Əli Şirin Şükürlü
Akrofobiya
Məktəbdə bir dostu var idi, eyni binada yaşayırdılar həm də.
Dərsdən sonra tez-tez yaşadıqları evin damına çıxardılar –
çardaqdan yol vardı evin damına.
Pilləkənləri qalxarkən dostu həyacanlanar,
əlini çəkməzdi divarlardan. Dama çatınca isə tutmağa yer axtarardı.
Sonra tez də bir-birinə söykənək oturub seyr edərdilər şəhəri.
Əvvəl bir müddət susardılar adətən, sonra söhbət üçün
müxtəlif mövzular tapılardı öz-özünə; yeniyetməlik həyatıdı da,
hamı keçər bu körpüdən. Yüksəklikdə olsalar da çox şeyə
“aşağıdan yuxarı” baxardılar hələ ki.
Yüksəklikdən qorxardı dostu. Yuxuda hansısa yüksəklikdən tez-tez
yıxıldığını da söyləmişdi ona. Amma bəzən qəfil açıb qollarını dayanardı:
nə uçmalı məkandı – açıb qollarını beləcə uçasan üzü aşağı.
O, təəccüblə dostunun üzünə baxardı; hər dəfə qorxunu dəf edib,
yüksəklikdən qisas almağa hazırlaşardı sanki.
Sonralar bu hadisə hər yadına düşəndə
çoxdan yəqin etdiyi bir fikir keçərdi ağlından: hər cür
fədakarlıq və qəhrəmanlıqlar qorxu hissindən də doğula bilir.
Illər keçdikcə az-az görüşürdülər.
Artıq tanınmış psixoloq idi uşaqlıq dostu. Xöşbəxt görünürdü
ilk baxışdan; rahat, daima üzündə təbəssüm. Bir gün eşidi ki,
intihar edib, yaşadığı çoxmərtəbəli evin damından atıb özünü.
Kədərləndi. Məktəb xatirələri canlandı yaddaşında,
ən çox da dostunun uçmaq ehtirası –
qollarını geniş açıb və dayanıb damın kənarında.
Qırmızı lent sarılmış fotosuna baxa-baxa
fikrə dalıb düşünürdü qeyri-ixtiyari:
görən, akrofobiyası olan uşaqlıq dostu
nəhayət, neçə metr uça bilib üzü aşağı.
... – 17.01.2017
Daş
(şeir-esse)
Sahil boyu səpələnmiş müxtəlif ölçülü
iri daş parçaları - tərpənməz halına rəğmən
bir fikir gəlir ağlıma:
üstündə dayanmaq da olar, oturmaq da və
seyr etmək olar həm də dəniz səthinə çökmüş
nəhayətsizliyi;
sanki seyr edirsən keçmişi və az sonra
qırılır yaddaşın haradasa... və yenidən qayıdırsan
hərəkətsiz daşların sükutuna.
Sükut halı və cürbəcür həndəsi forması daşların
saxlayır bir anlıq, cəlb edir adamı. Işdi birdən oyada bilsən sükutu,
görən nələrdən danışar bu daşlar və nələri gizlədər daş yaddaşında.
Bəlkə də
nə qədər pıçıltı, nə qədər çığırtı gizlənib daşların sükut halında,
neçə tale, neçə ölüm və neçə ölümsüzlük bürünüb
tərpənməz sükut halına müxtəlif ölçülü bu daş varlıqların ...
(daş adamların demək istəyirdim qeyri-ixtiyari).
Görən elə daş idimi yaranandan,
bəlkə daş yox, bəlkə elə
balıq olub, adam olub, quş olub,
sonra dönüb daş olub; reinkarnasiya –
deyəsən, ləyaqətlə görür öz işini.
Sonra yenə
ya balıq, ya adam, ya quş olacaq və
yenə axırda dönüb daş olacaq.
Yenə biri eynən mənim kimi, bəlkə elə
mənə bənzəyən ya adam, ya balıq, ya quş şəklində
gözünü zilləyib sükuta və hərəkətsizliyə
xeyli dayanacaq keçmişlə gələcəyin arasında.
Uzaqlaşıram dənizdən, daşlardan və sahildən.
Yalnız bir fikir qucaqlayıb bu dəli ağlımı, yalnız bir fikir:
gələcəyə üz alan,
indi yalnız riyazi dildə susan bu daş parçaları
nə idi, kim idi,
hardan gəlib düşüb bu dəniz sahilinə,
hansı trayektoriyanı cızıb – hansı tarixi yazıb
keçmişdən indiki tərpənməz sükut halına.
Yoxsa hər şey “neçə”di elə “necə”yə kimi,
hər şey elə doğurdan da rəqəmdi öncə?!
Bir löhvə dayanır dəniz sahilində:
Bayıl qəsri –Şirvanşahlar dövləti tərəfindən
1235-ci idə müdafiə məqsədi ilə inşa edilib,
1306-cı ildə zəlzələ nəticəsində dənizə batıb.
... – 21.12.2016
Bəyaz masa
(şeir-esse)
Günlərin bir günü
ağ rəngli masa qoydular iş otağına. Səthi
A1 format kağıza bənzəyirdi uzaqdan –
bəmbəyaz, sanki nə istəsən yaza bilərsən üstünə;
yaz, poz, yenidən yaz, yenidən poz...
yaratmaqçın bir meydandı dördkünc bəyazlıq.
Bir gün sonra
təzə bir işçi oturdu bəyaz masanın arxasında –
təzə işçi
qarabəniz gənc bir xanımdı bakalavr dərəcəli.
Əvvəl
o, heç cür alışa bilmirdi nə ağ masaya,
nə təzə işçiyə. Özü adama yovuşmaz,
masa ağ rəngdə olsa da, nimdaş, - amma
zaman az-çox insafla davranmışdı onunla,
təzə işçi isə qaradinməz
(bir çox yaxşı keyfiyyətlərinə rəğmən);
arada elə suallar verərdi gənc xanım,
sualı aldığı cavablardan diri.
Təzə-təzə isinişməyə başlayırdılar ki...
bir gün
sahibsiz qaldı ağ masa. Eləcə qaldı otaqda.
Hər gözü sataşanda masaya iri əyri bir cızıq çəkmək
keçirdi könlündən; əvvəlcə qalxır, sonra dayanıb bir müddət
saxlayır monotonluğunu və hansısa nöqtədən başlayır enməyə.
Enir, dayanır bir müddət və hansısa nöqtədən yenidən qalxır
və sonra yenə enir və sonra yenə qalxır və sonra yenə enir...
və nəhayət, hansısa eniş nöqtəsində dayanıb, uzanır
və qırılır bəyaz masanı boşluğa qovuşduran sərhəddində -
rəqs edir qələm bəyazlığı əvəz edən boşluqda iz qoymadan.
Bir il ötdü.
Bir gün elə öz xahişilə masanı çıxardılar otaqdan.
Və neçə gün hər otağa girəndə çevrilib
masanın dayandığı məkana baxardı qeyri-ixtiyari;
təkcə insanlara deyil, əşyalara da isinişər adamlar.
Xeyli vaxt keçib.
İndi yəqin keyfiyyət kəmiyyətə çevrilməkdə
bəyaz masanın timsalında,
gənc xanımsa hansısa məkanı doldurur
ağıllı baxışı və dipdiri suallarıyla.
Artıq tez-tez yox, arabir xatırlayır o hadisəni.
Deyəsən, zaman insafla görür öz işini;
tədricən unutdurur ağ masanı, bir çox hadisələrsə
yaddaşın hansısa küncünə çəkilir masayla birgə.
Bəyaz masanın yerindəsə boşluq qalır əbədi və bir də
üstünə xəyalən rəsmi cızılmış əyrinin boşluqdakı davamı.
... – 15.05.2017
Məkan cazibəsi və ya yeni qravitasiya qanunu
Bir iş var:
o, nə vaxtsa olduğu məkanlara
qayıtmağı çox sevir.
Hətta o məkanlarda
“darıxma anları” yaşansa da arabir.
Yaxşı ki,
zamandan fərqli, məkan boyu
gerçək səyahət edə bilir adamlar.
Yoxsa elə zaman kimi
məkan barədə də yalnız ehtimal və fəlsəfələrlə
dolub-daşardı “düşüncə sandıqları”.
Bir iş də var:
məkan kimidi adamlar da.
Çıxıb gedəsən hərdən, çıxıb gedəsən
təkcə məkanlardan yox,
elə adamlardan da.
Sonra yenidən qayıdasan
getdiyin məkanlara və getdiyin adamlara.
Daha bir iş də var:
nəsə qalır adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır yoxluğundan savayı.
Nəsə qalır daima geriyə səsləyən, qravitasiya təsirini
uzaqlıqların belə zərrəcə azalda bilmədiyi nəsə –
dəqiq adını tapmaq çətin olur çox zaman.
Qayıtmağı sevdiyi şəhərlərin birində
otel bələdçisi gözəl xanım
nəzakətlə, amma yad adam kimi
qarşıladı onu əvvəlcə. Sonra
tanıyıb gülümsədi və rəfdəki kitabı göstərdi;
iki il əvvəl avtoqrafla otelə bağışladığı,
üz qabığının arxa hissəsində fotosu.
... – 15.11.2016
yağış, gölməçə və günəş
(minimalist şeir)
yağış
yağış yağış
yağış yağış yağış
yağış yağış yağış yağış...
gölməçə gölməçə gölməçə... gölməçələr
yağış yağış yağış yağış...
yağış yağış yağış...
yağış yağış...
yağış...
gün çıxır
gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır gün çıxır...
quruyur gölməşələr
yenə yağış
yenə yağış yenə gölməçə
yenə yağış yenə gölməçə yenə günəş
..........................................................
yaranan hər şey
öz-özünü sonsuz təkrar edər.
... – 01.04.2017