Kulis.az tanınmış yazıçı Orxan Fikrətoğlunun “Tülu” hekayəsini təqdim edir.
Vallah indi ora burdan yaxşıdır, ay Ata!
Qalın kəndir təki möhkəm hörümçək toruna dolaşa-dolaşa aşağı endi. Gözü qaranlığa öyrəşənə qədər yerindən tərpənmədi. Zəlzələnin yeni təkanlarından zirzəmidə qorunacaqdı. Burnuna torpaq qoxusu gəldi. Qaranlığın dinc sükutu vardı, qorxusunu sığallayırdı. Bir az sakitləşib təkanların bitməsini gözlədi. Qarşısından ciyildəyə-ciyildəyə siçan qaçdı. İt boydaydı. Ürpəndi. İlk dəfəydi bu yekəlikdə siçan görürdü. Özü də çəhrayı rəngdə. Tərliyini ayağından çıxarıb siçana atdı. Siçan qorxub eləmədi. Əksinə fısıldaya-fısıldaya geri döndü. Qollarını idman müəllimi kimi sinəsində daraqlayıb sakitcə durdu. Sonra birdən-birə qaranlığın içində şam kimi əridi. Onu qaramı basırdı? Siçanın çəhrayı qorxusu altında olanları xatırlamağa çalışdı. Dünən həmişəki kimi işdən evə gec qayıtmışdı. Qızı öz otağında kitab oxuyurdu. Qapını döyüb ona “gecən xeyrə qalsın” dedi. Sonra nə oldu? Deyəsən arvadı ondan nəsə istədi. O, da arvadına kobud cavab verib mətbəxə keçdi. Görəsən, arvadı ondan nə istədi? Heç cür yadına düşmədi ki, arvadı zəlzələdən qabaq ondan nə istəyib? Bəlkə pul istəyib! Yox, pul deyildi. Onu da xatırladı ki arvadı onunla son dəfə ingilis dilində danışdı. Arvadının səhər dükandan alacağı ərzaq siyahısını kağıza yazıb soyuducunun üstünə maqnitlə yapışdırdığı da yadındaydı. Zəlzələnin birinci təkanda elə həmin o siyahını oxuduğu zaman oldu. Gerisini xatırlamırdı. Gözlərini açanda dağıntıların altındaydı. Hər yan qaranlıqdı. Göz gözü görmürdü. Zəlzələ olduğunu əvvəlcə başa düşməmişdi. Başına uçmuş damın altından bir təhər sivişib çıxdığı zaman ikinci təkan da olmuşdu. Yalnız onda anlamışdı ki, zəlzələdir. İlk ağlına gələn fikir də “zirzəmiyə enməliyəm” olmuşdu. Orda bir neçə gün yaşamaq üçün hər şey vardı.
İrəlidə közərən işığa doğru süründü. Sol ayağını hiss etmirdi. Ağlı-başı nə qədər üstündəydi özünə toxtaqlıq verirdi. Yeddi səkkiz saat olar dağıntıların altındaydı. Təkrar təkanlar da ola bilərdi. Bağa aparmaq üçün berezent əskiyə bükdüyü külüngünü tapdı. Tapıntısına sevindi. Külüng həm diləkdir, həm də uğurlu işarə. İrəlidə işıq közərirdi. Orda çölə çıxışı olan qapı da olmalıydı. Həmin qapı qonşu villaların zirzəmiləri ilə də birləşirdi. Villalar tikiləndə qonşular biri birilərinin evinə küçəyə çıxmadan gedib gələ bilsinlər deyə yerin altında lağım qazdırmışdılar. Lağımın qazılması o zaman ona baha başa gəlmişdi. Arvadı xərclənən pula görə xeyli deyinmişdi. İndi həmin pul karına gələ bilərdi. Zəlzələ elektrik naqillərini yəqin ki, qırmışdı. Bəs bu işıq görəsən pəncərəsiz zirzəmiyə hardan düşürdü?
İrəli boylandı. Yaşıla çalan divar qaranlıqda közərməkdəydi. Hörümçək torları əlinə, ayağına dolaşırdı. Zirzəminin divarları görünmürdü. İrəli süründükcə ovqatı dəyişirdi. Get-gedə təni çəkisizləşirdi. Bəlkə yuxu görür? Amma nə yuxu? Zəlzələ evini başına uçurmuşdu. Hər şey olduğu kimi yadındaydı. İt boyda siçan yenə qarşısından keçdi. Siçanı hürkütsün deyə bərkdən ”Bunun rəngi niyə belə çəhrayıdır?!” – qışqırdı. Qışqıran kimi də təngnəfəs oldu. Boğazı qurumuşdu. Su istəyirdi. Dincini almaq üçün kürəyini divara söykədi.
Gözünü açandan kömpyuter görmüşdü. Kompyuterdən savayı onu heç nə maraqlandırmırdı. Ən yaxın adamları ilə belə illərlə görüşmürdü. İnsanlardan qaçırdı. Arvadı ilə pul xətrinə evlənmişdi. Nazir qızı olan arvadının da ona olan bağlılığı ancaq peşəsinə görəydi. Onun kimi kompyuter dahisinə kim ərə getməzdi? Məxfi sənədləri elektron şəbəkədəki kilidli qovluqlarda qoruyan xüsusi idarənin rəisiydi. Cəmiyyət üçün çox gərəkli adamdı. İdi niyə? Görəsən özü haqqında nəyə görə keçmiş halda düşünür? Təhlükəsizlik xidməti “fors major” hallarda bütün sənədləri gizli saxlanclardan silməliydi. Görəsən, sənədlər silindilərmi? Xarakterlərin kefidir. Əlinin altında kompyuterinin olmamasına heyfisləndi. Yəqin şəbəkə də pozulmuşdu. İnsan yoxdursa sirr də yoxdur. İndi o sənədlər kimə lazımdı? Dar macalda kim kimdən nəsə gizləməyi düşünür? Maraq yoxdursa məxfilik də yoxdur. Bu qarışıqlıqda heç kəsə gizli sənəd gərək deyildi. Yəqin ki, hamı canının hayındaydı. Sirr nədir? Şəhəri tərpədib bütün sirləri aşkar etmiş həzrəti – zəlzələ insanlar üçün “siçan-pişik” oyununa yer qoymamışdı.
Yuxarı çıxmaq üçün işığa doğru sürünürdü. Yaş torpağı canı ilə hiss edirdi. Ağlına gəlməzdi ki, zirzəmisi belə böyükdür. Villa tikilən zaman bir dəfə də olsun bura enməmişdi. O zaman tikintini öz gözləriylə görsəydi çıxışı tapmaq onun üçün daha asan olardı. Hara süründüyünü dəqiq bilərdi. Görəsən yuxarıda hava necədi? Qızı dağıntıların altından çıxa bildimi? Arvadının aqibəti onun üçün maraqlı deyildi. Bir damın altında yaşasalar da bir-birilərinə bağlı deyildilər. Arvadının öz həyatı, onun öz ömrü vardı. Son illər arvadının çarpayısına “kişi kimi” girdiyini də xatırlamırdı. Arvadı başqa bir kişi ilə “dostluq” edirdi. Buna baxmayaraq nə O, nə də arvadı ayrılmaq haqqında düşünmürdülər. Hər ikisinə belə yaşamaq sərf edirdi. Ailə onlar üçün gecələdikləri kirayə otaq kimiydi.” Necə də axmaq olub onun xəyanətlərinə ürəkdən acımışam” deyə düşündü. Çətinə düşəndə haçansa yaşananlar bircə anda unudulurmuş.
“Nəyə görə alçala-alçala yaşayırdım?” – düşündü. Ona görə ki, cəmiyyətin yaratdığı işlək çevrədən çıxmayım. Həmişə tətikdə olan güllə kimi güclülərə gərək olum. Mühitim olsun. İndi hanı o mühit? Yer bircə dəfə silkələnən kimi insanlar mühitləri qarışıq dovşana döndülər. Hərəsi bir deşikdədir. Zəlzələ deyirsən e ağzında. Ağına bozuna baxmır.
Yarım saata yaxın zirzəminin daş döşənmiş döşəməsi ilə üzü işığa doğru süründü. Əlinin, ayağının altında qalan bəzi əşyalar ona tanış gəlmirdi. Bəlkə evinin altında başqa bir zirzəmi də olub? Bura gözünə yad dəyirdi. Arvadı zirzəmiyə köhnəlmiş mebelləri, lazımsız maşın hissələrini bir də atası evindən gətirdiyi xırda xuruşları yığmışdı. Pal-paltar üçün zirzəmidə dolab da tikdirmişdilər. O dolab da gözünə dəymirdi. Əslində işığına doğru süründüyü o yaşımtıl divardan savayı gözü heç nəyi görmürdü. Nə edirdisə qarasına edirdi. Dayanıb bir qədər də nəfəsini dərəndən sonra qonşularını səslədi: “Fərid! Qasım! Oqtay!”. Hay verən olmadı. Ya eşitmirlər, ya da dağıntıların altında qalıblar. Birdən deyilənlər düz çıxdı? Öləndən sonra hamı kimi o da Allaha cavab verməli oldu. Onda nə edəcək? Anadan olandan günahın içindəydi. Yaxşı işlərini xatırlamağa çalışdı. Yadına düşmədi. Bu günə qədər heç kəsə təmənnasız yaxşılıq etməmişdi. Gözünün qabağında köməyə ehtiyacı olan nə qədər adam olduğunu bilsə də heç birinə əl tutmamışdı. “Deyilənlər doğru çıxsa, heç nə. Batdım!” – düşündü.
Kimsə çiyninə toxundu. Qorxudan dəli kimi bağırıb küncə qısıldı. Çiyninə toxunan ürəkdən güldü. Gülənin üzünü görə bilməsə də qoxan nəfəsini lap yaxından duydu. Ya bu adam neçə gündü yemək yemir, ya da ölü olduğu üçün nəfəsi belə qoxur. Yad adamın gülüşü də qoxulu idi.
– Fərid sənsən?
Zirzəminin bu tərəfi Fərid adlı rəssamın villasının altı idi. “Yəqin O da zirzəmiyə enib. İndi də mənimlə zarafat edir ” – düşündü.
– Ölülərə ad gərək olmur! – deyən qoxulu ucadan güldü.
– Sən ölmüsən?
Qoxulu adam: – Sən də ölmüsən! – dedi.
Ayağa qalxıb qorxa-qorxa: – Mən o divara düşən işığı görürəm! – qışqırdı.
Qoxulu adam:
– Hansı işığı? – soruşdu.
– O, göyümtül işığı deyirəm də!
– Bura zülmət qaranlıqdır, qardaş! Özünü aldatma!
Qoxan adamın sözünü ağzında qoyub irəli süründü. Sonra nə fikirləşdisə çevrilib: – “Sən bura necə düşmüsən?” – soruşdu.
Qoxan adamın səsi çıxmadı. Əlini uzadıb onun dayandığı yerə yumruq atdı. Adam nə gəzirdi? Əli havanı yardı. Bədəni üşəndi. “Başım xarab olar a birdən” - düşündü. Geri sürünüb külüngü əlinə götürdü. Qorxa-qorxa ayağa qalxdı. Külüngün iti ucunu irəli uzadıb qaranlığı qarşısından qova-qova işığa doğru qaçdı. Təxmininə görə zirzəminin bu tərəfində qapı olmalıydı. Külünglə havanı yara-yara bir xeyli qaçdı. O, qaçdığı sürətlə irəlidə közərən işıq da gözündən uzaqlaşırdı. “İşə düşmədim” – düşündü. Bu nə “sirri-xudadır” belə. Əməlli-başlı şeytan əməlidir. Bu işıq gözümdən hara qaçır görəsən? Çevrilib peşman-peşman geri döndü. Zirzəmiyə endiyi qapıdan yuxarı qalxmaq istəyirdi. Pillələrə çatanda gözlərinə inanmadı. Yuxarıya açılan qapı bağlanmışdı. Bu qapını kim bağladı? Pillələri qalxıb çiyni ilə dəmir qapını itələdi. Tərpənmirdi. Canına qorxu düşdü. Arvadını səslədi. Cavab gəlmədi. Aşağı endi. Axı qapını açıq qoymuşdu. Onu kim bağladı? Bəlkə yuxarıda kimsə var? Sinirlənən kimi acıyırdı. Uşaqlıqdan beləydi. Yenə qarnı quruldadı. Əlləri əsməyə başladı. Şəkəri aşağı düşmüşdü. Zirzəmidə buz dolabı olmalıydı. Arvadı dolaba rayondan göndərilən ərzaqları yığırdı. Bir şey yesəydi pis olmazdı. Tox olanda fikirləşmək də asan olur. Dolab pilləkənə yaxın yerdə olmalıydı. Buz dolabını tez tapdı. İçindəki buz hələ əriməmişdi. Tapıntısına sevindi. Dolabdan çıxardığı dəmir bankadakı “alman sosislərini” acgözlüklə yedi. Sosislərin bu qədər ləzzətli olduğunu ağlına belə gətirməzdi. Yeyib doyandan sonra zirzəmidə hava telefon xəttinin olduğunu xatırladı. Aparatı tapıb dəstəyi qulağına tutdu. İşləyirdi. Nə illah elədi yaxınlarının telefon nömrəsini xatırlaya bilmədi. Öz telefon nömrəsi belə yadına düşmürdü. Qorxu bütün rəqəmləri yaddaşından silmişdi. Ağlına gələn bir nömrəni yığdı. Cavab verən olmadı. Yavaş-yavaş yaddaşı açılırdı. Fövqəladə hallar nazirliyinin qaynar xəttinə zəng etdi. Onlar da susurdu. Polisin, təhlükəsizlik nazirliyinin nömrələrini yığdı. Heç kəs dəstəyi qaldırmadı. Canına qorxu düşdü. Bəlkə zəlzələ bütün şəhəri yerin altına gömüb? Kodunu bildiyi başqa dövlətlərə zəng etdi. Xeyri yox idi. Heç kəs cavab vermirdi. Sakitləşib oturdu. Telefona bir dəfəlik “əlvida” demək istəmirdi. Gec tez kimsə zənginə cavab verəcəkdi. Səbirli olmaq lazımdı. Bəlkə lağım qazsın? Divarın altından o taya keçə bilsə rahatca yuxarı çıxardı. Divar nə qalınlığında olacaqdı ki? Uzağı iki daş qalınlığında. Olsun, üç daş. Daşın biri iyirmi santimetrdir. Bu da eləyir altmış santimetr. Ağılına gəlmiş fikirdən dirçələn kimi oldu. Aşağı əyilib əli ilə döşəmənin möhkəmliyini yoxladı. Daş plitələrin arasından nəm torpaq qatı görünürdü. Plitənin birini əliylə tərpətdi. Sementlə bərkidilmiş plitə yerindən rahatca çıxdı. Altındakı torpaq da asan qazıldı. Yaş olduğu üçün daşlar da tez ələndi. İki saata zirzəmidən tapdığı mis lövhə ilə bir metr dərinliyində çala qazdı. Qazdığı torpağı yuxarı çıxarmaq istəyəndə əli kiminsə əlinə dəydi. O, əlin sahibi torpağı aşağıdan sincab kimi qazıb yuxarı çıxanda gözlərinə inanmadı. Yerin altından ilğım haləli keşiş çıxdı. Yumru gözləri hədəqəsindən çıxmış müqəddəs ata saqqalına yapışmış xırda daşları dənləyəndən sonra: “Ey mənim xilaskarım adını söylə, sənin üçün dua oxuyum!” – dedi. Əyilib keşişin torpaq qoxulu əllərindən öpdü. Dili topuq vura-vura: “Siz torpağın altında neynirdiz, müqəddəs ata? – soruşdu.
Keşiş musiqi ahəngli səsiylə – “Mən Allahın evində ibadət edirdim, mənim balam” – söylədi.
Torpaq altından indicə çıxmış keşişə axıra qədər inanmırdı. Üzünü yaxşı görmədiyi üçün onun “xortdan” olduğunu düşünürdü.
– Siz sağsız, müqəddəs ata?
– Gec tez hamımız öləcəyik, mənim balam! Ölümdən qorxma! Ölümünə sevin! – keşiş belə işləri bilən adam kimi danışırdı.
– Hələ mənim üçün tezdir! – dedi.
Keşiş gülə-gülə xaç çevirib: – “Hələ Allah məni də yanına çağırmayıb, qorxma” – söylədi.
Qorxusu quş kimi canından uçdu. Dərindən nəfəs alıb toxdadı. Keşişin xırıltılı gülüşündə bir dirilik vardı. Onun yerin altından çıxması da yaxşı oldu. Bir-birinə qaranlıqda həyan olarlar. Birlikdə zirzəmidən yuxarı çıxmaq da asan olar. Yeməyə yeməkləri, yatmağa yerləri də var. Allaha şükür olsun ki, torpağın altından pələng çıxmadı! Keşişlə yola getmək asan olacaq!
– Kilsənizin zirzəmimin altına çökməsinə görə sizdən üzr istəyirəm. Mən bunu istəmirdim! – dedi.
– Anlayıram! Zəlzələni sən eləməmisən ki! – Keşiş nəzakətinə görə minnətdarlıq etdi.
– Ac deyilsiz, Müqəddəs Ata?
Keşişin üzündə həyat işartıları göründü:
– Özünüzlə bura yemək də götürmüsüz?
– Tənbəl tədarüklü olar! – dedi.
Keşiş yeyib doyandan sonra üç dəfə xaç çevirdi. İki ağız dodaqaltı dua da oxudu. Sonra tox səslə:
– Burdan çıxmaq istəyirsiz? – soruşdu.
– Əlbəttə, istəyirəm! – dedi.
Keşiş:
– Allahı köməyə çağırım? – soruşdu.
– Deyirəm bəlkə özümüz bir şey fikirləşək! Ona çox zəhmət verməyək – dedi.
Əvvəlcə keşişlə zirzəminin altındakı kilsəyə endilər. Ora çox darısqal idi. Nəfəs almaq olmurdu. Zəlzələ kilsəni yerlə yeksan eləmişdi. Zirzəmi kilsədən daha yaşanmalı yer idi. Geriyə qayıdıb bir dəfə də “alman sosislərinin” dadına baxdılar. Sonra birlikdə işığa doğru sürünmək qərarına gəldilər. İşıq çox da uzaqda deyildi. Di gəl sən ona doğru süründükcə o get gedə səndən uzaqlaşırdı. Keşiş bir xeyli sürünəndən sonra: – “Bu lap Şeytan əməlidir! – qışqırdı. Və dizi üstə döşəməyə oturub dincini almaq istədi.
– Müqəddəs ata, mənə bir az yaşamaqdan danışa bilərsən? Mən həyatı heç cür anlaya bilmirəm. Beynim “error” verir! – dedi.
Keşiş:
– Allah dünyanı altı günə yaratdı – söylədi.
– Yəqin tələsiyə düşdüyündən dünya belə natamam alındı, hə?
– Səhvin var cavan oğlan, dünya natamam deyil. Natamam olan sənsən. Allahın nizami saat kimi işləyir. Bax özünü götür. Uşaq vaxtı necə idin?
– Necə idim ki?
– Saf, müqəddəs, şəfqətli!
Uşaqlıq illərini xatırlamağa çalışdı. Görəsən, keşiş saf, müqəddəs deyəndə nəyi deyirdi? Beş yaşı olanda nənəsinin soba üstündə qaynatdığı mürəbbə qazanına bir nəlbəki istiot tökmüşdü. Ölənə qədər bunu nənəsindən gizlətdi. Yeddi yaşında böyük bacısına şər atmışdı. Atasına yalandan demişdi ki bacısı yekə oğlanlarla damda öpüşür. Atası da ona inanıb bacısını bıçaqlamışdı. On dörd yaşında xalası qızını zorlamışdı. Sonra da ki kompyuter! Zorən sirr dağarcığına çevrilmək. Hamının sirrini bilib susmaq sənə asan gəlməsin. O, qədər insanı sıxıb “sirrini aşaram ha” deyə-deyə pul almışdı ki. Bu idimi müqəddəslik, saflıq?
– Vallah, Müqəddəs ata, saf olmağım heç yadıma gəlmir. Saflıq sənin uydurmandır. Mən anadan elə-belə doğulmuşam. Heç dəyişməmişəm də – dedi.
– Yaxşı deyək ki, mühitin pis olub. Tərbiyən yaxşı verilməyib. İndi bu dar macalda tövbə etmək şansın var. Allah sənin kimilər üçün qapısını həmişə açıq qoyur. Düz yola qayıt da. Tövbə edəsən deyə İlah yerin altından sənin üçün məni çıxardı! Boşalt da ürəyini. Tövbə et! Yüngülləş! – Keşiş danışdıqca işıqlanırdı.
– Tövbəni necə edirlər? – soruşdu.
Keşiş:
– Nə günah eləmisən boynuna alırsan. Mən də sənin günahlarını bağışlayıram gedir! – dedi.
– Belə asan? – soruşdu.
– Sən Allahı nə bilmişdin? O, bağışlayandır. Hamını sevəndir.
– Günah deyəndə ki, hamı kimi yaşamışam da! Özümdən ömür icad eləməmişəm ki. İş-güc yiyəsi olum deyə nazirin gəzəyən qızını alıb arvad eləmişəm. Bilə-bilə ki, arvadımın oynaşı var göz yummuşam. Özümdən güclülərə yaltaqlanıb, zəifləri təpikləmişəm. Hamı necə mən də elə. İndi başqa cür yaşamaq olmur! Yer qoymayıblar! Belə yaşamasaydım necə ayaqda qala bilərdim? Kasıb olsaydım bu boyda zirzəmi tikə bilərdim? Bilirsən, zəlzələ sənin Kilsəni niyə dağıtdı? Ona görə ki, sən də Allahın kimi kilsəni altı günə tikmişdin! Mən zirzəmimi üç ilə tikmişəm! Sementin azlığından kilsə torpağın altına çökdü. Altı günə nə tikmək olar? Mənim zirzəmim isə çökmədi. Belə çıxır ki pul Allahdan güclüdür, Müqəddəs Ata! Mən də yuxarıda pula ibadət etmişəm! İndi bu dediklərim günahdır, ya günah deyil? – soruşdu.
– Sən günah etmək üçün çox acizsən, mənim balam! Üzün mənə aydın oldu.
– Kimə oxşayıram? – soruşdu
Keşiş:
– Öz üzün yoxdur deyə heç kəsə oxşamırsan! Sən uyğunlaşanlardansan! – dedi.
– Bayaq sənə alman sosisləri verdim ha, dadlı idilər?
– Dadlı idilər. Başa düşdüm nə demək istəyirsən. Mən o sosislərə görə nazir qızı ilə evlənməmişdim. Sən özün onları mənə sədəqə kimi verdin.
– Necə verdim?
– Sədəqə kimi!
– Yanılırsan, müqəddəs ata. Mənim təmənnam vardı. Havayı heç nə olmur. Mənə zirzəmidən çıxmağa kömək edəsən deyə sənə sosis verdim! Yoxsa başıma at təpməmişdi ki səni havayı yedirim.
– Yuxarı çıxsaq kilsə “freskalarında” dəyişiklik edəcəm!”
– Nəyi dəyişəcəksən?
– İudanın əvəzinə divara sənin şəklini çəkdirəcəm.
Keşiş sözünü deyib hirslə ayağa qalxdı. Uzun qara əbasının balağını yaş olmasın deyə əliylə qaldırıb işığa doğru getdi.
Keşişdən:
– İuda kimdir? – soruşdu.
Keşiş geri dönüb ona cavab vermək istədiyi an zirzəminin döşəməsi uğultu ilə aralandı. Keşiş üstündə dayandığı daş plitə ilə birlikdə yerin altına gömüldü. Tozun, torpağın arxasından onun son naləsi eşidildi. Tozun çəkilməsini gözlədi. Döşəmənin titrəməsi dayanan kimi sürünə-sürünə geri döndü. Yuxarı qalxmaq fikrindəydi. Yəqin xilasedicilər artıq evin içindəydilər. Axırıncı təkandan gör nə qədər vaxt keçib. Çox güman ki xilasetmə işləri başlayıb. Zaman-zaman zirzəmidə soyuq hava axını gəzişirdi. Əvvəlcə axına tərəf getməyi düşündü. Sonra fikrindən vaz keçdi. Soyuq axının gəldiyi yerdə mütləq bir açıqlıq olacaqdı. Bu açıqlıq təhlükəli də ola bilərdi can qurtaran da. Görmədin Keşişin başına durduğu yerdə nə gəldi. Gözləmək daha yaxşı olardı. Onu mütləq xilas edəcəkdilər. Bəlkə cəhənnəm dedikləri elə bu düşdüyü zirzəmi idi. Yenə vahimələndi. İlahi pərvərdigara bura necə də qaranlıqdı? Göz gözü görmür. Amma o da vardı ki zirzəmidə gözlə heç nə görünməsə də hər şey olduğu kimi təsəvvür olunurdu. Əgər dünyada da bu cür qaranlıq olarsa görəsən insanlar necə yaşayar? Yəqin ki yaddaşla! Düşün ki, dünyada heç nə gözlə görünmür. Zülmət qaranlıqdır. Hərənin də öz xəyalından doğan təsvir etmə fərdiliyi var. Yəni hərə görünməyən dünyanı və onun içində olanları öz ağlının gözüylə görə bilir. Biri günəşi tava kimi, o biri dəsmal kimi görür. Aləm qarışardı biri birinə! Allah da bu cür təsəvvür olunur da. Biz əbədi qaranlıqdayıq deyə, onu gözümüzlə görə bilmirik. Ona görə də hərə Allahı öz ağlına uyğun təsəvvür edir. Öz təxəyyülü ilə canlandırır. Çox şükür ki dünyada hər şey gözlə görünəndir. Hamı bilir ki günəş yumru, işıqlı diskdir. Birdən kimsə köynəyinin boyunluğundan tutub onu yuxarı qaldırdı. Həmin adam qarnına bıçaq da dirəmişdi.
– Cibindəkiləri çıxar! – əli bıçaqlının səsi xırıldayırdı.
Əlini cibinə salmaq istədi. Xatırladı ki gecə köynəyindədir.
– Cibim yoxdur, qardaş!
– Bəs nəyin var?
– Heç nəyim yoxdur!
– Yeməyin var?
– Bıçağını qarnımdan çəksən verərəm!
– Hardadır?
– Göstərsəm görəcəksən?
– Əlbəttə görəcəm. Yeməyə görə adam öldürmüşəm!
– Odey orda – əliylə soyuducunu göstərdi.
Bıçaqlı bıçağını qarnına soxub soyuducuya tərəf qaçdı. Bir həmləylə soyuducunu çiyninə qaldırıb qaranlığa qarışdı. Bıçağı qarnından öz əliylə çıxardı. Qan yerinə kəsilmiş yerdən ağappaq quşlar çıxdı. Qaranlığın içinə doğru uçmaq istəyən quşun birini tutdu. Heç zaman görmədiyi gözəl bir quş idi. Əlində qar kimi əridi. Bəlkə ölmüşəm. Ölülər bir daha ölmür axı. Ona görə də qanım çıxmır! Qorxub döşəməyə oturdu. Əgər bu zirzəmi onun idisə bıçaqlı bura necə düşmüşdü? Zirzəmi onun deyildisə özü burda neynirdi? Qorxsa da, bir iş içini rahatladırdı. Öyrəşəndən sonra qaranlığı gözlə görmək mümkün imiş. Bıçaqlı qaranlıqda soyuducunu necə görmüşdüsə O, da beləcə qaranlığa öyrəşəcəkdi. Görəsən, haçan? Qəribəsi bu idi ki, Keşişlə danışandan sonra yuxarı qalxmaq həvəsi qaçmışdı. Zirzəmiyə yavaş-yavaş öyrəşirdi. Keşiş üzünə güzgü tutmuşdu. Bəlkə doğurdan da tövbə etsin? Axı o nə həyat idi axı yaşayırdı?
Uzaqdan hənirti eşitdi. Yerə uzanıb qaranlığı başına çəkdi. Get gedə səs yaxınlaşıb qulağının dibində mis kimi cingildədi. Uzaqdan hənirti kimi eşidilən sən demə adam səsiymiş. Özü də bir adamın yox iki adamın səsiymiş. Adamlar tutaşmışdılar. Dalaşırdılar.
– Sən nəyə görə almanı soyub yemirsən, dişləyirsən?
– Bəs sən niyə almanı dişləməyib, soyursan?
– Sənə nə var mən necə alma yeyirəm?
– Bəs sənə nə var?
Ayağa qalxıb ucadan: “Bəsdirin!” – qışqırdı.
Dalaşanlar qorxub biri-birinin yaxasını buraxdılar.
– O kimdir? Bu nə səsdir? – dedilər.
Yaxınlaşıb dalaşanların qolundan tutdu:
– Axırıncı dəfə almanı öz gözünüzlə haçan görmüsünüz? – soruşdu.
Dalaşanların ikisi də bir ağızdan:
– Biz heç zaman alma görməmişik – dedilər.
– Bəs onda niyə dalaşırsız? – soruşdu.
– Məsələ almada deyil ki – dalaşanlardan biri dilləndi.
– Bəs nədədir? – xəbər aldı.
– Məsələ dalaşdığını özünə tabe etməkdədir?
– Axı niyə?
– Necə yəni niyə? Mən dünyanın yiyəsi olmaq istəyirəm. İstəyirəm bütün insanlar ayaqlarımın altından öpsün!
– Dünyanın yiyəsi mənəm! Dünya mənimdir! Mənim də olacaq!
Dalaşanlar yenə biri birinin yaxasından tutub söyüşə-söyüşə qaranlığa qayıtdılar. Gördüklərinin yuxumu gerçəkmi olduğunu heç cür anlaya bilmirdi. Axı onun zirzəmisində bu qədər adam neynirdi? Bəlkə gözünə görünürdülər? Zəlzələnin olmasını dəqiq xatırlayırdı. Özünə gəlməsi də yadındaydı. Külünglə zirzəminin dəmir qapısını açmağını da unutmamışdı. Ondan sonra baş verənlərin doğru olub olmadığını isə başa düşə bilmirdi. Qaranlıq olduğundan səsləri eşidilənlərin üzləri görünmürdü. Onlar ilğım kimiydilər. Varlıqları yoxluqları seçilmirdi. Vaxtı, zamanı da biri birinə qarışdırmışdı. Bilmirdi hardadır? Ölçülər də gözündə dəyişmişdi. Uzağı bir evin altı boyda olan zirzəminin ucu bucağı görünmürdü. Hardansa nal tappıltısı eşidildi. Tappıltı get gedə yaxınlaşıb qənşərində səngidi. Qaranlığın içindən sıyrılmış qılınc kimi sərt adam səsinə diksindi: Qarşımda baş əydi.
– Sən kimsən? – soruşdu.
– Mən Fatehəm. Səni qılıncımla fəth etmişəm!
– Fəth etdiklərinin heç üzünü görmüsən? – soruşdu.
– Onların üzləri də var? Mən elə bilirdim onlar ancaq mənə tabe olmaq üçündürlər! Onların üzləri məni maraqlandırmır!
– Onlarla heç olmasa bir dəfə danışımsan?
– Niyə görə danışım?
– Bax gör bir kimdirlər də. Nə danışırlar, nə düşünürlər? Səni sevirlər, sevmirlər?”
– Düşünmək və danışmaq olmaz. Fəth etdiklərin düşünməməlidirlər.
– Düşünməsələr sənə necə tabe olacaqlar?
– Qorxuyla. Ancaq qorxuyla. Onlar məndən qorxurlar. Onların yaltaqlıq, tamah, nəfs və kiçik fateh olmaq istəklərindən istifadə edirəm. Onlar biri birilərinin qənimdir. Hərəsinin qabağına bir tikə çörək atdın bəsdir. Düşünmək nədir? Onlar düşünə-düşünə yaşamaq üçün çox qorxaqdırlar.
– Fateh olmaq sənə nə verir?
– İstədiyimi edirəm!
– Mənim zirzəmimdə?
– Səltənətim gözünə zirzəmi kimi görünür?
– Səltənət dediyini heç görmüsən?
– Xeyir, görməmişəm. Mən buranı fəth etmişəm!
– Bəs özünü necə, görmüsən?
– Özümü də görməmişəm. Məni öyənlər deyir ki, ayaqlarım at ayaqlarıdır. Başım isə məğrur adam başıdır. Əlimdə sıyrılmış qılıncım var. Qəddar və ağıllıyam. Gözələm. Uzun sözün kəsəsi Fatehəm də!
– Sən fateh deyilsən. Kentavrsan!
– Mən fatehəm!
– Daha haranı fəth etmisən?
– Ancaq buranı!
– Arvadın var?
– Öldürdüm!
– Neynəmişdi?
– Taxt-tacımı əlimdən almaq istəyirdi. Xəbər tutan kimi qılıncımı soxdum ürəyinə. Qarnında uşağı var idi. Onu da öldürdüm.
– Sənin uşağın deyildi?
– Elə ona görə öldürdüm də. Başa düşmədin?
– Yox.
– O da böyüyüb mənim kimi fateh olmaq istəyəcəkdi. Sən qan zəhrimarı az bilmə. O, məni öldürməsin deyə, doğulmamışdan başını kəsdim. İndi anladın mən kiməm?
– BəlkəŞ doğulandan sonra uşağını sevəcəkdin?
– Sevmək qadağandır. Sevən də sevilən də öldürüləcək. Qılıncımın altıdan keç! Səni səltənətimin “sükut naziri” təyin edirəm. Bu gündən buralarda sevgi haqqında danışmağı da qadağan edirəm!
Ayağa qalxıb sıyrılmış qılıncın altından keçdi.
Əlini uzadıb at adamın sinəsinə toxundu.
At adam təmasdan şahə qalxdı.
– Bəlkə mənə kömək edəsən yuxarı qayıdım? Nazir olmaq istəmirəm.
– Sənin yuxarın buradır!
At adam toz qaldıra-qaldıra qaranlığa doğru çapdı.
İşıqlı divar tərəfdən səs eşidildi. Elə bil kimsə iri çəkiclə divarı döyəcləyirdi. Bəlkə onu xilas etməkdən ötrü divarı yarırlar. Karın könlündəki. Acımışdı. Yeməyini bıçaqlı aparandan heç nə yeməmişdi. İşığa doğru süründü. Bir qədər sürünmüşdü ki, başı kiminsə yum-yumşaq dizinə toxundu. Diz sahibi divara söykənib oturmuşdu. Dodaqlarının altında nəğmə oxuyurdu.
– Burda neynirsiz? – diz sahibi ilə tanış olmaq istədi.
– Yaşayıram! Yumşaq dizin sahibi qadın imiş.
– Tənha? – soruşdu.
Qadın ağrılı-ağrılı – “Ərim öləndən sonra tənha!” – cavab verdi.
– Ərin cavan idi?
– Üzünü görməmişdim!
– Nəğməni onun üçün oxuyursan?
– Yox! Sən bura necə düşmüsən? Səsini ilk dəfədir eşidirəm!
– Yuxarıda zəlzələ oldu. Evim başıma uçdu. Bura mənim zirzəmim idi. Daşların altında qalmayım deyə aşağı endim. İndi yuxarı çıxa bilmirəm. Sən heç yuxarıda olmusan?
– Ora öləndən sonra qalxırlar!
– Siz ölülərinizi torpağa gömmürsünüz?
– Biz onları öləndən sonra görmürük! Deyilənə görə, onların ruhu yuxarı uçur.
– Əl telefonun yoxdur?
– Var, niyə yoxdur. Danışmaq istəyirsən verim. Amma az danış, daşı zəifdir. Yatacaq!.
Qadın çantasından çıxardığı əl telefonunu ona uzatdı.
Bir xeyli düşünəndən sonra polisi yığdı. Növbətçi dəstəyi qaldırıb – “Altmış yeddinci polis bölməsi, serjant Cabbarov”. – dedi.
– Cənab serjant sizinlə danışan Məxfi sənədlərin mühafizəsi idarəsinin rəisi Niyazi Namazovdur. Əlibəy Hüseynzadə küçəsi əlli doqquz ünvanında bir necə gün bundan qabaq zəlzələ olub. Mən dağıntılar altındayam. Xahiş edirəm dediyim ünvana “xilasedicilər” göndərəsiniz. Səbrim qalmayıb. Acam, susuzam. Nə olar məni xilas edin!
– Bura polis idarəsidir, cənab! Sizdən xahiş edirəm dəstəyi yerinə qoyasınız! Rəsmi dövlət idarəsinə zəng edib ələ salmağa görə cinayət məcəlləsində xüsusi maddə var. Sizi həbs edə bilərik! – Polis serjantı çox quru danışırdı.
– Nə ələ salmaq. Mən burda ölürəm e... deyə bağırdı.
– Cənab Namazov dediyiniz həmin o zəlzələ doqquz il bundan qabaq olub. Şəhər əhalisinin əlli faizi o zəlzələdən çıxmayıb. Söylədiyiniz o ünvanı da mən yaxşı xatırlayıram. Rəhmətlik babam orda yaşayırdı. Onu da daşların altıdan çıxara bilmədik. Hələ də ordadır. Babam çox hörmətli adam idi. Keşişdi. Kilsəsi qarışıq yerin altına batdı!
– Dediyinizdən belə çıxır ki, mən doqquz ildir bu zirzəmidəyəm? – soruşdu.
Polis serjantı hirslə “Danışığınızı bu dəqiqə kəsməsəniz yaxın doqquz ili tamam başqa bir zirzəmidə keçirəcəksiniz! – dedi.
Telefonu söndürüb qadına uzatdı.
Qaranlıq olsa da qadın ağladığını anladı. Araya sükut çökdü. Toxdayandan sonra sakit səslə qadından “Mənə arvad olarsan?” – soruşdu.
Qadın ayağa qalxıb “Olaram!” – dedi.
Qadını qucaqlayıb bağrına basdı: – “Səni heç zaman itirməyəcəm!” – söylədi.
Qadın da əllərindən tutub: – “Daha yuxarı qalxma!” – pıçıldadı.
– Məni orda gözləyən yoxdur!
Qadının boyu hündür idi. Barmaqları ucunda dikəlib dodaqlarından öpdü. Öpüş bircə anda içini dəyişdi. Yuxarıda tapa bilmədiyi sevgini qadının dodaqlarında tapdı. Qadının boynunu boğazını öpə-öpə döşəməyə çökdü. Altı yeddi gün döşəmədə “Bal ayı” yaşadılar. Bu altı yeddi günün içində zirzəmiyə əməlli başlı öyrəşdi. Qaranlığın soyuğu qadının sevgisindən get gedə isindi. Qadının mehri qaranlığı yumşaltdı. Ayağa qalxandan sonra qadın qaranlığın bir hissəsini süpürgəylə süpürüb “bura bizim evimiz olacaq” dedi. Və onlar qaranlığın bir küncünə yerləşdilər. Qadın onu puluna, adına görə deyil özünə görə sevirdi. Onu yaşadan da bu idi. Onun üzünün də olmasını qadın ağlına belə gətirmirdi. Adamın üzü necə ola bilərdi? Qadının qaranlıq sevgisinin içində rəngbərəng çaylar, yaşıl meşələr, cik-cik cingildəyən sarı quşlar necə ola bilərdi? Üzünün olması qadını çaşdırardı. İnsan ancaq sevdiyini düşünməlidir. Ondan savayı heç nəyi, heç kimi görməməlidir. Hətta sevdiyinin üzünü belə görməməlidir! Qadın ondan başqa heç kimi, heç nəyi görmürdü. Ancaq onunla nəfəs alıb, onunla düşünüb, onunla sabahlarını açırdı. Beləcə onlar altı il bir dam altında, eyni qaranlıqda yaşadılar. Qadın onu artıq qaranlıqda belə görürdü. O, da qadını qaranlıqdan seçirdi. Sən demə zirzəmidə də tale varmış. Onların bu qaranlıq tənhalığı uzun çəkmədi. Günlərin bir günü əli qılınclı at adam “qara bəxt ” kimi çapa-çapa qaranlığa qayıdıb onları sevgidən oyatdı. “Sükut naziri” təyin etdiyi adamın danışa-danışa kimisə sevməsi ona yer eləmişdi. Çox həyəcanlıydı. Dırnağı ilə qaranlığı eşirdi. At adam sevgililəri divara söykədi. Əl-qollarını qalın kəndirlə bağlayandan sonra qılıncını sivirib qadını qarnındakı uşağıyla birlikdə öldürdü. Sonra da peşman olub üzünü ona tutdu: “Sən daha sükut naziri deyilsən. Get ürəyin istədiyi qədər danış” dedi. Və onu yenə qaranlıqda tənha qoyub haranısa fəth etməyə getdi. İçini didən fikirləri ilə yenə baş-başa qaldı. Daha yemək yemirdi, su içmirdi. İçini ağrıdan ancaq düşüncələriydi. Zamandan, vaxtdan çıxmışdı. Daha heç kəs üçün narahat deyildi. Sabahından qorxmurdu. Zirzəmidə zaman bölgüsü yox idi. Nə dünən vardı. Nə sabah. Burda bütöv bir ömür yaşayırdın. Buranın təqvimi yox idi. Zaman aya, ilə, günə, saata bölünməmişdi. Kimi gözləyirdin ki, gəlib gəlməyəcəyindən narahat da olasan. Burda heç kəs yox idi. Görəsən onun “yuxarıdakı” ömrünü “kim aylara, günlərə, illərə bölmüşdü? Niyə özünü çərçivəyə salmışdı. Yuxarıda nəylə öyündüyünü xatırladıqca özündən nə qədər uzaq düşdüyünü anlayırdı. Qadının sevgisi onu dəyişmişdi. Sən demə insana ancaq sevgi gərək imiş. Sevgi insanın baxışını belə dəyişirmiş. Hirsini, kinini sığallayırmış. İndi o, bir zaman qorxduğu qaranlığın qarasını belə sevirdi. Yuxarıda sevgisiz necə yaşadığını düşünürdü. Yuxarını fikirləşən təki ordan səs gəldi. Kim isə elektrik külünglə beton döşəməni deşirdi. Səs lap yaxından gəlirdi. Qazılan betonun tozu saçlarına hopurdu. Yəqin xilasedicilərdir. Onu axtarırlar. Gec tez yuxarı qayıdacağını anladı. Geri qayıtmaq istəmirdi. Özünə təzəcə öyrəşimişdi. Ora qalxsa burda tapdıqlarını itirəcəkdi. Oranın öz qanunları vardı. Sevdiyi qadının xatirəsini yuxarı çıxara biləcəkdimi? Hardansa lap yaxından quş səsi eşidildi. Ayağa qalxıb səsə doğru qaçdı. Zirzəmidə bitmiş kiçik çinar ağacının koğuşunda qaranquş yuva qurmuşdu. Cingildəyən də yuvadakı balasıydı. Yaxınlaşıb quşcuğazın başını tumarladı. Dimdiksizdi. Caynaqsızdı. Qayğısına qalınmalıydı. Quşcuğazı yuvadan götürüb geri döndü. Onun üçün içməyə su, yeməyə dən tapdı. Mehrini indi də quşa saldı. Ayla, günlə quşu sevə-sevə yedirib böyütdü. Sevgisini quşa verdi. Quşu quşa qondu. Sevgi həm də kiminsə qayğısına qalmaqdır. Qayğısına qalınmalı dimdiksiz, caynaqsız quşdan yaxşı nə ola bilərdi? Günlərin bir günü at adam gəlib quşu da öldürdü. Və yenə haranısa fəth etməyə getdi. Quşu öləndən sonra yenə zirzəmidə tənha qaldı. Sevgisi qəribsədi. Beləcə bir necə gün üzü yuxarı sevgisi oturdu. Sonra birdən-birə anladı ki “At adam” sevə bilmədiyi üçün belə qəddardır. Zirzəmini ondan, onu özündən qurtarmaq üçün “at adama” sevməyi öyrətmək lazımdır. At adam dünyanı deyil sevgini fəth etməlidir. Özü də yazıqdır axı. Nə qədər belə sevgisiz yaşamaq olar. Ayağa qalxıb “at adamın” qaranlığın harasında yaşadığını öyrəndi. Fatehin qaranlığına gəlib onu səslədi.” At adam” qarşısına qılıncla çıxıb: - Niyə gəlmisən? – soruşdu.
– Sənə sevməyi öyrədəcəm! – dedi.
“At adam”ın hirsindən rəngi avazıdı. Əlini qılıncına atıb:
– Sevgi sözünü söylədiyin üçün səni öldürəcəm! – dedi.
– Sevgidən niyə belə qorxursan?
– Fəth etdiklərim sevdikləri zaman məni unudurlar!
– Özünü qayğınla, şəfqətinlə sevdirə bilsəydin səni də sevərdilər! Qorxu olan yerdə sevgi olmur!
– Olanları unudub məni sevə bilərsən?
– Mən qadından sonra hamını sevirəm!
– Məni də?
– Hətta səni də!
– Səni alçaldıb üzünə tüpürsəm yenə məni sevəcəksən?
– Sevəcəm! Mən başqa cür daha yaşaya bilmirəm!
“At adam”: – “Sevilənləri də sevənlər kimi öldürəcəyimə söz vermişdim! Məni öz sevginlə öldürdün” – deyib qılıncını öz qarnına soxdu. Özü özünü fəth edib öldürdü.
Bir həftə qaranlıq Fatehsiz qaldı. Bir həftədən sonra qaranlıqda ara qarışdı, məzhəb itdi. Hamı yeni “At adam” olmaq istəsə də heç kəsin “At adam” olmaq üçün qılıncı olmadı. Qılıncsızların hamısı özünü “At adam” elan etdi. Di gəl heç kəsin “At adamlığı” uzun sürmədi. Sonda qaranlıq adamları belə qərara gəldilər ki, hər gün biri “At adam” olsun. Bir gün onun “At adam” olmaq növbəsi gəldi. Qaranlığın ən hündür yerinə qalxıb: – “Mənimlə işiniz olmasın. O siz, o da sizin qaranlığınız. Mən hamını sevmək istəyirəm! “At adam olmaq istəmirəm!” – qışqırdı.
Üç gündən sonra qaranlığın ən dərin yerindən gəlmiş şair qarşısında diz çökdü. Bir ay ağır-ağır nəfəs alandan sonra qucağında tutduğu sarışın “sözün” başını tumarladı. Ondan sonra ayağa qalxıb yeni misrasını dedi.
“Qara qaranlığın səssizliyini gördüm!
Şairdən: – “Sən səssizliyi görə bilirsən? – soruşdu.
Şair: – “Əlbəttə görürəm!” – dedi.
– Mənim səssizliyim hansı rəngdədir?
Şair sualını cavabsız qoyub: – “Deyirlər sən yuxarıdan gəlmisən! Mənə orda gördüyün işıqdan danış!” – söylədi.
– Nə danışım?
– İşıq necə olur?
– İşıq olmayanda heç nə görünmür.
– Sən mənə işığı göstərə bilərsən.
Yadına düşdü ki soyuducunun altından kibrit çöpü tapmışdı. Şairi sevindirmək üçün çöpü kibritin “sürtkəcinə” çəkib alışdırdı. Yanan çöp bircə anda zirzəmini işıqlandırdı. İşıq altında adam sandığı şairin hörümçək olduğunu gördü. Sən demə şair boz hörümçək imiş. Kibritin işığı altında bir nəfərin güclə yerləşdiyi dar hücrədə “At adamın” cəsədi də görünürdü. Fateh nədir? Zirzəminin qəddar “At adamı” sən demə adicə yaşıl çəyirtkə imiş. Ondan bir qədər kənarda sevib ilahiləşdirdiyi yumşaq dizli qadının “ağ qanadlı mavi kəpənək” bədəni də çürüyürdü. Kibrit çöpünün işığı sönən kimi şair ayaqlarına düşüb ondan: – “Sən Allahsan?” soruşdu.
Qaranlıqda dar hücrə yenə genişlənmişdi. Qolundan tutub şairi ayağa qaldırdı. Hörümçək olsa da şair qaranlıqda yenə insan kimi danışırdı.
– Sən Allahsan!
– Allah zad deyiləm! – dedi.
– Məndən gizlənmə Allahım! Sən möcüzə göstərdin! Möcüzəni isə ancaq Allah göstərə bilir!
Şair əsasına söykənə-söykənə yenə qaranlığın dərinliyinə qayıtdı. Kibrit çöpünün işığı altında şair qədər O da möcüzə görmüşdü. Sən demə zirzəmidə ondan savayı insan yox imiş. Bəs keşiş? Bəs əli bıçaqlı adam? Axı yumşaq dizli qadının həniri, mehri, şəfqəti vardı. Hər gecə bu qadını qucaqlayıb yatan zaman isti canını hiss edirdi. Bunu necə dərk etsin? Axı o qadın var idi. Onlar sevgiliydilər. Yəni bütün bunlar ilğım idi? Yalan görüntü idi? Bəs yaşadığı hisslər? Bəs bəsirət gözüylə gördükləri? Yaşadıqlarını ağılla dərk etmək mümkün deyildi. Yəqin yuxarıdakı insanlar da haçansa gördükləri möcüzəni anlaya bilməyəndə Allahı uydurublar. Onda belə çıxır ki Allah insana ancaq gördüklərini anlaya bilməyəndə gərək olur. Ən düzü Allaha kor-koranə inanmaq imiş. Onda Lazımsız suallar beynini yormur. Nəyi başa düşmürsən, atırsan Allahın üstünə. Deyirsən, mən bilmirəm, o bilir. Şairin ona Allah deməsi də həmin məntiqlə idi. Axı şair işıq görməyib. Allahı da tanımır. Heç zaman görmədiyi işıq onun üçün ağlının kəsə bilmədiyi möcüzədir. Möcüzə edə bilən isə ancaq Allahdır. Allahı dərk etmək üçün şairin başqa dəlili yoxdur. Allah ancaq möcüzə göstərən zaman Allah olur. İnsanlar Allahdan möcüzə tələb edir. Yəqin Məsihin möcüzələri də bizdən “yuxarı ” aləmlər üçün kibrit çöpü qədər adidir.
Şair ona Allah deyəndən özünü xilaskar hiss edirdi. Zirzəmidə yaşayanları da özüylə birgə “yuxarı” çıxarıb xilas etmək fikrinə düşmüşdü. “Qaranlıq adamları” hələ özlərini görməmişdilər. Tanımırdılar. Onlara özlərini tanıdan yolu göstərməyin zamanıydı. Qəfil canında yorğunluq hiss etdi. Xatırladı ki, zirzəmiyə düşəndən fərli-başlı yatmayıb. Dincəlmək üçün başını dizinin üstünə qoyub gözlərini yumdu. Gördüyü ilk möcüzə gözünün önünə gəldi. Altı yaşı olardı. Babası əlindən tutub onu dənizə baxmağa aparmışdı. Bir az sahildə gəzişəndən sonra babası əlini qayalığa uzadıb: –“Göydə bitən ağaca bax!” – demişdi. Sərt qayaların çiynində kökü açıq havada gözlə görünən əncil ağacı bitmişdi. Kötüyü torpaqdan qidalanmayan bir ağacın bu qədər əncil verməsi əsil möcüzə idi. Həmin ağaca illərlə su verilməmişdi. Kökü torpaqdan qidalanmırdı. Bəs necə olmuşdu ki budaqlarında meyvəsi bitmişdi? Uşaq vaxtı gördüyü möcüzəni nəhayət ki anladı. Həmin ağac kimi o da kökündən uzaq düşmüşdü. Daha yuxarı ilə təmasda deyildi. Bununla belə gözünə ancaq oranın təsvirləri görünürdü. Həmin ağacın da torpaqla eyni cür “yaddaş bağlılığı” varmış. Ağacın kökü gözlə görünməyən bağlarla yadında qalmış torpağın dadından qidalanırmış. Deməli harda olursan ol gördüklərin səninlədir. Səninlə əbədi yaşayacaq ruh dedikləri də elə həmin bu təsvirlərdir. Gözünün içindəkilərdir. Qəfil qaranlığın içindən keşişin tanış səsi eşidildi.
– Hardasan ey müqəddəs ruh?
Başa düşdü ki şair “kibrit məsələsini” zirzmidəkilərə danışıb.
Keşiş – “Hardasan ey yeri-göyü altı günə yaradan İlah. Gözümə görün. Məni bir də sınağa çəkmə! Özümü anlayandan sənə ibadət etmişəm! Niyə mənə deyil o hərdəmxəyal şairə göründün?” – deyib ayaqlarına yıxıldı.
– Mən Allah deyiləm, müqəddəs Ata. Tövbə elə! – dedi.
Keşiş qarşısında diz çöküb dua oxumağa başladı: – Müqəddəs ruh, nəhayət ki, hakimiyyətin bu qaranlığa da gəldi. Gecə gündüz sənə ibadət edirdim ki sevdiklərini işığa çıxarasan. Nurunu üzümə səp. Doğurdan da, sənin nə etdiyin qabaqcadan bilinmir. Ağıllara sığmazsan. Axı kim deyə bilərdi ki sən Allahsan?
Keşişin qolundan tutub qaldırmaq istəyirdi ki, qulağının dibindən bıçaqlının xırıltılı səsi eşidildi: – “Bağışla məni Allahım, vallah səni tanımamışam! Soyuducunu da geri qaytarıram. Yedyim “alman sosislərini ” halal elə. Pendirə toxunmamışam. Baxa bilərsən. Mənə əzab vermə. Xəbərim olmayıb ki sən Allahsan. Bilsəydim sənin soyuducunu heç oğurlayardım? Tövbəmi qəbul et. Qarnına soxduğum o bıçağı da özümə qaytar. Tutya kimi saxlayacam. Təqsir din adamlarındadır. Gəlişini bizə başqa cür tərif etmişdilər. Məni də onlar çaşdırıb. Qulaq günahkarıyam.”
– Mən Allah deyiləm!
“Allahsan, Allahsan. Bizi çaşdırma – deyən bıçaqlı ona yaxınlaşdı.
Əlində tutduğu bıçağı qarnına söykəyib: – Allah olmasan da olmalısan! Başa düşdün sənə nə deyirəm? Allah oldun olmadın fərqi yoxdur. Möcüzə göstərmisənsə bu gündən Allah ol! Bizə Allah lazımdır! – dedi.
Səslərini ilk dəfə eşitdiyi “qaranlıq adamları” da onun şərəfinə ucadan dualar oxuyurdular.
Bıçaqlının bıçağını əlindən alıb “qaranlığa” atdı. Özünü toparlayıb bərkdən – “Susun!” – qışqırdı.
Qaranlıq adamları susdular.
Həzin səslə:
– Mən sizi işığa çıxaracam. Arxamca gəlin!” – dedi.
Zirzəmidəkilər sevinə-sevinə “Bizi xilas edir!” – qışqırdılar.
Bıçaqlı hönkür-hönkür ağladı.
Keşiş səsi əsə-əsə:
– Bizə yuxarıdan danış – dedi.
Gözlərini yumub:
– “Yuxarıya gedən yol beyninizdən başlayır. Oranı qaranlıqda ikən düşünməyi öyrənin. Yuxarı işıqlıdır. İşıq altında hər şey sizə möcüzə kimi görünəcək. Orada insan adlı mələklər yaşayır. Onlar da sizin kimi nə etdiklərini bilmirlər. Hələ özlərini tanımasalar da onların üzləri var. Görünürlər! Biri birini tanıyırlar. Bunun özü də bir böyük möcüzədir. Mən də onları bir-bir sınağa çəkirəm. Əməlinə görə yaxşısını bir tərəfə, pisini başqa tərəfə göndərirəm” – pıçıdadı.
Bıçaqlı: – “Yaxşı nədir?” – soruşdu.
– Yaxşı yaxşı düşünəndir, pis pis düşünən. – dedi.
– “Mən orda yaşaya biləcəm! – deyən bıçaqlı yuxarını bəyəndi.
Ən əvvəl özü zirzəminin nəm torpağı üstünə uzanıb işığa doğru süründü. Bir qədər sürünmüşdülər ki, bıçaqlının əli açıq qalmış “elektrik naqilinə” toxundu. Bircə anın içində bıçaqlı “cərəyan vurmadan” keçindi. Keşiş bıçaqlının ruhsuz bədənini torpağa gömüb” İşıq yolunda ölənlər xoşbəxtdir!” – pıçıldadı. Bıçaqlı öləndən sonra “yuxarı” çıxanlara görə məsuliyyət daşıdığını anladı. Onları işığa çıxarmaq elə də asan iş deyildi. Bu canlıların üzləri yox idi. “Özlərini” tanımırdılar. İşıq onlara ən əvvəl “özlərini” tanıdacaqdı. Özünü tanıyıb anlamaq isə asan iş deyildi. Bunun özünü bəyənməməyi də vardı. Özünə vurulmağı da vardı. Yuxarının insanları da hədiyyə deyildilər. Onlar da arxasınca sürünənləri anlamaya bilərdilər. Cavabdeh olmaq ağır işdi. Səhv edə bilməzdi. Arxasınca apardıqlarını mütləq işığa çıxarmalıydı. Sonra nə olacaqdısa qoy olsun. Nəfəsini dərmək üçün bir anlıq dayandı. Arxaya çevriləndə gözlərinə inanmadı. “Qaranlıq adamları” görünmürdülər, yoxa çıxmışdılar. Bunlar necə oldu belə? Ağzını qaranlığa dayayıb: – “Hardasız?” – qışqırdı.
Hay verən yox idi.
Bir dəfə də ucadan: – “Müqəddəs Ata, gəlirsiz?” – bağırdı.
Keşişdən də səs çıxmadı. Bəndələri onu atıb qaçmışdılar. Heyfisləndi. Görəsən onlar niyə belə etdi? Bu qədər çətin yükün altına girmək asan iş deyildi. Çox güman ki əsil Allah da haçansa bu cür dara düşüb. Seçim qarşısında qalıb. Yuxarının insanları da haçansa əsil Allahın arxasınca işığa doğru sürünürlərmiş. Sonra yolda nə olubsa onu tək qoyub qaçıblar. Təkləndiyini görən Allah da həmin andan göyə çəkilib. Təkliyindən darıxmadığı üçün daha yerə enmir. Yerdə sürünən insanlar Allahsız qaldıqları üçün hələ də işığa çıxa bilmirlər. Ayağa qalxdı. Allah olmadığı üçün təkliyindən darıxdı. Yenə insan olduğunu xatırladı. Yadına ancaq işlə ev arasındakı yol idi. Bu da ömür dediyin. Xatırlayanda adamın yadına heç nə düşmür. Nə düşəcək? Gəzdiyi şəhərlər? Aldığı bahalı hədiyyələr? Keçmişin heç bir sevinci yox idi. Bircə anlıq xoş xatirə insana əbədi rahatlıq vermirmiş. Ömür tez unudulan ilğım imiş Yuxarıda heç kəsi sevə bilmədi. Onu da heç kəs sevmədi. Başı hesablayıcı maşın təki dəqiq, heç kəsə inanmayan, heç kəsdən kömək ummayan quru bir insan olub da. Xatırlanmalı bir xoş günü yoxdur ki, indi yadına salıb öyünsün. Rəqabətdə təpikləyib heçliyə atdığı insanları xatırlayanda qanı lap qaraldı. Yadına düşdü ki keçən il işdən qovduğu bir qız özünü öldürmüşdü. Əslində o qız pis işçi deyildi. Bir dəfə sənədlərinə qol çəkəndə əlini onun yumru ombasına qoyub: – “Səni işində bir iki pillə yuxarı qaldırıb sonra açağı sala bilərəm” – soruşmuşdu. Qız bu sualdan sonra onu görəndə hər dəfə yolunu dəyişmişdi. O, da ilin axırı qızı işdən qovmuşdu. Axırı da ki belə. Qız zəhər içib özünü öldürmüşdü. Bütün bunlardan sonra hələ qaranlıq insanlarını xilas etmək haqqında düşünürdü də. “Sən qatilsən. Bunu unutma! Allah olub mənim üçün. “ Yuxarını xatırlamasa yaxşıydı! Bir dəfə də: – “Müqəddəs Ata” – deyə qışqırdı. Keşişdən yenə səs çıxmadı. İrəli boylandı. Divardakı işıq gözərməkdəydi. İrəli getmək istəyirdi ki qaranlığın içində gözlə görünən fərqli bir qaranlıq çiynindən aşağı basdı.
Qaranlığın qaraltısına əliylə toxunub:
– Nə istəyirsən? – soruşdu.
Qaraltı ucadan:
– Arxanca sürünənlər hələ işığa hazır deyillər! – dedi.
Artıq zirzəmidəki qəribəliklərə öyrənmişdi. Sakit səslə qaraltıdan: – “Sən kimsən axı? – xəbər aldı.
Qaraltı: – Mən obrazam! – dedi.
– Kimin Obrazısan?
– Qaraltı: – “Yəqin “ Div ” adımı eşitmisən. “Paseydonu” da! Məm həm də “Təpəgözəm”. “Liçifer ” də mənəm. Üzlərim, adlarım çox olsa da əslində mən yoxam” – dedi.
– Danışırsan axı!
Qaraltı: – “Danışan da obrazdır. Mən lazım olanda oluram, olmayanda xatirəyə çevrilirəm. Sən də mənim kimi obrazsan. Şeytan da obrazdır. Ölümün özü də obrazdır. Nə “yuxarıda” nə də “aşağıda” həmişə yaşayan bir kimsə yoxdur!” – dedi.
– Məni Allah bilib arxamca sürünənləri aldatmırdım. Onları həqiqətən də “yuxarı” çıxaracaqdım. Nahaq belə etdin. Onlar mənə inanmışdı! ”
Qaraltı: – Səndən Allah olar? Başa düşmürsən ki, sən onları aldatdığın kimi, onlar da səni aldadır? – söylədi.
– Mən onlara möcüzə göstərmişəm!
– Onları arxanca hara aparırdın?
– Mən onları xoşbəxt etmək istəyirəm!
– Özün xoşbəxtsən?
“Onlara cavabdeh olandan hə!”
– Xoşbəxtlik nədir?
– Allah olduğunu hiss etmək!
– Dediklərin ilğımdır! Onlar sənin yox, möcüzənin arxasınca gəlirlər.
– İndi onlar hardadırlar?
– Ağızlarını dirəmişəm qaranlığa. Biri birilərini təpikləyə-təpikləyə məqsədsiz yerə sürünürlər. Çıxış yolu tapmasalar içlərindən bir günahkar tapıb öldürəcəklər! Bununla da yuxarı qalxmaq “istəkləri” bitəcək. Birinci dəfə deyil ki. İnsanlar “sabit fikir” deyillər. Heç zaman da olmayacaqlar. ”
– Onlar yuxarını da xilas edəcəkdilər! – dedi.
– Sənin gördüyün O işıq da işıq deyil ilğımdır, obrazdır!
– Mən onlarla birgə yeni dünya yaradacaqdım!
– Sənin özünü xilas etmək lazımdır!
Əlini qaldırıb obrazın qaramtıl üzünə sillə vurmaq istədi. Əli havadakı boşluğu yardı. Hardansa çox uzaqdan obrazın indi də ağımtıl görünən görüntüsünün “cingiltili” səsi eşidildi.
– İndi mən “Gəlincik ”obrazıyam. Xırda uşaqların başını qatıram. Sənin Allahlığın bura qədər idi. Bəndəsiz Allah kimə lazımdır? Bəndəsiz Allah olmur!”
Obraz düz deyirdi. Ona Allah deyənləri görməyəndən yuxarı çıxmaq həvəsi ölmüşdü. Artıq işığa doğru sürünmək də istəmirdi. Kimi xilas edəcəkdi? Özünü? Özünü tanımırdı. Nə istədiyini bilmirdi. Bir xeyli beləcə oturdu. Boşluqdan darıxdı. Yəqin insanlar olmasa Allah da Allah olmaqdan darıxar. Axı Allahı da öyüb qiymətləndirən insanlardır.
– Allahım hardasan? Dualarımı eşidirsənmi?” - Keşişin səsi qaranlığı xəncər təki yardı.
Ayağa qalxıb sevinə-sevinə: – “Burdayam” – qışqırdı.
“Burdayam” nidası vurulan zaman anladı ki göydə Allah da keşişin duası kimi bütün duaları eşidirmiş.
Əllərini irəli açıb işığa doğru gedə-gedə yenə özünü xilaskar hiss etdi. Bir iki addım atmışdı ki, ayağı siçan tələsinə düşdü. Tələnin bircə anda qapanmış dişli dəmiri ayağını kəsdi. Əyilib rəzələri açdı. Burnuna qan qoxusu gəldi. Ayağı qanamışdı.
– Tələmə Allahın özü düşdü? – soruşan səs “oyunundan” deyəsən razıydı.
– Sən kimsən?
– Tələ sahibi: – “Mən dəbəm! Adəmdən Hatəmə olan dəbəm!” –cavab verdi.
– Üzünü görmək istərdim?” – dedi.
– Üzüm də xasiyyətim kimidir. Gəldi gedər. Mən olan yerdə yaxşılar pislərə xidmət edir. Allahlar tələyə düşür. Mən ötəriyəm, əbədi deyiləm.”
– Bu zirzəmidə də dəb var?
– Dəb hər yerdə var!
– Dünya dəbdir?
– Xoşuna gəldi gəlmədi mən də peyğəmbər kimi elçiyəm. İşim budur! Mən mizan-tərəziyəm. Yaxşılar dünyanı tutub dursa yaxşı olmaz. Pislər dünyanı tutsa heç yaxşı olmaz. Dünya yaxşı ilə pisin arasında seçim edən insanın tələyə düşdüyü yeridir. Yaxşı ilə pisi isə qurduğum tələlərlə mən dəb salıram! Nə yalxı yaxşı var, nə də yalxı pis var! Nə varsa dəbdir!
– Sən rahibsən?
– Rahibin mövqeyi olur. Mən mövqesizəm!
Ayağı qanadığından gedə bilməyəcəkdi. Aşağı çömbəldi. Dəb də dincini almaq üçün qaranlığın üstünə oturdu.
– Ağrayır?
– Ağrayır!
– İcazə ver ayağına tüpürüm.
– Elə niyə?
– Dəb salıram!
Dəb ağzını ayağına dayayıb yaranı sümürməyə başladı. Dəb ayağına toxunanda iyrəndi. Sən demə onunla danışan Dəb adam deyilmiş zirzəmiyə endiyi gün gördüyü çəhrayı siçan imiş.
Dəbdən:
– Sən siçansan? – soruşdu.
Dəb:
– Siçanam! – dedi.
– Onda belə çıxır ki Mən, siçanın qurduğu tələyə düşmüşəm!
– Nə bilmişdin! Siçan sən qurduğun tələyə düşməyəcəkdi ki.
Dəbin son sözü ona yer elədi. Əlinin altına keçən daşı başına vurdu. Dəbin canı dili qədər deyilmiş. Ordaca çıxdı. Yenə irəli süründü. Yol irəlidə sola burulurdu. Közərən işıq da yol kimi qıvrılıb solda durdu. Deməli məsələ işıqda deyilmiş. Məsələ işığa doğru getməkdə imiş. Yolu tutub gedirsənsə mütləq gözünə bir işıq görünəcək. Bütün yolların axırında bir işıq var. Məsələ bu işığı görüb görməməkdədir. Yol kənarında işaran ağımtıl rəngin avazlığında kompyuterə oxşar bir qutu göründü. Əlinə götürüb ağzını açdı. İçində noxud boyda bir kişi vardı. Oyuncaq deyildi. Miz arxasında oturub özü kimi xırda kompyuterində nəsə yazırdı. Qutunun açıldığını görüb gülümsündü. Salamlaşmaq üçün sağ əlini kəmali-ədəblə irəli uzatdı.
– Açdığın qutu yer adlı planetdir. Adım Ustaddır. Yazıçıyam – Kişinin sözləri özü qədər kiçik deyildi.
Kişidən:
– Sən niyə belə balacasan? – soruşdu.
Kişi:
– Dünya kiçilib. İki əsrdir ki, İnsanların ən hündürü mənim boyda doğulur. Daha doğrusu, satılır – dedi.
– Necə yəni satılır? – soruşdu.
– Yer adlı planetdə daha uşaqlar doğulmurlar. Qutularda satılırlar!
– Bəs qadınlar necə oldu? xəbər aldı.
– Qadınlar qalmağına qalıblar! Amma nə faydası.
– Necə yəni nə faydası?
İndi hamı eynidir!
– Hamı kişidir?
– Hamıya qadın da demək olar, kişi də. Seçim azaddır. Məsələn, mən kişiyəm.
– Qadından seçilmirsənsə, kişi olduğunu hardan bilirsən?
– Özümü kişi kimi hiss edirəm!
– Bunu bildim! Yaxşı O yekəlikdə dünyanı niyə kiçiltdiniz?
– İki min ildir dünya bu boydadır!
– İnsanların kəramətindən kiçilib?
– Böyük fikirli böyük adamlar bir gün dünyaya gərək olmadı. Mənim kimi xırdalar işi belə görüb böyükləri alçaltdılar. Böyüklər kiçiləndən sonra dünyanı da boyumuza uyğun şəkilə saldıq.
– Belə xırda olmaq sənə ləzzət eləyir?
– Eləyir deyəndə ki hara istəsəm girirəm də. Dərdim də elə böyük deyil. Boyuma uyğundur. İstəyim heç yoxdur. İçimə sığışmayıb. Xırdayam axı. Uşağımı, sərhəddimi düşünmürəm. Heç nə fikirləşmirəm. Heç nə arzulamıram da. Balacayam. Fikirləşmək üçün çox xırdayam! ”
– Nə yazırdın indi?
– Səndən yazırdım!
– Nə yazırdın?
– Yazırdım dünyanı nəhəng bir adam dəyişməyə çalışır. Ölçü götürün.
– Ölçünü kim götürəcək?”
– Kompyuter!
– Böyüyünüz odur?
– Dünyada daha ölkə, sərhəd qalmayıb. Heç kim heç kəsi seçib eləmir də.Bütün dünyanı idarə edən cənab kompyuterdir.
– Sizin bu kompyuterin neçə yaşı olar?
– O həmişə cavandır!
– İndi o məni görür?
– Əlbəttə görür.
– Ondan söz soruşa bilərəm?
– Soruşa bilərsən.
Üzünü yuxarı tutub
– Cənab kompyuter məni yuxarı çıxara bilərsiz? Evimə qayıtmaq istəyirəm! – dedi.
Xırıltı altından kompyuterin elektron səsi eşidildi: – Yuxarı” ancaq sənin ağlında qalıb. Əslində “yuxarı” daha yoxdur. Yer adlı planetdə “yuxarı” heç zaman daha olmayacaq! Hər şey aşağıdır!
– Çox sağ ol!
Balaca yazıçı ondan əl çəkmək istəmirdi: – Sən necə belə böyük qalmısan? Dünya ovcuna yerləşir. Nəhəng olmaq sənin üçün çətin deyil ki? Yeməyini necə çatdırırsan?
– Xırdaların içində böyük olmaq çox çətindir!
– Biz xırda deyilik. Sən çox böyüksən. Böyük olduğun üçün də bizə lazım deyilsən.
– Sənə niyə belə düşünürsən?
– Sənə yemək çatdırmaq qədər ağıl çatdırmaq da çətin olar?
– Öz yeməyin necədir, çatır?
– Biz dörd nəfərik. Mənəm, atamdır, iki dənə də allah sizinkiləri saxlasın fermadan qız uşağı almışam. İlə dörd xiyar, altı pomidor yeyirik. İki stəkan da su içirik.
– Elə bu?
– Heyvanlarla quşlar çox böyük idilər. Onları da öldürdük getdi. Taxıl əkməyə də yerimiz yoxdur. Ancaq xiyarla pomidor əkirik!
– Harda əkirsiz?
– Ağlımızda!
– Sən nə iş görürsən?
– Yazıçılıqdan başqa əlimlə havada xəritələr cızıram. Atam isə insanları bir-bir sayır. Böyük qızımın “uşaq ferması” var. Kiçik qızım isə hələ məktəblidir.
– Atan insanları niyə sayır?
– Bu dövlət sirridir, sənə deyə bilmərəm.
– Nəyə görə əlinlə havada xəritə cızırsan?
– Elə edirəm havada çəkdiyim xəritəni başqaları görüb köçürməsin!
– Xəritəni də oğurlayan olur?
– Niyə olmur? Keçən il xəritəmdən iki şəhər oğurlamışdılar.
– Kim oğurlamışdı?
– Bu da dövlət sirridir.
– Dünya necə idarə olunur?
– Özü özünə. Hər səhər küçələr süpürüləndən sonra nə olmalıdırsa olur. Ertəsi gün da elə. Nə olacaqsa o da mütləq olacaq. Dünən də elə olub! Nə olmalıydısa artıq olub.
– Bəs sizin iradəniz?
– Bizim iradımız yoxdur!
– Müharibələr necə?
– Müharibələr milli sərvətimizdir! Müharibə olmayanda insanlar özlərini öldürürlər. Dünyada adam çox olsa yemək qıtlığı yaranar. Müharibə xilasıdır. Bayaqdan məni sorğu suala tutmusan. Bir az da özündən danış! ”
– İşığa doğru gedirəm. Bura zəlzələ olan gün düşdüm. İndi yuxarı qalxa bilmirəm. İstəyirəm səni də xilas edib özümlə “yuxarı” çıxarım. Burda qalıb neynəyəksən?
– Haqqında çox eşitmişdim. Üzünü də gördüm. Səndən nağıl kimi danışırdılar. Demə varmışsan. Belə böyük olduğunu təxmin etmirdim. Sən həqiqətən də, çox böyüksən. Bizim dünyamız sənin “arxan ” boyda olar. Məni də xilas et!
Kiçik adama daha heç nə demədi. Qutunun ağzını bağlayıb cibinə qoydu. Yer adlı planeti yuxarı çıxarıb xilas etmək istəyirdi. İrəlidəki işıq hələ də közərməkdəydi. Görəsən onu yuxarıda xatırlayırlarmı? İrəli sürünə-sürünə bunu düşünürdü. Birdən zirzəmiyə hardansa su axmağa başladı. Çox keçmədi zirzəmi suyla doldu. Paltarlarını soyunub işığa doğru üzdü. Bir qədər üzmüşdü ki qarşısına taxta sal çıxdı. Salın tutacağından tutub üstünə qalxdı. İki qara qul avar çəkirdi. Salın ortasına qoyulmuş yellənən kresloda yaşlı bir kişi oturmuşdu. Demiş çəkirdi. Onu görüb ayağa qalxdı. Salamlaşmaq üçün əlini irəli uzadıb gülə-gülə: – Səni görməyim də, görməməyim qədərdir!” – dedi. Kişinin əlini geri itələyib: – Mənim ac adamla filosof kimi danışanlardan zəhləm gedir – söylədi.
Yaşlı adam heç nə deməyib gülümsündü.
Qabın içindəki bütün meyvələri yeyib qurtarandan sonra salın döşəməsinə çökdü. Bir az rahatlanmışdı. Yaşlı adamın ona doğru uzalı əlini də indi gördü. Utana-utana kişinin əlini sıxıb: – Sən kimsən! – soruşdu.
Yaşlı adam:
– Mən sənin bəxtinəm – söylədi.
– Mənim bəxtim də var?
– Mən olmasaydım suda boğulub öləcəkdin. Heç xəbərin də olmayıb “yuxarıda” səni azı min dəfə ölümdən qurtarmışam. Heç bilməmisən də!
– Sanırdım çətinliklərdən öz ağlımla çıxıram.”
– Ağlın özü də bəxtdir!.
– Bura düşməyim də səndəndir?
– Dağıntılar altında qalıb ölmək istəyirdin?
Sal zirmənin quru yerinə çatdı.
Yaşlı adam onu qucağına qaldırıb quruya qoydu. Sal uzaqlaşanda: – Hələ yuxarıda çox görüşəcəyik. Özünə yaxşı bax! – dedi.
Nəhayət közərən işıq şüləyinin düşdüyü divarın qarşısındaydı. Titrəyən əlləri ilə divardakı çata toxundu. Təmasdan divar aralandı. Aralanmış yarıqdan zirzəmiyə yanğınsöndürənlər girdilər. Onlardan biri əlində yanan fənər tutmuşdu. Onun üzünə tutub ucadan: – Burda sağ adam var. Aşağı enin! – qışqırdı.
Xilas olunduğunu anladı. Çölə çıxarılanda başına toplaşanların içində qızını da gördü. Bir kənarda dayanıb sevincindən dinməzcə ağlayırdı.
Onu xilas edən yanğınsöndürəndən: – Necə ildi burdaydım? – soruşdu.
Yanğın söndürən:
– Altı gündür! – dedi
Keşişin ”Allah dünyanı altı günə yaratdı” – sözlərini xatırladı və sevdiklərini yuxarı çıxara bilmədiyinə görə peşiman oldu. Allah kimi altı günə yaratdığı dünyasının bəndələri aşağıda qalmışdılar. Onlar köməksiz idilər. Sevgiyə ehtiyacları vardı Xərəkdən ayağa qalxmaq istəyən zaman lap yaxından səs eşitdi. Əlini cibinə salıb qutunu çıxardı. Qutunun ağzı açılanda balaca yazıçını görən tibb bacıları gözlərinə inanmadılar.
Balaca yazıçı ona – Çox sağ ol! – dedi.
– Sən də sağ ol! – deyib qutunun ağzını bağladı.
Xərəkdəydi. Tibb bacıları onu təcili yardım maşınına doğru aparırdılar. Nə düşündüsə uzaqda dayanıb ağlayan qızını yanına çağırdı. Qızı qaça –qaça xərəyə yaxınlaşdı. Ata bala qucaqlaşdılar.
Qızı ağlaya-ağlaya: – Ata ölməyəcəyini bilirdim. Hər gecə yuxuma giridin – dedi.
Doğma qızına yad adam kimi baxırdı. İstəsə də onu sevə bilmirdi. Özü belə öz hisslərinə məəttəl qalmışdı. Axı niyə öz doğma qızını zirzəmidəkiləri sevdiyi qədər sevə bilmirdi?
Qızını hirslə sinəsinə sıxıb: – “Seyfin içində çoxlu pulum vardı, onu götürməmisən? – soruşdu.
Qızı elə indicə yanağında donmuş göz yaşını əlinin arxasıyla silib atasının üzünə baxdı. Atası həmin adam idi. Yad və qəddar. Ölüm xofu da onu dəyişməmişdi. Qızının baxışından anladı ki daha Allah deyil, yenə özüdür. İstəməsə də dünyanın qəddar havasına düşür. Qəfil ayılan kimi oldu. Əlində tutduğu qutunu qızına uzadıb:
– Bunu bir yaxşı yerdə gizlət ki dünyanın axarına düşməsin! – dedi.
Qızı:
– İçindəki puldur? – soruşdu.
– Yox qızım! Bu qutuda Yer adlı planet var. Onu biz insanlardan qorumaq lazımdır! – dedi.
Onu təcili yardım maşınına mindirəndə qızı qutunun ağzını açdı.
Qutunun içi bomboş idi.