
- Mənə dəxli yoxdur. Körpüyə çıxa bilməzsən, - Fərraşov dəyənəyini sol əlinə aldı.
- Çıxacam. Mənim lıqotum var. Qaşqınam mən, - kişi sağ əlini qoltuq cibinə aparıb vəsiqə çıxardı.
- Burda lqot-mqot keçmir, - Sərvaxt sifətini bir az da bozartdı. – Qaçqınsan, get Qaçqlnkoma.
Daş qayaya rast gəlmişdi. Ancaq arıq kişinin pəs etmək fikri yox idi.
- Qaqa, başaa dönüm, sənin adın nədir?
- Sərvaxtdır mənim adım, - Fərraşov adını dedi.
- Sərvaxt, qadaalım, mənim də adım Qismət müəllimdir. Gəl sən mənə bir yaxşılıq elə, qoy yarım saatlıq çıxım o körpüyə. Söz verirəm, jurnalistlər və deputatlar gələndən bir az sonra düşüb gedəcəm, - Qismət müəllim gənc mühafizə polisini dilə tutmağa çalışdı.
- Olmaz! – idmançı cüssəli Sərvaxt geri durmaq fikrində deyildi.
- Bax, xəcalətli qalmaram. Gəl bəri başdan mən sənə bir beşlik verim, işim düzələndən sonra bir əllilik də verərəm, gedib yeyib-içərsən, - müəllim polisə rüşvət təklif etdi.
- Nə 5 manat, a kişi?, - Fərraşov əsəbiləşdi. – Heç beş min versən də, olmaz.
Qismət yeni məzənnə ilə çıxış etdi:
- Bəs 5 milyon versəm, olar?
Gənc mühafizə polisi duruxdu. Ona görə yox ki, 5 milyon söhbəti onun ağlını qarışdırmışdı, onu təəccübləndirən və duruxduran o idi ki, üstündə cəmi-cümlətanı 100 manatlıq pal-paltar olmayan biri bu qədər yekə-yekə danışırdı. Ona görə də Fərraşov rişxəndlə dilləndi:
- Müəllim, 5 milyonun olsa ta körpüyə niyə çıxırsan? O pulla öz problemlərini həll edə bilərsən dəə.
- Özünü Qismət müəllim kimi təqdim edən kişi hiddətləndi:
- Deməli, mənim sənə verəcək 5 milyonum yoxdu deyə sözümü deyə bilmərəm? Mən bu ölkənin vətəndaşıyam. Bu, mənim dövlətimdir. Mənim vətənimin istənilən körpüsünə çıxmaq hüququm var. Bu, nə təbəddülatdır? Bu nə diskriminasiyadır? Harda qaldı insan haqları, Avropaya inteqrasiya? Beynəlxalq konvensiyalar var. Sən onu poza bilməzsən. Regionun lider dövlətiyik biz. Hər sahədə!
Həmsöhbətinin savadlı adam olduğu qənaətinə gələn Sərvaxt Fərraşov orta məktəbi orta qiymətlərlə bitirmişdi, arada qəzet-filan da oxuyurdu, böyüklərin maraqlı söhbətlərinə diqqətlə qulaq asırdı, ancaq bilmirdi ki, vətəndaşlarn sərbəst şəkildə körpüyə çıxıb özlərini aşağı atmaq, yaxud jurnalistləri çağıraraq brifinq keçirmək hüququnu nəzərdə tutan beynəlxalq konvensiyalar var.
- Mən onu bilmirəm, bizə göstəriş verilib ki, heç kəsi körpüyə çıxmağa qoymayaq, - Fərraşov sözügedən beynəlxalq konvensiyanın tələblərinə riayət etmək fikrində olmadığını, rəislərinin sözünün onun üçün qanun olduğunu bəyan etdi.
- Şikayət edəcəm! – Qismət müəllim perspektiv planlarını açıqladı. - Məhkəməyə verəcəm sizi. Əvvəlcə burdakı məhkəmələrə verəcəm, baxmasalar, Avropa məhkəməsinə verəcəm. Sənin qanunsuz qadağana görə dövlət mənə təzminat ödəyəcək, səni də işdən qovacaqlar, onda ağlın başına gələcək.
Söhbətin bu yeri, xüsusilə də məhkəmə söhbəti Fərraşovu çox narahat etdi. Çünki onun nəzərində məhkəməyə verilmək təhlükəli bir şey idi. Bir dəfə onların rəisi məhkəmədə əhəmiyyətsiz bir işdə şahid kimi ifadə verib gəlmişdi, bölmədə halı xarab olmuşdu, üstünə təcili yardım briqadası çağırmışdılar. Sonradan bilinmişdi ki, məhkəmə prosesində müttəhimin vəkili ona sadəcə “rəis, unutma ki, bu ifadənə görə məsuliyyət daşıyırsan” deyib.
O vaxtdan bəri Fərraşov tikintidə qum, fermada peyin daşımağa hazır idi, təki məsuliyyət daşımasın. Üstəlik, Qismət müəllimin təhdidinin sonunda işdən qovulmaq məsələsi də vardı.
Gənc mühafizə polisi Qismət müəllimi avtomobilə dəvət etdi:
- Əşi, soyuqdur, gəl, maşının içində oturaq, razılaşaq. Nəzərə al ki, mən də nə zülmlə işə düzəlmişəm, nişanlı adamam. Sən ora çıxsan, özünü atmasan da, iraq olsun, sürüşüb yıxılmasan da, məni işdən qovarlar. Gəl oturaq maşında, danışaq, görək problemin nədir. Bəlkə elə onu biz də həll edə bilərik? Rəisimə zəng edərəm, yaxşı kişidir, əlindən gələni edər.
Qismət müəllim narazı sifətlə, bir az da Fərraşova minnət qoyurmuş kimi ədayla, sifətində “qurban olasan nişanlı olmağına” ifadəsi daşıyaraq keçib maşında əyləşdi.
Gənc mühafizə polisi də gəlib sükan arxasına keçdi və soruşdu:
- Müəllim, indi problemini de, bilim, Qohumlardan qəzetdə işləyənlər də var, deyərəm, onlar sənin işindən yazarlar.
- Yox, mən artıq qəzetlərə tək-tək intervü vermirəm, - Qismət müəllim BMT-nin yeni baş katibi Antonio Quterreşdən də ötə post yiyəsiymiş kimi bəyan etdi. – Fikirlərimi təhrif edirlər. Ona görə də brifinq keçirmək istəyirəm.
Fərraşov anladı ki, bu “brifinq” deyilən şey nə andırdırsa, o da beynəlxalq konvensiyalarda nəzərdə tutulub, ona görə də səsinə bir az da həlimlik qatdı.
- Qismət müəllim, sən həzrət Abbas, problemini de, həll etməyə çalışaq. Brifikdi, konfensiyadı, filandı, onlarla işin olmasın. Çörəyimə vayıs olma.
Görünür, Qismət müəllim əslində humanist adam idi, elə ona görə də Fərraşovun çörəyi ilə oynamaq istəmədi, müxtəsər şəkildə danışdı ki, bir müddət əvvəl yaxşı bzinesi varmış, pula pul demirmiş, amma sonra ona tələ qurub obyektlərini əlindən alıblar, indi o, tamam müflis olub, hətta bu saat cibində cəmi 3-5 manatı qalıb, ona da xaş alıb yeyəndə, arağa çatmır, arağa verəndə, xaşa qalmır. Bu səbəbdən də o, ölkə ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyir ki, haqsızlığa son qoyulsun.
Əlbəttə, gənc mühafizə polisinin haqsızlığa son qoymağa gücü çatmazdı, ona görə də o, bu haqlı mübarizəsində Qismət müəllimə qoşulmağa söz vermədi, ancaq onun təsirli həyat hekayəsində keçən “xaş və araq” probleminin həllinə yardımçı olmaq təşəbbüsü göstərdi. Müəllimdən gələn araq iyi də sübut edirdi ki, bu səhər o xaş və ya araq seçimi qarşısında qalıb və üstünlüyü ikinciyə verib. Fərraşov gənc ağlıyla durumu düzgün anladı və cibindən 5 manatlıq əskinas çıxarıb “müflis edilmiş biznesmen”ə uzatdı.
- Müəllim, hələlik bunu götür, get, xaş qurtarmamış, yeməyini ye, arağını iç, sonra gələrsən, körpü burda, mən burda. Əslində şəhərdə o qədər hündür yerlər var ki, gedib orda da intervü verə bilərsən.
Qismət müəllim narazı-narazı, pulu götürmək istəmirmiş, sifətinə “bu nədir, ə, üstünü düzəlt” kimi ifadə verərək beşliyi aldı, etinasız şəkildə pencəyinin döş cibinə qoydu və söhbətə rezüme verdi:
- Amma haqsızlıqdır. Sahibkarları incidirlər, ədaləti boğurlar.
Gənc mühafizə polisi hər ehtimala qarşı onun sözlərinə heç bir reaksiya vermədi, qorxdu ki, təsdiqləyər, qanuna qarşı çıxmış olar, əks fikir deyər, müəllim yenidən beynəlxalq ictimaiyyətə müraciət etmək fikrinə düşər.
Bununla belə, Qismət müəllim körpüdə brifinq keçirmək fikrindən daşındı və avtomobildən düşərək, qısa və asta addımlarla, tir və ya buz üstündə yeriyirmiş kimi körpünün aşağısına doğru getdi.
Gənc mühafizə polisi onun ardınca baxa-baxa özünü çox məmnun hiss etdi – bu hissi dünyada yalnız növbəti Afrika ölkəsinə 100 milyon dollarlıq yardım göstərmiş Billi Qeyts yaşaya bilərdi.