Xalq artistinin şeirləri: Əzullanın dəli oğlu Nurəddin... - İLK DƏFƏ

<span style="color:red;">Xalq artistinin şeirləri:  Əzullanın dəli oğlu Nurəddin... - <span style="color:red;">İLK DƏFƏ
6 oktyabr 2017
# 09:00

Bu gün Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür. Görkəmli sənətkarı təbrik edir, ona yeni sənət uğurları arzu edirik. Nurəddin Mehdixanlının xüsusi olaraq “Kulis.az”a göndərdiyi və ilk dəfə yayımlanan şeirlərini oxucularımıza təqdim edirik.

Bu mənəm

Mən əlli il əvvəl,

payızın yaxasında,

ayın altısında doğuldum.

Altıncı gün,

saat altıda,

Dan ulduzu altında.

Dan yeri qanayanda,

üfüqlər dan yerinin qanına boyananda.

Dünya yarıyuxulu,

Venera oyananda...

Ağlamamışam doğulanda,

elə biliblər ölmüşəm,

əl-ayağıma döyüb,

ağlatmaq istəyiblər, gülmüşəm...

Bəlkə ona görədir,

ən çox güldüyüm çağlar

ən dərdli çağlarımdır.

Bəlkə ona görədir,

dərdimin ən qocasına,

ən ucadan gülürəm.

Ucadan gülməklərim

mənim ağlamağımdır,

Ən çox güldüyüm günlər,

ən dərdli çağlarımdır.

Təzə doğulanda

səhv salıblar yerini -

İlıq su əvəzinə

qaynar suya salıblar.

Ömrümün ilk anından,

canımı yandırıblar,

qolumu-qanadımı,

ürəyimi, alnımı,

ömrümün ilk gününü,

anını yandırıblar...

Elə o vaxtdan qalıb

başqaları getsə də,

Solda – sinəmin üstə,

ürəyimin üstündə

“A” şəkilli bir nişan.

İlk yandığım günümdən,

bir xatirə, bir nişan,

Aya oxşayan nişan.

Əlli il keçsə belə,

ömrüm odda-alovda,

inqilabda-davada,

yanmaqda keçsə belə,

unudulmur ömrümün,

ilk yanığı, yarası,

başla ürək arasında

ovunmayan ağrısı...

Doğum sənədlərimdə

bilərəkdən-bilmədən,

yenə səhv eləyiblər,

57-ci ili, 56 biliblər,

günümü saxlayıblar,

ilimi dəyişiblər,

doğum tariximi də

ikili eləyiblər...

Elə doğulduğum gün

məni bir addım geri itələyiblər.

Sonra bütün həyatım boyu...

Acığa tez böyüdüm,

yaşım çatmamış getdim dərsə.

Elə o vaxtdan düşdüm

yaşım çatmayan işlərdən

yapışmaq həvəsinə.

Beləcə,

sinəmdən itələyə-itələyə,

sinəmi böyütdülər.

Ürəyim də böyüdü,

sinəmlə, əllərimlə, gözlərimlə bərabər...

Kürəyim də böyüdü,

qollarım, ayaqlarım, dizlərimlə bərabər

başım də böyüdü.

Başımdan böyük sözlərimlə bərabər,

özüm də böyüdüm.

Və bir gün...

qız üstündə,

“O” qıza söz üstündə,

qonşunun oğlunu döydüm.

Bir boy da böyümək üstündə,

evdə atama döyüldüm.

Bax, beləcə başladı,

döyməyim, döyülməyim,

sevməyim, sevilməyim...

Bax, beləcə başladı,

Əzullanın dəli oğlu adıyla

yuxarı siniflərin qızlarının

gözündə qəhrəmana dönməyim...

Oldum məktəb dəlisi,

kitab-dəftər dəlisi,

öyrənmək dəlisi oldum,

Xeyrulla müəllimin

gözünün giləsi oldum.

Əzbərlədim “Leyli-Məcnun”u

başdan ayağa.

Oxudum məktəbdə

rayondan gələn “böyüklər”in,

kənddən gələn kiçiklərin qabağında.

Böyüklü-kiçikli, hamı qalxdı ayağa!..

Əvəzində,

bir kitab bağışladılar,

köhnə çaplı, “Leyli-Məcnun”u.

Adımı şərəf lövhəsinə,

şəklimi divara vurdular.

Bax, elə buna görə

Sevdim “Leyli-Məcnun”u.

Bax, beləcə başladı

balaca Nurəddinin,

Tale ilə oyunu...

Oxudum, sevdim,

Sevdim, oxudum.

Öz başıma dəli sevdalar

toxudum.

Dəli-dəli şeirlərini oxudum

dəli kimi sevdiyim

dəli şairlərin.

Mənə də dəli dedilər...

dalaşanda döydüm,

güləşəndə yıxdım,

dəlidir, dedilər,

cilovsuz, yəhərsiz-yüyənsiz atları,

çapa-çapa yıxdım,

dəlidir, dedilər.

Mənə sevgi məktubu yazan

Qonşu kəndli qızın məktubunu

hamının yanında özünə oxudum,

dəlidir, dedilər.

Yaşım on altı,

məktəbi bitirdim,

özümü “arzular şəhəri”nə

yetirdim.

Boyum yaşımla,

yaşım başımla düz gəlmirdi,

deyirdilər, dəlidir.

Dənizi dəniz-dəniz,

dalğa-dalğa,

ləpə-ləpə,

öpə-öpə üzürdüm.

Şəhəri küçə-küçə,

səki-səki,

qarış-qarış, yağış-yağış

Ağac-ağac, budaq-budaq, yarpaq-yarpaq gəzirdim,

Deyirdilər, dəlidir.

Özünə, gözlərinə,

kəpənək qanadlı sözlərinə,

xınasız əllərinə,

qulac hörüklərinə vuruldum,

“vurma” vurmuşlar kimi.

Məni dəli tək sevən,

bağrımın qapısında

Gecə-gündüz gözləyən,

Adımı, sözlərimi,

Getdiyim yolları, sevdiyim gülləri sevən,

utancaq bir qız vardı.

Körpəcə ürəyinin,

sevda dənizi vardı.

Deyən, Taleyimizdən

bizə çatan payımız,

Tanrıdan harayımız,

arzular sarayımız vardı.

Və bir gün...

Hər şey uçdu, dağıldı,

“gedəndə” ağladı,

Əllərini aldı məndən,

Üz-gözünü bağladı...

Mən susdum...

Yox, mən öldüm, o ağladı,

“Qara yaylıq” bağladı....

Üçcə gün “yas” saxladı.

Qayıdanda

Gözümə girdi,

Üzüklü barmağı,

Qırmızı kəlağayı.

...Bağlandı o sevdanın

Qapısı.

Amma hələ ağrıyır

Başla ürək arası,

Hələ də korun-korun

Yanır bağrımın başı,

Hələ də qövr eləyir

O sevginin yarası.

Dəli Nurəddinin dəli sevdası...

Bir gün

bir addım hündürə -

səhnə deyilən yerə çıxdım.

İçim odla qalanmış,

boğazıma tıxanmış alovlarla alışdım,

dəli şairlərin dəli şeirləri ilə yandırdım özümü, yaxdım.

Gözlədim, baxdım, baxdım, gözlədim, dəli desinlər.

-“Boynuna bir zəncir salın, dəlilər yerlərini bilsinlər”

demədilər,

ağıllı-ağıllı

dəli-dəli sözlərimi dinlədilər,

əl-ələ vurdular, ayağa durdular.

Yenə əl vurdular,

ayaqları kəsilmiş,

başları qan-qırmızı

Qızılgüllər verdilər...

O gündən Əzullanın dəli oğlu Nurəddinə

aktyor dedilər!

Beləcə,

bütün həyatım boyu,

od-alovlar üstündən,

dəli başım, yalın ayaqlarımla

keçə-keçə,

içə-içə zəhərləri

şərbət yerinə

zülmə, ölümə gülə-gülə,

Gəlib çatdım əlliyə.

Eheyy... hardasınız,

haralardasınız,

eşidirsinizmi məni,

mənə dəli deyənlər,

sevənlər, sevməyənlər,

düzlərimə “mız” qoyub,

əyri tək göstərənlər,

dizimdə güc, gözümdə nur,

Özümdə özümlə,

Düzümlə düzdəyəm!

Allahın da, bəndənin də qarşısında

düzdəyəm,

düzlərimlə aşkardayam,

üzdəyəm.

Bəs siz haralardasınız?!

dağdamı, arandamı,

doğruda, yalandamı?!

Əyri dolanbaclarda,

hansı divar dalında,

ağzı “aşağı” yolda,

yoxsa boranda, qarda,

yoxsa ipsiz, ağacsız

vicdan adlı bir darda?!

Bəs sən haralardasan,

dəli Nurəddinin dəli sevdası,

Ürəyiylə başının arasındakı

Yanıq yarası?!

Mən ağlımı sənə verdim,

səndən ötrü dəliydim,

sinəm yandığı gündən

sənə doğru gəlirdim.

“O, dəlidir” dedilər,

Sənə “ağıl” verdilər

“ağıllı” rəfiqələr.

Sən də dəlisən dedin,

sona səbrin çatmadı,

çox çarpışdım saxlayım,

getdin, əlim çatmadı.

Hə, məni tərk eyləyən,

məni sevməyən gözəl,

xoşuna gəlirmi,

bu işıq, bu ocaq, bu gecə?!

qan qusdurub “Qızıl teşt”ə,

sevmədin, dəliyəm deyə,

nə deyirsən əlliyə?!

Səncə ağıllanmışam,

Yoxsa, dəliyəm hələ?!

Bakı, 2005

Uzaqlarda bir ev var

Orda, uzaqlarda bir ev var,

dağlar arxasında, iki çay arasında.

Orda, uzaqlarda bir ev var,

ata-analı çağlarımda yaşayıram,

istisi əllərimdə qalmış ocağın yanındayam.

Orda, uzaqlarda bir ev var,

ordayam, təzəcə tərləyən bığ yerim,

qapqara saçlarımla...

Meşədən, davadan, dəryazdan,

qardan, şaxtadan, ayazdan,

əllərimdə, üzümdə, ürəyimdə, gözümdə qalan

yaralarımla...

Orda, uzaqlarda bir ev var,

pəncərə gözləri kədərli, nəmli, ağlamış.

orda, uzaqlarda bir ev var,

həyət-bacası boş,

özü həsrətlə dolu.

Pas atmış darvazası ələ həsrət,

ayağa həsrət ot basmış yolu...

Orda, uzaqlarda bir ev var,

dağlar arxasında,

iki çay arasında,

gözlərimin yaşı,

Ürəyimin ağrısında...

Yanvar, 2012-ci il

Tanrının yaxası

Gözlərim göydədir, dizlərim yerdə,

Əllərim Tanrının yaxasındadır.

Yaxasın əllərim tutan Tanrının,

Özü yaxasının harasındadır?

İtir, əllərimdə əriyir, itir,

Hamilə buludlar, qısır buludlar,

Ruhum bədənimdən ayrılır, uçur,

Göydə yollarını kəsir buludlar.

Tanrı da yollara gözətçi qoyub,

Yol haqqı yığırlar göydə mələklər.

Sən demə, göylərdən gəlir hər fəsad,

Göydən mələklərlə gəlir kələklər.

Göylərdən gəlirmiş yerləri yolan,

Yolan, yoluşduran, yığan küləklər.

“Fələyin ələyi” deyilən zaddan,

Demə, doğulubmuş, bütün ələklər.

Fələyi xəlbirli, ələkli edib,

Xırmanı buğdasız qoyan kimdir, kim?!

Məzlumu ac qoyub, zalım oğlunun,

Yağlı yuxasını yayan kimdir, kim?!

Kimdir məzlumları yollara yaxan,

Zalım balasının maşını altda?!

Toz basan qovluqlar, “satılan” qanlar,

Bir daşı üstdədir, bir daşı altda.

Gözlərim göylərdə, dizlərim yerdə,

Tanrı yaxasını çəkir əlimdən,

Bağışla, oxucum, yaza bilmirəm,

Bir əl qollarımı burdu arxaya,

Bir əl də qıfılı asdı dilimdən.

Nə tez gəldi “mələklərin”, İlahi,

Dərhal başladılar sorğu-sualı,

Biri “Qırmızı”dır, biri “Yamyaşıl”,

Biri “yazır”, biri “qazır” ömrümü.

28. 09. 2017.

Qəzəl

Allah rəhmət eləsin, cümlə dünyadan köçənə,

Bizə zəhmət aparıb dəfn eləmək hörmət ilə.

Qarışar bir-birinə rəhməti-lənət duası,

Şeytanın lənəti təndir, ölənin rəhmətinə.

Mənə rəhmət deməsin, ölsəm əgər bəndələri,

Yaradan rəhm eləsin, yazsa əgər qismətimə.

Nəmə lazım mənə bəndə duası nisyə sayaq,

Mənə Allahdan ola nəğd, keçə immətimə.

Mənə vaiz nə gərək, vay sala, şeytan oyana,

Məni huri həvəsi ilə qata öz ümmətinə.

Mənə ehsan əvəzi cənnəti vəd eyləyəni,

Sürüyün aş əvəzi, satlıq olan cənnətinə.

Susdurun, söyləməsin kəlməbaşı fatihəni,

Kosasaqqal lotunu, ali-əba xatirinə.

Uzadıb sinəmin üstə qara daş, əzməyin haa,

“Qara paltarlı qadınlar” gələcək “minnətimə”.

Şəklimi rəngli edin, başdaşımı ağ daşdan,

Bəlkə daş üstə düşəm, rəbbimin ağ cənnətinə.

Sinəmin üstə əkin, dağlarımın lalələrin,

Bağrı qan, lalə dodaqlı düşə son qismətimə.

Mənə lay-lay deməyin, orda anam söyləyəcək,

Bar ilahi, ölümüm son qoyacaq həsrətimə.

Ayağım yanda əkin Xan babamın Xan Çinarın,

Qaldırıb başımı hərdən sevinim sərvətimə.

Qəbrimin üstə yazın, getdi Nurəddin deyilən,

Bir çinar bitdi yerində, tən onun Surətinə.

20.09.2017

Qəzəl

Mən dəli sevgilərin aşiqi-pərvanəsiyəm,

Boynu zəncirdə gedən öndəki divanəsiyəm.

Yığıram başıma hər gün səri-sevdalıları,

Mən bütün dərdlilərin naləsi-meyxanəsiyəm.

Gündüzüm bəhri-cəhənnəm, üzürəm, sahili yox,

Gecələr bəhri-şərab, mən gecə avarəsiyəm.

İçirəm hər gecəni, meylə dolu badə kimi,

Gecə bir dərd ağacı, mən də onun sayəsiyəm.

İçirəm hər gecəni, dərvişi-divanə kimi,

Dərvişi fırfıranın, qor dolu ləbbadəsiyəm.

Gəlin ey əhli-qələm, sufi-sifət məclisinə,

Dörd yolun ayrıcıyam, “Beytül-həzən” naləsiyəm.

Sən də sus, bülbüli-şeyda, avazın, köhnə avaz,

Dərdlərin köhnə, həmən, mən təzə dərd xəstəsiyəm.

Həyata gəldi Nurəddin, dəli sevdalar üçün,

Düşdü bir eşq oduna, yandı özü, mən səsiyəm.

26.06.2001.

Cühəla

Mənim dərdim ağırdır, dəymə mənim dərdimə,

Bu dərd sənin çiyninin yükü deyil, cühəla.

Mən sənin Allahının dərdini çəkənəm, bil,

Mənim dərdimi çəkmək “çəki” deyil, cühəla.

Mən dərdin bazarıyam, alanım, satanım var,

Dərdi bala-şəkərə, sevincə qatanım var,

Dünyanın dərd heybəsin çiyninə atanım var,

Hər əzan oxunan yer Məkkə deyil, cühəla.

Mən dərdin aşiqiyəm, dünyayla öz işim var,

Mənim yaddaşım boyda bir dəli keçmişim var,

Mən bir sufisifətəm, minlərlə dərvişim var,

Hər dərviş oxuyan yer, Təkkə deyil, cühəla.

Birdir, Haqdır, Sirdir, Haqdır nur içində Yeddi də,

O yol açıb “ikiliyə” ölüm-həyat, gəl-gedə,

Sənsən, mənəm ağrısı da, sevinci də, dərdi də,

Sən Haqqa qıl duanı, Şəkkə deyil, cühəla.

Olmayana, “Ol” deyib, olanı yaradıbdır,

Mən Onun zərrəsiyəm, məni O yaradıbdır,

Mən onun ocağıyam, odu O yaradıbdır,

Sözüm haqdır, Özü tək, hikkə deyil, cühəla.

O əbədi gözəllik, kainat, yaraşıqdır,

O, sehrdir, sevgidir, savaşdır, barışıqdır,

Bir üzü zülmət gecə, bir üzü də işıqdır,

Qoşa deyilsə əgər, “Tək” də deyil, cühəla.

Cəlilabad, 2000-ci il

Ağlama

Belə getməz bu dünyanın gərdişi,

Ağlama, qaçqın balası, ağlama.

Əlbət, doğar bu torpaq da bir kişi,

Ağlama, qaçqın balası, ağlama.

Torpağını, taleyini satdılar,

Məcnun edib səhralara atdılar,

Leyliləri çadırlara qatdılar,

Ağlama, qaçqın balası, ağlama.

Sındırdılar ürəyinin Şişəsin,

Dağıtdılar Natəvanın köşəsin,

Şırım-şırım doğradılar sinəsin,

Ağlama qaçqın balası, ağlama.

Xan bağında Bülbül ağlar, gül ağlar

Döşlərində qan axıdır bulaqlar,

Yad əlində narlı getdi budaqlar,

Ağlama qaçqın balası, ağlama.

Xarıbülbül bağrı qubar içində,

Qəbirsizəm, qalmışam qar içində,

Körpə balam, gözlərin sel içində,

Sel aparar, boğularsan, ağlama.

Göz yaşını yığ içinə sel eylə,

Yığ başına elsizləri el eylə,

Alova dön, düşmənləri kül eylə,

Qəbrim sənin körpün olsun, ağlama,

Ağlama qaçqın balası, ağlama.

18.01.1998

Tələsmə, Novruzgülü

Hələ dağlar başı qarlı-dumanlı,

Hələ dağlar döşü, sazaq içində.

Hey dolub-boşalır, qar yarğanları,

Yaşıl geyinəsi yaz, ağ içində.

Tələsmə, Novruzgülü...

Yalançı bəylərə aldanma hələ,

Aldanıb qar altdan boylanma hələ,

Tələsib, yerindən oynama hələ,

Dörd yanın düşməndir, qovğa içində,

Tələsmə, Novruzgülü...

Hələ yurd yerləri, qar içindədir,

Həsrətli ürəklər, qor içindədir,

Qarabağ bülbülü tor içindədir,

Əsir Xarıbülbül, duvaq içində,

Tələsmə, Novruzgülü...

Tələsmə, qarını əridən gələr,

Körpəcə boyunu böyüdən gələr,

Səni xilas edən igidin gələr,

Üçrəngli bayraqla, yaraq içində,

Tələsmə, Novruzgülü...

Bayrama tələsən, boyuna qurban,

Torpağına qurban, soyuna qurban,

Nişanlı sevgilim, toyuna qurban,

Yaşılca tellərin, daraq içində,

Tələsmə, Novruzgülü, tələsmə, Novruzgülü...

# 4530 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #