Bu səhər göylər ağ çiçək – Yeni Şeirlər

Bu səhər göylər ağ çiçək – <span style="color:red;">Yeni Şeirlər
17 aprel 2019
# 17:40

Kulis.az Ələddin Əzimlinin yeni şeirlərini təqdim edir.

“Ünvanlı şeirlər”

Təkliyə

Təkliyim
bilinməyən bir ağrıdır,
gecə-gündüz çəkdiyim.
Elə bil
sönüb içimdə işıqlar.
Bilinməyir
günün hansı vaxtıdır.
Nə Günəş var,
nə Ay,
nə də ulduzlar.
Görəsən belə olur
dünyanın hər yerində
tənhalar və yalqızlar?..

Ağ bayrağa

Ayım bəlli,
ilim bəlli,
ömrün çoxu
aldadıcı bir təsəlli.
Gün var həyatımdan uzun -
nə sonu var, nə əvvəli.
Hələ ötüb keçən
yuxuları ərşə çəkən
gecələri demirəm.
Soluxmuş yarpaqların
budaqdan qopan çağıdır.
Bax o külək,
bax o ağac,
bax o qadın
göz yaşıdır, ağıdır.
Bir də o əlçim bulud
ruhumun işarəsi -
ağappaq bayrağıdır...

Dincliyə

Sözlə şəkil çəkirəm
hər hərfi,
hər rəngi öz yerində.
Birində sən varsan,
mənsə o birində.
Dağ, şəlalə,
çəmən, lalə,
yamyaşıl ağac çəkirəm -
qəlblərə dinclik gətirən,
ömrün ötən günlərindən
xoş xəbər, gənclik gətirən.
Gözləmə, sən də çək,
gələcəyə rahat yol sal.
Mən gedirəm,
sağlıqla qal!..

Mavi donlu qadına

Mavi donlu qadın,
göydənmi endin,
mənimmi
yanıma gəldin?
Gecikmisən deyəsən?
Artıq mən
yolumu dəyişmişəm,
xəbərin varmı bundan,
səbəbini bilirsən?
Nə isə,
gəl söhbəti dəyişək...
...Qar yağmadı bu qış,
amma vaxt var.
Axı həsrət içindədir,
yol gözləyir adamlar -
elə mən də.
Nə olardı ki
qəlbimi ovutmaqçün
bir az qar gətirəydin
yerə enəndə...

Nazim Hikmətə

Sən
Gülhanədəki parkda,
ondan da çox-çox uzaqda
bir yox, min-min
qocaman ceviz ağacı -
göylərin tacı.
Sən
sərhədsiz,
hüdudsuz dəniz.
Baş qoymuşuq sözünə,
ruhuna, Ustad,
səndən xəbərsiz...

Sənin gəlişinə

De niyə
gəldin xəbərsiz,
oğrun yuxu kimi
səssiz-səmirsiz?
Yalnız
ürəyim çırpınanda,
bildim ki, burdasan,
bir addımlığımdasan.
Madam ki gəlmisən,
unut olub-keçəni -
ağrı, qüssə gətirən
o dolanbac gecəni...

Yorğun yolçudan

Yorğun yolçuyam -
didərgin adam.
Dünya mənə yaddır,
mən ona yadam.
Gedirəm bu yolu,
səmtini bilmirəm ancaq.
Külək də, yağış da
məni bezdirib.
Hərdən ilğım kimi
xəyallar məni azdırır.
Bəzən düşünürəm,
bax indi - elə bu anda
səmadan
dinclik enəcək,
yollar bitəcək...

Gözlədiyim qadına

Heç kimi
oxşaya bilmədim
səni oxşadığım tək.
Heç kimi
bağışlaya bilmədim
səni bağışladığım tək.
Amma sən
getdin və qayıtmadın.
Utandırdın məni,
yanında
doğmanın, yadın.
Ey, qəlbimdə
yurd salan,
əbədi və əzəli Qadın !..

Susqunluq

Sahildə ev tikdim,
küləklər apardı.
Yol çəkdim,
dalğalara pay oldu.
İndi qürub çağıdır:
bu mən,
bu qumluq,
bu dəniz.
Hər üçümüz susqun-
səssiz-səmirsiz...

Kövrək uşaqlara

Bu yoldan
keçən keçdi,
səs-sorağı gəlmədi.
Köçən köçdü,
bir də geri dönmədi.
Onlar üçün darıxdı
uca-uca ağaclar,
ağaclardakı quşlar,
kövrək,
dəcəl uşaqlar...

Anamın xatirəsinə

Bu otağın
gecə-gündüz
nuru artar, əskilməz.
Bu ocağın
közü sönməz,
hənirtisi kəsilməz.
Bu otağın,
bu ocağın sahibi
özü gələr yuxuma,
sığal çəkər saçıma.
Sonra isə çevrilib
gedər,
gedər uzağa.
Arxasınca boylanıb
qalaram baxa-baxa...

Bu səhərə

Bu səhər
göylər ağ çiçək,
ətri təptəzə
süd qoxusu tək.
Ümidim, istəyim
körpə yuxusu tək.
Vaxt gələr
solar çiçəklər -
çəkilər süd qoxusu.
Qar kimi əriyər
göylərin bəmbəyaz yuxusu...

Əllərini ver mənə

Əllərini ver mənə,
səni
yıxılmaqdan qoruyum.
Dağa-daşa
çırpılmaqdan qoruyum.
Əllərini ver mənə,
səni
seldən, burulğandan qoruyum.
Yad gözlərdə
əriməkdən, boğulmaqdan qoruyum...

Image result for Ələddin Əzimli

# 2650 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #