Kulis.Az Sevda Sultanovanın “Gün kremi” hekayəsini təqdim edir.
Gələn əri idi. Qadın həmişəki kimi onun boynuna sarıldı, üzündən öpdü, qovluğunu əlindən alıb iş otağına apardı.
Ərinin gec saatlarda evə gəlməyinə alışmışdı. O, tanınmış vəkillərdən idi, müştərisi çox olurdu, işi başından aşırdı.
Süfrə artıq hazır idi. Ərinin yemək yeməsinə tamaşa edirdi qadın. Hiss elədi ki, kişi bu gün bir az başqa cürdür. İstədi nə baş verdiyini soruşsun. Ürək eləmədi, həm də düşündü ki, yəqin yorğunluqdandır, ya da yenə hansısa müştərisi ilə sözü düz gəlməyib. Kişi çox iştahsız yeyirdi, tikələr boğazından güclə keçirdi. Bir neçə dəfə nəsə demək istədi, amma dərhal da sözləri dilinin ucundan qaytardı. Qadın onun əhvalından gələn gərginliyi hiss eləyirdi, odur ki, anlaya bilmədiyi gərginliyi bir az yumşaltmaq üçün masadan qalxdı, çay istəməsə də, çaydana yaxınlaşdı. Özünə çay süzdü, ərinə tərəf asta səslə:
- Çay istəyirsən?
Kişi dinmədi, sadəcə başını yırğaladı.
Qadının qəlbinə nigarançılıq dolmuşdu. Nəsə xoşagəlməz hadisənin baş verəcəyini altıncı duyğusuyla qavrayırdı. Fincanı ehmalca masaya qoydu. Qorxdu ki, birdən fincan masaya bərk toxunsa, sükut çox pis sına bilər.
- Sənə bir şey demək istəyirəm - kişinin qəfil dinməsindən qadını həyəcan bürüdü, ürəyi sürətlə döyündü.
- Aha - soyuqqanlı danışmağa çalışırdı qadın
Kişi başını aşağı salmışdı, rəngi də qızarmışdı nədi:
- Çoxdandır, başqasıyla görüşürəm. Onu sevirəm.
Kişi birnəfəsə dedi. Birnəfəsə dedi ki, canı əzabdan tez qurtarsın.
Qadın əvvəlcə kişinin nə dediyini anlamadı, sonra onun cümlələri beynində aramsız səslənməyə başladı, sözlərin hərarətindən bədəninə murdar istilik gəldi, başında nəsə qaynadı.
Qadın istədi tumanını başına çəkib desin ki, onun şeyi mənimkindən şirindir? Özünü zorla saxladı. Yadına köhnə məhəllədəki qonşuları Nanəgül düşdü. Nanəgülün əri onu üç uşaqla atanda arvad havalanmışdı, məhəlləyə düşüb ağı deyirdi, tez-tez də donunu qaldırıb, əlini göbəyindən aşağı aparıb çığırırdı ki, onun şeyi mənimkindən şirindir?
Qadın özünü topladı. Belə demək ona yaraşmazdı, necə də olmaya o, müəllimə idi, kübar davranmalıydı, özünü hansısa ev qadını, bisavad Nanəgülün səviyyəsinə endirməməliydi.
Dəfələrlə düşünmüşdü ki, əri ona xəyanət eləsə, o an necə davranmalıydı. Uyğun davranış tapa bilməmişdi. Qəfil yadına srağagün baxdığı film düşdü. Ərinin xəyanətini biləndə qadının ona ilk sualı bu olmuşdu: o, seksdə məndən daha yaxşıdır? Düzdür, bu da ona bayağı gəlirdi. Amma hər halda Nanəgülün dediklərindən daha abırlı idi.
- O, seksdə məndən daha yaxşıdır?
Qadının sualı özünə əminliklə yox, az qala pıçıltıyla səsləndi. Kişi deyəsən, onu eşitmədi. Bayaqdan başını aşağı salıb susmuşdu. Yaxşı ki, eşitmədi. Pərt olacaqdı yoxsa. Çünki yadına düşdü ki, bir müddətdir əriylə intim münasibəti yoxdu, firigidlikdən müalicə alır.
Kişi isə ağlayırdı, çox miskincə, zavallıca ağlayırdı. O, ərini ikinci dəfədir ki, belə ağlayan görürdü. Birinci dəfə ağladığını o, prokuror təyin olunmayanda görmüşdü. Ərinin ağlamağı ona təsir eləmirdi, əksinə, gücsüzlüyünə əsəbiləşirdi, onun yazıq görkəmi xəyanətindən daha ağır gəlirdi.
- Bilirsən kimdir?
- İstəmirəm bilim.
Əslində, istəyirdi, amma özünü tox tutmağa çalışırdı. Kişi onsuz da ona fikir vermədi.
- Boşanma məsələsi vardı, ərinə xəyanət eləyən... Başa düşürsən, onun xəyanəti məni həyəcanlandırır, ehtirasa gətirir. Məhkəmə proseslərimiz bilirsən ki, bozdur, nəticələri əvvəlcədən aydındı, mən də darıxıram, sıxılıram. İstəyirəm, heç olmasa şəxsi həyatımda həyəcanlı nəsə olsun.
Qadın daha onu dinləmək istəmədi, yataq otağına keçib çarpayıda oturdu. Beyni donmuşdu, heç nə düşünə bilmirdi. Əri otağa keçib dinməz-söyləməz, bir az da çəkingən halda çamadanını yığdı. Qapıdan çıxanda nəsə demək istədi, amma cəsarəti çatmadı. O, arvadını susaraq tərk elədi. Qapını nə çırpdı, nə açıq qoydu. Adam balası kimi astaca örtdü.
Qapı örtülən kimi qadın yerindən sıçradı. Qapını kilidlədi. İşığı söndürüb, pəncərədən boylandı, onun getdiyinə əmin olmaq istəyirdi. Akulaya oxşayan bəyaz maşın işə düşəndə qadın qıyya çəkdi. Elə qıyya ki, hec Nanəgül belə qıyya çəkməmişdi. O, diz üstə yıxılıb döşəməni yumruqladı. Yumruqladıqca, tərslikdən ağrısı azalmır, çoxalırdı. Qəzəbini, ağrısını heç cürə azalda bilmirdi. Yadına seriallarda qəzəbindən əşyaları sındıran adamlar düşdü. İşığı yandırdı. Ətrafa göz gəzdirdi, gözü dolabın üstündəki ətir şüşəsinə sataşdı, istədi onu yerə çırpsın, amma heyfi gəldi. “Şanel”i ona əri ad günündə almışdı. Nəsə sındırmaq fikrindən vaz keçdi. “Əclafa görə nəyisə sındırmağa dəyməzdi”. Amma o, bu ağrıyla heç nə eləmədən yaşaya da bilməzdi. Telefona cumdu, rəfiqəsinə zəng vurdu. Tələsik, dili topuq çala-çala məsələni izah elədi. Sabah erkəndən şəhərdə həmişə getdikləri kafedə görüşəcəkdilər.
Qadın səhəri dirigözlü açdı. Yemək də yemədi, bir stəkan limonlu su içdi (nə baş verirsə versin, o, mütləq hər səhər limonlu su içməliydi), ilıq duş aldı. Tələsik əynini geyinib evdən çıxdı.
Evdən dayanacağa qədər beş-altı dəqiqəlik yolu qaçaraq getdi. Dayanacağa çatmışdı ki, avtobus tərpəndi. Qadın məyusluqla kölgəlik axtarmağa başlayanda xatırladı ki, gün kremini vurmağı unudub. Çantasını töküb-töküşdürdü, yox idi. “Ay allah bu, necə ola bilərdi. Axı heç vaxt belə səhv eləməmişəm. Hamısı fikirdəndir, hamısı o oğraşa görədir, başına daş düşsün, sevişəndə onu görüm impotent olsun, heç başlamamış qurtarsın, bütün məhkəmələri uduzsun, müştəriyə həsrət qalsın, o qəhbə onun bütün pullarını əlindən alsın. Bəlkə qayıdım vurum”. Amma ərindi, “eybi yox yolda alaram”. Cüzdanına göz gəzdirdi, 29 manatı vardı, gün kremi 15 manat olardı, devalvasiyaya görə bir iki manat bahalaşardı yəqin.
Gündən qorunmaq üçün özünü yaxınlıqdakı marketə atdı. Satıcı yanında iki azyaşlı uşaqlı gənc qadınla dərdləşirdi. Gənc ana göz yaşında boğulurdu. Satıcı təsəlli verdi: “Allah sənə səbr versin, nə deyim”.
Yarımlitrlik sərin su aldı, üzünü sərinlətdi, dərisi nəmləndikcə qadın sanki canlanırdı.
- Yazıq qadın, əri təzəlikcə ölüb, bilib ki, o, gizlicə içirdi, uşaqları necə ayaq üstə qoyacaq çətin zəmanədə – satıcı qadın rəflərdəki malları yerbəyer eləyə-eləyə sanki özüylə danışırdı.
- Mən də elə bildim, əri öləndən sonra bilib ki, ikinci arvadı var.
- Elə olsaydı nə vardı ki, indi oturub dərdləşərdilər iki bacı kimi. Əri xəstəymiş, içmək olmazmış, qohumları da bilib deməyib. Deyir bilsəydim, qabağını alardım.
Qadın düşündü ki, görəsən hansı daha pisdi, gün kremi unutmağı, ərin gizli içməsi, yoxsa xəyanəti?
Çox düşündü-daşındı, qərarını verənə kimi avtobus da gəldi. Gündən qorunmaq üçün qaçaraq avtobusa mindi. Kölgəlik düşən boş oturacaq tapdı. “Yox, gün kremi daha vacibdi, ərsiz keçinmək olar, elə fərsiz, iradəsiz kişidənsə tək qalmaq yaxşıdır, xəyanət edən kişini də gec-tez unudacaqsan, amma gün kremi vurmasan, nəticəsini yox eləmək çətin olacaq; dəri solar, qara ləkələr əmələ gələr, çatlayar. Yox, gün kremi daha vacibdir”.
- Aaaa, ölmürsən də, bir bax da necə avtobus sürürsən - ondan bir neçə sıra arxada ağ ətək geymiş kök, orta yaşlı qadın səsini başına atdı.
- Halal yolla pul qazan da. Şoğərib avtobusu remont elə sonra sür.
Sürücü susurdu. Avtobusda ancaq qadınlar idi, və onların hamısı avtobusun deşik döşəməsindən sıçrayan palçıqlı sudan ətəyi batan qadına qahmar çıxdı. Yaşlı sürücü avtobusu başına götürmüş qadın həşirindən qorxub səsini çıxarmadı.
Qadın onun ağ ətəyindəki ləkəyə baxıb düşündü ki, görəsən, hansı faciəlidir, yolda getdiyin yerdə ağ ətəyin ləklənməsi, yoxsa üz ləkəsi? Ləkəni persolla aparmaq olar, amma dəriyə gün kremi vurmasan, ləkəni yox eləmək əziyyətli olacaq, min cürə maska lazımdır. Qadın qərarında qətiləşdi: “Yox, gün kremini unutmaq daha pisdir”.
Avtobus dayanan kimi qadın yenə qaçaraq düşdü, yaxınlıqdakı aptekə cumdu. Aptekdə alıcı çox idi, qadın sırasını tutdu.
Sırada dayanan orta yaşlı, nərmə-nazik qadın ona yanaşdı.
- Bilrisiz, mənim çox ciddi problemim var, çox gec orqazma çatıram. Həkim müalicə yazıb. Utanıram almağa dərmanı. Bəlkə siz alasız?
Qadın diksindi. Niyə məhz ona yaxınlaşıb? Bəlkə onun frigid olduğu üzündən bilinir?
Qadın onu sözsüz də anladı.
- Üzdən mədəni, komplekssiz qadına oxşayırsız.
Qadın yenə düşüncələrə daldı: “Hansı daha pisdir; frigid olmaq, gec orqazma çatmaq yoxsa gün kremini unutmaq? Frigidlikdən müalicə almaq da olar, sekssiz yaşamaq da olar (aseksual həyat keçirən adamları xatırladı), amma gün kremi vurmasa dərisi qabıq verir, kobudlaşar, xırda qırışlar əmələ gələr...”
- Xanım, bu krem qurtarıb. Bir neçə günə gələcək. Başqasını istəyirsiz?
- Yox, o birilər allergiya verir.
Qadın çantasını üzünə tutdu ki, gün onu vurmasın, yeyin addımlarla metroya getdi. Qarşısında təxminən onunla yaşıd olan, çox dərdli görünən qadın oturmuşdu. Ləkəli dərisi onu yaşlı göstərirdi. “Bax, görürsən, gün kremi necə vacibdir, dərisi elastikliyini itirib, saralıb. Bu ki, faciədir. Belə dəriylə necə yaşamaq olar? Nəyin dərdini çəkir görəsən? Bəlkə xərçəngdir, ya həkimlər hansısa yaxınını bədbəxt eləyiblər, ya da gün kremi almağa pulu çatmır, bəlkə elə dərdi var, heç krem yadına düşmür. Allah sən qoru məni bu bəladan”.
Metrodan çıxan kimi yolu qaçaraq keçib, aptekə girdi. Satıcı bir qadının uzun dərman siyahısını hesablayırdı.
- 120 manat
- 120? - Qadın az qala havalandı? Allah evini tiksin. Mənim maaşım elə o qədərdir.
Sonra gün kremi axtaran qadıncığaza döndü:
- Bəlkə mənə borc pul verəsiz?
- Üstümdə pulum azdı, ona da gün kremi alacam. Bilirsiz, gün kremi vacibdir. Dərini nəmləndirir, cavan saxlayır, onu pis təsirlərdən qoruyur.
- Səni görüm gün kremsiz qalasan, ləçər, mətbəx siçovulu - qadın onun sözünü ağzında qoyub qapını zərblə çırpdı.
Yadına düşdü: “Əlbəttə kremi mətbəxdə qoymuşdum, su qrafininin yanında, limonlu su içəndən sonra vurmalıydım”
- Bu kremdən qalmayıb, başqa firmalarınkı var amma.
- Yox, istəmirəm, sağ olun.
Aptekdən ümidsiz çıxıb kafeyə yol aldı. Kafeyə çataçatda yadına düşdü ki, orda da aptek olmalıdı. “Hə, burda”. Sevinclə aptekə cumdu.
Ondan başqa bir neçə alıcı da vardı. Kənarda boynunu bükmüş çadralı qadın onu görüb canlandı, yaxınlaşıb utanaraq dedi:
- Mənimçün əlli prezervativ ala bilərsiz?
- Əlli? Özünüz niyə almırsız?
- Əllisini almışam, əllisini də siz alın. Bilirsiz, ərimlə xeyriyyəçiliklə məşğuluq. Somaliyə hər ay gücümüz çatdığı qədər prezervativ alıb yollayırıq ki, uşaq doğub onları bədbəxt eləməsinlər.
- Çox xeyirxah əməldir.
- Xanım, bu kremdən yoxdu.
...Rəfiqəsi hələ gəlməmişdi. O masalardan birini tutdu. Çantasını stula atıb, tualetə getdi, üzünü yuyub sərinlədi. Bu kafeyə tez-tez gəlirdi, mütləq sərinləyirdi, gün kremini təzələyirdi, özünü təravətli, arzulanan qadın kimi hiss edirdi, firgidliyini unudurdu. Gün kremi onun həyatının bir parçası idi. Hətta əri belə evli olduğu müddətdə ona gün kremi qədər doğma ola bilməmişdi. Küçəyə çıxanda mənzilbaşına çatana kimi bir neçə dəfə gün kremini təzələyirdi, hədsiz zövq alırdı, özünü güclü, gümrah hiss eləyirdi. İlk dəfədir ki, o, gün kremini unutmuşdu. Kövrəldi, tualet kağızından qoparıb nəmli gözlərini sildi.
Rəfiqəsi artıq gəlmişdi.
- Gün kremin yanında?
- Aha.
Rəfiqəsinin əlindən gün kremini qapdı, tualetə cumdu, kremi üzünə yayanda ona elə gəldi ki, dərisi körpə dərisi kimi zərif, təravətlidir.
Rəfiqəsi artıq yaşıl çay və gilas mürəbbəsi sifariş vermişdi.
- Danış, görüm necə oldu bu hadisə?
- Nə hadisə?
- Necə yəni nə hadisə? O xiyarın xəyanətini deyirəm də.
Qadın saata baxdı:
- Bir saatdır ki, onu düşünmürəm. Bu bir saatda çox mühüm həqiqəti dərk elədim.
- Hansı həqiqəti?
Qadın əllərini üzünə aparıb, yanaqlarını ehmalca sığalladı, gözlərini yumdu, sanki nəm dərisindən zövq almaq istəyirdi. Sonra üzünü ani kədər sardı, bu kədər ani də təbəssümlə əvəzləndi:
- Yaşıl çay əladı, qarındakı yağları əridir.