Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid
30 yanvar 2026
# 14:15

Kulis.az ədəbiyyatşünas alim, "LitArtAz" ədəbi - mədəni agentliyinin rəhbəri Mətanət Vahidin Nadir Yalçının "Lal ev" kitabı haqqında sosial şəbəkədə paylaşdığı fikirlərini təqdim edir.

Nadir Yalçının “Balıqçılar”ını “Lal ev” kitabındakı ən uğurlu hekayə hesab edirəm.

Təsvirlərin minimuma endirildiyi hekayə, demək olar, tamamən dialoqlar üzərində qurulub – bütün situasiyanı obrazların danışdıqlarının və susduqlarının sayəsində izləyirik.

Əsərin əvvəlindən qardaşlar arasında gərginlik hiss olunur:

“Cavid maşını işə salıb havaya baxdı:

– Elxan, qalx evə, arvada de, ordan mənim kepkalarımı versin, gün başımıza döyməsin.

Sonra nə fikirləşdisə, qardaşı yuxarı çıxmaq istəyəndə tez dilləndi:

– Gözlə, gözlə, özüm qalxıram.” – Bu dialoqdan duyuq düşən oxucu Cavidin bu gizli əndişəsinin səbəbini öyrənmək istəyir.

Cavid böyük qardaş kimi nə qədər qayğıkeşdirsə, bir o qədər nəzarətçidir. Balıq ovunda bəlli olur ki, on yaş kiçik qardaşı Elxanın işsizliyini üzünə vurmasının, Rusiyaya getməsinə israr etməsinin əsl səbəbi onu “təhlükə” kimi görməsi imiş.

Hər gün onun evinə gəlməyindən narahat olmasının səbəbini anlayanda kiçik qardaş qəzəblənir:

"– Dəyyus! Sən qardaşından şübhələnirsən? Sən öz qardaşından şübhələnirsən? Sən doğma qardaşından şübhələnirsən? Alçaq! Şərəfsiz! Dəyyus!

Elxan nə edəcəyini bilmirdi. Cibindəki atasındanqalma bıçağı qardaşının ürəyinə sancmaq, yerdən iri bir daş götürüb onun başını yarmaq, əlini-qolunu bağlayıb suya tullamaq, boğub öldürmək də onun ürəyini soyutmayacaqdı.

Cavid qəfil hönkürüb ağlamağa başladı. Bacısı qoşulub qaçan gün atası da belə hönkürüb ağlayırdı. Elxanın qarşısında birəbir atası dayanmışdı. Gözləri, qaşları, burnu, ağzı atasına bənzəyən, amma alçaq, şərəfsiz, dəyyus qardaşı...”

Elxan böyük qardaşının yaxasını buraxıb hirsini birgə tutduqları balıqlardan çıxır, dolu vedrələri gölə vıyıldadır.

Amma nə canını qurtarıb təzədən Sarısuya qayıdan balıqlar əvvəlki idi, nə də bu balıq ovundan əliboş geri qayıdan qardaşlar...

Yaxşı hekayə sirdən yaranır, oxucuya ipucları versə də, sirri susur, gizləyir.

Təcrübəli oxucu “Ariadnanın kələfi”nin dalınca düşüb tapmacanı çözsə belə, ondan danışmamağı seçir; çünki “Pandoranın qutusu”ndan hər kəs üçün eyni “xəzinə”nin qapağı açılmaz...

“Balıqçılar” hekayəsində uğursuzluqla assosiasiya olunan Ləpir Həsən şübhənin\qorxunun obrazı, Cavidin paranoyasıdır – günahı özündən kənarda, başqalarında axtarmaq ehtiyacı onun üçün bir növ, psixoloji sığınacaqdır.

Yalnız Ləpir Həsənmi?!

Hekayədə oxucunu Cavidin qardaşından şübhələnmə səbəbləri maraqlandırır, ehtimallar yürüdür – bu ehtimalı onun çarəsizcə hönkürməsi yaradır: Cavidi qorxudan şübhələrin səbəbkarı, həqiqətən, qardaşı idimi?!. – mətnin sirri bu sualdadır.

# 928 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər