Bu şeirlər “Xalqın şairi” yarışmasında qalib oldu - MƏTN

Bu şeirlər “Xalqın şairi” yarışmasında qalib oldu - <span style="color:red;">MƏTN
27 iyul 2018
# 13:37

Kulis.az ARB telekanalının məşhur “Xalqın şairi” yarışmasında ikinci yerə layiq bilinən Qismət Məsimovun qalib olan şeirlərini təqdim edir.

Bəxtim aydın səma mən gün görmürəm,

Bilmirəm qalmışam nə kölgəsində.

Adamın gülüşü xəyala dalır,

Böyük arzuların düşüncəsində.

Yüyürsəm nəfəsim çatarmı görən,

Bir dua yolu var məndən arzuya.

Hər dəfə arxamca su atan zaman,

Anamın göz yaşı qarışır suya.

Bu qədər istiyə alışmır hələ,

Kimin ölüm günü isidər səni .

Hardasa bir isti ocaq küncündə,

Bilirəm bir soyuq düşünür məni.

Nə bilim sonuncu sözüm hansıdı,

Hansı vəfasıza nəğmə yazacam.

Səhərdən səsinin sehrində idim,

İndi başdan-başa qulaq asacam.

Sevgimin alnında tər damlasısan,

Sevmək gecikəndə ağlamaq deyil.

Saatı nəbzinin üstə bağlamaq,

Nəbzini zamanla bağlamaq dəyil.

Bəzən həyat rəngi düşür sevgiyə,

Sanırsan bahalı ürək qurtarıb.

Adam xanımına şeir oxuya,

O da qayıda ki, çörək qurtarıb.

Nəyindən bezmisən asa bilərəm,

Bir adam ağacı göyərdib dərdim.

Amma sən ümid ver qalxım ayağa,

Tabut taxtasından ömür düzəldim.

Yaxşı dəli çıxar məndən istəsən,

Heç nə istəmirsən ürəyi buzsan.

Deyirsən şeirdən nə tapmısan sən,

Mən şeir yazmasam sən adi qızsan.

***

Tapammıram xeyli vaxtdı

Hardasa vaxt itirmişəm.

Yığıram ömrü gözümə,

Görən nə vaxt itirmişəm.

Payızın qapısın döyüb,

Açıb görürəm qış düşüb.

Ağ günlərin sənədləri

Saçlarımla yanlış düşüb.

Bu qədər təklər içində

Yenə kimsə yalqız qalıb.

Tanıtmadım insanlara,

Dərdim evdə qız qalıb.

Sənə çatmaq, səni ötmək,

Bir az qaranlıqdı küçə.

Bütün sevgi nağıllarım,

Gözlərində dönür heçə.

Keçdim səndən də birtəhər,

Yıxılmadım sənsizliyə.

Daha yağmurlu hava da

Şeir yazmır bu sevgiyə.

Ağlına gəlsəm, bağışla

Bağışla deyim hardasan.

Unutmaq üçün getmişdim,

Çatıb görürəm ordasan.

Şeytan da əl üzüb məndən

Allah sən də burax gedim.

Havam çatmır bu sevgidə

Atın bir az uzaq gedim...

Hazırki əsas şəkil

***

Günahdan qaçmaqdan taqətim itib

Yenə sənə döndüm niyə? Bilmirəm...

Sənçün darıxmaq da tükənib itib

Oyan aç qapını döyə bilmirəm...

Sənin ayrılıqdan uzun saçını

Yenidən yoluma biçib gəlirəm.

Bütün əyin-başım sevgi tozudu

Yüz dənə ürəkdən keçib gəlirəm.

Fələyin gözündə nə divar, nə sən

O, bilir ürəkdə hansı gedişdi.

Bu tavansız otaq, bu da ikimiz,

Qapını bağlamaq mənasız işdi.

Bəlkə unutmusan yadından çıxıb,

Hər dəfə saçını hördüyün tərəf.

O qədər əlvida sözü çırpılıb

Qırılıb qəlbində sevdiyin tərəf.

Kimə hədiyyədi, kimə yuxudu

Arzuya açılmır bazar dünyada.

Gedirsən, ya məni, ya dünyanı al,

Tanrı da mələksiz azar dünyada.

Həsrətdən şeytanın qulağınacan

Nə qədər daş görsəm yığmışam, oyan!

Bu qədər dərdimlə, məhəbbətimlə

Sənin ürəyinə sığmışam, oyan.

Bəlkə şimşək kimi çaxdım ömrünə

Bulud da bu boyda eşqi saxlamaz.

Sən yağış damcısı yarpaq könlümə,

Damcılar yarpaqda yaşayır bir az!!

***

A çay, məni özünə qat,

qumun olum, daşın olum.

İtim-batım bu səsində,

bir azca yoldaşın olum.

Kimisə tox əliyəcək,

ac balıqla gecələyim.

Bir balıqçı tilovunu

ümid olub silkələyim.

Bir küləkli yağış gəlsin,

paltarımı yel aparsın.

Dünyaya yenidən gəlim

yaddaşımı sel aparsın.

Bir günlük qonağın olum

Bir az ömrü azım gəlim.

Sənə söylənən yuxunu

Yaxşılığa yozum gəlim.

A çay, məni özünə qat

bir az su ömrü yaşayım.

Axa-axa təmizlənim

sonra bu ömrü yaşayım...

***

Sən elə bilmə ki tanrı rahatdı

Gecikən tövbəyə diksinir o da

Bir sevgi duası alıb çiyninə

Bu soyuq dünyada isinir o da

Elə düşünmə ki, səsin duyulmur

Hər gün neçə qəlbin çağırışı var

Amin eşitməkdən tutulub göylər,

Qarışqa duası, fil qarğışı var...

Hardasa bir günah bəzənir indi

Güzgü qarşısında əlində daraq

Kimisə şeytanla tanış etməyə

Cəhənnəm rəngində bəzənir dodaq...

Bu ürək, bu yoxuş bu ömür yükü,

Oğulsan arzundan o yana boylan.

Bir də görəcəksən anan deyilmiş

O qızın evidi xonçayla duran...

Göylərdə fırlanır yenə də bir daş

Kiminsə bəxtinə çırpacaq özün.

Bəlkə günahını siləcək tanrı

Qonşu çəpərindən baxan yalqızın.

Arzumu deməyə yadırğamışam,

Mənə ümid topla mənə arzu ver...

Şeytanı qovmaqdan ayağı şişən,

Allah adamıyam bir ovuc su ver...

Bax qadın şəri var qadın hikkəsi

Yürüyür Allaha hey dəstə-dəstə...

İstədim qadınsız bir şeir yazam

Qızım çay dağıtdı vərəqin üstə...

# 7710 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #