Zəlil olsun sovet hökumətini! – Günel Natiqin HEKAYƏSİ

Zəlil olsun sovet hökumətini! – Günel Natiqin <span style="color:red;">HEKAYƏSİ
5 iyun 2017
# 12:51

Kulis.az Günel Natiqin “Məhəllə” hekayəsini təqdim edir.

Məhəllənin kişiləri Əli kişinin qarajına yığışıb söhbət edirdilər. Əli kişi ömrünü və qarajını oğluna bağışlayıb illər öncə dünyadan köç etmişdi. Oğlunun heç nəyi olmasa da qaraja qoymağa maşını vardı. Hələ 20 il qabaq erməni qonşusundan aldığı qırmızı “Zaporojest” xoruz banı kimi hər səhər qonşuları yuxudan oyadırdı. 20 il idi ki, Əli kişinin oğlu maşını işə salmaq üçün yarım saat əlləşib-vuruşur, nəhayət, tərini silib sükan arxasına keçirdi. Yalnız bu vaxt arvad-uşağı evdən çıxıb maşına əyləşirdi. Mötəbər qabaq oturacaq isə evin xanımının idi. Maşın alınandan Əli kişinin gəlini özünü xanım kimi hiss etməyə başlamışdı. Dallarınca danışanlara isə xəbər göndərib deyirdi ki, sussalar yaxşıdır. Ayağımızı ki, yerdən götürür.

20 il idi ki, qırmızı “Zaporojest” erməni qonşunu xatırladırdı. Hər səhər maşın min bir zillətlə işə düşəndə qonşular istər-istəməz bir- birindən betər erməni ər-arvadı və Əli kişinin oğlunun erməninin ovcuna saydığı 1000 rublu xatırlayırdı. Bəzi ağzıgöyçəklərin dediyinə görə, maşın üçün 1000 yox, görə 900 rubl ödənmişdi. Amma balacaboy, dazbaş, hər quruşunun yerini bilən erməni çətin ki, 100 rublu Əli kişinin oğluna güzəştə gedərdi.

Sahibi “zaporojest”i xodduyub, arvad-uşağı da maşına mindirib gəzintiyə-filana çıxanda hamı, deyəsən elə qaraj da darıxırdı tanış səs üçün. Qaraj boş olan vaxtlarda kişilər oraya doluşar, “vacib” söhbətlər edərdilər. “Vacib” söhbətlər ictimai-siyasi qəbildən olandan idi. 1991-ci il üçün belə söhbətlərin lap yeri idi.

- Deyirlər, bu çörək növbələri var ha, ta gələn onilliyə qədər uzanacaq. Vallah adam nə qədər aclıq çəkər.

Bu sözləri deyən qonşu pis qazanmırdı, hətta qaz vurub qazan doldururdu, bunu necə etdiyini kimsə bilməsə də, necə yaşadığı bazarlığından bəlli idi. Əlindəki torbalarla həyətə girəndə yaşlı qadınlar ixtiyarsız başlarını o gedən səmtə yönəldirdilər.

- Nə bilim vallah! - Bunu həyətin çəkməçisi dedi - Onu bilirəm ki, emalatxanamda çəkmələrin sayı gün-gündən azalır. Camaat ucuz İran ayaqqabılarına dadanandan bəri çəkmə dükanına gəlməyi özlərinə sığışdırmırlar deyəsən.

- Ay kişi, o ucuz çəkmələr bir-iki dəfə geyiləndən sonra olur tullanmalı. Ondan sonra gərəkdir ki, başdan tikəsən. Elə ona verdiyimiz pula təzəsini alarıq da.

Çəkməçi bu replikanı atan qonşuya tərs-tərs baxıb gözlərini təzə yarpaqlayan əncir ağacına zillədi. Bu ağacın da yaxşı vaxtları vardı, deyə düşündü. O vaxtlar emalatxanasında çəkmələr də bol olurdu. O da hər çəkməni qəbul etməyib hərəsinə bir qulp qoyurdu. İllah da çəkməni toz-torpaqlı gətirənlər gözünün düşməniydi.

- A kişi, çəkməni toz-torpaqlı gətirib üstümə atırsınız, zəhmət çəkib aparıb bunu yaxşı-yaxşı yuyub təmizləyin, ondan sonra gətirin görək nə edə bilərik. - Bunu deyib “məhəllənin çəkməçisi” statusunun verdiyi qürurla bəyənmədiyi çəkmələri müştərilərə qaytarırdı.

Yuyulub-təmizlənmiş çəkmələri təhvil almaq da asan iş deyildi. Çəkmələr müəyyən “kontroldan” keçir, yalnız ondan sonra çəkməçi işə başlayırdı. Öz emalatxanası isə səliqə yaratmağa adam gəzirdi. Neçə kərə çəkmələr bu ayaqqabı tünlüyündə, hara gəldi atılmış kirli-paslı materiallar, alətlərin içində itib-batmışdı. Müştərilər öz ayaqqabılarını tapa bilməyəndə, çəkməçi həmişəki ustad tövsiyəsi ilə onları diqqətli olmağa çağırırdı:

- Yəqin ki, yadınızdan çıxarıb gətirməmisiz. Ya da təhvil almısınız, sadəcə yadınızdan çıxıb. Burda görürsüz ki, iynə belə it-bata düşməz. Gələn dəfə diqqətli olun. İşim başımdan aşır, hər müştəriyə bu qədər vaxt ayırsam, gərək burda oturmayam.

Ya da elə olurdu ki, çəkmənin bir tayı tapılır, o birisindən uzun müddət səs-soraq çıxmırdı. Onda usta yenə “böyük tövsiyəsi” ilə evə yaxşıca əl gəzdirməyi, o biri tayını da tapıb gətirməyi məsləhət görərdi.

Təbii ki, bir müddətdən sonra itmiş çəkmə elə ustanın öz emalatxanasından tapılırdı. Amma usta yenə səhlənkarlığını etiraf etməyib buna da bir çarə tapırdı. Yəni onun üçün bir ölümə çarə yox idi.

Usta indi əncir ağacına baxa-baxa emalatxanasının dolub-daşdığı günlər haqqında düşünürdü. Əlindən bu yarpaqların sayı qədər çəkmə gəlib-keçmişdi.

- Müvəqqəti çətinlikdir, - bunu televizora çox baxan qonşu dedi, televiziyada xəbər saatı olanda onu nə evdə, nə küçədə, nə də alver etdiyi dükanda tapmaq olardı. - Özünüz görəcəksiniz, nələr olacaq.

- Nələr olacaq? - bunu da məhəllənin ən fağırı dedi. O qədər fağır idi ki, evinə ayda bir bazarlıq edirdi. Qonşular and içirdi ki, ayda bir dəfə bu fağırın dilinə ət dəyir. O da evdəki pişiyindən macal tapanda. Bir dəfə başına belə bir hadisə gəlmişdi. Sevincək aylıq bazarlığıyla gələn fağırın içində ət olan torbasını pişik qapıb qaçmışdı. Fağır torbanı pişiyin ağzından almaq üçün nələr çəkmişdi, bircə Allah bilir. Qan-tər içində pişiyi tutub torbanı ondan alanda keçirdiyi sevinc hissini yəqin bir də yaşamamışdı. Çünki elə hisslər ayda-ildə bir yaşanır.

- Hər şey gözəl olacaq. Ölkə çiçəklənir. Parklar salınır. Şəhər abadlaşır. - Televizora çox baxan qonşu yenə söylədi.

Fağır ağzını açıb özünə dair nəsə eşitmək ümidiylə:

- Bəs ət olacaq? - soruşdu.

- Əlbəttə, olacaq. Özü də havayı!

- Yəni talonla? - fağır bunu inamsız dedi.

- Talonla ət havayı deyildi ki! - televizora çox baxan “açıqlama gətirdi” - Zəlil olsun sovet hökumətini. Qoydu ki, xalq bir gün görsün. Hər ayın axırında talonu soxurdular gözümüzə ki, bunnan yaşa. Bunun ad günü var, yubileyi var, xeyir-şər məclisi var.

Bu sözləri çox eşitmiş fağır yenə söhbəti ətin üstünə gətirmək ümidilə:

- Bəs indi necə olacaq? - dedi.

- İndi hər şey pulsuz olacaq. Ət də, yağ da havayı olacaq.

- Ət də olacaq? - fağır qulaqlarına inanmadı.

- Əlbəttə.

- Yağ da?

- Bəli, yağ da!

- Nə yaxşı, nə yaxşı! - fağır dodağıyla dilini yaladı. Bu vəziyyətdə ət torbasını götürüb qaçan pişiyinə oxşayırdı.

- Özü də əti də, yağı da, qoyacayıq elə buradaca, soyuducuya. Kimə nə qədər lazımdır, götürəcək. - televizora çox baxan qonşu əlavə elədi.

- Nə yaxşı, nə yaxşı! - fağır təkrar edə-edə qarajdan çıxıb evinə yönəldi. Bayaqdan ona baxıb ağzını marçıldadan (yəqin ki, onun da yemək vaxtı gəlmişdi) bozumtul pişiyi də fağırın dalınca düşdü.

- Ət də olacaq, yağ da olacaq, - fağır fikirli-fikirli öz-özünə deyirdi.

- Əşi əti-yağı boş ver, - qaz vurub qazan dolduran üzünü “məlumatlı” qonşuya tutdu. - Sən avtomobillərdən, lüks mənzillərdən danış! Bunlar da havayı olacaq?

- Olacaq, olacaq, - bunu televizora baxan yox, qəzet çox oxuyan qonşu dedi, özü də qaz vurub qazan dolduranın düz gözlərinin içinə baxa-baxa. Sonuncu bir növ adətkarda idi, belə baxışları görməyə vərdiş eləmişdi, odur ki, əlini yelləyərək dedi:

- Bob Dmaykeri tanıyırsız?

- O kimdi ki? - qəzet çox oxuyan gözlərini bərəltdi.

- Xaricdəki milyoner. Hamamında timsah saxlayırmış! Timsah e! Sən öləsən camaatda pul-paraya bax e.

- Onda onun hamamı nə boyda olar? - Binanın podvalında arvadı və 5 uşağıyla yaşayan qonşu soruşdu.

- Nə bilim əşi, mən deyim, 100 kvm, sən de 150 kvm. Özü də xaricdə heyvanlara ayrıca otaq verilir axı.

- Timsahlara da verilir? - podvalda yaşayanın gözləri parladı.

- Nə bilim əşi. Əl boyda itə, pişiyə verilir, timsaha verilmir?

- Sən ölməyəsən, bilsəm, timsahlara otaq verilir, birin yox, ikisin-üçün saxlayaram. – Podvalda yaşayan qonşu sevincək dilləndi.

- Ay bədbəxt, timsah səni diri-diri udar, uf da deməz - bunu qəzet oxuyan dedi, elə o dəqiqə də düşündü ki, podvalda yaşamaqdansa, belə hörmət sahibi olan timsaha qurban getmək yaxşıdır.

Başqa bir qonşu da elə nəsə demək istəyirdi ki, bu dəm tozanaq qopdu, Əli kişinin oğlu qırmızı “zaporojest”ini düz gəlib qarajın qabağında saxladı. Qabaq oturacaqdan xanımı düşdü, qonşularla yüngülvari salamlaşıb qamətini şax tutaraq binaya girdi. Qonşular 20 il bundan qabaq bu tozanaq qaldıran qırmızı “Zaporojets”i Əli kişinin oğluna satmış erməni qonşunu istər-istəməz xatırlayıb başlarını bulaya-bulaya evlərinə dağılışdılar.

28 May 2017

# 1754 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #