Şair Anar Aminin 35 yaşı tamam olur. Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun yeni şeirlərini oxucuların diqqətinə çatdırır.
Min diri öldürür bəlkə bir ölən...
Şirin söz – adamın bağrından qopar,
acı söz – adamın dilindən gələr.
Cavanlıq havası – başından gedər,
qocalıq havası – telindən gələr.
Min diri öldürür bəlkə bir ölən,
neçə yol gəlib bu dünyaya gələn?
Hər an istedadı çaşdıra bilən –
nə varsa, şöhrətin əlindən gələr.
Qaldım o karvanın köçündən, bala,
keçdim heçliklərin heçindən, bala,
şeir istedadın içindən, bala,
nəsr istedadın çölündən gələr...
İstedad yoxsa...
Yerində yer tapa bilmədiyin yer,
göyündə göy sənə əzab verəcək!
O göyün altında, bu yerin üstə –
hər şey, hər şey sənə əzab verəcək!
Bəndənin səhv yolu seçməyi də var,
Allahın... günahdan keçməyi də var,
yaza bilməməyin içməyi də var,
içdiyin mey sənə əzab verəcək!
Düşün: savabın az, günahın çoxsa,
hər günah ruhuna tuşlanan oxsa...
Yazıb-yaratmağa istedad yoxsa,
iddian hey sənə əzab verəcək!
Getdikcə gedəsən...
Bir axşam yatasan, sabah durasan,
yox olan nə yoxsa, vardı görəsən.
Baxasan, göy üzü apaydın olub
yer üzü ağappaq qardı görəsən.
Damlardan sallanan buzları sayıb,
yenə sovruq yığan tomarı yayıb,
qar üstə “ay yordu, yordu” oynayıb –
axırda kim kimi yordu görəsən?
Kim yorulsa, onu yerə yıxasan,
ağzın qarla ovub qarla sıxasan.
Getdikcə gedəsən, gedib çıxasan –
hardadı dünyanın ardı görəsən...
Neçə yol gəlmisən sən bu dünyaya?
Ömür qurtarsaydı, çıxıb gedərdim,
qayıdıb gəlməzdim mən bu dünyaya.
Bəlkə də gördüyüm o dünyanı mən
heç vaxt dəyişmərəm min bu dünyaya!
Gecdi gözlədiyin gün gəlsə belə,
olan olub keçib... min gəlsə belə!
Cismimiz dünyaya tən gəlsə belə,
ruhumuz gen gəlir, gen bu dünyaya!
Heç Allah baş açmır bu riyamızdan,
ay adam, kimsənsə çıx röyamızdan...
Kim bilir, bəlkə də o dünyamızdan
gün çıxır, gün düşür, gün bu dünyaya?!
Günah dərk eləyib suç düşünmüsən,
hayana köçər bu köç – düşünmüsən.
Ömründə bir dəfə heç düşünmüsən,
neçə yol gəlmisən sən bu dünyaya?!
...“Ol” deyib, hər şeyə yetməyə nə var,
gəlib bu dünyaya getməyə nə var,
göylərdə Allahlıq etməyə nə var,
gör bəndən nə çəkir, en bu dünyaya?!
Kiçik arzulara çatıb xoşbəxt ol
Bu yer başdan-başa bədbəxtçilikdi
üzünü göylərə tutub xoşbəxt ol.
Gündüzlər Günəşlə, gecələr Ayla
başını birtəhər qatıb xoşbəxt ol.
O uşaq “bir” deyir, bax, saya bilmir,
lap belə saysa da, çox saya bilmir.
Bu dünya ruhunu oxşaya bilmir
o dünya könlünə yatıb – xoşbəxt ol!
Öldüm öz-özümü razı edincə,
dirildim hissimi yazı edincə,
böyük arzuları arzu edincə
kiçik arzulara çatıb xoşbəxt ol...
Alın yazısı
Nə dərə, nə təpə, nə də ki yamac
yalın yazısını yaşaya bilməz.
O gədik, bu bələn ildırım vuran
salın yazısını yaşaya bilməz.
Yadıma sıldırım qayalar düşər,
qorxuram dağlarda uçruma düşəm.
Üzümə düşən xal – qəlbimə düşən,
xalın yazısını yaşaya bilməz.
Min ildi uzaqdan gələn o səsin
gəlib sənə çatsa, bəsindi, bəsin!
Lap istəsə belə, heç kəs heç kəsin
alın yazısını yaşaya bilməz.
Mənim balam
Yer məxrəcdi, göy sürətdi, –
aralıqda incə xətt var.
Dünyaları bir-birinə
bərk bağlayan neçə xətt var?
Uşaqlarla alimlərin
arasında bircə xətt var...
Soruşursan, “kim bədbəxtdi,
kim xoşbəxtdi”, mənim balam,
bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam...
Mötərizə içindədi,
aldığımız zədə belə,
vurdun, böldün, nə topladın...
vaxt belədi, vədə belə...
Bu toplananların yeri
hər an dəyişsə də belə,
hər zaman dəyişməz olan
cəm xoşbəxtdi, mənim balam,
bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam...
Bir gün qəbul edəcəyin
Dinin ətcə ürəyində,
səsin dilinin ucunda,
ünün ətcə ürəyində...
Quş balasıtək çırpınan
sənin ətcə ürəyində
dərd xoşbəxtdi, mənim balam,
qəm xoşbəxtdi, mənim balam,
bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam...
Günəş sənin gözlərindi,
kölgə sənin göz yaşındı,
nə vaxtdı kölgədə qalan
ölkə sənin göz yaşındı,
gözlərinin yaraşığı
bəlkə sənin göz yaşındı –
gözlərdə yaş, kipriklərdə
nəm xoşbəxtdi, mənim balam,
bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam...
Yolumuza işıq saçan
nur səsləri batırdılar,
öldürdülər İsrafili...
Sur səsləri batırdılar,
“haqq” deyib bar-bar bağıran
gur səsləri batırdılar,
bəlkə də zilə qalxmayan
bəm xoşbəxtdi, mənim balam.
Bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam...
Gəl tanış ol, o aranlı,
bu da dağlı xoşbəxtlikdi,
varsa ağlı bədbəxtlikdi,
yoxsa ağlı xoşbəxtlikdi...
Bütün içki şüşələri
ağzıbağlı xoşbəxtlikdi –
içib dərdini unudan
dəm, xoşbəxtdi, mənim balam,
bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam.
Sərkərdə ildırım şimşək
qılıncını qoymaz qına,
qayanın daş kasasını
sındırıb dağıdar xına...
Bəni-Adəm övladının
bircə anda arzusuna
yetdiyi məqam, çatdığı
dəm xoşbəxtdi, mənim balam.
Bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam.
Həsrətindən bezikirik,
dərdindən doyub gedirik,
cənnətə ümid eləyib,
behiştə uyub gedirik,
arxamızca gör nə qədər
arzular qoyub gedirik...
Vaxtında əlinə düşən...
çəm xoşbəxtdi, mənim balam.
Bu dünyada hərə bir cür
həm bədbəxtdi, mənim balam,
həm xoşbəxtdi, mənim balam...
Bircə arzudan ötrü...
Gecə-gündüz, bir ömür
dayanmadan elə can
atdığımız arzular
bədbəxt edirmiş bizi.
Xoşbəxt olmaqdan ötrü
halal yuxuya haram
qatdığımız arzular
bədbəxt edirmiş bizi.
Qurban gedə bilərmiş,
ömür-gün bir günaha,
sən bir günaha batdın,
gülüm, mən bir günaha.
Bircə arzudan ötrü,
bəlkə, min bir günaha
batdığımız arzular
bədbəxt edirmiş bizi.
Halal yuxuya haram
qatandan sonra bildim,
bəlkə min bir günaha
batandan sonra bildim,
neçə-neçə arzuya
çatandan sonra bildim –
çatdığımız arzular
bədbəxt edirmiş bizi.
Xoşbəxtliyə can atan
Dağ dumanı üzünə
çəkibdi yaşmaq kimi,
o dağa necə qalxım
bu dumanla, bu sislə ?
Od vurublar neçə yol
yanmışam ocaq kimi,
içim qurum bağlayıb
bu tüstüylə, bu hislə.
Yerin altı ölü şər,
yerin üstü diri şər,
ölüylə diri ancaq
yuxularda görüşər...
İki yol yoldaşım var –
biri Xeyir, biri Şər –
mən kimlə yola çıxım –
o yaxşıyla, bu pislə?!
Vurdun, böldün, düz topla...
çıxdığın mənlik deyil,
məchulsuz bərabərlik,
hesabdı, tənlik deyil...
Xoşbəxtliyə can atma,
xoşbəxtlik sənlik deyil,
xoşbəxt ola bilməzsən
bu duyğuyla, bu hislə!..
Ağacların gülüş səsi
Ləpələnir göz yaşın
gözünün sahilində,
ağla, öfkəylə ağla,
öfkə xoşbəxtliyindi.
Bəlkə də köç etmisən
haçansa bədbəxt kimi,
dünyaya gəldiyin bu
ölkə xoşbəxtliyindi.
Ruha yaxın olanlar,
gözdən uzaqlardadı,
gözdən uzaq olanlar
bəs, görəsən, hardadı?
Üzə gülən bəxt ki var –
yaşıl yarpaqlardadı –
o Dağdağan, bu Vələs,
Cökə xoşbəxtliyindi.
Birinə xoşbəxt deyib,
yüzünə bədbəxt demə,
bədbəxt olan bir kəsin
üzünə bədbəxt demə.
Arzuna çatmayanda
özünə bədbəxt demə,
çatmadığın arzular
bəlkə xoşbəxtliyindi?..