"Doğum evi" ilə "qocalar evi" arasındakı parkda
Radioya bənzəyirdi
o gün adamlar-
hərənin ağzında bir avaz,
ürəyində bir dalğa.
Mən portağal qabıqlarından
qayıqlar düzəldib
dənizə buraxdım,
portağal qoxulu adam
çarpayısında yatırdı.
Ailə tabloları çəkə bilməyən
sağ əlim
cızdı qumun üzərində:
məni,
səni
bir də körpə portağalı.
⃰ ⃰ ⃰
İlk anan yoruldu,
vur-tut 7 ay dözə bildi:
vaxtından əvvəl azad oldu səndən.
Böyüdün növbə dostlarına çatdı,
onları deyingənliyin bezdirdi.
Bir vaxtlar sevdiyin
o "otkritka"
kimi qız da tab gətirə bilmədi,
kasıb, ancaq şair ruhlu biri olmağına
başqasıyla nişanlanıb xəyanət etdi.
Təkcə mən qaldım deyəsən:
it ilində doğulan.
Yuxulayıram:
əlimdə Çin təqvimi.
⃰ ⃰ ⃰
İnternatdan tanıyırdıq bir-birimizi,
ilbəil gözəlləşərdi-
saçları uzanardı
arzuları boy atdıqca.
Mən ona bağlanmamağı öyrədəcəkdim,
o, saflığın hələ də var olduğunu.
İkimiz də kimsəsiz idik:
xatırladıqca ağrıdırdı,
onun məni hər görəndə
niyə "doğum evi" ilə "qocalar evi"
arasındakı parkda görüşdüyümüzü
doluxsunaraq soruşması.
⃰ ⃰ ⃰
Sahə poçtalyonlarıdır
kəpənəklər:
bir çiçəyin sevgi tozcuğunu
başqa çiçəyə çatdıran!
⃰ ⃰ ⃰
Arxanca su atan əllərim
dalaşdı yollarla.
ehh, dirijorum,
hər ağlayanda gözlərimdən
notlar töküldü minor-minor.
⃰ ⃰ ⃰
Yay yağışından sonra
göyün üzündə çıxan
göyqurşağının hər ucundan
bir quş yapışıb
qızılı saçlarını
çiyinlərinə tökən günəşlə
ipdən atlama oynadı.
Biz -
mən və evimin pəncərəsi
bərəlmiş gözlərlə baxa - baxa qaldıq.
⃰ ⃰ ⃰
Səkkizlik, çərək notların
səslənmə uzunluğuna görə
qollarını gah qaldırar,
gah da aşağı salardı maestro külək.
Ağaclar xor vokalçıları kimi
başlarını yelləyib uğultulu bir səslə oxuyardı,
şəhərə yayılmışdı ayrılıq xəbəri -
ağlımı itirmişdim.
Dərd içində batana
saman çöpüydü siqaret.