Kulis.Az Günel Treunun “Zümü” hekayəsini təqdim edir.
Qəfil hava boşluğuna düşən təyyarənin titrəməsindən diksindi. Sanki yuxudan ayılırmış kimi ətrafa təəccüblə baxdı. Ona elə gəldi ki, dərin yuxudan oyanır. Halbuki, yatmamışdı, dəqiq bilirdi ki, bütün yolu gözlərini yummayıb. Təyyarə Almaniyadan yola düşəndən sol qoluna söykənib yatan qızı Anqel, yuxulu və narahat baxışlarla ona baxırdı:
- Nə oldu, ata?
- Heç, hava boşluğudu, narahat olma, həm də deyəsən möhkəm küləkdi.
Anqel gülümsədi:
- Yəqin çatırıq, hə? Axı Bakı küləklər şəhəridir, bizi küləklər qarşılayır, özün demişdin.
Qızı Azərbaycan dilində danışa bilmirdi, ancaq bəzi sözləri anlayırdı. Doğrusu ürəyinin dərinliyində buna görə kədərlənən İlyas, bir tərəfdən onu qınaya da bilmirdi. Gözünü açandan evdə alman və fransız dilində danışıq eşidən Anqel getdiyi bağçada, məktəbdə, universitetdə qarşılaşdığı türklərdən bir xeyli türk sözü öyrənmişdi. Heç fransız anası Jozefin də, birgə yaşadıqları iyirmi yeddi ildə türk dilində dörd-beş sözdən başqa heç bir şey öyrənməyə cəhd etməmişdi. Bu ya tənbəllikdən idi, ya da 1944-cü ildən sonra Sovet əsgərlərinin Almaniyada törətdiyi zorakılıqların şahidi olan və bu hadisələr ürəyində xeyli dərin yaralar buraxan Josefinin gizli düşmənçilik mövqeyindən qaynaqlanırdı. O, bu illərdə bir dəfə də olsun ərinin doğma dilini öyrənməyə cəhd etməmişdir. Jozefinə görə dilindən, dinindən və şəxsi insanlıq keyfiyyətlərindən asılı olmayaraq Sovetlər İttifaqının bütün partizanları zorakı rus əsgəri idi! Qınamaq da olmazdı, qadın bu dəhşətləri gözləri ilə görmüşdü. Yoxsa insan çox sevdiyi həyat yoldaşının dilini öyrənməyə cəhd etməzmi?
İlyas bir az ürkək, bir az həsrətlə aşağı boylandı. Artıq Xəzər görünürdü. Külək dənizi dalğalandırdıqca suyun üzərinə qar ələnirmiş kimi maraqlı mənzərə yaranırdı. İlyas üzünü qızına çevirdi:
- Bax Anqel, bu da bizim Xəzər.
Anqel pəncərəyə tərəf boylanıb, maraqla aşağı baxdı.
- Ata, bu ki, heç gölə bənzəmir, dənizdi sanki.
- Hə, bir zamanlar dəniz olub, lakin sonradan okeanla əlaqəsi kəsildiyi üçün dünyanın ən böyük gölü statusunu alıb. Bilirsən, həm də dünyanın ən dadlı balıqları və ikrası da Xəzərdən çıxır.
Angel gülümsədi:
- Doğurdan? Onda mütləq dadına baxarıq.
- Mütləq!
Anqel bir xeyli aşağı boylandı, sübh tezdən olduğu üçün Bakının uzaqdan sezilən işıqları ona nağıllar aləmi kimi görünürdü. Bakı haqqında atasından çox eşitsə də ilk dəfə idi atasının Vətəninə gəlirdi. Əslində atasının illərlə Vətəninə gəlməməsinin bir çox bəlli səbəblərindən biri də anası Jozefin idi. Ərinin Vətəninə, daha doğrusu Sovetlərə olan nifrəti heç zaman bitmədi. İlyas bu illər ərzində Jozefinə sübut etməyə çalışmışdı ki, müharibənin sonlarında, yəni Almaniya təslim olduqdan sonra Sovet əsgərlərinin alman qadınlarının, uşaqlarının başına gətirdikləri zorakılıqlarda bütün Sovetlərin və orada yaşayan adi insanların günahı yoxdur. Bir-birlərini çox sevsələr də, hətta Jozefin ölənə qədər İlyasa həyatını ömür boyu utanc duyacağı zorakılıqdan xilas edən qəhrəman kimi baxsa da, sonucda o qadın üçün İlyas digərləri kimi Sovet əsgəri idi. Jozefin Sovet İttifaqına nifrət edirdi. İlyas Sovet İttifaqı ilə Azərbaycanın eyni anlam daşımadığını dəfələrlə anlatmağa çalışsa da Jozefin ölənə qədər onu anlamadı, anlamaq istəmədi.
- Ata, görəsən nə olub? Niyə səni təcili çağırdılar?
- Dəqiq bilmirəm, qızım, deyəsən kiçik oğlum xəstədir.
Bir az susub:
- Yəni sənin qardaşın.
Anqel xeyli atasına baxdı. Əslində keçmişdə yaşananları ətraflı bilmirdi, atası həmişə susurdu, çox danışmazdı Vətəni haqqında. Onun həyatı Anqel üçün hələ tamamlanmamış kitab idi.
- Sizin kəndiniz Bakıdan çox uzaqdır?
- O qədər uzaq deyil, üç-dörd saata çatmaq olar.
- Elə bu gün gedək, yoxsa oteldə qalaq?
- Yox. Elə bu gün!
Tələsirdi İlyas. Elə tələsirdi ki, bu illəri necə səbr etdiyinə təəccüb edirdi. Böyük oğlu Dilavər təcili teleqram vurmuşdu.
Bütün kənd bir-birinə dəymişdi. Zümü xəstələnmişdi. Kənd əhli qardaşının etirazına baxmayaraq, səhərdən axşama kimi növbə ilə tək-tənha yaşayan Zümünün həyətinə yığılır, şad xəbər eşitmək istəyirdilər. Hərə bişirdiyindən Zümüyə yedirməyə çalışır, şəfa tapacağına inanırdı. Zümü dörd gün idi ki, ölümlə çarpışır, tez-tez gah anasının, gah da Çiçəyin adını sayıqlayırdı. Çiçək Zümünün illərlə sevib, qovuşa bilmədiyi tək və əlçatmaq sevgisi idi. Düz otuz bir il öncə Zümünün kasıb daxmasını bəyənməyib, kolxoz sədrinin şişman, fərsiz oğlunu seçən Çiçək, hələ üstəlik Zümünün onun toyu günü kəndin qəbiristanlığına gedərək, anasının qəbrini qucaqlayıb, ağladığını eşidəndə, şaqqanaq çəkib, gülmüşdü də!
O illərdə artıq ailəli və bir uşaq atası olan Dilavər qardaşına təsəlli olmuş, üstəlik onun uzaq Rusiya sərhədlərində xidmət edəcəyini biləndə sevinmişdi. Lakin Zümünün dərdi bununla bitməmiş, rus dilində düz-əməlli danışa bilmədiyi üçün rus komandirinin təhqirinə məruz qalmış, deyilənə görə elə bu səbəbdən də bir xeyli kötək yemişdi. Zərbələrdən biri Zümünün düz gicgahından tutmuş, huşunu itirib, xəstəxanaya çatdırılmışdır. Soyuq ölkənin qərib xəstəxanasında günlərlə huşsuz yatan Zümüyə heç bir ümidverici diaqnoz qoya bilməyən həkim, xəstənin Vətəninə göndərilməsini məsləhət görmüşdür. Beləcə sağ-salamat əsgər gedən Soltanov Zümrəddin İlyas oğlu, bir axşamçağı yarıbayqın halda kəndlərinə gətirilmiş, səssiz-səmirsiz qardaşına təhvil verilmişdi. Günlərlə yemək yeməyən, yediyini qaytaran, adam tanımayan Zümü elə o zamandan dönüb kəndin dəli-dolu sevimlisi, ərköyünü oldu. Zümü bir daha əvvəlki utancaq, ürkək, adamayovuşmaz Zümü olmadı. Bəzən huşunu itirib, bir neçə saat səssiz quzuya dönür, bəzən bağırtısını bütün kənd eşidirdi. Xətrinə dəyən olanda adamın yeddi arxa dönənini qəbirdən çıxarıb, bir-bir söyürdü. Zümünün xətrinə dəyən adam nəinki onun, hətta bir müddət gərək kəndin gözünə görünməyəydi. Onu hər kəs sevirdi. Otuz bir ildə ərindən təhqir, şillə-yumruq yeyib, bir ayağı ata evində olan Çiçək də hər dəfə Zümünü görəndə gizli vicdan ağrısı keçirir, yaxınlaşıb, Zümünü qucaqlamaq, oxşamaq istəyirdi. Həmişə hirsli, dəlisov görünən Zümü onu görəndə ipəyə dönür, gözləri ilə danışırdı sanki. Onun Çiçəyə olan sevgisini bütün kənd bilirdi, elə Çiçəyin adamlıqdan, vicdandan uzaq əri də köhnə tarixçədən məlumatlı idi. Lakin arvadını Zümüyə qısqanmağı özünə yaraşdırmır, hətta arada Çiçəyi daha çox incitmək üçün Zümünü ələ salır, təhqir etməyə çalışırdı. Bir dəfə dözməyib, Zümünü müdafiə edərək, onun ərindən daha yaxşı kişi olduğunu deyəndə isə daha qəddarca döyülmüş, çölə atılmışdı. Gecə vaxtı evdən çıxıb, həmişəki kimi ata evinə yox, Zümünün tək-tənha, yalquzaq həyatı yaşadığı evinin qapısını döymüşdü. Qapısı gecə-gündüz açıq olan Zümünü qucaqlayıb, hönkürmüşdü. Zümü də ona çay gətirmiş, üz-gözünün qanını silmişdi. Çiçək o gecə ömründə görmədiyi kişi qayğısını, ən şirin yuxusunu görmüşdü. Səhər hamı yuxudaykən, üzünə üz çəkib, yenə çöl donuzundan fərqlənməyən ərinin, ana gözləyən balalarının yanına qayıtmışdır.
Düz otuz bir illik məşəqqətli ailə həyatından sonra qəfil, həyətdəki tut ağacının altındaca yıxıldı Çiçək. İki gün nəfəsi üstündə olsa da, gözünü açmadan dünyadan köç etdi. Hərə bir söz danışırdı, guya son nəfəsdə Zümünü çağırırmış. Günlərlə ayağı qəbiristanlıqdan yığılmayan Zümü, kimin həyətində hansı gül-çiçək xoşuna gəlirdisə dərib, Çiçəyin qəbri üstünə aparırdı. Artıq Çiçəyin qəbri üstündə güllərdən təpə yaranmışdı. Sevdiyi qadının məzarından ayrılıb, ondan o qədər də uzaqda olmayan anası Mələyin məzarını ziyarət edir, saatlarla öz-özünə nəsə danışırdı. Bir az gec olanda, Dilavərin ürəyi dözmür, gedib, gətirir, məcbur çörək yedirirdi. Zümü üçün hər yerdə çörək vardı, bütün qapılar üzünə açıq, hər evin sevimlisi idi. Amma Zümü heç vaxt kiminsə evinə üz tutmaz, sadəcə gətirilən yeməklərdən yeyər, hələ gətirənə “sağ ol” da deyərdi. Məclislərdə Zümünün başqa yeri vardı, hər kəs bu ata-anadan yetim, sevgidən-ailədən yarımayan, yarımcan adamın xətrini xoş etməyə çalışırdı.
Kəndə yaxınlaşdıqca İlyasın həyəcanı artır, dərsini yaxşı bilməyən şagird kimi utancaqlıq hissi keçirirdi. Nə deyəcəkdi? Nədən başlayacaqdı? Keçən illərin hesabını balalarına necə ödəyəcəkdi? Düz qırx altı il sonra sinif yoldaşına yazdığı məktub, kəndi bir-birinə qatmışdı. 1944-cü il İkinci Dünya müharibəsində ölüm xəbəri çıxan, yas məclisi qurulan İlyas “dirilmişdi”. Vicdan əzabı çəkirdi, tifil Mələk onun həyatda olduğunu bilmədən dünyadan köçmüşdü. İndi yazdığı məktublara Dilavərin qısa, soyuq cavablarını oxuyub, qınaya bilmirdi. Niyə bağışlasın, necə bağışlasın?
O, 1942-ci ildə əsgərliyə çağırılanda Dilavərin üç yaşı vardı, Mələksə Zümüyə hamilə idi. Mələklə anasının istəyi ilə ailə qurmuşdu. Bu dilsiz-ağızsız, sakit, qarabuğdayı gəlini tək qoyub, getməyə ürəyi razı olmasa da, bir də gözünü müharibənin, odun-alovun içində açmışdı.
Zümrəddin İlyasın atasının adı idi, kişi oğluna bu adı qoymasını o zaman Mələkdən özü xahiş etmişdir. O, müharibəyə getdikdən beş ay sonra doğulmuşdur Zümü. Cəmi iki il sonra İlyasın ölüm xəbərini almışdılar. Sarsılmışdı Mələk. Təkbaşına iki övlad böyüdən, həyatın istisinə-soyuğuna, bərkinə-boşuna düşən qadın böyük oğlu Dilavərin toyundan cəmi iki ay sonra, qəfil dünyasını dəyişmişdir. Elə o gündən onsuz da Zümüyə ata olan Dilavər, bu dilsiz, çəkingən oğlana həm də ana əvəzi oldu. Zümünü təkcə kiçik qardaşı kimi yox, oğlu kimi sevirdi. Uşaq vaxtı məktəbdə, çöldə-bayırda qoruduğu Zümünü indi də həyatın özündən qorumalıydı. Bir də kaş ki, Çiçəyin bu lənətəgəlmiş sevgisi olmayaydı! Dilavərin Çiçəkdən zəhləsi gedirdi. Nə qədər fağırlaşsa, nə qədər sınsa da, hətta saçlarına vaxtından əvvəl dən düşüb, qocalsa da Çiçək onun nəzərində tərtəmiz sevgini tapdalayıb, çöl donuzundan fərqlənməyən meşşan gədəni seçən acgöz qadından başqa bir şey deyildi. Zümünün başına gələn faciənin kökündə də bu qızın olduğunu zənn edirdi. Qızdırmalı, huşsuz Zümünün “Çiçək” deyə sayıqlamasını dəfələrlə eşidib, ağlamışdı. Çiçək otuz bir ildə, iki balasına görə cəhənnəm odunda yanıb, dünyasını dəyişmişdi. Zümü ağlı başında olarkən sevdiyi bu qızı, ağlı başından getdikdən sonra da unutmamışdı. Dilavərə elə gəlirdi ki, Çiçək Zümünün ağıllı vaxtlarının yeganə yadigarı idi.
Anqel ətrafa maraqla baxırdı, Bakı ona keçmiş zamanı xatırladırdı. Köhnə binalar, nəm küçələr, küləkli yağış ona bir az darıxdırıcı gəldi. Atası ona Bakının çox küləkli olduğunu demişdi, demək bura idi “küləklər şəhəri”. Və bu məşhur “küləklər şəhəri” onun atasının Vətəni idi. Onlar elə bu gün kəndə yola düşəcəkdilər. İlyas bir az öncə oğlu Dilavərlə danışdı, səsi pis gəlirdi.
Kəndin ayağında onları ağ maşın gözləyirdi. Taksi ağ maşına yaxınlaşdıqca İlyası həyəcan bürüyürdü. Maşından birinci düşəni əvvəl tanımadı. Yetmiş yaşlarında, təxminən onunla həmyaşıd bu adam deyəsən Asif idi. Sinfin sevimlisi, çoxdanışanı, zarafatcıl Asif. O şux, hündürboy cavan oğlanın indi saçları ağarmış, üzünə qırışlar düşmüş, bir neçə nəvənin babasına dönmüşdü. Qucaqlaşdılar. Asif ağlayırdı.
Sanki bütün kənd Zümünün həyətində idi. Zümü İlyasın ata evində yaşayırdı deyə həyətin hər künc-bucaqı ona doğma gəlirdi. 1942-ci ildən çıxmışdı bu evdən, düz 46 il əvvəl! O zaman Zümü hələ anadan olmamışdı, Mələk arxasınca su atmışdı. Böyük oğlu Dilavər artıq əlli yaşlarında, iki nəvə sahibi baba idi. Soyuq görünməyə çalışsa da, simasındakı kövrəklik uzaqdan hiss olunurdu. Hamı İlyasla hörmətlə görüşür, maraqla yanındakı sarışın qızına baxırdılar. Kənd qadınları qızın üzündən öpür, xoş gəldin edirdilər. Anqel isə heç nə başa düşmədiyi üçün yalnız gülümsəyirdi. Ata-anasının yeganə övladı olan Anqelə qardaşları ilə görüşmək qəribə hislər yaşadırdı. Yolda atasından Zümünün həyatını eşitməsi qızı xeyli üzmüşdür. İndi hər ikisi Zümünün yatdığı otağa can atırdı.
İlyas yataqda heysiz uzanan oğlunu görəndə diksindi. Sanki qarşısındakı oğlu yox, atası idi. Bu saç-saqqalına dən düşmüş, arıqlayıb çöpə dönmüş adam elə bil atası idi. Yaxınlaşıb, çarpayının bir tərəfində oturdu. Soyuq əllərini oğlunun isti, ağappaq əllərinə toxunduranda, səksəndi Zümü. Gözlərini açdı. Onu çoxdan tanıyırmış kimi, gülümsəyib: “Səni yuxuda o qədər görürdüm ki... Amma indi qocalmısan” - dedi. İlyas anlayırdı ki, o, uşaqlarının nəzərində Mələyin onlara şəkillərdə göstərdiyi kimi cavan qalıb. Oğlunun gözlərindəki ölüm əzabına dözə bilmədi, hönkürdü. Əyilib, balasının qırov düşmüş saçlarından, üz-gözündən öpdü. Zümüdən sanki Mələyin qoxusu gəlirdi. Bəlkə də qoxu otaqdan gəlirdi və illər o qoxunu aparmamışdı deyə İlyas özünü keçmişə düşmüş kimi hiss etdi.
Axşam düşmüşdü. Həyətdə süfrə açılmışdı, samovar qaynadılırdı. Hamı gələn qonağın başına toplanmış, maraqla onu dinləyirdilər. Kənd əhlinin istiqanlılığı, səmimiyyəti İlyası kövrəldir, danışmağa çətinlik çəkirdi. Anqel içəridə qardaşına yemək yedirirdi. Zümü demək olar heç nə yemirdi. İçdiyi su belə boğazından əzabla keçirdi deyə, Anqelin ona ürəyi acıyırdı.
Artıq doqquz gün idi kənddə idilər. Bu günlərdə İlyas Dilavərin ailəsinə isinişmiş, onun üç oğul və iki nəvəsinə doğmalaşmışdı. Dilavərin böyük oğlu evli idi, kiçik oğlu babası ilə getmək istəyirdi. Qərbdə təhsil almaq istəyən gənc üçün babasının “dirilməsi” əsl surpriz olmuşdur. Sevincindən yerə-göyə sığmırdı. İlyas onunla adaş olan nəvəsini özü ilə aparmaq üçün Dilavəri razı salmağa çalışırdı. Lakin bilirdi ki, bu o qədər də asan olmayacaq.
Dilavərin evi kəndin ətəyində idi, ata evində qalan Zümüyə nə qədər gəlib yalvarsa da, onlarla yaşamasını istəsə də qardaşı razı olmamışdı. Nə də yanında kiminsə qalmasını istəyirdi, Zümü artıq təkliyə öyrəşmişdi.
Lakin indi hamı Zümünün yanında idi. Hamı bilirdi ki, Zümü həyatla vidalaşır. Onsuz da beş il idi yaşamırdı, Çiçəyi solmuşdu. Bir səhər hər kəs Dilavərin həyat yoldaşının səsinə oyandı, Zümü ayılmırdı... Və bir daha da ayılmadı! Heç yarım saat keçməmiş bütün kənd Zümünün həyətində idi. Hamının üzündə təəssüf, gözündə yaş vardı. Hamının onunla bağlı xoş xatirəsi, xoş sözü vardı. Zümünü Çiçəyə yaxın, anası Mələyin yanında dəfn etdilər. İlyas ürəyində min dəfə Mələkdən əfv dilədi, hönkürüb, ağladı.
İlyas iki ay kənddə qaldı, Zümünün yas mərasimi bitdikdən sonra da geri, səssiz, sakit həyatına qayıtmaq istəmirdi. Ona bu kəndin daşı da, torpağı da doğma idi, lakin qızı Anqel getməliydi. Qızı üçün Vətən bura deyildi, hiss edirdi ki, Anqel darıxır.
Təyyarədə iki yad insan kimi oturmuşdular, danışmaqdan qorxur, xəyallardan ayrılmaq istəmirdilər. Anqelin qulaqlarından atasının hönkürtüsü getmirdi, anlayırdı ki, atası qəlbən bu ölkəyə, bu dağ kəndinə, o kənddə yaşayan doğmalarına bağlıdır.
Anqel haqlı idi, İlyasın bütün fikri kənddə, Dilavərin yanında idi, onu tək qoyub, gedirdi. Hələ Zümünün əzabdan imdad diləyən gözlərini xatırladıqca dərddən əriyirdi. “Mənim balaca balam, bu nə həyat idi sən yaşadın, bu nə əzab idi, bağışla məni, mənəm günahkar”. Özündən asılı olmadan gözündən yaş süzülür, nəfəsi daralırdı. Artıq təyyarənin pəncərəsindən Almaniyanın xalça kimi düzülmüş səliqəli sahələri görünür, göz oxşayırdı. Anqel aşağı baxmaq bəhanəsi ilə atasına doğru əyildi, ağladığını hiss edirdi deyə atasını qucaqlayıb, başını onun çiyninə qoydu.
- Gedəcəyik, ata, biz yenə Azərbaycana qayıdacağıq, mən qardaşlarımı unutmayacam.
Lakin İlyas bir daha Vətənə dönə bilmədi, cəmi yeddi ay sonra ürək çatışmazlığından dünyasını dəyişdi və elə uzaq ölkədə - Almaniyada da dəfn olundu. Anasından sonra atasını da itirən Anqel yaşadıqlarının təsirindən uzun müddət çıxa bilmədi, ciddi əziyyət çəkdi.
Sonralar Dilavərin nəvələri Almaniyaya gələcəkdilər, Anqel onlara təhsil almaları üçün xeyli köməklik edəcəkdi.
Bunlar isə çox illər sonra olacaqdı...