Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri
13 fevral 2026
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Qoca Xalidin şeirlərini təqdim edir.

Şair, tərcüməçi, Qoca Xalid (Zəkəriyyəyev Namizəd Xalid oğlu) 1954-cü il mayın 25-də Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. Azərbaycan Politexnik Universitetinə daxil olub (1970) lakin təhsilini davam etdirməyib, üç il BDU-nun filologiya fakültəsində təhsil alıb (1979-1982), sonralar Moskva Ali Ədəbiyyat kurslarını bitirib (1999). Bir müddət təsərrüfatda çalışıb (1976-1997), sonra Şəki Pedaqoji Məktəbində (2000-2002) işləyib. Hazırda Kiçik Dəhnə Kənd məktəbində müəllimdir (2002-ci ildən).

Qoca Xalid yaradıcılığa “Namizəd Xalidoğlu” imzası ilə başlayıb, şeirləri dövri mətbuat orqanlarında, “Çinar pöhrələri” (1981), “Bahar çiçəkləri” (1982) almanaxında çap olunub. 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Sakit çöllərin mahnısı” (1986), “Bir dənizdən yeddi damla” (1993), “Yaz suları” (1996), “Bu su dəhnədən gəlir” (2000) kitablarının müəllifidir.
Qoca Xalid rus ədəbiyyatından bədii tərcümə ilə ardıcıl məşğul olur, N.Pubtsovun, V.Vısotskinin, Y.Kuznetsovun yaradıcılığından nümunələri dilimizə ustalıqla çevirib.


KÖVŞƏN İYİ

Boyu balacadı sətrinə görə,
Bununçün kiməsə bir işi düşməz.
Mənim şeirlərim ətrinə görə−
Heç kəsin şeirilə dəyişik düşməz;
Kövşən iyi gəlir şeirlərimdən.

Ulu qaynaqlara bağlıdır kökü,
Di gəl ki, taleyi məni yandırır;
Hələlik birini özünə çəkib,
Yüzünün burnunu qıcıqlandırır−
Kövşən iyi gəlir şeirlərimdən.

Kəsir qabağımı küləklər bəzən,
Saçımdan yapışır, dizimə döyür.
İş elə gətirib, sevdiyim gözəl
Şeirimi oxuyub gözünü döyür;
Kövşən iyi gəlir şeirlərimdən.

Pərişan-pərişan susur çinar da,
Dərdini üzümə deyəmmir mənim.
Bəlkə kəndimizdə əkinçilər də −
Heç bircə misramı bəyənmir mənim;
Kövşən iyi gəlir şeirlərimdən.

Düşmən sevincini duydum uzaqdan,
Bezdim dinləməkdən dost gileyini...
Süni ətirlərin artdığı vaxtda
Sevən olacaqmı kövşən iyini?−
Kövşən iyi gəlir şeirlərimden.


XATİRƏLƏRDƏN YAĞAN YAĞIŞ

Çəmənə, çiçəyə, yarpağa yağar,
Son qoyar çöllərin sarı qəminə.
Gündüz yağan yağış torpağa yağar,
Gecə yağan yağış mənim qəlbimə.

Gecə də, gündüz də parlayıb, sönər−
Şimşəklər odlayar buludları da.
Gündüz yağan yağış daşlarda dinər,
Gecə yağan yağış –duyğularımda.

Bu yaz yağışının yolu uludu,
Yağar, göydən yerə xəbər gətirər.
Gündüz yağan yağış adicə sudu−
Gecə yağan yağış – həzin xatirə.

Damcılar nur olub qəlbimə axar...
Mən də kövrək-kövrək deyərəm hərdən
Gündüz yağan yağış buluddan yağar,−
Gecə yağan yağış xatirələrdən.


***

Mən necə unudum arxın üstünü,
Mən necə unudum o duzlu gölü?−
Axşam ocaqlardan çıxan tüstünü,
Səhər şeh altinda parlayan çölü?..

Bütün səfərlərdən məni az qala
Həmişə saxlayar torpağa sevgim.
Ömrüm tükənsə də, tükənməz qalar
Ağaca, budağa, yarpağa sevgim.

Tarlanın üstündən bulud keçəndə.
Üfüq saralanda, durna köçəndə
Qəribə duyğular sarar canımı.

Ürək ilham üstə kökləyər məni,
Ən gözəl hisslərim təkləyər məni−
Şeirlə boğaram həyəcanımı...


***

Ay işığı altında yatır yaşıl çəmənlər,
Çinarların kölgəsi dağlara çatıb indi.
Bütün günü günəşdən bolluca nur əmənlər
Bu çöllərin qoynunda uyuyub yatır indi.

Hiss edirəm ətrini dursam belə uzaqda,
Saralan biçənəklər kövşən iyi qoxuyur.
Belə aylı gecədə, heç bilmirəm nə haqda−
Zilə çəkib səsini bildirçinlər oxuyur.

Səslərində giley var qəlblərinin qəmitək;
Hansı kövrək duyğunu ürəkdə bəsləyirlər?!
Eh, bəlkə də bu gecə bildirçinlər mənimtək−
Bu çöllərin adından günəşi səsləyirlər...

Ay işığı altında çöllər gedib uyğuya!
Biçənəklər elə hey kövşən iyi qoxuyur.
Dəm tutaraq bayaqdan qəlbimdəki duyğuya,
Zilə çəkib səsini – bildirçinlər oxuyur...


***

Üfüqlərə qzıl halə çökəndə
Bu yerlərdən yana-yana gedirəm.
Əkinləri yaz suala çəkəndə
Mən şəhərə imtahana gedirəm.

Arxda suyun hər gecədən səhərə
Nəsə deyən axarını görmürəm.
Neçə ildi yollanıb bu səfərə,
Kəndimizin baharını görmürəm.

Sıxır məni şəhərdəki günlərim,
Görün, niyə dərdə-qəmə batıram?−
Mən gedəndə düymələnən güllərin
Qayıdanda, solmuşuna çatıram.

Kənddə mənsiz çiçək gülər, ot ağlar;
Ağacların budağına bar gələr...
İnstitutda qızla dolu otaqlar
Bahar çağı mənə yaman dar gələr.

Bir də geri qayıdarmı ötən an?−
Güllər bir də öz şaxını əyərmi?
Alnıaçıq qurtardığım imtahan
İtirdiyim bir bahara dəyərmi?!


***

Çatan kimi dərədəki çaylağa
Birdə gördüm kefim-zadım durulur.
...O sərt cığır göy meşəli yaylağa,
Bu çəp cığır Daşbulağa burulur.

Kim deyir ki qaya kardır, dərə key...
Kim deyir ki mənim mahnım oxunub?!
Gəlişimə qucaq açan Tərəkey
Mürgüləyən hisslərimə toxunub.

Göz oxşayır min çeşidli hər boya.
Dağdan enib, geniş düzə çıxıram;
Duyduğumu – ürək adlı torbaya,
Gördüyümü yaddaşıma yazıram.

Unutmuram bütün ağrı-acını;
Nə olsun ki girən yoxdu qoluma?−
Külək özü sığallayır saçımı,
Günəş özü nur çiləyir yoluma...


***

Sapsarıdı cığır, iz;
Xəzəl yağır başıma.
Gözləməzdim, belə tez−
Payız çıxar qarşıma...

Oyanıbdı necə də
Həm həsrətim, həm qəmim.
Ta gündüz də, gecə də
Küləklərdi həmdəmim.

Yan-yörəmdə dolanıb
Haray-həşir qoparır.
Xəyalımı elə hey –
Uzaqlara aparır.

Yapışaraq qolumdan
Pıçıldayır: "Gəl, gedək!"
Çıxardacaq yolumdan
Deyəsən, məni külək...

Yox! Küləyə qoşulmaq
Yaraşarmı yaşıma?
Onsuz da hara getsəm −
Payız çıxar qarşıma.

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Gəldi gümüş telli, ipək bir yağış - Günün şeiri

Gəldi gümüş telli, ipək bir yağış - Günün şeiri

13:30 11 fevral 2026
Bəxtim gülmüşdü mənə... - Günün şeiri

Bəxtim gülmüşdü mənə... - Günün şeiri

13:30 9 fevral 2026
Burda cananların duyğusu yoxdur... - Günün şeiri

Burda cananların duyğusu yoxdur... - Günün şeiri

11:15 29 yanvar 2026
Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

11:40 21 yanvar 2026
Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri

Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri

14:20 17 yanvar 2026
Sənin ağac qədər də etibarın yoxdumu, Əlisəmid?! - Günün şeiri

Sənin ağac qədər də etibarın yoxdumu, Əlisəmid?! - Günün şeiri

11:00 17 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər