Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?
21 noyabr 2026
# 10:00

Kulis.az Səbinə Quliyevanın "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı" yazısını təqdim edir.

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular.

Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissarlığı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.

Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycanın Demokratik Respublika elan edilməsi Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Azərbaycan Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı təkcə Azərbaycan Cümhuriyyətinin paytaxtı deyil, həmçinin əski Azərbaycan qitəsinin də mühüm mərkəzi olmuşdur. Vaxtilə əski “Midiya” yerini tutan bu mərkəz Azərbaycan sakinlərinin müqəddəs sığınacağına çevrilmiş, habelə İrandan, Hindistandan və dünyanın bir çox yerlərindən ziyarətçilər cəlb etmişdir. Bugünkü dövrdə Bakı həm ziyarətgah, həm də atəşpərəstlər üçün bir məbəddir.“Bakı” kəlməsi indiki halda dünyaca məşhur kəlmələrdən birisidir.

Bakının islamiyyətdən sonrakı tarixini və qədim mədəniyyətini araşdırdıqda məlum olur ki, Bakı Şirvanşahlar sülaləsinin ikinci paytaxtı olmuşdur. Şirvanşah Məlik Mənuçöhr, daha sonra Şah Xəlilullah kimi elm, irfan sahibləri Bakıya çox böyük önəm verir, əksər hallarda buraya gəlib iqamət edərdilər. Bu dövrdə Bakı özünün məscid və mədrəsələri ilə tanınmışdır. Tarixi mənbələrdən əldə edilən məlumatlara görə, Şirvanşahlar hicri təqvimi altıncı əsrdə burada hökmranlıq etmişlər.

Şirvanşahlardan sonra Bakı 989-cu ildən etibarən Osmanlı idarəsi altına keçmişdir. Bakı 23 ildən çox müddət ərzində Osmanlıların hökmranlığı altında qaldıqdan sonra Türkiyə ilə İran arasında bağlanan müqavilə əsasında Səfəvilərin idarəsinə keçmişdir. 1017-ci ilə məxsus bir kitabədə şəhərin I Şah Abbas tərəfindən təmir edildiyi göstərilməkdədir. Səfəvilərdən sonra Azərbaycan vilayətləri, o cümlədən Bakı uzun müddət xanlıqlar şəklində mövcud olmuşdur. Bakının o dövrdəki vəziyyətini, hicri təqvimi 1057-ci ildə Bakıya gəlmiş məşhur türk səyyahı Övliya Çələbi tərif etmişdir.

Onun sözlərinə görə, Bakı qalası Şirvan əyalətində olub Əcəm (İran) sərhədi olmuşdur. Buradakı ziyafətdən sonra Çələbi ona verilən Ərzurum valisi, həmçinin Təbriz və Naxçıvan xanlarının namələrini Bakı xanına vermişdir. Bakı xanı da öz növbəsində onu yaxşı qarşılamış və daha sonra Çələbi həzrətləri şəhəri tamaşa etməyə başlamışlar.Övliya Çələbi Bakı neftindən də məlumat vermişdir. Onun səyahətnaməsinə görə: “Neft yağı mədənləri yerdən qaynayaraq çıxar və suların üzərində qaymaq bağlar. Neft – əmniyyənin adamları bu gölməçələrin içinə girib nefti yığaraq tuluqlara doldururlar. Sonra bunu tacirlər alıb diyar–diyar götürürlər. Səkkiz rəngdə neft olur. Lakin sarı rəng neft daha yaxşıdır. Qara neft isə şahlıqdır ki, İran diyarının, Özbəkistan, Hindistan, İraq, Kürdüstan, Gürcüstan, Dağıstan sərhədlərindəki qalalar bu neft götürüb ətraflarını işıqlandırardılar” [1, s.67].

Övliya Çələbinin səyahətnaməsində tərif olunan Bakı nefti haqqında ərəb coğrafiyaçıları da məlumat vermişlər. Məsudinin “Mürücüz–zəhəb” kitabında, həmçinin Yaqut Həməvinin “Möcəmül-Bülda”nında izahat vardır. Yaqut Həməvinin məlumatına görə Bakıda başlıca iki neft mənbəyi mövcud olmuşdur ki, birindən sarı və ya ağ neft, digərindən isə qara, yaxud yaşıl neft çıxarmış. Məsudi isə buradan başqa heç bir yanda ağ neft çıxmadığını əlavə edir. Hicri təqvimi doqquzuncu əsrdə Əlbakuvinin yazdığına əsasən, gündə çıxarılan neftin miqdarı iki yüz qatır yükü imiş. Bununla yanaşı, hicri tarixi 1003-cü ildə bir kitabədən əldə olunan məlumata görə Bakıdakı neft mənbələri və duz mədənləri seyidlər üçün ayrılmış bir vəqf olmuşdur.

Övliya Çələbinin qeydlərindən məlum olur ki, bu zamanlarda ruslar da Bakı neftinə göz dikmiş və bu səbəbdən Azərbaycana bir sıra hücum və təcavüzlər etmişdilər. Böyük Petro özünün geniş siyasi planları çərçivəsində Xəzər dənizinə çox əhəmiyyət verirdi.

Çünki bura Şərq məmləkətlərilə bir ticarət yolu idi. Bu münasibətə görə, Petro hətta general Matuşkinə Bakını əldə etmək əmrini də vermişdir. 1723-cü ildə Matuşkin Bakını almış və İran ilə müqaviləyə əsasən Bakı ilə Dərbənd Rusiyanın tərkibinə keçmişdir.1732 və 1735-ci illərdə bağlanan Rəşt müqaviləsinə görə Bakı, Quba və Dərbənd yenidən İrana qaytarılmışdır. Bu surətlə Şimali Azərbaycandan çəkilmiş olan Rusiya Böyük Yekaterinanın hakimiyyəti dövründə təkrar geri qayıtmış və 1796-cı ildə general Zubov Dərbəndi almışdır.1801-ci ildə Gürcüstan da Rusiyaya qoşulmuş və nəticədə Azərbaycan Cümhuriyyətini təşkil edən Azərbaycan qitəsi, həmçinin hər cür hücumlara məruz qalan Bakı–Şirvan vilayəti iki atəş arasında qalmışdı.

Bu ərəfədə Qafqazda ordu komandanlığına Sisianov təyin olunmuşdu. O, tərk olunan Bəhri–Xəzər sahillərini ələ keçirmək niyyətində idi. Buna görə də 1805-ci ilin yaz aylarında Sisianov general-mayor Zavalişin komandasında qüvvələri toplayaraq onları gəmi vasitəsilə Bakı üzərinə göndərdi. Bu zaman Bakının xanı Hüseynqulu xan idi. Zavalişin Bakıya daxil olduqda Qubadan Bakıya kömək gəldiyini xəbər alır və bu səbəbdən də geri çəkilir. Bundan sonra Sisianov Bakıya birbaşa özü daxil olmaq qərarına gəlir. Bakı xanı Hüseynqulu xan hadisədən xəbər tutaraq bildirir ki, şəhəri təslim edir. Rus tarixçilərinin yazdığı məlumata görə Sisianov öz köməkçilərindən Eristov və bir kazak nəfəri ilə bərabər Bakı qapısına doğru gedir.

Bakıya daxil olan zaman xanın nökərlərindən biri tərəfindən general, onun ardınca da Eristov öldürülür. Kazak isə qaçır.Sisianovdan sonra Gürcüstan komandanlığına general Qudoviç gəlir. Bundan sonra general Qudoviçin təyin etdiyi Bulqakov Bakı üzərinə gəldi və Bakı müqavimət göstərməyərək 1806-cı ilin sentyabrın 3-də təslim oldu. Nəhayət, 1812-ci ildə Gülüstan sülh müqaviləsinə əsasən, Dərbənd, Quba, Gəncə, Şəki, Şirvan xanlıqları ilə bərabər Bakı qəti surətdə Rusiyanın tərkibinə keçdi.Rusiya inqilabı meydana gəldikdə birinci Zaqafqaziya qurultayı Bakıda toplanaraq mərkəzi müsəlman komitəsini təsis etmiş, Azərbaycanın muxtariyyət fikrini möhkəmləndirərək Bakını Azərbaycanın ayrılmaz bir hissəsi – paytaxtı elan etmişdirlər.

Rusiya icmaları isə öz növbəsində bu fikrə qarşı müxtəlif şəkillərdə mübarizə elan eləmiş və bu məqsədlə Şaumyanın və erməni “daşnaksütyun” partiyası üzvlərinin əli ilə Bakı türklərinin başına mart faciəsini açmışlar. Bununla da, Bakı müsəlmanları altı ay ərzində əsarətdə qalmışdılar.Nəhayət, Bakını qurtarmaq üçün yeni təşəkkül edən Azərbaycan hökuməti Türkiyəyə müraciət etmiş və 1918-ci il sentyabrın 15-də Nuru Paşa, Mürsəl Paşa və Xəlil Paşanın başçılığı altında Bakı təkrar Azərbaycan türklərinin əlinə keçmişdir.Bakı mühüm bir ticarət mərkəzi kimi və xüsusilə də nefti ilə şöhrət qazanmışdır. Neftindən əlavə hələ qədim zamanlardan bəri Bakı Qafqaz müsəlmanlarının və Azərbaycan türklərinin xüsusi elm və irfan mərkəzi kimi də tanınmışdır.

Yeni Azərbaycan məktəbi, mətbuatı, ədəbiyyatı, incəsənəti Azərbaycan ictimaiyyətində çox böyük əhəmiyyətə malik olmuşdur.Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. Bu dövrdə ədəbiyyatda milli dövlətçilik, cümhuriyyətçilik, türkçülük ideyaları geniş tərənnüm olunur, vətənə məhəbbət, onun gözəlliyinə vurğunluq, vətənpərvərlik hissləri, azərbaycançılıq ideyası, milli hərəkat təbliğ olunurdu.

Milli özünüdərk və milli mənlik şüurunun formalaşmasından doğan milli qürur və vətənpərvərlik dövrün aparıcı mövzularından idi.

1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar. Məhəmməd Hadi “Əsgərlərimizə, könüllülərimizə”, “Məfxureyi-aliyəmiz”, “Şühədayi–hürriyyətimizin əhvalinə-ithaf” kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləmişdir.

Məhəmməd Hadi “Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf” şeirində 1918-ci ildə erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən, tökülən günahsız qanlardan bəhs etmiş və bu şeiri azadlıq uğrunda şəhid olanlara ithaf etmişdir.“Əsgərlərimizə, könüllülərimizə” şeirində şair müstəqillik uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırır.

M.Hadinin əsərlərində M.Ə.Rəsulzadənin “Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər moarezlərə rast gəldik, nə töhmətlərə məruz qaldıq!” kəlmələri ilə yaşayan bir ruh, amal və ideya mövcuddur. Sonrakı illərdə M.Hadi bolşeviklərin hakimiyyətə gəlməsinə, Xalq Cümhuriyyətinin süqutuna dözməyərək Gəncə üsyanında yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət etmiş və bu yolda həlak olmuşdur [2, s.48].

Türkçülük, turançılıq ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və ehtiram əsas yer tutmuşdur. “Yeni Ay doğarkən”, “Marş”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” şeirlərində vətənpərvər şairin qəlbinin səsi duyulur. Şair bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq Cümhuriyyətinə sevgini əks etmişdir.Milli ədəbiyyat tarixində “istiqlal şairi” kimi tanınan Əhməd Cavadın “Türk ordusuna”, “Şəhidlərə”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “İngilis”, “İstanbul”, “Bakı deyir ki” və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir.

Bu şeirlərdə “Bir kərə yüksələn” və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə “müvəqqəti məğlubiyyət”, beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız üstündə dalğalanması həqiqəti, xalqın mübarizə dolu həyatı, qanı-canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğuları yaşayır. Şairin “Milli bayrağımıza” şeirində milli qürur, milli dövlətçiliyimiz atributlarından biri olan bayrağımız, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi, eyni zamanda dövlətə, onun bayrağına hörmət və ehtiramı özündə əks etdirən misralar yada düşür:

Türküstan yelləri öpüb alnını,

Söylüyor dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən,

Ərməğan yolla, sən, yara, bayrağım! [1, s.8]

Əhməd Cavad yaradıcılığında ölkəni yenidən işğal edən rus imperiyasına nifrət hissi var. “Göygöl” şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli-istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur. Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə “Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini qələmə almışdır. Bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini əks etdirirdi.

Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C.Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini tərənnüm edir. Yazarın “Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, türkçülük, turançılıq məfkurəsi ön planda verilir. Şairin “Azərbaycan bayrağına” şeiri onun “azadlıq və istiqlal” sevgisini orijinal formada əks etdirən əsərlərdən biri kimi yüksək qiymətləndirilir.

“Azərbaycan bayrağına” şeirində o, üç rəngli Azərbaycan bayrağının rəmzlərini bədii şəkildə təsvir etmişdir. Həmçinin, “Sevdiyim” şeirində də şair üçrəngli bayrağa, vətənə müqəddəs hisslərlə yanaşır, bu bayraqda türkçülük, turançılıq ideyalarını ümumiləşdirir. Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını üzərində hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan, elmə, biliyə yiyələnən Əli Yusifin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Bir turan yolçusu diyor ki”, “Qarabağ xainlərinə” və s. şeirlərində xalq, millət, vətən sevgisi əsas götürülür. Əli Yusifin şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhval-ruhiyyəsinin məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü büruzə verirsə, digər tərəfdən onun yazılarının Cümhuriyyət idealları ilə bağlılığından bəhrələnir.

Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Ümgülsüm Sadıqzadənin “Əsgər anasına”, “Çəkil, dəf ol”, “Bir mayıs günündə”, “Yolunu bəklərdim” şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn, onu düşmən caynağından qurtarmağa çalışan Türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğması, dili bir, qanı bir Türk-Azərbaycan xalqının hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlərdən bəhs olunur. Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər də öz əksini tapmışdır.

Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əli Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər.

AXC-nin yaradıcısı M.Ə.Rəsulzadənin tariximizin qara günlərində ürəyinin qanı ilə yazdığı ”Əsrimizin Səyavuşu” əsərindən söz açmamaq mümkün deyildir. M.Ə.Rəsulzadə dünyanın ən qədim və zəngin ölkəsi olan Azərbaycanla Səyavuşun taleyində bir oxşarlıq görür: “Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi. İran aslanı gəzən dağlara Moskva qartalı qondu. İmperiya qartalı Abşeronun sinəsini deşib, onun qara qanını – neftini bacardıqca sordu” [3, s.38]. Ölkənin gözüaçıq ziyalıları müstəqillik ideyalarını yaymağa başladılar. Rusiyadakı Oktyabr çevrilişindən sonra bu fürsətdən istifadə edən tərəqqipərvər Azərbaycan oğulları ölkədə ilk demokratik dövləti – Azərbaycan Cümhuriyyətini elan etdilər.

Bununla yanaşı, Məmməd Əmin Rəsulzadə milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın rolunu belə dəyərləndirir: “Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur” və “Qurtuluş günü” məqaləsində yazır: “Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz” [2, s.55].

Lakin 1920-ci ilin 28 Aprelindən sonra ölkədə siyasi vəziyyət dəyişdi. Bütün sahələrdə olduğu kimi ədəbiyyatda da milli məfkurə kommunist ideologiyası ilə əvəz olunmağa başladı. Mütərəqqi fikirli şair və yazıçılar təqib olundular, türkçülük, millilik millətçilik kimi qələmə verildi. Lakin bütün təqiblərə baxmayaraq, yaşlı nəslin nümayəndələri kommunist ideologiyasına, kommunist təbliğatına uymadılar. Onlar öz əsərlərində yeni dövrün ideologiyasına, sovet rejiminin qoyduğu qayda-qanunlara müqavimət göstərirdilər. Məsələn, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 9 aprel 1929-cu il tarixli plenumunda “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək” adı altında “Molla Nəsrəddin” jurnalını Mübariz Allahsızlar İttifaqı (ilk adı: Allahsızlar cəmiyyəti) orqanına çevirmək haqqında qəbul edilmiş qərar, bütün yaradıcılığı boyu azərbaycançılıq ideologiyasına sadiq qalan, tənqidçilərin haqlı olaraq milli oyanış və siyasi intibah dövrünün bədii manifesti adlandırdıqları “Azərbaycan” və “Cümhuriyyət” kimi məqalələrin müəllifi olan Cəlil Məmmədquluzadəni sarsıtmışdı.

Bundan sonra C.Məmmədquluzadəyə qarşı böhtan kampaniyası təşkil edilmiş, o və digər ”molla nəsrəddinçilər” “siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlanmayan” adamlar adlandırılmışdılar. Bu böhtanlara dözməyən ədib 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktorluğu vəzifəsindən imtina etmişdir. Bu hərəkət onun mövcud quruluşa etirazının ifadəsi idi.

Cəlil Məmmədquluzadə bütün əsərlərində ziyalıları, vətən övladlarını milli–mənəvi birliyə çağırmışdır. Bu ideyalar üzərində qurulan dövlətin tərəfdarı olan yazarın “Anamın kitabı” pyesinin ədəbi tənqiddə dərin təhlili verilmişdir. Böyük mütəfəkkirin fikrincə, birliyi və bütövlüyü olmayan millətin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix səhnəsində uzun müddət duruş gətirməsi mümkün deyildir. Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid timsalında köləlik və əsarətin millətin xarakterində qoymuş olduğu acı nişanələrə diqqəti yönəldə bilmişdir. Eyni zamanda, müəllif millətin ruhuna hopdurulmuş yabançı xislətləri diqqət mərkəzinə çəkməklə kifayətlənməmiş, bu bəlalardan xilas olmağın yollarını göstərmişdir.

Ə.Haqverdiyevin “Mirzə Səfər”, Seyid Hüseynin “Həzin bir xatirə”, “İsmailliyə” hekayələri diqqəti cəlb edir. “İsmailliyə” hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin tarixin istiqlal və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirildiyini, “əslində İsmailliyənin simasında” yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər. Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsərdə Birinci Dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir.

Ağababa Yusifzadənin “Sınan qanad” romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir. Tədqiqatçılar Hüseyn Cavidin “İblis” faciəsinin bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlandığını bildirirlər. Məlumatlara əsasən, dramaturq I Dünya müharibəsinin ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin fitvası ilə törədilmiş Mart faciəsinin onun şüurunda və dünyagörüşündə yaratdığı güclü təəssüratın təsiri ilə belə bir əsərin yaradılmasını vacib hesab etmişdir. Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir.

Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür. Cümhuriyyət dövründə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyəti yaradır. Bu cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları və sənətkarları özündə birləşdirirdi. Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına dəyərli əsərlər vermişdir. “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilmiş və öz elmi-nəzəri əhəmiyyəti ilə seçilir.

Firidun bəy Köçərli Tiflisdə “Azərbaycan teatrının ədəbiyyatı” əsərini rus dilində nəşr etdirir. F.Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdır ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir, Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi. Eyni zamanda ölkəmizdə dramaturgiya, nəsr, nəzm realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və jurnallar ana dilimizdə nəşr edilirdi. Azərbaycan ədəbiyyatı tarixinin sistemli şəkildə öyrənilməsinə meyl artırdı. Firidun bəy Köçərli silsilə məqalələrini, “Azərbaycan türklərinin ədəbiyyatı” əsərini, “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərlərini yazır. Onun ən böyük xidməti çoxəsrlik Azərbaycan ədəbiyyatı irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində xalqın istifadəsinə verməsidir.

Yusif Vəzir Çəmənzəminli əsərlərində Nəsimi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir və başqa şairlər, sənətkarlar haqqında, onların yaradıcılığı haqqında nəzəri fikirlərini söyləmişdir. Mirzə Fətəli Axundov irsinə xüsusilə yüksək qiymət verilmişdir: “Milliyyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və intibahın dəlili olan kritisizm də Mirzə Fətəlinin əsərlərilə başlayır” [2, s.56].

Yusif Vəzir Çəmənzəminli Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir: Bildirir ki, ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumən tanıtmaq əhəmiyyətli, həm də çox önəmli məsələlərdəndir. Firidun bəy ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi.

Tədqiqatçılarımız Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” (1919) əsərini milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından dəyərli bilir və A.Ziyadxanın Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etdiyini qeyd edirlər.

Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və başqa ədiblərimiz Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məqsədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıcılığı ilə bağlı müxtəlif məqalələr yazılmış, bu məqalələrdə ədəbi fikrin milli məfkurəyə üstünlük verdiyi, bədii əsərləri bu yöndə dəyərləndirmək meyli diqqəti çəkir.

XX yüzil Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında dövlətçilik, azadlıq və tərəqqipərvər hisslərlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ədəbiyyat, mədəniyyət sahəsində də özünəməxsus irəliləyişlər baş verib. Xüsusən ədəbiyyatda parlaq əksini tapan istiqlalçılıq, cümhuriyyətçilik ideyaları yazarların yaradıcılığında nəsillərin bir-birinə töhfəsinə çevrilib.

Cümhuriyyət dövrü ədəbiyyata yeni mövzular gətirməklə yanaşı, həmçinin ədəbiyyat üçün istiqlal düşüncəsini hazırladı. Cümhuriyyət dövrü milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı. Milli istiqlalın əldə olunması üçün milləti hazırladı. Xalqın özünə tanıdılması, onda maarifçilik şüuru ilə yanaşı müstəqillik, istiqlal şüurunu, siyasi şüurun yaradılmasına şərait yaratdı. 19-cu əsrin sonuna doğru maarifçilik düşüncəsi hakim idisə, 20-ci əsrin əvvəllərində siyasi şüur, siyasi müstəqillik təbliğ olunmuş və həmin dövrün ədiblərinin yazdığı əsərlərdə tərənnüm olunan gələcəyə inam, vətənpərvərlik, xarici işğalçılara qarşı mübarizə kimi bir sıra başqa xüsusiyyətlər nəsildən-nəsilə ötürülmüşdür.

# 43 dəfə oxunub

Oxşar xəbərlər

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar  – Nadir Yalçın

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın

12:00 13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər